Məndən ötdü... : tarix poetik şedevrin aynasında
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Yaşar QASIMBƏYLİ
Filologiya elmləri doktoru, AMEA-nın baş elmi işçisi
[email protected]
Milli bədii təfəkkür tarixində altmışıncıların özünəməxsusluğunu qabardan və dərinləşdirən ciddi məsələlərdən biri - onların sovet ədəbiyyatında uzun illərdən bəri göylərə qaldırılaraq, şərəfinə saysız-hesabsız mədhiyyələr yazılmış möhtəşəm xalq obrazına tamamilə təzə nöqteyi-nəzərdən yanaşmaları idi. Yeni lirik qəhrəman "mən kiməm?", "kim olmuşam?", "kim olmalıyam?" qəbilindəki suallar üzərində dərindən-dərin düşünürdü. Bəxtiyar Vahabzadə, Əli Kərim, Xəlil Rza Ulutürk, Məmməd Araz, Fikrət Sadıq, İsa İsmayılzadə, Məmməd İsmayıl, Nəriman Həsənzadə, Fikrət Qoca, Hüseyn Kürdoğlu, Musa Yaqub kimi parlaq istedad sahibləri xalq obrazını yeni epoxanın milli-estetik ehtiyaclarından çıxış edərək, konkret təsvir və tərənnüm etməyə cəhd edirdilər. Gənc ədəbi qüvvələr, ustadlardan fərqli olaraq, bədii sözün təsir gücünü monumentallıqda və sonsuz əzəmətlilikdə deyil, konkretlikdə və müəyyənlikdə görürdülər. Bu yöndəki poetik-mənəvi axtarışların xarakteri və səciyyəvi xüsusiyyətləri barəsində 60-80-ci illər və müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslığında xeyli sanballı tədqiqatlar meydana gəlmişdir.
Gənc altmışıncılar ilk ədəbi addımlarından etibarən Vətən və Xalq anlayışlarına özünəməxsus yanaşmalarını cəsarətlə irəli sürdülər. Mənəvi və estetik dəyərlərə ayıq münasibət, analitik və differensial təlqin onların bədii-fəlsəfi konsepsiyasının məğzini təşkil edirdi. Absurd və abstrakt bütlər yaratmaq tendensiyasını cəsarətlə inkar edən gənc qələm sahibləri daha çox canlı və mürəkkəb, dinamik obrazlara üstünlük verirdilər. Bu mənada gənc altmışıncıların əsas estetik kateqoriyalara münasibətindəki mühüm və səciyyəvi cəhət - onların, əsasən, müəyyən, konkret etnopoetik və tarixi məzmun daşıyan obrazlara meyil göstərməsi idi.
Məmməd Arazın Azərbaycan, Araz, Kür, görkəmli tarixi şəxsiyyətlərimiz haqqındakı şeirlərini burada vurğulamaq yerinə düşər. Xüsusən, şairin "Səba yeli", "Anamdan yadigar nəğmələr", "Nənəmin kitabı", "Mənim Naxçıvanım", "Məndən ötdü, qardaşıma dəydi...", "Azəri nəğməsi", "Mən Araz şairiyəm", "Arazın nəğməsi", "Araz yadıma düşüb", "Ağlayan qayalar", "Daş qartal", "Azərbaycan - dünyam mənim", "Bu yerlər, o yerlər", "Atamın kitabı" və başqa əsərlərində xalqa və Vətənə pərəstiş duyğularının rəngbərəng çalarları reallaşıb.
"Məndən ötdü, qardaşıma dəydi..." (1967) şeiri özünün ifadə tərzinə və qayəvi pafosuna görə qeyd etdiyimiz sırada xüsusilə seçilir. Altmışıncıların böyük məmləkətdə rezonans doğuran ən möhtəşəm əsərlərindən birinin təhlilinə keçməzdən əvvəl, onu vurğulamağı vacib sayırıq ki, yuxarıdakı əsərlər bu şeirin dünyaya gəlməsində münbit mənəvi-bədii zəmin rolunu oynamışdı. Məmməd Arazın öz zamanının misilsiz şedevrinə çevrilən poetik incisinin yaranmasında həmin estetik axtarışların, xüsusən də, Araz motivlərinin əvəzedilməz rolu olmuşdu.
"Məndən ötdü, qardaşıma dəydi..." təkcə yazıldığı ilin ən uğurlu bədii nümunəsi deyil. Cəsarətlə söyləmək mümkündür ki, bu qayədə və siqlətdə sənət əsəri, demək olar ki, dilimizdə səslənməmişdi. "Məndən ötdü, qardaşıma dəydi..."ni bu dərəcədə böyüdən və misilsiz edən hansı estetik keyfiyyətlərdir? Bu və buna bənzər suallara əsərin özü cavab verir: "Ey daşlaşan, torpaqlaşan ulu babam! Bu günümdən dünənimə uzaqlaşan ulu babam! Küləkləşən, dumanlaşan ruhunla sən Ayağa dur, səninləyəm! Səs getməyən əl yetməyən Qədim tarix dərəsindən Səs ver, mənim səsimə sən: Səndən gələn, səndən ötən nəydi belə? Səndən ötüb qardaşına dəydi belə?" Etiraf etməliyik ki, keçmişə, xüsusən mənəvi tarixə bu cür müraciət bədii təcrübədə az təsadüf olunandır. Bəlkə də eynən bu cür misalı və poetik nümunəni başqa milli ədəbiyyatlardan tapmaq da çətindir. Müəyyən zamanlara, hansısa konkret bir epoxanın nəsillərinə yazılmış, təbii ki, belə alovlu xitabları arayıb-axtarıb, misal gətirmək çətinlik törətməz. Amma uzun və bütöv bir keçmişə - bu cür vicdan və ürək ağrısı ilə müraciətin dünya ədəbiyyatında bənzəri, bizcə, yoxdur. Niyə? Sualın cavabı aydın və qısadır; heç bir millətin tarixi bizimki kimi bu qədər əzadlarla dolu deyil! Heç bir etnos Tanrının ona bəxş etdiyi qüdrəti və imkanları bizim qədər amansızcasına, öz taleyinə və gələcəyinə laqeyidcəsinə göylərə sovurmayıb! Heç bir millətin tarixində belə vəziyyət, bu cür dəhşətli həqiqətlər olmadığı kimi, təbii ki, belə bədii-fəlsəfi xitablar da yazılmaz. M.Arazın "Məndən ötdü, qardaşıma dəydi..." şeirini qardaş qanları ilə yazılmış ümumtürk tarixi, xüsusən də qanla və ədalətsizliklərlə yoğrulmuş Azərbaycan tarixi öz bətnindən doğmuşdu: "Bununlamı neçə dəfə, Ata-oğul, qardaş hissi haçalandı, Bir şəhərin Beş qardaşın xanlığına parçalandı? O zamanmı bitdi bizim dilimizin "sənin", "mənim" qabarı da? O zamanmı bitdi bizim dilimizin "haralısan" damarı da?.." Gənc M.Araz müdrikliklə şeirin onurğa sütununu kəşf edərək, bir el məsəli, daha doğrusu, antiməsəli ətrafında yüzlərlə faciəni ümumiləşdirə bilir. Əslində həmin antiməsəli elə "faciə kodu" və ya min illərdən bəri davam edən, dəyişməyən, var gücü ilə mənəviyyatımızı soran və sovuran tipik "Antiazərbaycan kodu" adlandırmaq olar: "Səninləyəm, ulu babam! Bu məsəli kimdi yazan? Hansı soysuz ata idi Ataların imzasını Çəkib, ona möhür basan?! Adınızı dastanlardan oğrayaram, Ruhunuzu qıyma-qıyma doğrayaram Qara Çoban, Dəli Domrul, Ey xan Eyvaz, Giziroğlu Mustafa bəy, Əgər ki, siz Bu məsələ qol çəkdiniz!"
Altmışıncılar ilk dəfə idi ki, milli yaddaşı və genetik fondu saf-çürük etməyə cəsarət edirdilər. "Dədə Qorqud kitabı"ndan üzü bəri min beş yüz ilə yaxın çox uzun dövrlər ərzində söz sənəti tariximizdə bu böyüklükdə cəsarətlə heç kim qələm çalmamışdı. Azərbaycan Sözünün Məhəmməd Füzulinin "Oyadar xəlqi əfğanım, qara baxtım oyanmazmı?!" fəryadından Məhəmmədhüseyn Şəhriyarın "Yatmış baxtım" həsrətinə qədər uzanan uzun yolunun sonunda yüksələn yaddaş zirvəsi - Məmməd Araz zirvəsidir: "Məndən ötdü!.. Məndən ötdü!.. Sevincə bax, qeyrətə bax! Bunu yazan xilqətə bax! Məndən ötdü!.. Qulağımdan getmir bu səs, Zərbələri qardaşına, Sirdaşına ötürən kəs Elə bil ki, bax bu gecə Qulağımın dibindəcə Xətainin süqutuna qəh-qəh çəkdi. Sonra, sonra Səhərəcən başına yüz qədəh çəkdi. O qəhqəhənin dalğasından, O məstliyin baş fırladan Havasından qopan daşdı - Azərbaycan torpağında Araz boyda şırım açdı".
Milli tarixi və sələfləri təftiş və ittiham etməyi zaman sifariş verirdi. Yeni nəsil bu məsələdə yalnız çox az, barmaqla sayılacaq qədər az milli-mənəvi abidələrə güvənə bilərdi, amma hər halda, nümunələr vardı; "Dədə Qorqud Kitabı" da, Məhəmməd Füzuli də, Hüseyn Cavid və romantiklər də, Məhəmmədhüseyn Şəhriyar da həmin mənbələrin sırasında mühüm yer tuturdu. Təbii ki, baş və əsas mənəvi güc mənbəyi "Dədə Qorqud Kitabı" idi. Bu baş kitabımız, Olum və Ölüm bitigimiz zülmətlərin dərinliklərindən həyat şəfəqləri saçır və bizim gözlərimizi açırdı. Altmışıncılar mənəviyyat və mədəniyyətimizin ulu babasına pərəstiş edirdilər. Təkcə şeiriyyət deyil, nəsr də Dədə Qorquda can atırdı. Anarın "Dədə Qorqud"u və Məmməd Arazın "Məndən ötdü, qardaşıma dəydi..." şeiri mənəvi oyanış və özünəqayıdış epoxasının mənəvi-estetik ehtiyaclarını sərrast ifadə edirdi. Etiraf etməliyik, sonra gələn nəsillər də bu klassik nümunələrin aurasından və cazibəsindən çıxa bilmədilər. Anar "Dədə Qorqud Kitabı"nı zəmanəmizə gətirmişdi - yaddaşımızı və ruhumuzu təzələmişdi, daha doğrusu, köhnəltmişdi, öz əslinə qaytarmağa təşəbbüs etmişdi. Məmməd Araz isə bir qədər də irəli getmiş və öz yaşıdlarını heyrətləndirəcək addım atmışdı. Keçmişlərin ən dəhşətli mərəzini kəşf etmiş və Azərbaycanı məhv edən bu mərəzə öz zamanının böyüdücü şüşəsindən nəzər salmışdı. Şair yurdumuzun ən qədim epik sakinlərinə, ən ləyaqətli və qüdrətli vətəndaşlarına, ulu babaların ruhuna hay vurub xitab etmiş və onların vicdanını silkələmişdi.
Düzdür, Hüseyn Cavidin "Topal Teymur"unda buna təşəbbüs göstərilmişdi. Amma Məmməd Araz daha qədimlərə enmiş, kəskin və iti söz qılıncı ilə keçmişləri ittiham edirdi:
Adınızı dastanlardan oğrayaram,
Ruhunuzu qıyma-qıyma doğrayaram...
Daha öncə isə, M.Ə.Sabir də öz zamandaşlarını təftiş və tənqid atəşinə tutaraq, onların vicdanını sillələmişdi... Doğmalarını yadırğayan, yadlaşan Vətənə, öz mahiyyətini və tarixi simasını itirib eybərləşən milli mühitə nifrət və qəzəblə yoğrulmuş münasibətlərə dünya ədəbiyyatında az da olsa rast gəlinir. Bir vaxtlar böyük Corc Qordon Bayron öz mühitini və müasirlərini ən acı sözlərlə qamçılamışdı. Dahi rus şairi M.Y.Lermontov "Proşşay, ne mıtaya Rossiya" deyə böyük bir məmləkətə qarşı öz qəzəbini sıxa, saxlaya bilməmişdi. Böyük Coys isə "İrlandiya öz balalarını yeyən donuz kimidir" deyə doğma Vətəninə nifrətini udmağı bacarmamışdı. "Məndən ötdü, qardaşıma dəydi..." şeirində isə mənəvi-psixoloji vəziyyət başqa cürdür. Müəllif bizim milli-poetik təcrübədə olmamış və görünməmiş təhlil-təsir üsulunu seçmişdi. Minilliklərin qatlarından və qaranlıqlarından bütün maneələri keçərək, bugünümüzə gəlib çatan, romalıların və ərəblərin, monqolların və rusların, farsların və ermənilərin hərbi, siyasi, mənəvi zorakılıqlarından və təcavüzündən nəinki zəifləyən, hətta güc alan və "gəncləşən" bu birbaşa milli təhlükəsizliyimizə və taleyimizə təhdid edən etno-tarixi xəstəliyimiz şairi hədsiz qəzəbləndirmiş və Şedevr yaranmışdı. Bu şeir ilhamdan yox, qəzəbdən doğulmuşdu. Dahiyanə əsərlər isə, adətən, ya Böyük İlhamdan, ya da Böyük Qəzəbdən dünyaya gəlir: "Məndən ötdü... Bunu dedi Şəki xanı, Bunu dedi Bakı xanı, Bunu dedi İbrahim xan, Fətəli xan, Kəlbəli xan... Qəza ötsün məndən, - dedi, Ötən kimi "mən-mən" dedi: "Mən-mən" dedi bir ölkədə nə qədər xan". Aşağıdakı sətirləri isə bölgələrə, xanlıqlara, bəyliklərə bölünə-bölünə kiçilən və yoxluğa üz tutan vətənimizin taleyindən dəhşətə düşən böyük şair qəlbinin dozülməz fəryadıdır:
Onlar "mən-mən" deyən yerdə
Sən olmadın, Azərbaycan!
Beləliklə, ötən əsrin 60-cı illərinin ortalarında yaranan və işıq üzü görən bu dərdli şeir düz 60 ildir ki, milli bədii sözümüzün ən yüksək zirvəsində məskən salıb, onun əsl sahibi və sakini kimi yeni-yeni nəsilləri, ən kübar zövq və nəfis duyğu pərəstişkarlarını heyrətləndirməkdədir!
Baxış sayı:109
Bu xəbər 09 Oktyabr 2026 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















