Icma.az
close
up
RU
Menu

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

Sözün işığında yaşayan insan

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

Türkiyə futbolunu silkələyən mərc oyunları... Klub bəyanat yaydı

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

“Fələstin xalqının sağlamlığı TƏHLÜKƏDƏ KONKRET

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

Nazir məktəbin acınacaqlı vəziyyətinə biganə yanaşır

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Amazon kütləvi ixtisarlara hazırlaşır

Mahnının bu şəkildə təqdim olunması Azərbaycan kişisinin təhqir edilməsidir... İrəvanda qalmayan xalın sirri

Mahnının bu şəkildə təqdim olunması Azərbaycan kişisinin təhqir edilməsidir... İrəvanda qalmayan xalın sirri

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Kulis.az Aslan Kənanın "İrəvanda qalmayan xalın sirri: Bir mahnının tarixi" adlı araşdırma yazısını təqdim edir.


Heç bir musiqi təhsili almayan, özünü həmişə musiqişünas kimi təqdim edən ixtisasca tarixçi Firidun Şuşunskinin (1925–1997) dediyinə görə, “İrəvanda xal qalmadı” mahnısının musiqisi və sözləri Xalq artisti Cabbar Qaryağdıoğluna (1861–1944) məxsusdur. Guya ustad xanəndə bu mahnını 1924-cü ildə İrəvanda keçirilən varlı bir şəxsin övladının toy mərasimində bəstələyib.

Həmin toyda C.Qaryağdıoğlunu guya tarda Azərbaycanın ilk Xalq artisti Qurban Pirimov, kamançada Məşədi Qulu Əlizadə müşayiət ediblər.

Əvvəlcə bildirək ki, mahnının yaranması ilə bağlı F.Şuşinski heç bir elmi əsası olmayan, ciddi faktlara söykənməyən, reallığı əks etdirməyən və milli mentalitetimizə uyğun gəlməyən bir uydurma təqdim edib (Azərbaycan xalq musiqiçiləri. B.: Yazıçı, 1985, s. 148-150).

Guya gəlinin atası bəytərifi zamanı xanəndədən qızını niyə tərif etmədiyini soruşur. Xanəndə Cabbar Qaryağdıoğlu da qızı görmədiyi üçün deyir: “Gəlini məclisə gətirin, ona baxıb tərif edim”. Cabbara belə bir adətin olmadığını, gəlinin məclisə gətirilməsinin ayıb sayıldığını deyirlər. O da gəlinin nişanələrini soruşur və qızın üzündə qoşa xal olduğunu bildirirlər. Cabbar da bədahətən bu mahnını oxuyur.

Bütün deyilənlər cəfəngiyyatdan başqa bir şey deyil. Müasir dövrdə belə bütün bölgələrin toy mərasimlərində gəlinin atası özünü çox ağır aparır. Əksəri heç qol qaldırıb oynamır da. XX əsrin əvvəllərində bu məsələyə daha ciddi yanaşırdılar. Hansı ata toyda yad kişiyə, yəni xanəndəyə qızının gözəlliyindən danışa bilər, xanəndə də mahnı oxuyub gəlinə eşqnamə söyləyər, erotik ifadələr işlədər: “daha məndə hal qalmadı”, “ürəyimi üzən gözəl”,“bir öpərəm, bir dişlərəm” və s.

Mahnının yaranmasının bu şəkildə təqdim olunması Azərbaycan kişisinin aşağılanması, təhqir edilməsidir.

Tədqiqatçı-jurnalist Maşallah Xudubəyli (1950–2017) məsələyə belə münasibət bildirir:

“İrəvanda xal qalmadı” xalq mahnısının tarixi Cabbar Qaryağdı dövründən daha qədim olması hamıya məlumdur. Bununla belə, o zamanlar başdan-başa müsəlmanlardan ibarət olan İrəvan mahalında gəlinin toy məclisinə gətirilməsi xalqımızın dünənində qeyri-mümkün hesab edilərdi” (Nəğməli, muğamlı dünyam. B.: Elm və təhsil, 2012, s. 32).

Xalq artisti Xan Şuşinskinin (1901–1979) oğlu Aslan Cavanşirov da haqlı olaraq F.Şuşinskinin fikirlərilə razılaşmır:

“Gəlinin tərifi ilə bağlı hadisə inandırıcı deyil və bu, F.Şuşinskinin təxəyyülünün məhsulu, bədii əlavələridir”.

Doğrudur, F.Şuşinskinin yazdıqlarını 2007-ci ildə Cabbarın qızı Şəhla Kürçaylı (1930–2013) İTV-nin hazırladığı telefilmdə dilə gətirmişdir. Biz film efirə getdikdən bir neçə il sonra Şəhla xanımla tamam başqa bir məsələ barədə görüşüb söhbətləşdik. Belə ki, ondan 1905-ci il inqilabçılarından biri olmuş dayısı tanınmış memar-bənna, “Qırx pilləkən”in müəllifi Dağlı Bağırla bağlı məlumat aldım. Sözarası Şəhla xanıma “O xal nə xaldır”la bağlı yayılan fikirlərin mentalitetimizə uyğun gəlmədiyini və mahnıya aid qədim qaynaqların olduğunu dedim. Şəhla xanım çox səmimi şəkildə etiraf etdi ki, o vaxt uşaq olub və bəytərifi məsəlini atasından deyil, Firidun Şuşinskidən eşidib.

Faktları araşdırdıqda bəlli olur ki, bu mahnını Cabbar Qaryağdıoğlu 1924-cü ildə deyil, ən azı 1910-cu ildən əvvəl bilirdi. Çünki 1910-cu ildə Məşədi Hilal Zeynalovun ifasında “O xal nə xaldır” mahnısı qrammofon valına yazılmışdı. Görünür, o bu mahnını Cabbar Qaryağdıoğludan öyrənibmiş. Şübhəsiz, aşıq havası “O xal nə xaldır” mahnısını xanəndə yaradıcılığına ilk dəfə Cabbar Qaryağdıoğlu gətirib.

Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri səhifəsində bu mahnı ilə bağlı (nümunənin reyestr kodu : FM0203010002) yazılır:

“Şifahi ənənədə mahnının sözləri ilə bənzərlik təşkil edən nümunələrin mövcudluğu, həmçinin “bu xal nə xaldır” misralı kərkük mahnısının olması vaxtilə xalq arasında belə bir mahnının mövcud olduğunu göstərir. “İrəvanda xal qalmadı” mahnısı da həmin mahnının Cabbar Qaryağdıoğlu tərəfindən ustalıqla interpretasiya edilməsi nəticəsində meydana gəlmişdir. Başqa sözlə, Cabbar Qaryağdıoğlu yeni bir mahnının sözlərini “yazmamış”, yeni mahnı bəstələməmiş, sadəcə məlum mahnının yadında qalan bəzi parçalarını təkrar edərək ifa etmişdir”.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi məsələyə obyektiv yanaşsa da, mahnını öz ilkin adı ilə deyil, “İrəvanda xal qalmadı” kimi qeydə almışdır.

Mahnının poetik mətnini ilk dəfə “O xal nə xaldır” adı ilə 1938-ci ildə folklorşünas Hümmət Əlizadə (1907–1941) tərtibçisi olduğu kitabda təqdim etmişdir (Aşıqlar. İki cilddə, II c. B.: Azərnəşr, 1938, s. 357-358).

Biz, həmin mətndə nəqəratın yerini göstərmişik:

O XAL NƏ XALDIR

İrəvanda bir quyu var,
Şəkərdən şirin suyu var.
Hər gözəlin bir xoyu var.

Nəqərat:

Ay qız, o xal nə xaldır,
Sən ora düzdürmüsən?
Ay naz, o xal nə xaldır,
Sən üzə düzdürmüsən?
İrəvanda yol işlərəm,
Xəncəlimi gümüşlərəm.
Bir öpərəm, bir dişlərəm.

Nəqərat:

İrəvanda ayaq quşu
Gedər yazı, gələr qışı.
Yaxşı olar yar görüşü.

Nəqərat:

İrəvanda Çarşı bazar,
İçində bir gəlin gəzər.
Dərdlərimə dərman yazar.

Nəqərat:

İrəvanda Zəngi çayı,
Hüsnün mat eyləyir ayı,
Mən yazıq yetimin payı,

Nəqərat:

İrəvanda olar dügü,
Tacirlər bağlayar yükü,
Hindistandakı qul təki,

Nəqərat:

İrəvanda xan qalmadı,
Gəncədə soltan qalmadı,
Daha məndə can qalmadı.

Mətndən göründüyü kimi, bu mahnı Azərbaycanın qədim şəhərlərindən biri olan İrəvanda yaranmışdır. Mətn aşıq şeiri üslubunda yazılmışdır, bu baxımdan, mahnını ozan-aşıq yaradıcılığının məhsulu hesab edirik. Musiqişünaslıq üzrə elmlər doktoru, tanınmış ustad sənətkar Aşıq Çingiz Mehdioğlunun dediyinə görə, “O xal nə xaldır”ın melodiyası ən qədim aşıq mahnılarından biri olan “Gəraylı gülü” qaydasındadır və bu havaya çox uyğundur.

Mahnı müasir ifaçılıqdan fərqli olaraq, duet şəklində deyil, kişilərə məxsus mətn və tərzlə təqdim olunur. Sayı yeddi olan bəndlərin hər biri İrəvan sözü ilə başlayır. Burada bəndlər müasir ifaçılıqda olduğu kimi iki deyil, üç misralıdır. Diqqəti çəkən bir məqam da odur ki nəqəratın həm melodiyası, həm də sözləri dəyişikliyə uğrayıb. İlkin mətndə nəqəratdakı “Ay naz, o xal nə xaldır, Sən üzə düzdürmüsən?” misralarından bəlli olur ki, İrəvanda qızlar estetik baxımından daha gözəl görünməkdən ötrü üzə xal qoyurmuşlar. Buna Azərbaycanın portretçi və ornamentalist rəssamı Mirzə Qədim İrəvaninin (1825–1875) rəsmlərində rast gəlirik.

Üçüncü bənddəki “İrəvanda ayaq quşu, Gedər yazı, gələr qışı” misralardan bəlli olur ki, bu mahnı daha qədim əsrlərdə yaranmışdır. Belə ki, İrəvan ərazisində hələ XVI əsrə qədər “ayaq quşu” adlı köçəri bir quş olub, yalnız qış aylarında şimaldan İrəvana gəlirmiş və şeirdə deyildiyi kimi, yazda da geri dönürmüş. Bu quş o qədər nəhəng və yırtıcı olub ki, hətta ev heyvanlarını ayaqları ilə tutub aparırmış. Qüvvətli ayaqlarına görə, həmçinin yerdə də sürətlə hərəkət etdiyindən onu "ayaq quşu" adlandırmışlar. Sonralar, görünür, ayaq quşunun da kökü kəsilmişdir. Deməli, “ayaq quşu” ifadəsindən mahnının təxminən XVI əsrdə, bəlkə də bir neçə əsr əvvəl yarandığı bəlli olur.

Dördüncü bənddə qafiyə pozulur. Belə ki, I misra “bazar”, II misra “gəzər”, III misra “yazar” sözləri ilə tamamlanır.

Tanınmış rejissor, ssenarist, şair Füzuli Sabiroğlu “gəzər”i texniki səhv kimi dəyərləndirir və onun “azar”la əvəzlənməsini təklif edir. Fikrimizcə, həmin misradakı “gəlin” sözü də “gözəl”lə əvəzlənməli, yəni “İçində bir gözəl azar” kimi oxunmalıdır. Çünki mahnıda gəlin deyil, hər hansı bir gənc və bakirə gözəl vəsf olunur.

Sonuncu bənd – “Şəkidə soltan qalmadı” kimi oxunmalıdır. Çünki Azərbaycanda Gəncədə deyil, Şəkidə soltanlıq olmuşdur. Tanınmış xanəndə Məşədi Hilal Zeynalov da 1910-cu ildə bu mahnını oxuyarkən məhz "Şəki" sözünü işlətmişdir. Xatıqladaq ki, o bu mahnını Tiflisdə Pate qardaşlarının istehsal etdiyi qrammofon valı üçün oxumuşdur. Mahnının xronometrajı 2.30 dəqiqədir.

Burada işlədilən “xan” və “soltan” sözləri mahnının xanlıqlar dövründə də oxunğunu təsdiqləyir. Sonralar sovet ideologiyasına uyğun gəlmədiyindən xan və soltan sözləri mətndən çıxarılmışdır. Həmin misralar “İrəvanda xal qalmadı, Daha məndə hal qalmadı” ilə əvəzlənmişdir. Şübhə etmirik ki, mahnının poetik mətninin və melodiyasının dəyişilməsində C.Qaryağdıoğlunun müstəsna rolu olub.

Əməkdar jurnalist, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu yazır:

“Mahnıdakı "xan" sözü İrəvan xanlığının dəhşətli şəkildə köçünə və xanlığın süqutuna bir işarədir” (Bir mahnının izi ilə, yaxud qıpçaq qızı Sarı Gəlin. “Yeni Azərbaycan” qəzeti, 2011, s. 8 yanvar, s. 6-7).

Başqa ehtimala görə, İrəvanda üzündə qoşa xal olan gözəl bir qız yaşayırmış, guya onun üstündə xanlar bir-birini qırırmış.

Xalq artisti Qədir Rüstəmov (1935–2011) bu mahnını ifa edərkən öncə “İrəvanda xal qalmadı” kimi oxumuş, sonra tanınmış rejissor və şair Hafiz Baxış (1932–1989) onunla görüşdükdə bu misrada “xal” deyil, “xan” olduğunu söyləmiş və məzmunu izah etmişdir. Ondan sonra Qədir bu mahnını ikinci dəfə lentə aldırır və “xal” əvəzinə “xan” oxuyur.

Çağdaş dövrümüzdə “O xal nə xaldır” mahnısı adətən duet şəklində oxunur. Digər duetlərdən fərqli olaraq qız bu mahnının ancaq nəqərat hissəsini oxuyaraq oğlanın suallarına cavab verir. Müğənnilər mahnının sözlərini özləri istədikləri kimi oxuyurlar. Məsələn, “xal” sözü ilə “hal” həmqafiyədir, çox zaman “hal”ın əvəzinə “can” oxuyaraq qafiyəni pozurlar.

Fikrimizcə, bu mahnının süjet xətti qorunub saxlanılmalıdır. Ona görə təklif edirik ki, ifa zamanı hər bənd orijinalda olduğu kimi "İrəvan" sözü ilə başlanılsın. Hər bənd isə “Əllərin qandır, adam öldürmüsən?!” misrası ilə tamamlansın. Bu misranı da Məşədi Hilal Zeynalov işlətmişdir. Bu misra da sovet ideologiyasına tuş gəlmişdir.

Füzuli Sabiroğlu deyir ki, burada qızın əlləri xınalı olduğu üçün oğlan ona eyhamla belə müraciət edir. Deyilənləri nəzərə alaraq, müğənnilərin “O xal nə xaldır” mahnısını duet şəklində bu sözlərlə - sənətşünaslıq elmləri doktoru, professorAbbasqulu Nəcəfzadənin təklif etdiyi versiyada - oxunmasını arzulayırıq.

O XAL NƏ XALDIR

Oğlan: İrəvanda xan qalmadı,
O xal nə xaldır, üzə düzdürmüsən?
De görüm, nə xaldır, qoşa düzdürmüsən?
Şəkidə soltan qalmadı,
O xal nə xaldır, üzə düzdürmüsən.
Əllərin qandır, adam öldürmüsən?!

Nəqərat:

Qız: Xal mənim, yar mənim, ixtiyar mənim,
Xalqa nə borcdur, üzə düzdürmüşəm?!
Yarım deyibdir, qoşa düzdürmüşəm…
Oğlan: İrəvanda xal qalmadı,
O xal nə xaldır, üzə düzdürmüsən?
De görüm, nə xaldır, qoşa düzdürmüsən?
Daha məndə hal qalmadı,
O xal nə xaldır, üzə düzdürmüsən?
Əllərin qandır, adam öldürmüsən?!

Nəqərat:

Oğlan: İrəvanda gəzən gözəl,
O xal nə xaldır, qoşa düzdürmüsən?
De görüm, nə xaldır, qoşa düzdürmüsən?
Ürəyimi üzən gözəl,
O xal nə xaldır, üzə düzdürmüsən?
Əllərin qandır, adam öldürmüsən?!

Nəqərat:

Oğlan: İrəvanda mən işlərəm,
O xal nə xaldır, üzə düzdürmüsən?
De görüm, nə xaldır, qoşa düzdürmüsən?
Xəncəlimi gümüşlərəm,
O xal nə xaldır, üzə düzdürmüsən?
Əllərin qandır, adam öldürmüsən?!

Tanınmış aktyor vəfat etdi Gəncə terrorunda xəsarət alan Bəxtiyar: "Ən böyük arzum Prezidentlə görüşmək idi" Tarantinonun yeni filmi təqdim olunacaq
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://kulis.az
archiveBu xəbər 29 Oktyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see222

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see208

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see191

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see164

Türkiyə futbolunu silkələyən mərc oyunları... Klub bəyanat yaydı

27 Oktyabr 2025 20:45see160

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see155

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see151

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see147

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see143

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

28 Oktyabr 2025 00:14see140

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

27 Oktyabr 2025 21:49see135

“Fələstin xalqının sağlamlığı TƏHLÜKƏDƏ KONKRET

28 Oktyabr 2025 00:44see135

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see134

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see133

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

27 Oktyabr 2025 22:36see130

Nazir məktəbin acınacaqlı vəziyyətinə biganə yanaşır

27 Oktyabr 2025 20:22see128

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

28 Oktyabr 2025 02:38see128

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

28 Oktyabr 2025 14:31see126

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see123

Amazon kütləvi ixtisarlara hazırlaşır

28 Oktyabr 2025 07:04see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri