Meloninin sərt siyasi gedişi
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Yeni seçki sistemi kimlərə üstünlük vəd edir?
Avropada siyasi sistemlərin dəyişdiyi bir vaxtda seçki qaydaları da hakimiyyət uğrunda mübarizənin əsas alətlərindən birinə çevrilir. İtaliyada qəbul edilən yeni seçki qanunu da bu baxımdan ölkənin gələcək idarəçilik modelini müəyyənləşdirəcək mühüm qərar kimi xarakterizə olunur. Qanunun arxasında dayanan əsas məqsədin siyasi sabitliyi təmin etmək olduğu iddia edilsə də, onun nəticələrinin həm hakimiyyət, həm də müxalifət üçün fərqli siyasi imkanlar yaratmaq ehtimalı yüksəkdir.
Sistemin əsas prinsipi proporsional təmsilçilik olacaq. Bununla yanaşı, sistemin tam proporsional xarakteri hökumətlərin formalaşdırılması problemini həll etmək üçün xüsusi mexanizmlə tamamlanır. Əgər bir koalisiya səslərin 42 faizindən çoxunu əldə edərsə, ona parlamentdə işlək çoxluğu təmin edən mandat bonusu veriləcək. Yeni qaydalara əsasən, bu bonus Deputatlar Palatasında 70, Senatda isə 35 əlavə mandat təşkil edir.
Eyni zamanda, həddindən artıq böyük parlament üstünlüyünün yaranmasının qarşısını almaq üçün qalib koalisiyanın Deputatlar Palatasında 220, Senatda isə 113 yerdən artıq mandat əldə etməsinə məhdudiyyət qoyulur. Əgər bir neçə koalisiya 42 faiz həddini keçərsə, bonus ən çox səs toplayan koalisiyaya verilir. Yox əksinə heç bir siyasi blok bu həddə çatmazsa, yaxud parlamentin iki palatasında fərqli nəticələr ortaya çıxarsa, bonus mexanizmi işə düşmür və proporsional bölgü əsas götürülür. Bu detal əslində islahatın siyasi mahiyyətini izah edir.
Meloni hökuməti bir tərəfdən proporsional təmsilçiliyi genişləndirir, digər tərəfdən isə seçkidən kifayət qədər güclü nəticə ilə çıxan siyasi bloka idarəetmə üstünlüyü verir. Modelin tərəfdarları hesab edirlər ki, İtaliya kimi çoxpartiyalı siyasi sistemə malik ölkədə proporsional təmsilçilik tətbiq etmək hökumətlərin yenidən parçalanmasına gətirib çıxara bilər. Çünki siyasi partiyaların parlamentdə çoxsaylı fraksiyalar şəklində təmsil olunması hökumətin fəaliyyətini koalisiya danışıqlarından asılı vəziyyətə salır. Meloninin təqdim etdiyi mexanizm də əvvəlcədən siyasi nəticəni daha aydın edir.
Yəni seçki zamanı 42 faizlik həddi keçən koalisiya hökuməti formalaşdırmaq üçün əlavə üstünlük əldə edir. Sözsüz ki, məsələnin əks tərəfi də var. 42 faiz səs alan siyasi blokun parlamentdə əhəmiyyətli dərəcədə böyük üstünlük əldə etməsi seçici dəstəyi ilə parlamentdəki real güc arasında fərq yarada bilər. Elə müxalifətin əsas narahatlığı da bundan qaynaqlanır.
Yeri gəlmişkən, ölkənin siyasi sistemi uzun müddət müxtəlif proporsional və majoritar mexanizmlərin kombinasiyası ilə idarə olunub. Mövcud qaydalara əsasən parlamentdəki deputatların təxminən üçdə ikisi proporsional üsulla, qalan hissəsi isə majoritar dairələr üzrə seçilirdi. Həmin modelin ən mühüm xüsusiyyəti ondan ibarət idi ki, partiyaların parlamentdəki nəticələri ümumi səs faizindən asılı qalmırdı. Majoritar dairələrdə namizədlərin və siyasi blokların yerli səviyyədə əldə etdiyi nəticələr də yekun mənzərəni dəyişə bilirdi.
Yeni seçki qanununun siyasi baxımdan maraqlı tərəfi onun Meloni üçün əvvəlcədən hesablandığı kimi nəticə verməyə də bilməsidir. İslahat hazırlanarkən Meloninin rəhbərlik etdiyi sağ koalisiya siyasi sorğularda kifayət qədər güclü mövqedə idi. Sözügedən vəziyyətdə seçki sistemində hökumətin sabitliyini təmin edən bonus mexanizminin tətbiqi təbii olaraq hakim düşərgənin xeyrinə siyasi alət kimi qiymətləndirilirdi. Amma İtaliyada son aylarda sağ düşərgənin daxilində yeni rəqabət formalaşıb.
Roberto Vannaccinin yaratdığı Milli gələcək siyasi qüvvəsi sağ seçicilərin bir hissəsinə təsir göstərməyə başlayıb. Partiya bu ilin iyununda rəsmi şəkildə fəaliyyətə başlasa da, qısa müddət ərzində sorğularda nəzərəçarpacaq nəticə göstərib. İyunda keçirilən “SWG” sorğusunda “Milli gələcək” 5,3 faiz dəstəyə çataraq Liqanın göstəricisinə bərabərləşmişdi.
Daha sonra “YouTrend” sorğusunda partiyanın dəstəyi 5,9 faizə yüksəlib və bu nəticə onu Liqadan da yuxarı çıxarıb. Deməli, dəyişiklik Meloninin seçki strategiyasını mürəkkəbləşdirir. Əgər sağ seçicilərin müəyyən hissəsi Meloninin “İtaliya qardaşları” partiyasından və ya onun müttəfiqlərindən uzaqlaşaraq yeni ifrat sağçı siyasi qüvvəyə keçərsə, hakim koalisiyanın 42 faizlik həddi aşması çətinləşə bilər. Bu halda Meloni üçün hazırlanmış kimi görünən mexanizm əksinə işləyəcək.
Üstəlik, məsələ yalnız səslərin itirilməsi ilə də yekunlaşmır. Yeni siyasi qüvvənin meydana çıxması sağ blokun daxilində danışıqların xarakterini də dəyişdirir. Vannaccinin partiyası seçkidən əvvəl və ya sonra Meloninin rəhbərlik etdiyi koalisiyaya qoşulsa, onun mövcudluğu sağ düşərgənin ümumi səsini qorumağa kömək edə bilər. Əks halda, eyni seçici kütləsinin parçalanması qalibiyyət üçün lazım olan həddə çatmağı çətinləşdirəcək. Yəni Meloninin siyasi hesabı sağ düşərgənin seçkiyə qədər nə dərəcədə vahid qalacağından asılı olacaq.
Mərkəz-sol müxalifət isə yeni qanunun qəbulunu demokratiya baxımından təhlükəli addım kimi qiymətləndirir. Onların fikrincə, seçki qaydalarının hakimiyyətin təşəbbüsü ilə, müxalifətin ciddi etirazları fonunda dəyişdirilməsi siyasi oyunun qaydalarının oyunun iştirakçılarından biri tərəfindən dəyişdirilməsinə bənzəyir. Demokrat Partiyasının lideri Elli Şlayn parlamentdə Meloniyə ünvanlanan mesajında bu mövqeyi açıq şəkildə ifadə edib: “Seçki qanununu dəyişə bilərsiniz, amma hansı sistem tətbiq olunursa-olunsun, biz qalib gələcəyik”. Şlaynın fikirləri müxalifətin siyasi strategiyasını bir daha göstərib. Onun mesajında iki fikir paralel şəkildə görünür.
Müxalifət yeni qanunun hakimiyyətin xeyrinə hazırlandığını düşünür və onun seçki nəticəsini birbaşa müəyyənləşdirməyəcəyini vurğulayır. Proseslə bağlı sol düşərgənin də fikirləri diqqət çəkir. Onlar qanunun seçicinin namizəd seçmək imkanlarını məhdudlaşdırdığını düşünür və bəzi müddəaların Konstitusiya Məhkəməsində mübahisələndirilə biləcəyini bildirir. Bu səbəbdən seçki qanununun qəbulundan sonra parlamentdəki mübarizənin məhkəmə müstəvisinə keçməsi də mümkün ssenarilər arasındadır.
Daha bir maraqlı məqamı qeyd edək ki, islahatın hazırlanması zamanı hakim koalisiyanın daxilində ən ciddi mübahisələrdən biri seçicilərin partiya siyahılarındakı namizədlər arasında seçim etmək imkanları ilə bağlı olub. Məsələ sadə görünsə də, İtaliya siyasətində bunun böyük əhəmiyyəti var. Əvvəlki müzakirələrdə seçiciyə siyahıdakı namizədlər arasında seçim etmək imkanı verilməsi nəzərdə tutulurdu. Bu, partiya liderlərinin parlament qruplarını formalaşdırmaq imkanlarını məhdudlaşdıra bilərdi. Lakin parlamentdə uzun müddət davam edən müzakirələrdən sonra kompromis əldə edildi.
Yeni qaydalara əsasən, seçici partiya siyahısında müəyyən sayda namizədə üstünlük verə biləcək. Eyni zamanda, siyahıların əvvəlində yer alan namizədlər “bloklanmış” vəziyyətdə qalacaq. Başqa sözlə, partiya rəhbərliyinin parlamentə düşəcək namizədlər üzərində əsas təsiri tamamilə aradan qalxmır. Lakin kompromis hakim koalisiyanın daxilindəki fikir ayrılıqlarının yumşaldılmasına imkan verib. Çünki seçiciyə müəyyən seçim hüququ verilir və partiya liderlərinin parlamentdə özlərinə yaxın siyasi heyəti formalaşdırmaq imkanları böyük ölçüdə qorunur. Bəhs etdiyimiz məqam da müxalifətin tənqid etdiyi məsələlərdən biridir. Onların fikrincə, seçiciyə verilən seçim imkanının bir hissəsi formal xarakter daşıya bilər. Gender məsələsi də mübahisələrə səbəb olub. Siyahılarda namizədlərin qadın və kişi növbəliliyi nəzərdə tutulsa da, siyahıların başında yer alan namizədlərin xüsusi statusunun qorunması parlamentdə qadın təmsilçiliyinin gələcəyi ilə bağlı suallar doğurub.
Nəzrin ELDARQIZI
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 14 Oktyabr 2026 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















