Mədəniyyət Nazirliyi Aparatından bizə hədələyici təlimat gəldi Kukla Teatrının baş rejissorundan açıqlama
Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.
Kukla Teatrının baş rejissoru Səidə Haqverdiyevanın dünən sosial şəbəkə hesabında teatrın direktoru Rəşad Əhmədzadə ilə boşanmaq qərarı aldığını və bunu həyat yoldaşına olan təzyiqlərlə əlaqələndirmişdi. Bu gün isə paylaşdığı açıqlamada Mədəniyyət Nazirliyinin bir qrup əməkdaşını qərəzli münasibətdə, teatr mühitində ayrı-seçkilik yaratmaqda ittiham edib.
Kulis.az xəbər verir ki, o, açıqlamanın üzləşdikləri ədalətsizliklərə etiraz olduğunu bildirib:
"Bəli, haqlı-haqsız iradlar, sosial platformalarda narahatlıqlar və bundan doğan müxtəlif fikirləri də gördüm. Sözsüz ki, hər birinizə bu informasiya bumunda məhz bir Azərbaycan qadınının, bir yaradıcı şəxsin səsinə səs verdiyinizə, dəstəyinizi əsirgəmədiyinizə görə sonsuz təşəkkür edirəm.
Hesab edirəm ki, bu məsələ barəsində geniş şərhə, açıq qalan suallara cavaba böyük ehtiyac var. Ələlxüsus da həyat yoldaşımı qorumaq üçün atmış olduğum addım – çıxılmaz, ən sonuncu yol kimi qəbul etdiyim boşanma haqqında ağır qərara aydınlıq gətirməliyəm. Beləcə, yaranan və yarana biləcək bütün suallara da cavab vermiş olacağam.
O, qeyd edib ki, bu hadisələrin kökündə teatrda uzun illərdir işləyən aktrisa Nərmin Əhmədova ilə bağlı yaranan gərginlik dayanır.
"Deməli, teatrımızda Nərmin Əhmədova adlı bir aktrisa var. Hazırda şad-xürrəm növbəti (3-cü dəfə) analıq məzuniyyətinə hazırlaşır. 12 il bundan öncə o vaxtkı Mədəniyyət və Turizm Nazirliyində çalışan bir xanımın xahişi ilə dram artisti (bəzi məktublarında ştat vahidini düzgün qeyd etməyərək, “aktyor” kimi yazır) kimi işə götürülüb.
Bu ad sizə heç tanış deyil. Əslində, teatrda çalışanların da çoxu onu müəssisədə yaratdığı özünəməxsus iğtişaşlara görə tanıyıb. Bu qadın hələ teatra gəldiyi qısa vaxtda (təxminən 1 ay sonra) teatrın o vaxtkı baş rejissoru Rəhman Əlizadənin təqdimatı ilə ilk töhmətini almışdı. Həmin vaxtdan bəri N.Əhmədova teatrın iki baş rejissorundan müxtəlif təqdimatlarla töhmətlər alıb, hazırkı baş rejissor ilə isə ciddi münaqişədədir. Qısası, N. Əhmədovanın aktyor tərcümeyi-halı rəngarəng rollar, qastrollar, mükafatlarla yox, “töhmət”lər, “şiddətli töhmət”lər, “təqdimat”larla zəngindir".
Rejissorun sözlərinə görə, Nərmin Əhmədova Mədəniyyət Nazirliyinə ona qarşı dəfələrlə əsassız şikayətlər göndərib və nəticədə, nazirliyin aparatından teatra “tələb xarakterli” məktublar daxil olub:
"Bundan ürəyi soyumayan N. Əhmədova Mədəniyyət Nazirliyinə bir neçə dəfə şikayət məktubu yazmış və bütün məktublarında heç bir əlaqəm olmadığı halda haqqımda əsassız iddialar irəli sürmüşdür. Maraqlısı budur ki, məsələ ilə bağlı məhkəmə də məlum şəxsin xeyrinə əsassız qərar qəbul etmişdir. Sözsüz ki, bu, başqa söhbətin mövzusudur.
Ən dəhşətlisi bilirsiniz nədir? N. Əhmədovanın nazirliyə ünvanladığı tələb xarakterli məktubunu rəhbər tutan Mədəniyyət Nazirliyinin aparatından teatra N. Əhmədovanın kateqoriyasının, bu yolla əmək haqqı ödənişinin artırılması ilə bağlı tələb məktubu, nəticə olaraq hədələyici təlimat gəlmişdir.
Maraqlıdır, dəfələrlə nizam-intizam qaydalarını kobudcasına pozan, buna görə töhmətlər alan, aktyor həmkarlarından qat-qat az çalışan, qısacası, bir dram artisti kimi ştat vəzifələrini icra etmədiyi halda tələbnaməsi boy verən N. Əhnmədovanın başqa hansı üstünlüyü var? Yaxud bu qadın və havadarları bizdən nə istəyirlər?"
Səidə Haqverdiyeva iddia edir ki, Nərmin Əhmədovanın arxasında “nəqliyyat şirkəti sahibi olan həyat yoldaşı və onun nazirlikdəki dostları” dayanır:
"Arxasında dağ kimi dayanan əvvəlin Mədəniyyət Nazirliyinin əməkdaşı, indinin nəqliyyat şirkəti rəhbəri əri Əfsun Əhmədov (https://nextgroup.az/about-company/) və onun iş birliyində olduğu məmur dostları var.
Bunun nəticəsidir ki, Nərmin nəqliyyat şirkəti sahibi ərinin və ona himayədarlıq, bir növ yuxarı dairələrdə, konkret olaraq Mədəniyyət Nazirliyində havadarlıq edən bir neçə məmurun dəstəyi sayəsində teatr rəhbərliyinə və birbaşa şəxsimə təzyiqlər və təhriklər edir. Teatr, onun gələcək rəhbəri, nəinki teatr, Mədəniyyət Nazirliyi strukturu barədə ekspertsayağı proqnozlar verir".
O, Mədəniyyət Nazirliyinin bəzi rəhbər şəxslərini bu prosesdə ədalətsiz davranmaqda ittiham edib:
"Mədəniyyət Nazirliyinin bəzi məmurları qoçuluq edən aktrisanı niyə dəstəkləyirlər? Yaxud Mədəniyyət Nazirliyi kimin dostudur?
Görəsən, başqalarının əmək hüquqlarını ciddi şəkildə pozaraq sırf bir aktrisanın nazını çəkən Mədəniyyət Nazirliyinin bəzi məmurları bu ağlasığmaz cəsarəti haradan alıblar?..
Axı havadarlıq prinsipi ilə yaşayan bir şəxsin tələbləri ilə hesablaşmaq bizə yaraşmaz! Vicdanlı vətəndaş kimi məhkəmənin verdiyi əsassız qərara susmaq isə heç olmaz!
Birinci dərəcəli keçmiş hakim qohumu, külli miqdarda rüşvətə görə hazırda həbsdə olan qaynının əlaqələrini, üstəlik, ərinin qanuni və qeyri-qanuni “dost”luğunu rəhbər tutaraq “Kor atı minib köndələn çapan” bir insana bu qədər səlahiyyəti niyə və nə adla veriblər? Üstəlik, Mədəniyyət Nazirliyi Aparatının rəhbər şəxsi səviyyəsində biri sırf bir aktrisanın hikkəsini təmin etmək üçün bütün əmək qanunvericiliyini yerə çırparaq ömrünün 45 ildən artıq bir dövrünü teatra həsr edən peşəkar idarəçiyə necə hüquqazidd əmr verə bilər? Belə olan təqdirdə ömrünün 15, 20, 30 və artıq dövrünü şırma arxasında keçirən sənət fədailərinin haqqını kim tələb etsin?"
Səidə Haqverdiyeva açıqlamasında həmçinin diplomlarının nostrifikasiya məsələsinə də toxunub. Onun sözlərinə görə, bu fakt bəhanə edilərək yoldaşı Rəşad Əhmədzadəyə təzyiq göstərilib:
"Onun qeyd etdiyim məktublarından sonra Mədəniyyət Nazirliyi tərəfindən izahatım alınıb. Əvvəlcə ali təhsil sənədi kimi diplomumun olmaması, sonra isə ixtisasım üzrə işləmədiyimi (bu arada ixtisasım pedaqoq və musiqi sənəti üzrə menecmentdir) əsas gətirilib.
Bu ittihamların da əsassız olduğunu gördükdən sonra diplomumu nostrifikasiyadan keçirmədiyimi xüsusi vurğuladılar. Bu məsələdə haqlı idilər. Amma mən onsuz da Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TİKA) bununla bağlı müraciət etmişdim.
Qeyd edim ki, mən Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutunda 2015-2020-ci illərdə bakalavr, 2020-22-ci illərdə isə (Санкт-Петербургский государственный институт культуры) ixtisasım üzrə magistraturada təhsil almışam. Magistraturamın son 6 ayında səhhətimlə əlaqədar təhsilimi dondurmalı oldum. Sonrakı gərgin iş qrafiki – tamaşalar, filmlər, tədbirlər səbəbindən düşündüm ki, hər iki diplomumu eyni vaxtda nostrifikasiya etdirim. Qəribə olsa da bu sadə prosesi rəhbər tutan bəzi səlahiyyət sahibləri bunu əllərində rəhbər tutaraq həyat yoldaşım R. Əhmədzadəyə “Səidənin ərizəsini alın, ikiniz bir yerdə işləyə bilməzsiniz” kimi absurd ittihamlar irəli sürürlər.
Onu da qeyd edim ki, diplomun tanınması üçün müraciətə cavab 1-3 ay, bəzən də 6 ay çəkə bilir. Amma Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Teatr sektorunun müdiri (hərçənd Bella xanım ömründə bir gün belə hansısa teatrda çalışmadığı halda birbaşa Teatr sektoruna müdir təyin olunub. Bildiyimə görə heç dövlət qulluqçusu da deyil) Böyükxanım Talıbova Rəşad Əhmədzadəyə zəng edərək işdən çıxmağımla bağlı ərizəmin alınmasını tələb edib. Hə, əlavə edim ki, N. Əhmədovanın özünün dediyinə görə, B. Talıbova ilə isti münasibətləri var".
Kulis.az məsələ ilə bağlı aktrisa Nərmin Əhmədovanın da mövqeyini öyrənib.
O, deyilənləri böhtan adlandırıb:
"Bütün məlumatlar şər-böhtan xarakerlidir. Mən onların səviyyəsinə enən deyiləm. Əgər hər hansısa bir məsələdən narazısansa, bunun üçün müvafiq dövlət qurumları mövcuddur. Necə ki, mən öz şikayətimi qanun çərçivəsində aidiyyatı dövlət qurumlarına etmişəm. Bununla bağlı müvafiq araşdırmalar aparılır. Bu ucuz reklam və ya şou mənə lazım deyil".
Qeyd edək ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə ünvanladığımız sorğuya hələ cavab verilməyib.
Əlisəmid Kür Rafiq Tağının son günlərində ona nə demişdi? Bakıda iki küçəyə Məmmədbağır Bağırzadənin adı verildi Məlahət Abbasova Türkiyədə yeni filmdə çəkilir
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 13 Noyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















