Mediamızın Olimpiya məşəli
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Olimpiya dünyası” – 25
Azərbaycan idmanının son 25 ildə keçdiyi yol yalnız yarışlarda qazanılan medallar, rekordlar və tarixi qələbələrlə deyil, bu uğurları ictimaiyyətə çatdıran mətbuatın fəaliyyəti ilə də yadda qalıb. Bu prosesdə öz yeri olan “Olimpiya dünyası” qəzeti 2001-ci ildə, ölkədə Olimpiya hərəkatının genişləndiyi və idmana marağın artdığı bir dövrdə nəşrə başlayıb. İlk gündən Azərbaycan idmanının, Olimpiya hərəkatının və Olimpiya ideallarının təbliğini əsas fəaliyyət istiqaməti seçən qəzet ötən müddətdə həm ölkə, həm də dünya idmanının mühüm hadisələrini, idmançılarımızın uğurlarını işıqlandırıb.
Nəşrin 25 illik yubileyi ərəfəsində “Olimpiya dünyası” və “olimpiyadunyasi.com” onlayn qəzetlərinin baş redaktoru, Əməkdar jurnalist Murad Fərzəliyevlə görüşüb söhbət etdik. Jurnalistika sahəsində 40 ildən artıq təcrübəsi olan, Olimpiya Oyunlarından Avropa və İslam Həmrəyliyi Oyunlarınadək bir çox mötəbər yarışlardan reportajlar hazırlayan müsahibimizlə qəzetin yaranma tarixini, Azərbaycan idmanının dəyişən mənzərəsini, idman jurnalistikasının inkişafını və bu sahədə gələcək hədəfləri müzakirə etdik.
– Murad müəllim, “Olimpiya dünyası” qəzeti 2001-ci il noyabrın 27-də fəaliyyətə başlayıb. Yubiley günlərində 25 il keçilən yola nəzər salanda nələri görürük?
– Milli Olimpiya Komitəsinin rəsmi mətbuat orqanı olan “Olimpiya dünyası” qəzeti Olimpiya hərəkatının təbliği, idman tariximizin ensiklopedik mənbəyi, həm də idman mətbuatı olaraq ötən 25 il ərzində kifayət qədər səmərəli fəaliyyət göstərib. Ölkəmizin dünyanın aparıcı idman dövlətlərindən biri kimi tanınması, atletlərimizin Olimpiya oyunlarında, Dünya və Avropa çempionatlarında, müxtəlif səviyyəli digər beynəlxalq yarışlarda böyük uğurlar qazanması Prezident, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin bu sahəyə diqqət və qayğısı sayəsində mümkün olub.
Təbii ki, idmanın və Olimpiya hərəkatının ölkəmizdə bu cür sürətlə inkişaf etməsi idman nəşrlərinin də yaranmasına təkan verib. Bu baxımdan “Olimpiya dünyası” qəzetinin yaranması ideyası zamanın tələbindən doğdu. Çünki idmanın, olimpizmin təbliğini yeni müstəviyə qaldırmaq, bu sahədə peşəkarlığı artırmaq zərurəti yaranmışdı. Milli Olimpiya Komitəsi 2001-ci il noyabr ayının sonunda yeni idman nəşrinin fəaliyyətə başlaması barədə qərar qəbul etdi. Beləliklə, 25 il öncə “Olimpiya dünyası” qəzetinin ilk sayı çapdan çıxdı. Əsas məqsəd idman yazarlarını qəzetin ətrafında toplamaq, onlara lazımi istiqamət vermək, peşəkarlığı artırmaq idi.
– Maraqlıdır, bu iş necə həyata keçirildi?
– Milli Olimpiya Komitəsinin yaratdığı şəraitdən istifadə edərək idman jurnalistikasına həvəsi olan ixtisaslı, hətta heç vaxt bu sahədə çalışmamış gəncləri, ali məktəb tələbələrini də işə cəlb etdik. Doğrudur, ilk vaxtlar kollektivin formalaşması, qəzetin özünəməxsus dəst-xəttinin, üslubunun müəyyənləşməsi, kadrların peşəkarlığının artırılması istiqamətində müəyyən çətinliklər çəkdik.
Ancaq ruhdan düşmədik və tez bir zamanda “Olimpiya dünyası” qəzetində idman jurnalistikası məktəbi yarada bildik. Zaman keçdikcə qəzetə cəlb olunan gənclərin sayı artdı və biz seçim qarşısında qalanda, təbii ki, əsl peşəkarlara üstünlük verdik.
– Rəhbərlik etdiyiniz qəzet Olimpiya Oyunlarından, Avropa və İslam Həmrəyliyi Oyunlarından, Olimpiya festivallarından, bir çox beynəlxalq yarışlardan operativ və ətraflı məlumatlar verib. Bu baxımdan qəzeti ölkəmizin Olimpiya məşəli də adlandırmaq olar.
– Olimpiya Oyunlarının birbaşa canlı iştirakçısı olmaq bu ümumbəşəri tarixi hadisənin müəyyən mərhələsinin şahidi olmaqdır. Olimpiya Oyunları kimi mötəbər bir idman yarışından birbaşa məlumatlar vermək həm böyük məsuliyyət, həm də şərəfdir. Bu mənada, “Olimpiya dünyası” qəzeti olimpiadalarda, müxtəlif səviyyəli beynəlxalq yarışlarda, Avropa və İslam Həmrəyliyi oyunlarında, həm də Avropa yeniyetmələrinin Olimpiya festivallarında öz missiyasını layiqincə yerinə yetirməyə çalışıb.
Qəzet həftədə bir dəfə nəşr olunsa da, dünyada və ölkəmizdə baş verən bütün idman hadisələrini öz səhifələrində əks etdirir. Qəzetin ilk nömrəsi, sadəcə, mətbəədən çıxan ilk nüsxə, oxuculara ünvanlanan ilk söz deyildi. Ölkəmizdə idman və Olimpiya hərəkatının salnaməsinə çevriləcək bir yolun başlanğıcı idi. Qarşımızda çox böyük və məsuliyyətli vəzifə dururdu. Milli Olimpiya Komitəsinin rəsmi nəşri olaraq Azərbaycan idmanının dünənini, bugününü və sabahını bir-birinə bağlamaq, tarixin yaddaşını yaratmaq və gələcək nəsillərə çatdırmaq .
– Yubiley hesabatı gələcəyə gedən yola da işıq salır. “Olimpiya dünyası”nın növbəti 25 ilini necə təsəvvür edirsiniz?
– Müasir dövrdə informasiya böyük sürətlə yayılır. Bəzən yayılan məlumatları silmək və ya dəyişdirmək asan olur. Lakin qəzetdə dərc olunan və arxivdə öz yerini tutan həqiqətlər tarixin səhifələrinə əbədi həkk olunur. Təbii ki, Milli Olimpiya Komitəsinin rəsmi mətbu orqanı olan “Olimpiya dünyası” bundan sonra da Azərbaycan idmanının və Olimpiya hərəkatının tarixini işıqlandıran, bu sahədə mühüm məlumatları öz səhifələrində əks etdirən mətbuat orqanı kimi fəaliyyətini davam etdirəcək. Yeni texnologiyaların, süni intellektin, sosial şəbəkələrin, bloqerlərin və saysız-hesabsız informasiya resurslarının mövcud olduğu müasir dünyada öz izini və sözünü qoruyub saxlamaq üçün böyük yaradıcı potensiala malik olmaq lazımdır.
Yazılı mətbuatın dəyərini müasir texnologiyaların imkanları ilə uzlaşdırmaq, xəbərin sürətini dəqiqliklə, yeniliyi təcrübə ilə, müasirliyi isə məsuliyyətlə birləşdirmək vacibdir. “Olimpiya dünyası”nın keçdiyi yol bu baxımdan möhkəm təməl formalaşdırıb. İndi əsas məqsədimiz həmin təməl üzərində yeni mərhələ qurmaq, mövcud ənənələri qorumaqla yanaşı, dövrün çağırışlarına uyğunlaşmaqdır.
Zaman baxımından 25 il az müddət deyil. Hər bir kütləvi informasiya vasitəsi bu müddədə yaratdığı dəyərləri, simasını, məqsəd və məramını, əldə etdiyi uğurlu nəticələri ortaya qoya bilər.
Ötən illər ərzində qazandığımız uğurlara, oxuculardan aldığımız çoxsaylı məktublara, redaksiyamıza olan telefon zənglərinə əsaslanaraq deyə bilərəm ki, “Olimpiya dünyası” artıq özünəməxsus mövqeyi olan, seçilən, oxucular tərəfindən sevilən nəşrlərdən birinə çevrilib.
Bu gün biz 25 illik fəaliyyətimizə çox ehtiyatla, təvazökarlıqla yanaşırıq. Çünki yaxşı bilirik ki, son hökmü oxucular verir. Tələbkar oxucuların zövqünü oxşamaq, onları maraqlandıran, narahat edən məsələlərdən söz açmaq, bir sözlə, oxucuların inandığı, etibar etdiyi, hər sayını səbirsizliklə gözlədiyi mətbu orqanı olaraq etimadı qoruyub saxlamaq lazımdır. Bunun üçün isə əldə edilən uğurların eyforiyasına uymaq yox, daha böyük məsuliyyətlə, yaradıcılıq həvəsi ilə çalışmalıyıq.
– 25 yaşlı “Olimpiya dünyası”nı 107 yaşlı “Xalq qəzeti” yubiley münasibətilə təbrik edir, kollektivinizə yeni uğurlar diləyir.
Tacir SADIQOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 27 Noyabr 2026 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















