Məhkəmə 5 manat borc pula görə tanışını bıçaqlayan şəxslə bağlı qərar çıxardı
Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa zərər vurmada təqsirləndirilən Cavanşir Zeynalovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, hadisə 4 fevral 2022-ci il tarixdə, saat 00:10 radələrində Bərdə rayonu Lək kəndində yerləşən qəbiristanlıqda qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Cavanşir Zeynalov tanışı, zərərçəkmiş Məqsəd Hümbətova daha əvvəl 5 manat borc pul verib. Lakin zərərçəkmiş həmin pulu qaytarmayıb. Cavanşir də bu məqsədlə onu qəbiristanlığa çağırıb, pul borcunu vaxtında verməməsini bəhanə edib. O, Məqsəd Hümbətovla mübahisə edərək onun ünvanına nalayiq ifadələr işlədib. Həmin vaxt zərərçəkmiş 5 manatı geri qaytarıb. Lakin Cavanşir pulu cırıb, cırıqlarını da Məqsədin üzərinə səpib. Sonra o, mətbəx bıçağı ilə Məqsəd Hümbətovun qarın nahiyəsinə bir dəfə qəsdən vuraraq ona xəsarət yetirib.
Hadisədən sonra Cavanşir Zeynalov saxlanılıb və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Kamal Məmmədov