Mərkəzi Asiya ilə strateji tərəfdaşlığın uğurları
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevə ünvanlanan suallardan biri Azərbaycan ilə Mərkəzi Asiya arasında əməkdaşlığın gələcək perspektivləri ilə bağlı olub. Dövlət başçısı bildirib ki, Azərbaycanın tamhüquqlu üzv kimi Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına qoşulması regionda geosiyasi və geoiqtisadi əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək.
Prezidentin sözlərinə görə, bu addım Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın vahid iqtisadi və siyasi məkan çərçivəsində inteqrasiyasını dərinləşdirəcək, eyni zamanda, nəqliyyat, logistika və bağlantı layihələrinin daha səmərəli reallaşdırılması üçün yeni imkanlar yaradacaq.
Xatırladaq ki, 2025-ci il noyabrın 15–16-da Özbəkistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət Görüşündə Azərbaycan təşkilata tamhüquqlu üzv qəbul edilib. Prezident İlham Əliyev bu qərarı IV Şuşa Qlobal Media Forumunda nadir hadisə kimi qiymətləndirərək bildirib: “Çünki biz coğrafi nöqteyi-nəzərdən, təbii ki, Cənubi Qafqazda yerləşirik. Amma mədəni, tarixi, etnik əlaqələr o qədər güclüdür və siyasi əlaqələr o qədər çoxşaxəlidir ki, dost Mərkəzi Asiya ölkələri bizi qəbul etməyə qərar verdilər”.
Əslində, bu qərar son illərdə formalaşan sıx siyasi dialoqun və qarşılıqlı etimadın məntiqi nəticəsidir. Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında tarixi dostluq və qardaşlıq münasibətləri strateji tərəfdaşlıq müstəvisində möhkəmlənib. Yüksək səviyyəli qarşılıqlı səfərlər və müntəzəm siyasi məsləhətləşmələr Mərkəzi Asiyanın Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrildiyini göstərir.
Bu əməkdaşlığın mühüm sütunlarından biri də Türk Dövlətləri Təşkilatıdır (TDT). Azərbaycan və Mərkəzi Asiya dövlətləri təşkilat çərçivəsində iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əlaqələri ardıcıl şəkildə genişləndirirlər. Artıq TDT Avrasiya məkanının ən nüfuzlu regional əməkdaşlıq platformalarından biri kimi çıxış edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə TDT Katibliyinin birgə hazırladığı “Türk İqtisadi İcmalı”nın 2026-cı ilin birinci rübünə dair buraxılışında qeyd olunur ki, təşkilata üzv dövlətlərin ümumi ÜDM-i 673,6 milyard ABŞ dollarına çataraq qlobal ÜDM-in 2,34 faizini təşkil edib.
İcmalda vurğulanır ki, qarşılıqlı ticarət, investisiya axınları, sənaye, kənd təsərrüfatı, maliyyə sektoru və dövlət maliyyəsi sahələrində müşahidə olunan davamlı yüksəliş Türk dünyasının iqtisadi potensialının artdığını göstərir. Sənəddə, həmçinin nəqliyyat əlaqələrinin genişləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və logistika infrastrukturunun modernləşdirilməsinin yaxın illərdə iqtisadi inteqrasiyanı daha da sürətləndirəcəyi qeyd olunur.
Mərkəzi Asiya ilə əməkdaşlığın dərinləşməsində Azərbaycanın geostrateji mövqeyi xüsusi rol oynayır. Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanı birləşdirən Azərbaycan bu gün Avrasiyanın əsas tranzit qovşaqlarından birinə çevrilib. Qırmızı dənizdə və Hörmüz boğazında baş verən gərginliklər qlobal dəniz ticarətinin nə qədər həssas olduğunu göstərdiyi üçün Orta Dəhlizin əhəmiyyəti daha da artır. Bu marşrutun əsas iştirakçılarından biri kimi Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı bağlantını təmin edir.
Eyni zamanda, Mərkəzi Asiya ölkələri və Avropa Komissiyası ilə qurulan tərəfdaşlıq münasibətləri Azərbaycanın əlaqələndirici rolunu daha da gücləndirir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının illik yükötürmə qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması, yeni yük gəmilərinin istismara verilməsi və Orta Dəhliz boyunca həyata keçirilən genişmiqyaslı layihələr region ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını əhəmiyyətli dərəcədə artırır.
Bu ümumi strateji çərçivə ikitərəfli münasibətlərdə də özünü aydın şəkildə göstərir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın Özbəkistan və Qazaxıstanla əlaqələrinin təməlində dostluq, qardaşlıq və qarşılıqlı etimad dayanır.
Bu baxımdan Azərbaycan–Özbəkistan tərəfdaşlığı xüsusi diqqət çəkir. Özbəkistan işğaldan azad edilmiş ərazilərin bərpasına dəstək göstərən ilk türk dövlətlərindən biri olub. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikintisi, eləcə də Xankəndidə Özbəkistan sərmayəsi hesabına ilk iri sənaye müəssisəsinin yaradılması bu əməkdaşlığın konkret nəticələridir.
Bununla yanaşı, iqtisadi və investisiya əlaqələri də sürətlə inkişaf edir. Azərbaycan və Özbəkistanın yaratdığı 500 milyon ABŞ dolları həcmində Birgə İnvestisiya Fondu hər iki ölkədə sənaye, kənd təsərrüfatı, logistika və digər perspektivli istiqamətlər üzrə layihələrin maliyyələşdirilməsinə xidmət edir.
Enerji sektoru da tərəfdaşlığın əsas istiqamətlərindən biridir. 2025-ci il iyulun 24-də Özbəkistanın Energetika Nazirliyi, SOCAR və “Özbəkneftqaz” SC arasında imzalanmış Hasilatın Pay Bölgüsü Sazişinə əsasən, Üstyurd regionunun altı investisiya blokunda geoloji kəşfiyyat, işlənmə və hasilat işləri həyata keçiriləcək. Layihənin ilkin mərhələsində operator funksiyasını SOCAR icra edəcək və beş il ərzində geoloji-kəşfiyyat proqramının başa çatdırılması nəzərdə tutulur.
Əməkdaşlıq artıq dağ-mədən sənayesini də əhatə edir. Bu günlərdə “AzerGold” QSC, “Uzbekgeologorazvedka” SC və Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti arasında geoloji kəşfiyyat sahəsində üçtərəfli birgə müəssisənin yaradılması ilə bağlı Şərtlər Toplusu imzalanıb. Yeni təşəbbüs faydalı qazıntı yataqlarının birgə öyrənilməsi və mədən sənayesində uzunmüddətli əməkdaşlığın genişləndirilməsi üçün yeni perspektivlər açır.
Digər mühüm tərəfdaşlardan biri isə Qazaxıstandır. Azərbaycan–Qazaxıstan münasibətləri həm ikitərəfli əməkdaşlıq, həm də regional inteqrasiyanın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Xəzərin hər iki sahilində yerləşən strateji tərəfdaşlar nəqliyyat, logistika, enerji və rəqəmsal bağlantı istiqamətlərində fəaliyyətlərini davamlı şəkildə əlaqələndirirlər. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qazaxıstan ilə Azərbaycan arasında fəal əməkdaşlıq olmadan regionumuzda, Xəzər bölgəsində hər hansı nəqliyyat layihəsi sadəcə mümkün deyil.
Tərəflər Orta Dəhlizin əsas iştirakçıları kimi marşrutun rəqabət qabiliyyətinin artırılması istiqamətində birgə addımlar atırlar. Hər iki ölkə liman infrastrukturunu genişləndirir, yükdaşıma imkanlarını artırır və tranzit potensialını gücləndirir. Bununla yanaşı, Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə arasında formalaşmış əməkdaşlıq mexanizmi çərçivəsində tarif siyasətinin uzlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsal həllərin tətbiqi istiqamətində mühüm qərarlar qəbul olunur.
Enerji və rəqəmsal infrastruktur sahəsində əməkdaşlıq da yeni mərhələyə yüksəlib. 2024-cü ildə Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin iştirakı ilə Xəzər dənizinin dibi ilə yüksəkgərginlikli elektrik kabelinin çəkilməsinə dair saziş imzalanıb və hazırda layihənin texniki-iqtisadi əsaslandırılması hazırlanır. Bu təşəbbüs Mərkəzi Asiyada istehsal olunan “yaşıl enerji”nin Azərbaycan üzərindən Avropa bazarlarına çatdırılması baxımından strateji əhəmiyyət daşıyır.
Bununla yanaşı, Bakı və Astana Xəzərin dibi ilə fiber-optik kabel layihəsini də birgə reallaşdırırlar. Layihə regionun rəqəmsal bağlantısını gücləndirəcək, məlumat ötürmə imkanlarını artıracaq və süni intellekt, məlumat mərkəzləri, bulud texnologiyaları kimi müasir rəqəmsal həllərin inkişafına təkan verəcək.
Eyni zamanda, enerji tərəfdaşlığı neft nəqli sahəsində də genişlənir. Artıq Qazaxıstan neftinin bir hissəsi Azərbaycan ərazisi və Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri vasitəsilə dünya bazarlarına çatdırılır. Bu əməkdaşlıq həm Xəzər regionunun tranzit potensialını artırır, həm də Orta Dəhlizin geoiqtisadi əhəmiyyətini daha da möhkəmləndirir.
Musa BAĞIRLI
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 21 İyul 2026 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















