İşğaldan azad olunmuş torpaqlarda işlər demək olar ki yekunlaşıb Siyasi Partiya Rəsmilərinin Təəssüratları
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Siyasi Partiya rəsmiləri, politoloqlar və jurnalistlər işğaldan azad olunmuş ərazilərə səfər edib. SİA səfərdə iştirak edən partiya rəsmilərinin təəssüratlarını öyrənib.

Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini Elçin Mirzəbəyli: "Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində tam suverenliyini bərpa etməsi həm də milli kimliyin, siyasi iradənin və milli həmrəyliyin yeni mərhələyə keçidinin simvoludur. Artıq postmünaqişə dövründə Azərbaycan dövləti yalnız yenidənqurma və məskunlaşdırma prosesinə deyil, eyni zamanda milli siyasi şüurun dərinləşdirilməsi və ictimai konsensusun gücləndirilməsi missiyasına da fokuslanır. Bu xüsusda Prezident Administrasiyasının təşəbbüsü ilə təşkil olunan ardıcıl səfərlər ərazi bütövlüyünü bərpa etmiş bir dövlətin öz siyasi və ictimai vəhdətini necə möhkəmləndirdiyinin bariz nümunəsidir. Səfərlərin mahiyyəti ondan ibarətdir ki, onlar Azərbaycanın “Böyük Qayıdış” strategiyasını təkcə fiziki reallıq deyil, həm də siyasi və sosial ideya kimi cəmiyyətə təqdim edir.
“Böyük Qayıdış” strategiyası yalnız insanları öz yurdlarına qaytarmaq üçün nəzərdə tutulmayıb. Bu, həm də ümummilli ideyadır və işğalın dağıntıları üzərindən gələcəyin modern cəmiyyətini inşa etməyi hədəfləyir. Cəbrayılda fəaliyyətə başlayan tekstil fabriki, burada qadınların məşğulluğunun təşviqi və sosial bərpa proseslərinin başlanması, bu strategiyanın inklüziv inkişaf yönümlü xarakterini göstərir.
Zəngilanda tətbiq olunan “Ağıllı kənd” konsepsiyası Azərbaycanın postmünaqişə mərhələsində texnoloji modernləşməni əsas götürdüyünü nümayiş etdirir. Yaşıl enerji təşəbbüsləri, müasir kommunal infrastruktur və rəqəmsal xidmətlər burada yalnız fiziki mühitin deyil, eyni zamanda idarəetmə modelinin dəyişdiyini göstərir. Bu, Azərbaycanın Qarabağa yalnız geriyə deyil, gələcəyə baxaraq qayıtdığını sübut edir.
İşğaldan azad edilmiş ərazilərə təşkil olunan səfərlərin strukturuna diqqət yetirdikdə görürük ki, bu, sırf tanıtım məqsədli deyil. Nümayəndə heyətinin tərkibi göstərir ki, bu səfərlər həm də siyasi iştirakçılığın yeni mexanizmini formalaşdırır. Bu təşəbbüs postmünaqişə dövründə formalaşan yeni siyasi mədəniyyətin – dialoq, iştirak və konsensus üzərində qurulmuş əməkdaşlıq modelini daha da inkişaf etdirir.
Qənaətimə görə, səfər çərçivəsində Füzulidə müşahidə etdiyim mina zərərsizləşdirmə prosesinə sıradan bir əməliyyat kimi yanaşmaq kökündən yanlış olardı. Bu, həm də işğal dövrünün siyasi münasibətlər sistemində düşüncələrə hakim kəsilmiş neqativ təzahürlərinin zərərsizləşdirilməsi, tarixin arxivinə göndərilməsi kimi də qəbul oluna bilər. Bu kimi səhnələr, Azərbaycanın qayıdış prosesinə soyuqqanlı, lakin mənəvi dəyərlərin yer aldığı strateji baxışla yanaşdığını göstərir.
Bu səfərlərin təşkili və koordinasiyası Prezident Administrasiyası tərəfindən aparılsa da, onların mahiyyəti dövlətin “nəzarət edən” deyil, “əməkdaşlıq edən” yeni simasını təqdim edir. Dövlət burada siyasi sosiallaşma, strateji kommunikasiya və ictimai iştirakçılıq üçün açıq platforma rolunu oynayır. Bu da öz növbəsində postmünaqişə dövründə dövlətlə vətəndaş arasında, ikincinin siyasi baxış bucağından asılı olmayaraq, qarşılıqlı etimadın daha da güclənməsinə zəmin yaradır.
Yeni reallıqlar çərçivəsində ictimai yaddaş təkcə keçmişi xatırlamaq üçün deyil, gələcəyi birgə inşa etmək üçün formalaşır. Bu prosesdə siyasi münasibətlər yalnız dövlət-vətəndaş münasibətləri ilə məhdudlaşmır, həm də vətəndaşların bir-biri ilə dialoqu, müxtəlif ictimai təbəqələrin birgə platformalarda iştirakını nəzərdə tutur.
Qayıdış prosesi isə, yalnız fiziki olaraq torpaqlara dönüş deyil. Bu, eyni zamanda münaqişədən sülhə, təcriddən inteqrasiyaya, dağıntıdan modernləşməyə keçidi ifadə edən yeni siyasi fəlsəfədir. Azərbaycan yalnız öz ərazilərini deyil, həmin torpaqlarda ictimai inamı, siyasi legitimliyi və gələcəyə yönəlmiş idarəetmə modelini də bərpa edir.
Bu mənzərə Azərbaycanın regional sabitlik və siyasi həmrəylik üçün özünəməxsus aktiv model təqdim edən bir aktor kimi rolunu da önə çıxarır.
İşğaldan azad edilmiş torpaqlarımıza qayıdış isə şübhəsiz ki, bu torpaqların işğalına son qoyulduğu gündən başlayıb. Azərbaycanlılar öz tarixi yurd yerlərinə Ali Baş Komandanın iti zəkası və qətiyyəti, şəhidlərin qanı, əsgər çəkmələrinin izləri ilə qayıdıblar. İndi isə bu proses vəhşi, qaniçən, vandal tayfanın viran qoyduğu yurd yerlərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləriylə, misilsiz bir sürət və böyük Vətən sevgisinə bürünmüş yüksək peşəkarlıqla davam etdirilir. Proses o qədər sürətlə və mükəmməl bir şəkildə, həm də strateji planlama ilə aparılır ki, qürur duymamaq mümkün deyil. Dövlətimizin idrakı da, yaradıcılıq potensialı da qolu qədər güclüdür".

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı: "İyunun 3-də Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev və onun rəhbərlik etdiyi təşkilat bölgəmizdə fəaliyyət göstərən siyasi partiyalar, politoloqlar, geniş ictimaiyyət nümayəndələri və media nümayəndələrinin iştirakı ilə işğaldan azad olunmuş və genişmiqyaslı bərpa işlərinin aparıldığı Cəbrayıl və Laçın rayonlarında oldu. Bu, Prezident Administrasiyasının şöbə müdiri cənab Ədalət Vəliyevin rəhbərliyi altında təşkil edilən səfərlərin səkkizincisidir.
Cəbrayıl şəhərində uşaqların futbol meydançasında futbol oynaması və qədim yurdumuzda məskunlaşmış sakinlərin evlərinin eyvanlarından bizi salamlaması, onların üzlərində əks olunan təbəssüm və məmnunluq hissi heç şübhəsiz ki, qürur və fərəh doğuran mənzərələr idi.
Cəbrayılın şəhərsalma planına uyğun olaraq çoxmənzilli binaların, ümumtəhsil müəssisələrinin və müxtəlif sosial obyektlərin tikintisi demək olar ki, tamamlanmaq üzrədir. Mövcud plana əsasən, növbəti mərhələdə fərdi yaşayış evlərinin də inşası həyata keçiriləcəkdir.
Bölgədə artıq yeni iş yerləri yaradılıb. Sakinlər yalnız kənd təsərrüfatı fəaliyyəti ilə deyil, Cəbrayılda fəaliyyətə başlamış tikiş fabriki vasitəsilə də məşğulluq imkanları əldə ediblər. Səfər zamanı fabriklə tanışlıq zamanı bildirildi ki, müəssisənin yaxın gələcəkdə genişləndirilməsi planlaşdırılır və bu da çoxsaylı vətəndaşlarımızın işlə təmin olunmasına şərait yaradacaq.
Cəbrayıl rayonuna giriş yolları boyunca, vaxtilə erməni işğalı nəticəsində tamamilə dağıdılmış ərazilərin yaxınlığında inşa olunan yeni yaşayış məntəqələri də ölkəmizin bərpa və quruculuq siyasətinin real nəticəsidir. Məlumatlara əsasən, yaxın zamanda Cəbrayılın bir neçə kəndinə əhalinin mərhələli şəkildə qayıdışı təmin olunacaq.
Daha sonra nümayəndə heyəti Zəngilan rayonunda oldu. Burada şəhərsalma işləri yeni mərhələyə qədəm qoyub. Zəngilan şəhərinin memarlıq konsepsiyası fərqli və innovativ yanaşmalarla hazırlanıb. Bölgədə çoxşaxəli və çoxfunksiyalı komplekin tikintisi ilə tanışlıq zamanı qeyd olundu ki, bu obyekt gələcəkdə həm istirahət, həm də məşğulluq mərkəzi kimi fəaliyyət göstərəcək və şəhər əhalisinin rifahına ciddi töhfə verəcəkdir".

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov: "Biz artıq növbəti dəfə işğaldan azad edilmiş Zəngilan və Cəbrayıl rayonlarına səfər etdik. Diqqətinizə çatdırım ki, bu səfərləri Azərbaycan Respublikası Prezident Administrasiyasının siyasi partiyalar və qanunverici hakimiyyət əlaqələr şöbəsi təşkil edib. Səhv etmirəmsə, artıq yeddinci səfər idi ki, işğaldan azad edilmiş ərazilərə bu tərkibdən təşkil olunurdu.
Ölkənin siyasi partiya rəhbərləri, siyasi şərhçilər, politoloqlar və eyni zamanda media sahəsinə aid olan məsul şəxslər səfərdə iştirak edirdi. Bu Cəbrayıl və Zəngilan rayonlarına sadəcə ikinci səfər idi. Bundan öncə 2023-cü ildə Zəngilanın Ağalı kəndinə və digər həmin ərazilərə biz səfər etmişdik. Bu müddət ərzində səfərlər arasında keçən zaman kəsiyində görülən işlərin miqyası ilə tanış olduq. Çox böyük işlər görülüb. Artıq həmin ərazilərdə üçüncü beynəlxalq standartlara cavab verən hava limanı istifadəyə verildi.
Həmin ərazilərdə görülən işlərin gedişatına şahid olduq. Həmçinin Cəbrayıl rayonunun mərkəzində olduq. Cəbrayıl rayonunda çoxsayda yaşayış binaları istifadəyə verilib. İnsanlar oraya köçüb və uzunmüddətli yaşadıqları kimi görünürlər. Səfər zamanı həm insanlarla, həm də orada gedən işlərlə tanış olduq. Minatəmizləmə prosesində iştirak etdik və həmin prosesi yaxından izlədik.


