Icma.az
close
up
RU
Martin İden Kitab afişası

Martin İden Kitab afişası

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Məşhur Amerika yazıçısı Mark Tvenin belə bir sözü var: "Klassik ədəbiyyat hər kəsin təriflədiyi, lakin heç kəsin oxumadığı kitabdır". Əslində, Mark Tvenin sözlərində nisbətən də olsa, həqiqət var. Klassik ədəbiyyat dedikdə, çoxlarının təsəvvürünə vaxtı keçmiş, aktuallığını itirmiş, darıxdırıcı əsərlər gəlir. Lakin dünya ədəbiyyatında klassikaya çevrilmiş elə əsərlər var ki, onların yaşı, dövrü yoxdur və bütün dövrlər üçün müasirdir. Belə əsərlərdən biri də Amerika yazıçısı Cek Londonun möhtəşəm "Martin İden" romanıdır. Avtobioqrafik xarakter daşıyan romanın qəhrəmanı Martin İden əslində, Cek Londonun özüdür.
Martin İden 21 yaşlı, savadsız, kor-kobud, yöndəmsiz, fiziki olaraq güclü matrosdur. O, bir təsadüf nəticəsində Morzlar ailəsindən Arturu ona sataşan avaralardan xilas edir və Artur təşəkkür məqsədi ilə Martini Morzlar ailəsinin evinə yeməyə dəvət edir. Martin həyatında ilk dəfədir ki, yüksək təbəqədən bir ailə ilə ünsiyyət qurur. O, Morzlar ailəsinin qızı Rufa görər-görməz vurulur. Bu vurğunluq gənc matrosun "həyat gəmisi"nin istiqamətini dəyişir. Kasıb təbəqədən olan Martin varlıların evlərinə, həyat tərzlərinə, geyimlərinə, danışıq, hətta yemək mədəniyyətlərinə, savadlarına valeh olur. Ruf onun tanıdığı qadınlara bənzəmirdi, təhsilli, zərif, füsunkar idi, həyatının nəcibliyi əllərinə, saçlarına, gözlərinə hopmuşdu. O, Martində incəsənətə, musiqiyə, ədəbiyyata maraq oyadır. Morzlar ailəsinin evindən çıxandan sonra öz evi, həyatı Martinə iyrənc görünür. Rufun rəğbətini qazanmaq və ona layiq olmaq üçün Martin günlərini, aylarını oxumağa, öyrənməyə həsr edir. O, kitablarını oxuya bilmək üçün işlədiyi gəminin kapitanının paltarlarını yumağa belə hazırdır.
Yaşamaq üçün işləmələrinə ehtiyac olmayan insanlarla tanışlıq və bütün bu hadisələrin fonundakı acı gerçəklik gənc aşiqin üzünə sillə kimi dəyir. Martinə Rufa layiq ola bilmək üçün pul və pulun gətirdiyi şöhrət, hətta güc lazım idi. Bunun üçün də o işləməli idi. Martin yazı yazmaqla pul qazanmağın mümkün olduğunu öyrəndikdən sonra yazıçı olmağı qərara alır.
Qısa vaxtda oçerklər, felyetonlar, hekayələr yazır, böyük ümidlərlə qəzetlərə, redaksiyalara göndərir. Müəllif onun bu saflığını çox səmimi təsvir edir: "Martin ara vermədən işləyərək 3 günün içərisində oçerkini qurtardı, sonra asan oxunsun deyə iri-iri hərflərlə, sözləri öz-özünə təkrar edə-edə üzünü köçürdü və elə işin bu yerində kitabxanadan aldığı ədəbiyyat dərsliyindən öyrəndi ki, sən demə, dünyada absazlar və dırnaqlar da var imiş. O isə bunu heç ağlına da gətirməmişdi".
Lakin Martin gözlədiyi kimi tez bir vaxtda pul qazana bilmir. Aclıqdan, baxımsızlıqdan rəngi avazıdığı, görüşə geyməyə paltar tapmadığı bir vaxtda, Ruf Martinin bu acınacaqlı vəziyyətini çox romantik hesab edir. Hər şeyi rahatlıqla əldə etmiş Ruf Martinin mübarizəsini, əzmini anlamır, onun istedadına inanmır, uğursuzluğunu qəbul etmir. Bu vaxt oxucu bilmir, Martinin yoxsulluğunamı acısın, sevgisinin əlçatmazlığınamı, yoxsa, ümidlərinin puça çıxmağınamı?..
Əsərin müəyyən bir yerindən sonra təhkiyənin sürəti azalır və hisslərin, duyğuların, həmçinin, qəhrəmanın yarı-havalı hallarının təsvirinə yer verilir. Bu təsvirlərdə elə inandırıcı, elə səmimi, elə doğma hisslər hakimdir ki, oxucu Martinə kömək əlini uzatmaq, o dar səfil otağında ona təskinlik vermək istəyir. Əlini uzadıb Martini o mənəvi böhrandan, boşluqdan dartıb çıxarmaq istəyir. Hərdən isə Martinin özündən fərqli olaraq oxucu ümidini itirir.
Martinin özünüinkişaf, özünükəşf, kamillik yolu sancılı və ağrılı keçir. O bütün bu çətinliklərə, əzablara (hətta alçalmalara) tab gətirərkən deyil, yüksək təbəqədən olan nişastalı boyunluqlu tanışlarının əslində, onun zənn etdiyi qədər savadlı, dərin insanlar olmadıqlarını öyrənərkən tükənir. Hər iki təbəqədə də özünə yer tapa bilməyən Martin "iki cəhənnəmdən" qaçış yolu axtarır. O, savadsız, ama qayğısız, xoşbəxt günləri üçün darıxır.
Martin obrazının simasında həm də təhsilin, kitabın, mütaliənin nələrə qadir olduğunu, ömründə kitab oxumayan bir insanın necə "kitab qurdu"na çevrildiyini görürük. Sanki o qara, çirkli kömür parçası idi, oxucunun gözləri önündə təhsillə cilalanaraq almaza çevrildi, öz gözündə, cəmiyyətdə bir dəyər qazandı...
Sevginin, əzmin, cəsarətin, mübarizliyin, vəfanın romanı olan "Martin İden" 1909-cu ildə yazılmışdır. Cek London bu əsərini yazarkən artıq şöhrət qazanmış bir yazıçı idi. O, həmin dövrdə keçirdiyi böhranı eynilə Martinin simasında təsvir etmişdir.
Cek Londonun öz həyatı haqqında oxuyarkən dəhşətə gəlirsən, Martinin yaşadıqları müəllifin real həyatının yanında heç nədir. Uşaqlıqdan yük heyvanı kimi işləyib ailəsinə pul göndərən, oxumağa, kitaba çox marağı olan, maddi imkansızlıqdan təhsil ala bilməyən Cek Londonun gəncliyi insanı çox sarsıdır və həm də motivə edir. Ən çətin dövründə yazıçı olmağa söz verən Cek London bu əzmini, iradəsini, emosionallığını öz qəhrəmanına da ötürür. Müəllif yazdıqlarını özü yaşamasaydı, yəqin ki, roman bu qədər möhtəşəm olmazdı.
Romanın motivləri əsasında müxtəlif dövrlərdə çəkilən filmlər də var. Əsərdə təhkiyələrdən, hadisələrdən çox emosional dəyişikliklər, enişlər, çıxışlar, bədii təsvirlər yer alır. Oxuduqca Martinin dəmir inadkarlığına, çalışqanlığına heyran qalacaq və düşünəcəksiniz ki, o hisslərini necə də gözəl ifadə edir.
Əsər var, oxuyarsan, stimul verər, əsər var oxuyarsan, macəralar yaşadar, əsər də var oxuyarsan, nələrisə öyrədər... "Martin İden" isə oxucusuna nəciblik, həlimlik, mərhəmət, əzm və sevgi qatır. Martin İden özü yöndəmsiz tırtıldan kəpənəyə çevrildiyi kimi, bizi də gözəlləşdirir. Roman həm də son qəpiyinə kimi qələmə, kağıza xərcləyən və durmadan yeni əsərlər yazan qəhrəmanı ilə onlarla gəncin əlinə qələm almasına, yazıçı olmasına stimul olmuşdur. Oxuduqdan sonra dadı uzun müddət damaqda qalan bu əsər hər yaşda və hər kəsin mütləq oxumalı olduğu əsərlərdəndir...
Fraza jurnalı,
Tükəzban Məmmədli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 24 Dekabr 2024 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiyalı nazir: Su siyasəti beynəlxalq münasibətlərin əsas mövzularından olmalıdır

17 May 2026 17:51see203

Magistraturaya qəbul imtahanı: 90 nömrəli məktəbdə ciddi narazılıq yaşanıb

17 May 2026 11:56see199

CRM üzrə kiçik mütəxəssis

17 May 2026 22:19see197

Daha bir ölümcül virus yayılıb Peyvəndi də yoxdur

18 May 2026 00:31see196

Qadınlara hücum edən MMA döyüşçüsü klubdan qovdu FOTO/VİDEO

17 May 2026 14:06see194

Premyer Liqa: Mançester Yunayted 3 xalı 3 qolla qazandı

18 May 2026 00:53see192

Aviaşouda qırıcılar toqquşdu

18 May 2026 04:48see191

Dünyada cəmi iki ədəd var, biri muzeydədir, biri də cehiz FOTOLAR

18 May 2026 09:53see184

Qadınlarda istəyi qoruyan 6 gizli faktor açıqlandı

18 May 2026 03:21see174

Tezliklə İstanbula qayıda bilər

17 May 2026 23:58see171

Fidan Əraqçi ilə müzakirə apardı

18 May 2026 03:20see164

A Seriyası: “Roma” evdə, “Napoli” səfərdə qalib gəldi

17 May 2026 16:06see164

Çatlayan dabanlardan belə qurtulun

18 May 2026 01:03see163

“Qalatasaray” mövsümü məğlubiyyətlə başa vurdu

17 May 2026 23:06see161

Alimlər zəlzələləri dayandırmağın yolunu tapdı

18 May 2026 01:01see161

“Göygöl” rekordu təkrarladı

17 May 2026 23:18see160

“Atletiko” təklifləri rədd edir

19 May 2026 00:16see159

Qrenlandiyanın gələcəyi danışılır Tramp nümayəndəsini göndərdi

18 May 2026 02:04see159

Spotify Apple texnologiyasına keçir

18 May 2026 05:51see156

Tramp İrana planlaşdırılan hücumdan imtina etdi

19 May 2026 00:03see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri