Məktəb və ənənəyə söykənən ali missiya
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Azərbaycan radiosu – 100, AzTV – 70
İnformasiya təhlükəsizliyi dövründə müasirləşən elektron mediamız
Yubileylərini qeyd etdiyimiz milli radio və televiziyamız peşəkar, zəngin və şərəfli yaradıclııq yolu keçib. Bir əsr efir dalğalarının, yetmiş il mavi ekranın formalaşdırdığı böyük məktəbdən söhbət gedir. Rəqəmsallaşmanın sürətləndiyi, informasiyanın qlobal əhəmiyyət kəsb etdiyi, dezinformasiyanın cəmiyyətlər üçün ciddi təhdid vasitəsinə çevrildiyi çağdaş dünyada Azərbaycan Televiziya və Radiosu yeni trendlərə cavab verən peşəkar fəaliyyət mərhələsinə qədəm qoyub. Bu baxımdan SSRİ dönəmində yaranan, müstəqillik illərində yenilənən milli elektron medianın fəaliyyətinə yalnız peşəkarlıq prinsiplərindən deyil, həm də milli maraqların qorunması və informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi kontekstində nəzər salmaq lazımdır.
Qlobal dövrün strateji çağırışı: informasiya təhlükəsizliyi
XXI əsr özü ilə yeni dəyərlər və çağırışlar gətirdi. Artıq dövlətlərin gücü yalnız iqtisadi imkanlar, hərbi potensial və texnoloji yeniliklərlə ölçülmür. Cəmiyyət üzvlərinin operativ və obyektiv informasiyaya əlçatanlığı, milli maraqların informasiya məkanında müdafiəsi və ictimai rəyin manipulyasiyalardan qorunması dövlətlərin dayanıqlığını müəyyənləşdirən əsas amillərdəndir.
İnformasiya texnologiyalarının sürətli inkişafı dünyanın coğrafi sərhədlərini kommunikasiya baxımından əhəmiyyətli dərəcədə daraldıb. Bir hadisə haqqında məlumat saniyələr ərzində dünyanın müxtəlif nöqtələrinə çatır, sosial şəbəkələr vasitəsilə milyonlarla insanın düşüncəsinə təsir göstərir. Bu imkanlar cəmiyyətin məlumatlanması, beynəlxalq əlaqələrin genişlənməsi və biliklərin paylaşılması baxımından böyük üstünlüklər yaratsa da, yeni riskləri də meydana çıxarır. Məqsədli dezinformasiya, saxta görüntülər, kontekstdən çıxarılmış fikirlər və ictimai rəyi yönləndirməyə hesablanmış dezinformasiya kampaniyaları müasir dövrün ciddi problemlərindəndir. Elektron media məhz bu nöqtədə ciddi ictimai funksiyanı yerinə yetirir. Onların üstünlüyü yalnız geniş auditoriyaya malik olmalarında deyil, həm də informasiyanı sistemli, ardıcıl və ən əsası, operativ şəkildə təqdim etmək imkanındadır. Peşəkarlıq prinsiplərinə əsaslanan yayım cəmiyyətdə informasiya savadlılığının artırılmasına xidmət edir.
Efirin tarixi missiyası ana dilinin saflığını qorumaqdır
Bəli, televiziyanın kütləvi informasiya vasitələri arasında özünəməxsus yeri var. “Sehrli güzgü”nün efir həyatına başladığı gündən etibarən keçdiyi inkişaf yolu onu deməyə əsas verir ki, bu media trendi texnoloji yeniliklərə uyğunlaşmaqla yanaşı, cəmiyyətin informasiya istehlakı vərdişlərində də dəyişikliyə nail olub. Tamaşaçıya məkanın və hadisənin vizual təqdimatı televiziyanı gündəlik həyatın ayrılmaz hissəsinə çevirərək, onun ictimai düşüncənin formalaşmasındakı rolunu artırıb. Amma bu zaman vacib bir prinsip unudulmamalıdır: televiziyanın cəmiyyətə təsiri onun məsuliyyətini də artırır. Elektron media informasiya etibarlılığını, peşəkar etik qaydaları gözləməklə yanaşı, ictimai məsuliyyəti də qorumalıdır.
Azərbaycan dövlətinin rəsmi informasiya ruporu funksiyasını yerinə yetirən AzTV ölkənin ictimai-siyasi həyatını, tarixini, mədəniyyətini və inkişaf prosesini geniş auditoriyaya çatdırmaq kimi olduqca zəruri missiyanı yerinə yetirir. Bu strateji missiyanın qüsursuz icrası, mövcud imkanlardan səmərəli istifadə operativlik, peşəkarlıq, texnoloji yeniliklər və auditoriyanın informasiya tələbatına uyğunlaşmaqdan birbaşa asılıdır. Bu zaman dövlət maraqlarının qorunması ilə jurnalistikanın peşəkar standartları arasında sağlam tarazlığın qorunub saxlanılması vacibdir.
Azərbaycan Televiziyasının 70 illik fəaliyyəti ölkənin media tarixinin mühüm səhifələrindən biridir. 1956-cı ildə yayıma başlayan AzTV uzun onilliklər ərzində cəmiyyətin informasiya və mədəni həyatının ayrılmaz hissəsinə çevrilib. Müxtəlif nəsillərin yaddaşında bu kanalın xəbər buraxılışları, müəllif və musiqi proqramları, tamaşaları və televiziya filmləri xüsusi yer tutur. Hər gün efirdən azərbaycanlı ailəsinin “qonağı” olan tanış və dogma simalar – diktor və aparıcılar olduqca porulyar idilər. Doğma radiomuzda bu gün də efir həyatını davam etdirən, “Bulaq” verilişinin, onun əvəzolunmaz aparıcıları, böyük sənətkarlarımız Səməndər Rzayev və Məxluqə Sadıqovanın adlarını çəkmək kifayətdir ki, Azərbaycan dinləyicisinin üzünə məmnunluq dolu təbəssüm qonsun.
Uzun və hərtərəfli yaradıcılıq yolu keçmiş AzTV-nin peşəkarlıq məktəbində yetişmiş səriştəli kadrlar ötən əsrin 90-cı illərinin əvvəllərindən etibarən yaranmağa başlayan özəl telekanal və radioların formalaşmasında, onların alternativ informasiya yayımçıları kimi tamaşaçıların və dinləyicilərin rəğbətini qazanmalarında müstəsna rol oynayıblar. Həmin müstəqil tele-radioların istər ictimai-siyasi proqramlarının analitik səviyyəsinin yüksəldilməsində, istərsə də beynəlxalq hadisələrin operativ və izahlı təqdimat üsullarının tapılmasında ana telekanalın mətbəxində su içmiş peşəkarların xidməti media camesi tərəfindən birmənalı şəkildə etiraf olunur.
AzTV-nin tarixi əhəmiyyəti ölkənin yalnız ilk televiziya yayımçısı olması ilə məhdudlaşmır. Kanal uzun müddət Azərbaycan dilinin saflığının qorunub saxlanılması, onun düzgün işlədilməsi, milli mədəniyyətin və incəsənətin təbliği, tarixi şəxsiyyətlərin tanıdılması, adət-ənənələrin yaşadılması missiyasını da öz çiynində daşıyıb.
Yüzillik tarix yalnız keçmiş uğurları xatırlamaq üçün deyil, gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək üçün də əhəmiyyətlidir. Bu yubileylər Azərbaycan tele-radiosunun və bütövlükdə milli yayım sisteminin əldə etdiyi təcrübəni qiymətləndirmək, gənc nəslin media sahəsinə marağını artırmaq baxımından da olduqca önəmli tarixdir. Azərbaycan Televiziya və Radiosunun gələcək inkişafı ənənə ilə yeniliyin uzlaşdırılmasından asılıdır. Bu prosesdə ana dilinin saflığının qorunması və düzgün işlədilməsi xüsusi əhəmiyyət daşıyır. Radio və televiziya geniş auditoriyaya müraciət etdiyinə görə ədəbi dilin inkişafına, nitq mədəniyyətinin yüksəldilməsinə və Azərbaycan dilinin rəqəmsal mühitdə mövqeyinin möhkəmləndirilməsinə mühüm töhfə verir.
Yeni mərhələ yeni vəzifələr gətirib
Peşəkar məktəbə, zəngin ənənəyə söykənərək həyata keçirdiyi ali missiyasına bu gün də sadiq qalan AzTV Azərbaycanın milli-mənəvi dəyərlərindən ən yaxşı nümunələri üzə çıxarıb dünyaya təqdim etməklə yanaşı, xarici ölkələrin incəsənət, elm, təhsil trendlərini yerli tamaşaçılara çatdırır. Bu, cəmiyyətin intellektual səviyyəsini qaldıran, maraq dairəsini genişləndirən, zövqünü zənginləşdirən ali missiyadır. Yeri gəlmişkən, paytaxtdan həmin dalğaları və görüntüləri ötürən Bakı Televiziya Qülləsinin də bu il özünəməxsus yubileyidir. 30 il əvvəl – 1996-cı ildə fəaliyyətə başlayan, paytaxtın memarlıq ansamblına özünəməxsus gözəllik qatan kompleks (hündürlüyü 310 (Xəzər dənizi səviyyəsindən 480) metr) müstəqil və güclü Azərbaycanın haqq səsimizi bütün dünyaya yayır.
Xüsusilə qeyd edilməli məqamlardan biri də odur ki, Vətən müharibəsi zamanı əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıqlar, ardıcıl surətdə işğaldan azad edilən yaşayış məntəqələri barəsində ilk məlumatları məhz ana televiziyamızın efirindən eşidir və görürdük. Qələbə müjdəli həmin günlər bütün gözlər AzTV-yə dikilmişdi. Çünki Müzəffər Ordumuzun Zəfər xəbərlərini bizə və dünyaya çatdıran məhz o idi. Ali Baş Komandan İlham Əliyevin Şuşada, Xankəndidə üçrəngli bayrağımızı qaldırması səhnəsinin canlı yayımını isə həyəcansız izləmək mümkün deyildi. Bu fəaliyyət telekanalın salnaməsinə qızıl hərflərlə həkk olunub.
***
Qloballaşan çağdaş dünyanın informasiya rəqabəti meydanında efir fəaliyyətini uğurla davam etdirən Azərbaycan tele-radiolarının yaradıcı heyətləri daim dövlətin diqqət və qayğısını öz üzərlərində hiss ediblər. Radiomuzun 100, televiziyamızın 70 illiyi münasibətilə media nümayəndələrinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı radio və televiziyarda çalışan jurnalistlərə göstərilən qayğının və diqqətin bariz nümunəsidir. Dövlətimizin başçısının imzaladığı Sərəncamla Azərbaycanda medianın inkişafında xidmətlərinə görə 6 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 3 nəfər 2-ci dərəcəli “Əmək” ordeni, 10 nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 60 nəfər “Tərəqqi” medalı ilə təltif edilib. 2 nəfərə isə medianın inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Bizə isə sonda yubiley təltifləri alanları təbrik etmək, həmkarlarımıza yeni-yeni yaradıcılıq uğurları arzulamaq qalır.
Rufiz QONAQOV,
Perspektiv Siyasətin Texnologiyaları
İctimai Birliyinin İdarə Heyətinin sədri,
siyasi elmlər üzrə fəlsəfə doktoru
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 06 Noyabr 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















