Məhkəmə Gəncə Dövlət Universitetinin baş müəllimi ilə bağlı qərar çıxardı
Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gəncə Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Amaliya Sayadova və onun tanışı Vüqar Babazadənin (hər ikisinin soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayətləri təmin edilməyib, Gəncə Şəhər Məhkəməsinin hökmü ləğv edilib. Təqsirləndirilən şəxslər zərərçəkmiş şəxslə barışdıqlarına, ona dəymiş ziyanı tamamilə ödədiklərinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiklərinə görə həmin şəxslər cinayət məsuliyyətindən azad ediliblər, barələrində olan cinayət təqibinə xitаm verilib.
İttihama görə, Amaliya Sayadova Gəncə Dövlət Universitetində baş müəllim işləyir. O, tanışı Vüqar Babazadə ilə qabaqcadan əlbir olub qrup təşkil edərək 2021-ci ilin iyun və avqust aylarında zərərçəkmiş M.M.-in (ad, soyadı şərti) etibardan sui-istifadə ediblər.
Belə ki, Amaliya Sayadova zərərçəkmişin qızını həmin universitetə müəllimə kimə işə düzəldəcəyi barədə yalan vədlər verərək inandırıb. O, M.M.-dən aldatma yolu ilə ümumilikdə 6000 manat pulunu Gəncə şəhərinin ərazisində vahid niyyətlə hissə-hissə ələ keçirib.
Gəncə Şəhər Məhkəməsinin hökmü ilə Amaliya Sayadova 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) və Vüqar Babazadə isə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Hökmdən narazı qalan həmin şəxslər apellyasiya şikayətləri vermişdi.
Kamal Məmmədov

