Icma.az
close
up
RU
Məmməd Qasımov: Sənət yolunda əbədilik qazanan görkəmli teatr rəssamı

Məmməd Qasımov: Sənət yolunda əbədilik qazanan görkəmli teatr rəssamı

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

İnsan duyğuları və düşüncələrinin ən dərin qatlarına nüfuz edən al-əlvan rənglərin əhatəsində, ilk baxışdan adi insanın baş aça bilmədiyi, dərk etmədiyi, lakin özündə böyük sənət həqiqətlərini ehtiva edən eskizlərlə iç-içə, fırçayla, qələmlə, kağızla, boyayla göz-gözə keçən rəssam işi, ələlxüsus da teatr rəssamının işi mənə hər zaman fantastik filmləri xatırladıb. Hələ uşaqlıq illərimdən nə zaman gözüm hər hansısa bir rəsmə, portretə sataşsa, nə zaman tamaşalarda teatr rəssamının işlərini görsəm ağlımda belə suallar yaranırdı: görəsən, rəssam bu rəsm əsərini yaradanda hansı hissləri keçirib, daxili dünyası hansı ovqatda olub? Və ya rəsm əsəri üzərindəki bu al-əlvan boyalar, naxışlar, görəsən, hansı həyat həqiqətlərini özündə ehtiva edir? İllər keçdikcə, ətrafımdakı rəssam dostlarımın sayı artıqca bu suallara müəyyən qədər cavab tapa bilmişəm. Ancaq yaratdıqları sənət əsərləri ilə, sözün həqiqi mənasında həmahənglik təşkil edən, keçdikləri ömür və taley yolunu rəsmlərində, karikaturalarında canlandıran peşəkar rəssamların həyatı və yaradıcılığı mənim üçün hər zaman maraqlı olub. Ömrünü sənətə, sənətkarlığa həsr edən insanlar barədə yazanda, düşünmüşəm ki, rəssamlar və onlarla eyni sənət yolunu bölüşən digər yaradıcı simalar ərsəyə gətirdikləri bir-birindən zəngin, maraqlı yaradıcılıq nümunələri ilə hələ bu dünyadaykən əbədiyaşarlıq qazanırlar...

Bəhruz Kəngərli yaradıcılığı ilə özünün ən yeni dövrünə qədəm qoyan Naxçıvan rəssamlıq məktəbi Azərbaycan incəsənətinə onlarla görkəmli rəssam bəxş etmişdir. “Ən yaxşı müəllim təbiətdir, rəssamın müəllimi təbiətin içində var” – deyən türk dünyasının böyük rəssamı İbrahim Safi, xalq rəssamları Elmira Şahtaxtinskaya, Hüseynqulu Əliyev, Cəmil Müfidzadə və digər sayılıb-seçilən rəssamlar bu diyarın – qədim Naxçıvan torpağının yetirmələridir. Adını qeyd etdiyimiz görkəmli rəssamlardan biri də bu il anadan olmasının 100 illik yubileyini qeyd etdiyimiz Naxçıvan Muxtar Respublikasının ilk karikaturaçı rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycanın tanınmış teatr rəssamı, pedaqoq, publisist Məmməd Qasımovdur.

Məmməd Ələkbər oğlu Qasımov 1925-ci il yanvar ayının 5-də qədim Tiflis şəhərində anadan olub. Atası Məşhədi Ələkbər Naxçıvanda sovet hakimiyyəti qurulduqdan sonra şəhər mərkəzindəki onbirotaqlı malikanəsini hökumətə təhvil verərək Gürcüstana köçüb. Tiflisdə uzun müddət tacirliklə məşğul olub. Bu səbəbdən Məmməd Qasımov, o cümlədən qardaşları və bacısı ata yurdu Naxçıvandan uzaqda, qeyd etdiyimiz kimi Tiflis şəhərində doğulub. Ailə yalnız İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Naxçıvan şəhərinə qayıdıb...

Hələ uşaqlıq vaxtlarından rəssamlığa böyük maraq göstərən və vaxtaşırı imkan tapıb Gürcüstan Dövlət Azərbaycan Dram Teatrının tamaşalarına baxan Məmməd artıq 15 yaşında ikən öz həyat yolunu və sənət taleyini qəti müəyyən etmişdi. O, gələcəyin istedadlı teatr rəssamı olmağı qarşısına məqsəd qoymuşdu. Ömrünün son aylarında yazmağa başladığı “Mənim sənət yolum” adlı xatiratında o, teatr aləmilə ilk tanışlığını belə yada salırdı: “Mən 1925-ci ildə Tbilisidə anadan olmuşam, məktəb illərini də orada başa vurmuşam. Bizim evimizdən bir küçə sağda (paralel küçədə) Azərbaycan Dövlət Musiqili Dram Teatrının binası yerləşirdi. 1930-cu ildə - yaşım beş olardı – qonşumuz Xalacan adlı qadın (o, Türkiyədən idi və biz onu “nənə” deyə çağırardıq) bir gün dedi ki, bu axşam teatr var. Həmin dəqiqə qərara gəldim ki, teatra mən də getməliyəm. Məni başa salmaq istədilər ki, məqsədim baş tutmayacaq. Sonra əlavə etdilər ki, teatra uşaq buraxmırlar. Özümü ora-bura çırpdım. Uşaq ədası ilə ağlamsındım və təkidlə dedim: mən teatra gedəcəm!

Arvadlar götür-qoy etdilər və dedilər ki, bu, mümkün olan iş deyil. Mən ümidimi üzmüşdüm. Birdən Xalacan-nənə mənə baxaraq dedi: “Mən oğlumu aparacam.” Onun çox qətiyyətlə dediyi sözə mən yarı arxayınlaşıb sakitləşdim və işin sonunu izləməli oldum...Tamaşa vaxtı çatdı. Qulağım səsdə idi ki, nənə indi məni çağıracaq. Bu arada anam məni geyindirib bəzəndirdiyi üçün tam arxayın olmuşdum. Nənənin məni səsləməsi mənim üçün bir aləm oldu...

...Nənənin yeri düz birinci sırada idi. Bəlkə də bunu mənə görə etmişdi. Nəhayət gözlənilən an gəlib çatdı. Mən hiss etdim ki, bütün işıqlar sönüb. Musiqi səsləndi və nənə mənim baxmağım üçün lazımi şəraiti yaratdı. Mənim ilk gördüyüm səhnədəki (o zaman onun adını bilmirdim) çox böyük pərdələr oldu. Onun üzərində rəngbərəng işıqlar var idi. Musiqi sədaları altında pərdələr yavaş-yavaş açıldı. Böyük səhnədə tam fərqli bir aləm gördüm. Elə bil nağıllar dünyasına düşmüşdüm. Küçədə “öz yerimdən” çıxıb dərindən nəfəs aldım. Bu, həm də arzumun yerinə yetməsi üçün aldığım rahat, razılıq nəfəsi idi. Yatağımda səhərə qədər teatrda gördüklərimi gözlərim önündə təkrarən canlandırır, sanki hələ də özümü orada hiss edirdim. Mənim bütün ömrümü bağladığım teatrla ilk tanışlığım və əbədi dostluğumun tarixçəsi belədir.”

Məmməd Qasımov Tiflisdə Mirzə Fətəli Axundov adına 97 nömrəli orta məktəbin 9-cu sinfini bitirib. Ardınca Naxçıvan şəhər 1 nömrəli orta məktəbində təhsilini davam etdirib. O, 1943-cü ildə orta təhsilini xalis əla qiymətlərlə başa vurmuş və sovet hökumətinin müvafiq qərarına əsasən, ölkənin istənilən ali məktəbinə imtahansız daxil olmaq hüququ əldə etmişdi.

Görkəmli rəssamın oğlu, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov atasının 95 illik yubileyi ərəfəsində qələmə aldığı “Onun sənət yolu – Məmməd Qasımov” adlı məqaləsində yazır ki, orta məktəbin son sinfində təhsil alarkən tez-tez Naxçıvan Dövlət Dram Teatrının tamaşalarına gələn Məmməd Qasımov bir təsadüf nəticəsində teatrın görkəmli aktyoru və rejissoru Səməd Mövləv ilə yaxından tanış olur. Növbəti görüşlərin birində həvəskar rəssam böyük sənətkarın rəyini öyrənmək məqsədilə ona bir qovluq təqdim edir. Bu qovluqdakı müxtəlif pyeslərə çəkilmiş onlarla dekorasiya və geyim eskizlərinə baxaraq heyranlığını gizlətməyən Səməd Mövləvi elə oradaca həmin il (1943-cü il) hazırlayacağı “Ölülər” (Cəlil Məmmədquluzadə) tamaşasının rəssam işini bütövlüklə gənc Məmmədə etibar edir. Bu ilk sınaqdan böyük müvəffəqiyyətlə çıxan Məmməd Qasımov az sonra bu teatrda Səməd Mövləvinin hazırladığı daha bir əsərin – “Ər və arvad” (Üzeyir Hacıbəyli) operettasının da rəssamı olur. Həmin ilin payızından Tbilisi Rəssamlıq Akademiyasında təhsil alan Məmməd Qasımov burada dünyaşöhrətli İ.Repinin tələbəsi, məşhur rəssam M. Toidzedən və digər görkəmli fırça ustalarından bu sənətin sirlərini mənimsəyir. Akademiyada təhsil aldığı illərdə də müntəzəm olaraq Mirzə Fətəli Axundov adına Gürcüstan Dövlət Azərbaycan Dram Teatrının bütün tamaşalarına baxmaqla bərabər yaradıcı heyətlə sıx əlaqə saxlamışdır ki, bunun da nəticəsi olaraq ona, bu sənət ocağının səhnəsində hazırlanan iki tamaşaya bədii quruluş vermək müyəssər olub. Bunlardan birincisi A. Məşədibəyovun “Toy kimindir?” ikincisisə Fikrət Əmirovun “Ürəkçalanlar” musiqili komediyaları idi.”

Məmməd Qasımov haqqında qələmə alınmış çox az sayda məqalə və xatirə yazıları olduğu üçün və ən əsası iki cildli Naxçıvan Ensiklopediyasında görkəmli teatr rəssamı haqqında heç bir məlumata yer verilmədiyi üçün Ələkbər Qasımovun yuxarıda adını qeyd etdiyimiz “Onun sənət yolu – Məmməd Qasımov” adlı məqaləsinə təkrardan müraciət edirik. Sənətşünas Ələkbər Qasımov yazır: “Gözlənilmədən Tiblisi Rəssamlıq Akademiyasında Azərbaycan bölməsinin bağlanması səbəbindən ali təhsilini başa çatdıra bilməyən Məmməd Qasımov ata yurduna qayıdaraq Naxçıvan Teatrında yaradıcı fəaliyyətini davam etdirir. 1947-1952-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində ixtisas təhsilini davam etdirən gənc rəssam Bakıda olduğu illərdə də Naxçıvan Dövlət Dram Teatrında hazırlanan bir neçə tamaşanın rəssamı təyin olunmaqla ardarda uğurlu yaradıcılıq nəticələri əldə edir.

1952-ci ildən doğma Naxçıvan Teatrının baş rəssamı kimi yaradıcılığının yeni mərhələsinə qədəm qoyan Məmməd Qasımov həmin vəzifədə ömrünün son günlərinədək – tam 35 il fasiləsiz olaraq məhsuldar, səviyyəli və səmərəli fəaliyyət göstərib. Təkcə bu illər ərzində o, Naxçıvan Teatrında 93, Gəncə Dövlət Dram Teatrında 1, İrəvan Dövlət Azərbaycan Dram Teatrında 3 tamaşanın quruluşçu rəssamı olub. Həmin səhnələrdəki zəngin, məzmunlu və möhtəşəm dekorasiyalar, əlbəsələr, dövrəuyğun, rəngarəng geyimlər və qrimlər ədəbi və teatr tənqidinin müsbət rəyinə, geniş tamaşaçı kütləsinin isə böyük marağına və rəğbətinə səbəb olur”.

44 illik teatr fəaliyyəti dövründə 107 tamaşanın quruluşçu rəssamı olmuş Məmməd Qasımov yaratdığı bütün sənət əsərlərinin ideyasını dərindən duyan, tamaşaçıya təqdim olunacaq pyesi və onun dövrünü hərtərəfli öyrənən, əsərin mahiyyətini peşəkarcasına dərk edən və ən əsası hiss etdiklərini, duyğu və düşüncələrini olduğu kimi çatdıran istedadlı rəssam idi. O, hər şeydən əvvəl peşəsini ürəkdən sevən, həmkarlarına saf niyyətlə yanaşan, xüsusən də gənclərə bu işin sirlərini canı-dildən öyrədən nümunəvi pedaqoq idi. Təsadüfi deyildir ki, onun bu fəaliyyəti istər tamaşaçı tərəfindən, istərsə də sənətin peşəkarları tərəfindən daim yüksək qiymətləndirilirdi. Və bunun nəticəsi idi ki, Məmməd Qasımov fəaliyyəti dövründə böyük tamaşaçı sevgisi qazana bilmişdi. Onun yaradıcı fəaliyyətinə qiymət verən professor Kərim Kərimov Naxçıvan Teatrının 100 illik yubiley təntənəsindəki çıxışında demişdi: “Mən teatrın bugünkü 100 illik təntənəsində 17 yaşından ömrünü bu teatra bağlayan və son 35 ildə Naxçıvan Teatrının baş rəssamı kimi yorulmaz fəaliyyət göstərən, bu il qəflətən dünyasını dəyişmiş istedadlı teatr rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Məmməd Qasımovu hörmətlə anıram. Məmməd Qasımov təkcə Naxçıvan Teatrında 100-dən artıq tamaşaya bir-birindən maraqlı bədii quruluş vermişdir. Mən tez-tez işlətdiyim ifadəni bu gün bir daha təkrarlamaq istəyirəm ki, Azərbaycanda səhnədə öz sözünü deyə bilən və adı böyük hərflərlə yazılası üç teatr rəssamı tanıyıram. Onlardan ikisi Bakıda – Nüsrət Fətullayev və Elçin Aslanov, üçüncüsü isə Naxçıvanda – Məmməd Qasımovdur...”

Haqqında qələmə alınmış məqalələrdən oxuyuruq ki, uzun illər Azərbaycan Teatr Cəmiyyətinin – indiki Teatr Xadimləri İttifaqının üzvü olan və 1970-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunan Məmməd Qasımov bir il sonra Naxçıvanda rəssamlar təşkilatının yaradılması təşəbbüsünü irəli sürür. 1971-ci ilin iyun ayında respublikanın rəhbəri Heydər Əliyevin bilavasitə dəstəyilə yaradılan Azərbaycan Rəssamlar İttifaqı Naxçıvan Təşkilatına məhz Ulu öndərin tövsiyəsilə gənclik illərindən yaxşı tanıdığı Məmməd Qasımov ilk sədr seçilib. Bundan başqa Məmməd Qasımov uzun illər pedaqoji fəaliyyətlə də məşğul olub, Naxçıvan şəhərində internat-məktəb açıldığı gündən əvvəl burada, daha sonralar isə 4 nömrəli orta məktəbdə rəsm və rəsmxət müəllimi işləyib. Şəhərdə ilk dəfə, Pionerlər Evində özünün təşkil etdiyi rəssamlıq studiyasına rəhbərlik edib. Onun burdan pərvazlanan yetirmələrinin 10-a yaxını müxtəlif fəxri adlara layiq görülmüş və 5 nəfəri SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur.

Bir teatr rəssamı kimi tanınan Məmməd Qasımov portret, mənzərə, qrafika və plakat janrında da dəyərli əsərlər yaradıb, bir sıra karikaturaları dəfələrlə “Kirpi” jurnalında və müxtəlif qəzet səhifələrində dərc olunub. Qeyd etmək yerinə düşər ki, Məmməd Qasımov muxtar respublikanın ilk karikaturaçı rəssamı kimi də tanınmaqdadır. O, həmçinin 1950-80-ci illərdə ələmatdar hadisələrdə və bayram günlərində Naxçıvan şəhərinin bəzədilməsində fəal iştirak edirdi.

Sənətşünas Ələkbər Qasımovun yuxarıda adını qeyd etdiyimiz məqaləsinə istinadən yazırıq ki, Məmməd Qasımov ədəbi və publisistik yaradıcılığa da meyl edib. Onun teatr rəssamlığına, səhnəqrafiyaya, görkəmli rəssamların həyat və yaradıcılığına həsr olunmuş onlarla məqaləsi dövri mətbuatda dərc olunub. 100-dən artıq şeir və rübai müəllifi olan Məmməd Qasımov həmçinin Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı” romanını səhnələşdirərək qədim tariximizə dair çox maraqlı bir pyes də ərsəyə gətirib. O, yerli şair və yazıçıların Naxçıvanda çap olunan bir sıra kitablarının da bədii tərtibatını verib.

Ömrünü sevdiyi sənətə həsr edən Azərbaycanın görkəmli teatr rəssamlarından biri Məmməd Qasımov Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin və Bakı Şəhər Sovetinin Fəxri fərmanları, “Əməkdə fərqlənməyə görə” medalı, SSRİ Mədəniyyət Nazirliyinin “Əla işinə görə” medalı ilə təltif olunub. Bununla yanaşı, Məmməd Qasımov 1967-ci ildə (Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 21 noyabr tarixli Fərmanı ilə) muxtar respublikanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, görkəmli teatr rəssamı, pedaqoq, publisist Məmməd Qasımov 1987-ci ildə, 62 yaşında dünyasını dəyişib. Görkəmli şəxsiyyətin adı ata yurdu Naxçıvan şəhərində əbədiləşdirilməyib. Ancaq onun zəngin sənət yolu, çoxşaxəli faəliyyəti Naxçıvan rəssamlıq məktəbində, o cümlədən Azərbaycan teatr rəssamlığı tarixində əvəzsiz imza kimi daim xatırlanacaq. Sənət fədaisinin ruhuna dərin hörmət və ehtiram hissi ilə...

Məcid RƏŞADƏTOĞLU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:33
embedMənbə:https://sesqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ramazan ayının başlanması ilə bağlı fətva verilib – bilməli olduğunuz məqamlar

27 Fevral 2025 13:45see259

Fənərbaxça bütün matçlarda əcnəbi hakimlər tələb edib

27 Fevral 2025 01:05see226

Qazaxda 15 yaşlı qızı ZORLA QAÇIRDILAR ÖZƏL

27 Fevral 2025 21:51see158

Filippində YANĞIN 8 ölü

27 Fevral 2025 16:40see157

Dövlət informasiya resurslarına kütləvi kiberhücumlar...

26 Fevral 2025 16:21see136

Rusiya ABŞ a təklif: İşğal qənimətlərinə şərik edir

27 Fevral 2025 01:52see133

Estetik əməliyyatın gizli riski Psixiatrdan VACİB AÇIQLAMA

26 Fevral 2025 16:55see132

ADU da Xocalı faciəsinə həsr olunan anım tədbiri keçirildi

27 Fevral 2025 02:16see127

Rusiyada Putinin qərarlarına kim daha çox təsir edə bilir? Budanov

27 Fevral 2025 16:37see126

Kloze Mahir Emreli barədə: Ona dedim ki, hamı kimi özünü sübut edə bilər

27 Fevral 2025 12:17see122

ABŞ NATO dakı tərəfdaşlarına vəsait ayrılması üçün şərtini açıqlayıb

26 Fevral 2025 18:33see121

Bağırsaq xərçənginin insanın üzündə görünən əlaməti

27 Fevral 2025 16:13see119

Bu şəxslərə səyahət qadağası QOYULDU

27 Fevral 2025 16:58see119

Naxçıvan və Xaçmaza yeni qazılar təyin edilib

27 Fevral 2025 16:28see119

Media Trampın Zelenskinin Vaşinqton səfərini ləğv etdiyini iddia edir

27 Fevral 2025 20:12see118

Misirlə Körfəz ərəb ölkələri elektrik şəbəkələrini birləşdirirlər

27 Fevral 2025 19:55see117

Lukaşenkodan Ukrayna açıqlaması: “Rusiya heç vaxt buna razı olmayacaq”

27 Fevral 2025 20:16see110

Rusiya ABŞ görüşü başa çatdı: Danışıqlar 6 saatdan çox davam edib

27 Fevral 2025 18:22see110

Qızları ən gözəl, oğlanları isə yaraşıqlı olan yeganə BÜRC

28 Fevral 2025 01:00see110

Rusiya Ukrayna hərbi aerodromlarının infrastrukturuna zərbələr endirdi

27 Fevral 2025 16:47see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri