Icma.az
close
up
RU
Mehman Əliyev: “Sülh olacaq, Rusiya heç bir təxribata risk etməyəcək” SÖHBƏT

Mehman Əliyev: “Sülh olacaq, Rusiya heç bir təxribata risk etməyəcək” SÖHBƏT

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

 “Moskva yaxşı alver etməyi bacarır. Əslində, Rusiyanın özü Zəngəzur dəhlizində maraqlıdır”


“Böyük ehtimal, dəhliz məsələsində Moskva-Vaşinqton arasındakı məsələlər həll olunub”


“Ermənistan baş naziri öz siyasətini varlı şəxslərə, iş adamlarına hesablamır. Paşinyanın əsas elektoratı yoxsul, orta təbəqədir. Çünki varlı təbəqənin sayı azdır”


“Paşinyan Ermənistanda ən nüfuzlu siyasətçi kimi qalır. Müxalifəti isə qəbul etmirlər. İndiki Vaşinqton görüşü və digər baş verənlərin də məqsədi odur ki, seçki qutusundan Paşinyan qalib çıxsın”



Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ-də, Vaşinqtonda görüşü gözlənilir. Yayılan məlumata görə, D.Tramp Ermənistan Baş naziri və Azərbaycan Prezidenti ilə ayrı-ayrılıqda görüşəndən sonra liderlərin sülh danışıqları başlayacaq. Həmin gün dövlət rəhbərlərinin birgə bəyanatı da gözlənilir. Vaşinqtonda Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı memorandumun imzalanacağı da deyilir. Vurğulanır ki, görüşün məqsədi tərəflər arasında uzun illər davam edən münaqişəyə son qoyacaq sülh sazişinin əldə olunmasıdır. Xatırladaq ki, sonuncu görüş iyul ayında Birləşmiş Ərəb Əmirliklərində baş tutub. Qeyd olunur ki, ABŞ Prezidenti bu görüşlə beynəlxalq konfliktlərin həllində vasitəçi rolunu daha da gücləndirmək və dünya liderlərinin ona bəxş etdiyi Nobel Sülh Mükafatı namizədliyini möhkəmləndirmək niyyətindədir. 


Maraqla gözlənilən Vaşinqton görüşü və son günlər regionda baş verənlər barədə Sherg.az-ın suallarını cavablandıran politoloq Mehman Əliyev ABŞ-də keçiriləcək görüşün olduqca əhəmiyyətli olduğunu düşünür. Ekspertin sözlərinə görə, burada söhbət ABŞ-nin imzalanacaq sülh sazişində qarant rolu olmasından gedir.


 - Mehman müəllim, ABŞ Prezidenti D.Trampın təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərliyi arasında baş tutacaq görüşün əhəmiyyətini necə dəyərləndirirsiniz? Ciddi nəticələr gözlənilirmi?   

 - Nəhəng ölkələrin dövlət başçıları Ağ Evə düşmək, orada D.Trampla görüşmək, söhbət etmək üçün növbəyə düzülüblər. Yəni Azərbaycan Prezidentinin, o cümlədən Ermənistan Baş nazirinin Ağ Evdə Tramp tərəfindən qəbul olunması elə-belə məsələ deyil, zarafat deyil. Əgər bu səviyyədə bir görüş təklif olunursa, deməli, ciddi nəticələri olacaq. Bu görüş sadəcə, Azərbaycan çayı içmək, yaxud erməni konyakı qəbul etmək üçün deyil ki?! Kifayət qədər ciddi hadisədir. ABŞ sülh prosesində təşəbbüsü öz üzərinə götürür və aparıcı rol oynayır. Vaşinqton Azərbaycan-Ermənistan arasında sülh danışıqlarında, hansısa sənədin imzalanmasında qarant rolunda kimi çıxış edir. Bu, çox vacibdir. Nəyə görə məhz bu gün baş verir? Uzun müddətdir tərəflər arasında danışıqlar gedir. Artıq sülh sənədində bütün maddələr, prinsiplər razılaşdırılıb. Ermənistan tərəfi üzərinə öhdəlik götürür və söz verir ki, Konstitusiyanı dəyişəcəklər. Həmçinin, ATƏT-in Minsk qrupunun ləğvinə dair müraciət edəcəklər və Zəngəzur dəhlizi də açılacaq. O cümlədən, Türkiyə ilə normal qonşuluq münasibətləri qurulacaq. Ancaq bunların hamısı hələlik sözdən ibarətdir, yəni vədlərdir. Bu da onunla bağlıdır ki, Ermənistanda 2026-cı ildə parlament seçkiləri keçiriləcək. Ölkədə siyasi situasiya kifayət qədər gərgindir. Hakim partiya ilə müxaliflər arasında ciddi mübarizə var. Başqa dövlətlərin Ermənistanda gedən proseslərə müdaxiləsi göz önündədir. Baş verənlər sülh prosesinə problem yarada bilər. Ona görə də ABŞ indiki şəraitdə bu prosesə qoşularaq Ermənistanın vəd etdiyi öhdəliklərin icra olunmasının qarantı olmaq istəyir. Əsas məsələ budur. 


 - Bunu həm də Tramp administrasiyasının Paşinyan hökumətinə dəstəyi kimi qiymətləndirmək olarmı? 

 - Əlbəttə. ABŞ-nin seçki öncəsi Nikol Paşinyana birbaşa dəstəyi o deməkdir ki, Vaşinqton gələcək seçkilərdə məhz Paşinyanın qalib olmasını istəyir. Eyni zamanda prosesin davamını da baş nazirin iştirakı ilə yekunlaşdırmaq niyyəti güdür. Ermənistan hökuməti mühüm addımlar atmalıdır. Azərbaycan və Türkiyə ilə münasibətləri qurmalı, qondarma "soyqırımı" iddiasından, ərazi iddialarından birdəfəlik əl çəkməlidir. Əslində, Paşinyan bunların hamısını bəyan edib və sadəcə, reallaşması qalıb. Bununla yanaşı, Cənubi Qafqazda "Qafqaz Evi" layihəsi də reallaşmalıdır. Gürcüstan, Ermənistan və Azərbaycan bu prosesdə aktiv iştirak etməlidir. Proses buna doğru gedir. Ehtimal ki, Ermənistanda parlament seçkilərindən sonra regionda sülh, sabitlik, əmin-amanlıq və əməkdaşlıq üçün ciddi addımlar atılacaq. Vaşinqton görüşü bu baxımdan da önəmlidir. 


 - ABŞ-nin sülh prosesində təşəbbüsü ələ alması vasitəçilik missiyasıdır, yoxsa sadəcə, ikitərəfli prosesə təkan verir? 

 - Yox, bu, vasitəçilik deyil. Ağ Ev rəhbəri tərəflərə çağırış edir ki, "siz görüşün, danışın, müzakirə aparın, ortaq nəticəyə gəlin". Həm Bakı, həm də İrəvan sülh sazişini imzalamağa hazır olduqlarını, sənəddə yer alan bütün bəndləri razılaşdırdıqlarını vurğulayırlar. Tramp da deyir ki, "buyurun, Ağ Evdə bunu ortaq bəyan edin və sənəd imzalayın". Tramp söz verir ki, ABŞ, şəxsən özü qarant kimi çıxış edəcək ki, sabah heç bir tərəf sülh sazişini pozmasın. ABŞ çox ciddi dövlətdir, faktiki olaraq dünyanın aparıcı super ölkəsidir, böyük nüfuza malikdir. Azərbaycan Prezidenti öz çıxışlarında bu məqama diqqət çəkib. Xüsusən, Donald Trampın Azərbaycana münasibətini, bölgəyə baxışını müsbət dəyərləndirib. Həmçinin, bəyan edib ki, rəsmi Bakı ABŞ-nin sülh prosesində olmasına, dəstək verməsinə etiraz etmir. Bir daha vurğulayıram, burada ABŞ qarant rolunda çıxış edir, vasitəçilik etmir. Düzdür, prosesdə pərdə arxasında vasitəçilik edənlər olub. Prosesdə Rusiya daha yaxından iştirak edib. Müəyyən dövrlərdə Avropa İttifaqının üzvləri, Fransa kimi ölkələr vasitəçiliyə təşəbbüs göstəriblər. ABŞ isə Minsk qrupunun həmsədr ölkəsi olsa da, prosesdə nisbətən az görünüb, daha çox kənardan izləyib. ABŞ Azərbaycan və Ermənistan sülh sazişində yekun və ortaq mövqeyə gəldikdən sonra ortaya çıxdı və prosesə töhfə vermək niyyətində olduğunu açıqladı. 


 - Zəngəzur dəhlizi məsələsi yenidən gündəmdədir. Xüsusən, ABŞ-yə məxsus özəl şirkətin dəhlizə nəzarəti həyata keçirməsi müzakirə olunur. Bu təklifin reallıq payı nə qədərdir? Rusiyanı kənarda qoymaq mümkün olacaqmı? 

 - Əvvəla onu vurğulayım ki, Ermənistan Rusiyadan uzaqlaşmaq, Moskvanın İrəvana təsirini azaltmaq istəyir. O cümlədən rus ordusunun, sərhədçilərin ölkə ərazisindən tamamilə çıxarılmasına çalışır. İstəyir ki, bütün Ermənistan ərazisi İrəvan hökumətinin yurisdiksiyasında, idarəetməsində olsun. Əslində, bu proses çoxdan gedirdi. 2020-ci ilin 44 günlük müharibəsi bu prosesi ciddi şəkildə sürətləndirdi. Ermənistan-Azərbaycan arasında vətəndaş cəmiyyətləri arasında təmaslarda mən də iştirak edirdim. Erməni tərəfinin mövqeyi əvvəllər kifayət qədər kəskin idi. Bildirirdilər ki, "koridor" termini işlədilməli, belə bir status verilməməlidir. Çünki "dəhliz" beynəlxalq statusdur və elə olarsa, Ermənistan dəhlizə təsirini, nəzarətini itirə bilər. Ona görə də "dəhliz" yox, sadəcə "yol" ola biləcəyini deyirdilər. Ermənistan hesab edirdi ki, bu dəhliz ancaq Azərbaycan və Türkiyəni birləşdirmək üçündür. Mən çıxış edərkən, ermənilərin çox böyük səhv etdiyini üzlərinə dedim. Məsələn, 90-cı illərdə Azərbaycanın çox ciddi qarantiyası, təhlükəsizliyi və inkişafı "Əsrin müqaviləsi" ilə bağlı idi. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri də böyük qarant idi. Bunlar sadəcə Azərbaycana məxsus deyildi, beynəlxalq konsorsium layihələri idi. Operatorlar BP kimi nüfuzlu şirkətlər, beynəlxalq qurumlar idi. Ermənistan 30 illik işğal dövründə, 44 günlük müharibə vaxtı neft-qaz kəmərlərini vuracağını deyir, bizi hədələyirdi. Ancaq buna cəsarət etmədilər. Əgər layihələr sırf Azərbaycanın olsaydı, bəlkə risk edərdilər. Beynəlxalq qüvvələrlə, aparıcı ölkələrlə qarşı-qarşıya gəlməmək üçün cəhd göstərmədilər. Zəngəzur dəhlizinin beynəlxalq dəhliz statusunda olması, konsorsium yaranması da bənzər haldır. Zəngəzur dəhlizi böyük milli korporasiyaların layihəsi kimi Ermənistanın qarantiyası, inkişafı deməkdir. Bu dəhliz böyük Avropa bazarını Asiya bazarı ilə birləşdirəcək. Böyük bazarları birləşdirəcək dəhliz Ermənistandan keçəcək 42 kilometrlik məsafədir. Ermənistan dərk etməlidir ki, beynəlxalq konsorsium statusu qazanacaq Zəngəzur dəhlizi həm İrəvanın, həm də bütövlükdə Cənubi Qafqazın qarantiyası olacaq. Biz də neft kəmərləri, yataqları ilə bağlı ABŞ-nin "Amoco" şirkəti və Böyük Britaniyanın "BP" şirkətləri ilə danışıqlar aparırdıq. İlkin olaraq həmin şirkətlərlə saziş imzaladıq ki, yataqları birgə istirmar edəcəyik. Sonradan prosesə başqaları da qoşuldu. Amma operatorluq ABŞ-də qaldı. İndi müşahidə edirik ki, Paşinyan hökuməti də Zəngəzur dəhlizi ilə bağlı buna doğru gedir. 


 - Dəhlizin keçəcəyi bölgədə rus sərhədçilərinin hələ də qalması hansısa problemlər yarada bilərmi?

 - Həmin bölgədə hələlik rus sərhədlərinin qalması problemdir. Sərhədin 5 km.lik zolağı Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarətindədir. Bu da o deməkdir ki, dəhliz rusların nəzarəti altına düşür. Paşinyan hökuməti çalışır ki, rus sərhədçilərini sözügedən ərazidən çıxartsın. Məhz dəhlizə nəzarətin ABŞ-nin özəl şirkətinə həvalə edilməsi o anlama gəlir ki, sabah ruslarla üz-üzə qalan Ermənistan yox, ABŞ olsun. Rusların oradan çıxmasını İrəvan yox, Vaşinqton tələb edəcək. Erməni tərəfinin buna gücü çatmır. Fikir verirsiz, ABŞ Ukraynaya dəstəyin əvəzində işğal edilmiş ərazilərdəki yataqları istəyir. Saziş imzalanandan sonra ABŞ Rusiyadan həmin ərazidən çıxmağı tələb edəcək. Ermənistanda dəhlizlə bağlı eyni ssenari gedir. 


 - ABŞ-nin olduğu regionda, dəhlizdə Rusiya hansısa təxribatlara əl atacaqmı, yoxsa sakitcə geri çəkiləcək? 

- Rusiya heç bir təxribata risk etməyəcək. Moskva yaxşı alver etməyi bacarır. Əslində, Rusiyanın özü Zəngəzur dəhlizində maraqlıdır. Ona görə də kompromisə gedəcək. Rusiya öz sərvətlərini bu dəhliz vasitəsilə Yaxın Şərq körfəzinə, Cənub-Şərqi Asiyaya, Türkiyəyə və s. bölgələrə göndərə bilər. Böyük ehtimal, dəhliz məsələsində Moskva-Vaşinqton arasındakı məsələlər həll olunub. Məsələn, ABŞ tikintini Rusiyaya həvalə edə bilər. Yaxud başqa məsələdə siyasi bazarlığın olması mümkündür. Rusiya dəhlizin əleyhinə deyil. Cənub-Şimal Dəhlizinin əsas qanadı buradan keçir. 


 - Bəs İranın mövqeyini necə şərh edərdiniz? Tehran da dəhlizin əleyhinədir...

 - İranda yaxşı proseslər gedir. Son dönəmdə Tehran-Bakı münasibətlərində gərginlik azalıb. Prezident M.Pezeşkian ölkəmizə bir neçə dəfə səfər edib. Reallıqda İran Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Düzdür, Qərbin bölgədə olması və s. faktlar Tehranı narahat edə bilər. Amma İran hökuməti fərqindədir ki, tranzit ölkələr arasında ən çox uduşlu dövlət məhz İran olacaq. Hazırda İran fars körfəzindəki limanlarını, həmçinin dəmiryollarını aktiv şəkildə inkişaf etdirir, yenidən qurur. Çünki bu gəlirlər ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Ən əsası isə hər hansı beynəlxalq layihədə iştirak İranın öz təhlükəsizliyi üçün vacibdir. Dünyada logistika çox ciddi rol oynayır. Hər zaman çalışırlar ki, beynəlxalq nəqliyyat marşrutlarında sülh, sabitlik olsun. Böyük iqtisadi maraqlar olduğu üçün heç bir ölkə logistika üzərində problemlərin olmasını istəmir. 


 - Paşinyanın 2026-cı ildəki seçkilərə kimi rəqiblərinin təzyiqlərinə tab gətirməsi, növbəti seçkini udması ehtimalı yüksəkdirmi? 

 - Paşinyan çox ağıllı oynayır. Ermənistanda Rusiyanın nüfuzu kifayət qədər aşağı düşüb. Ermənistan baş naziri öz siyasətini varlı şəxslərə, iş adamlarına hesablamır. Paşinyanın əsas elektoratı yoxsul, orta təbəqədir. Çünki varlı təbəqənin sayı azdır. Baş nazir də məhz aşağı, orta təbəqəyə yönəlik iş aparır. Məsələn, korrupsiyaya qarşı mübarizə aparır, Kilsəyə savaş açır, Rusiyanı tənqid edir və s. Ölkədə azadlıqların olmasına, qanunun aliliyinə yönəlik addımlar atır, islahatlar edir və s. Bunlar erməni millətinin xoşuna gəlir. Baxmayaraq ki, ölkədə ciddi problemlər qalmaqdadır, amma erməni əhalisi Paşinyanı dəstəkləyir. Reytinqi nisbətən ensə də, Paşinyan Ermənistanda ən nüfuzlu siyasətçi kimi qalır. Müxalifəti isə qəbul etmirlər. İndiki Vaşinqton görüşü və digər baş verənlərin də məqsədi odur ki, seçki qutusundan Paşinyan qalib çıxsın. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Avqust 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see271

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see228

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see197

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see145

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see134

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see132

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see118

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see113

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see113

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see113

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see113

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see113

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see112

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see111

Əgər Putin cümə gününə qədər Trampın ultimatuma əməl etməsə...

07 Avqust 2025 00:04see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri