“Məşhurların məşhəri... Artıq görünməkdədir!..“ CÜMƏ BƏHSLƏRİ
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Biz o Axirət yurdunu yer üzündə təkəbbürlük etmək və fitnə-fəsad törətmək istəməyənlərə qismət edirik. Gözəl aqibət mütəqilərə (Allahdan qorxanlara) məxsusdur!"- Qurani-Kərim
“İnsanlar artıq yaşamaq üçün yox, "yaşadıqlarını göstərmək və məşhurlaşmaq" üçün nəfəs alırlar...”
“Qoy qaranlıq düşsün, hamı evinə getsin, küçələr boş qalsın, yalnız o zaman mən şəhərə girəcəyəm. Qoy alqışlar, salamlar və təbriklər beynimizdə eyforiya yaradıb qəlbimizi fəth edərək və qürur mənbəyimizə çevrilərək bizi alçaltmasın..."- Sultan Səlim
“Tramp üçün dünya yalnız bir səhnə, bəşəriyyət isə onun əzəmətini alqışlamalı olan bir tamaşaçı kütləsidir...”
“Rusiya coğrafiyasına baxdıqda isə başda Rusiyaya qarşı amansız işğalçı, faktiki soyqırımı savaşı aparan diktator prezident Vladimir Putin başda olmaqla şöhrətpərəstlik və "böyüklük maniyası"nın qanlı və rəzil faciələrinə şahid oluruq...”
“Xatırlayın o harınlaşmış icra başçılarını, tabeliyində olan insanlara qul kimi baxan, özlərini kiçik padşah elan edib şan-şöhrət içində üzən məmurları. Xüsusi xidmət qurumlarının apardığı əməliyyat videolarında o "böyük və şöhrətli" adamların qandallanarkən necə zəlil, necə rəzil və necə kiçildiklərini hamımız gördük...”
“Bu elə bir eyforiyadır ki, sahibini addım-addım özünün tikdiyi yalanlar imperiyasının altında qalmağa məhkum edir...”
“Amma yaxşı ki, insanlıq tarixi şöhrətdən, təkəbbürdən və özünü göstərməkdən qaçan, böyük ruhlu və yüksək vəzifəli insanların müqəddəs nümunələri ilə də doludur...”
**** **** **** **** ****
...Şöhrət insan təbiətinin ən böyük lənətidir. Şöhrətə susayan insan fərqinə varmadan zorakılıq və zülm törədə, alçaq, zəlil və despotik hala düşə bilər. Şöhrət elə bir illüziyadır ki, insanı öz gözündə ilahiləşdirməklə Yaradanın qarşısında heçliyə yuvarlayar...
Bu yazının ideyası illərdir ki, beynimdə dolaşır. Lakin məşhurlaşma epidemiyası planeti, insanlığı o dərəcədə cənginə alıb ki, az qala, özüm də onun bər-bəzəkli toruna düşmək, o populyarlıq burulğanına qərq olmaq təhlükəsi qarşısında qalıram. Nəfsin fısıltısı elə güclüdür ki, insan hər an "mən də varam, mənə də baxın" demək xəstəliyinə yoluxa bilər...
Bəllidir ki, belə bir teoloji və ekzistensial yanaşma oxuyanların xeylisinə qəribə, hətta bir qədər "baba dərviş" fəlsəfəsi kimi görünəcək. Dodaq büzüb soruşacaqlar:
“Bu Sultan Laçın nə danışır belə? Məşhurlaşmağın, var-dövlət, vəzifə ilə yanaşı, hamı tərəfindən tanınmağın, şöhrət qazanmağın nəyi pisdir ki? Bu, nədən günah olsun ki? Məgər bəşəriyyətin bütün dahiləri, sərkərdələri və liderləri məhz bu ehtirasın, bu daxili təkanın sayəsində zirvələrə çatmayıblar?..”
Nə yazıqlar ki, əksəriyyət şöhrət eşqinin əslində ayrılıqda fərd üçün ruhi-mənəvi bir mərəz, xəstəlik, ayrı-ayrılıqda ölkələr, dövlətlər və bütövlükdə bəşəriyyət üçün isə qorxunc bir epidemiya olmasını anlamır. Halbuki, məşhurlaşmaq ehtirası bütün insanlığı öz ardınca Cəhənnəmə sürükləməyə çalışan İblisin insan nəfsinə təlqin etdiyi ən güclü, ən zəhərli silahlarından biridir. Deməli, bu gün bəşəriyyətin və ayrı-ayrı regionların, məmləkətlərin və nəhayət, ayrı-ayrı insanların başına gələn bəla və faciələrin əsas arxetipik səbəblərindən biri də məhz budur...
Yalnız son onilliklərdə meydana çıxan internet, sosial şəbəkə platformalarındakı (“TikTok”, “Instagram”, “YouTube”) süni yazı və parıltılı paylaşımlar, xüsusən də virtual aləmdə bir neçə "bəyənmə" (“like”) toplamaq xatirinə ekstremal şəraitlərdə foto, video və selfilər çəkilməsi ucbatından milyonlarla insanın mənasız ölümü, yüz minlərlə ailənin o saxta "xoşbəxtlik nümayişi" dalğasında boşanmalar və digər mənəvi aşınmalar səbəbindən dağılması deyilənlərə bariz, qanlı və diri nümunələrdəndir. İnsanlar artıq yaşamaq üçün yox, "yaşadıqlarını göstərmək və məşhurlaşmaq" üçün nəfəs alırlar. Özlərini gözəl, savab əməlləri ilə onları Yaradan, yaşadan Allah qarşısında onun sadiq bəndəsi, yolçusu kimi göstərmək əvəzinə, Şeytana uyub əcaib-qəraib günahlar, xəyanətlər, simasızlıq, yaltaqlıq, məddahlıq, var-dövlət, vəzifə xəstəliyi kimi rəzilliklərlə müşayiət olunan davranış, fəaliyyətlərlə bir-birlərinə göstərirlər...
Çağdaş dünyamızda şöhrətpərəstlik xəstəliyinin ən qabarıq qlobal simvolu, şübhəsiz ki, Donald Trampdır. Beynəlxalq psixoloqlar və psixiatrlardan ibarət böyük bir qrup tərəfindən onun şəxsiyyət profili açıq şəkildə "bədxassəli narsisizm" (malignant narcissism) və "haddən artıq hubris" (təkəbbür sindromu) diaqnozu ilə xarakterizə olunub. Tramp üçün dünya yalnız bir səhnə, bəşəriyyət isə onun əzəmətini alqışlamalı olan bir tamaşaçı kütləsidir. Onun hər çıxışı, hər “tvit”i və hər siyasi manevri ideologiyaya deyil, şəxsi eqosunun acgözlüklə bəslənməsinə xidmət edir. Özünü qanunlardan, dövlət institutlarından və bəşəri əxlaqdan üstün tutan bu patoloji şöhrətpərəstlik təkcə bir liderin mənəvi aşınması deyil, demokratiya beşiyi sayılan ABŞ kimi bütöv bir supergücü və dünyanı xaosa sürükləyən qorxunc bir narsisizm nümunəsidir. Lakin bu elə bir eyforiyadır ki, sahibini addım-addım özünün tikdiyi yalanlar imperiyasının altında qalmağa məhkum edir...
Rusiya coğrafiyasına baxdıqda isə başda Rusiyaya qarşı amansız işğalçı, faktiki soyqırımı savaşı aparan diktator prezident Vladimir Putin başda olmaqla şöhrətpərəstlik və "böyüklük maniyası"nın qanlı və rəzil faciələrinə şahid oluruq. Bir vaxtlar Kremlin, məhz həmin zülmkar, çar Rusiyasını bərpa etmək eyforiyası ilə rəzil, ifrat şəkildə həyasızlaşmış, həm də fizioloji cəhətdən xəstə bir bioloji həyat sürən Putinin ən yaxın adamı, lüks həyatı, pulları və hərbi şan-şöhrəti ilə ekranlardan düşməyən "Vaqner" rəhbəri Yevgeni Priqojini xatırlayın. Şöhrətin və gücün verdiyi eyforiya onun gözünü elə kor etdi ki, özünü imperiyaya, vaxtilə aşpaz kimi qarşısında süləndiyi həmin Putinə meydan oxuyacaq qədər qüdrətli zənn etdi. Nəticə? Şöhrətin zirvəsində ikən göylərdə parça-parça edilən bir təyyarə və adsız-sansız, rəzil bir sonluq. Yaxud Rusiyanın şou-biznes və media imperiyasının "kralları" olan, hər kəsin qarşısında baş əydiyi, oliqarxlarla qucaqlaşan məşhurların – məsələn, vergi fırıldaqları, korrupsiya və əxlaqi aşınma videoları ilə bir gecədə taxtdan salınan, dövlətin tək bir əmri ilə zəlil vəziyyətdə qandallanan bloqçu və sənətçilərin taleyinə baxın. Şöhrət onları ilahiləşdirdiyi səhnələrdən bir anda zindan künclərinə tulladı...
Şöhrətin lənəti həmçinin insanı kölgə kimi izləyir; necə ki İsrail Baş nazirinin oğlu Yair Netanyahu şöhrətin və medianın diqqət mərkəzində olmağın gətirdiyi mənəvi ağırlıqdan qaçmaq istədi. O, rəsmi adını belə dəyişib "Yonatan Hon" etdi. Lakin media onun bu gizli ad dəyişmə addımını da ictimai ifşaya çevirdi və məhkəmə müstəvisinə daşıdı. Çünki şöhrət divi bir dəfə qanına susadığı insanı asanlıqla buraxmır...
Göstərilən acınacaqlı hallar kimi bu gün doğma Azərbaycanda həm adi, həm də məşhurlaşmış, yaxud məşhurlaşmaqda olan siyasət, ədəbiyyat, şou-biznes nümayəndələrinin, rüşvətxor, korrupsioner hakimiyyət və vəzifə sahiblərinin, nazirlərin, icra başçılarının, rəislərin, direktorların və digərlərinin başlarına gələnləri misal göstərmək olar. Xatırlayın o harınlaşmış icra başçılarını, tabeliyində olan insanlara qul kimi baxan, özlərini kiçik padşah elan edib şan-şöhrət içində üzən məmurları. Xüsusi xidmət qurumlarının apardığı əməliyyat videolarında o "böyük və şöhrətli" adamların qandallanarkən necə zəlil, necə rəzil və necə kiçildiklərini hamımız gördük. Ya da bir vaxtlar efirlərdən düşməyən, hamının əl çaldığı, şöhrətin eyforiyasından gözü ayağının altını görməyən bəzi şou-biznes və ədəbiyyat adamlarının sonradan düşdükləri mənəvi səfaləti, unudulma acısını, xəstəxana künclərində tənha can vermələrini xatırlayın. Şöhrət onları zirvəyə qaldırdığı kimi, ordan yerə də elə çırpdı ki, sümüklərinin sınıqları hələ də cəmiyyətin mənəviyyatından eşidilir...
Amma yaxşı ki, insanlıq tarixi şöhrətdən, təkəbbürdən və özünü göstərməkdən qaçan, böyük ruhlu və yüksək vəzifəli insanların müqəddəs nümunələri ilə də doludur. Müasir dövrdə dünyanın ən zəngin adamlarından biri olan İlon Maskın milyardları ola-ola şan-şöhrətli saraylardan imtina edib, Texasda kiçik, daşına bilən, prefabrik bir qutuda yaşaması, yaxud Hollivudun ulduzu Kianu Rivzin metrodan istifadə edib, qazancını kimsəsizlərə paylayaraq şöhrətin dəbdəbəsindən qaçması bəşəriyyətin hələ tam ölmədiyinə işarədir...
Tarixin dərinliyinə boylananda isə qarşımızda nəhəng bir idrak zirvəsi dayanır. Osmanlı İmperiyası dövründə böyük hökmdar və sərkərdə Yavuz Sultan Səlim Misir fəthindən qalibiyyətlə dönüb İstanbula, Üsküdara daxil olurdu. Xalq bu böyük fatehi görmək, onu ilahiləşdirmək üçün küçələrə axışmışdı. Ona xalqın izdihamla hörmət və salam verməyə hazırlaşdığı bildirildikdən sonra o dahi sultan, nəfsininin quluna çevrilməkdən qorxan o böyük insan belə dedi:
"Qoy qaranlıq düşsün, hamı evinə getsin, küçələr boş qalsın, yalnız o zaman mən şəhərə girəcəyəm. Qoy alqışlar, salamlar və təbriklər beynimizdə eyforiya yaradıb qəlbimizi fəth edərək və qürur mənbəyimizə çevrilərək bizi alçaltmasın..."
Şöhrət xəstəliyinin insanlığa qənim kəsildiyini anlamayan qəlbi, gözü, qulağı möhürlü kəslər sözsüz ki, bu fani həyatda Allahın ən ağır cəzalarına düçar olmasalar belə, Quranın, digər Müqəddəs Kitabların mütləq məntiqinə görə Qiyamət günü məşhər ayağına çəkiləcəklər. Onlar bu dünyanın ən qəddar diktatorlarının, ən avtoritar dövlət başçılarının və onların oyuncağı olan məhkəmələrin, hüquq-mühafizə qurumlarının adi vətəndaşlara verə biləcəyi misli görünməmiş cəzalar və işgəncələr sırasında ağıllarına belə gətirə bilməyəcəkləri Haqlı və Ədalətli İlahi cəzalara məruz qalacaqlar. Çünki Quran, İncil, Tövrat, Zəbur, hətta səmavi Kitablar sırasına daxil edilməyən, lakin qədim hikmət qaynaqları olan “Avesta” və “Bhaqavad-Qita” (Krişna fəlsəfəsi) kimi dini mətnlərdə belə, məşhurlaşmaq mərəzinin sonda onun daşıyıcısı üçün həm bu, həm də o biri həyatda faciəvi, rəzil nəticələrə gətirib çıxaracağını göstərən yetərincə kəlamlar var...
Gəlin bu müqəddəs və qədim mətnlərin xəbərdarlıq sədalarına ardıcıllıqla qulaq asaq:
QURANİ-KƏRİM:
Uca Yaradan Öz sonuncu kitabında şöhrət, təkəbbür və yer üzündə özünü ucaltmaq istəyənlərin aqibətini belə bəyan edir:
"Biz o Axirət yurdunu yer üzündə təkəbbürlük etmək və fitnə-fəsad törətmək istəməyənlərə qismət edirik. Gözəl aqibət mütəqilərə (Allahdan qorxanlara) məxsusdur!" (əl-Qəsəs surəsi, 83)
İncil:
Həzrəti İsa (ə.s) insanların gözünə girmək, dünyada məşhur olmaq üçün dindarlıq və xeyirxahlıq edənləri xəbərdar edərək buyurur:
"Saleh əməllərinizi insanların qarşısında, onlara göstərmək üçün etməkdən çəkinin. Yoxsa Göylərdə olan Atanızın yanında heç bir mükafatınız olmaz. ...Onlar öz mükafatlarını artıq alıblar (yəni dünyada məşhur olublar, axirətə bir şey qalmayıb)." (Matta Müjdəsi, 6:1-2)
Tövrat:
Musa peyğəmbərin qövmünə gələn qanunlarda insanın özünə şöhrət bütü yaratması və təkəbbürə qapılması qətiyyətlə pislənilir:
"İnsanın təkəbbürü onu alçaldar, təvazökar ruhlu olan isə şərəf qazanar. Rəbb təkəbbürlü qəlbi olan hər kəsdən ikrah edir; əmin olun ki, beləsi cəzasız qalmayacaq..." (Süleymanın məsəlləri, 29:23 / 16:5)
Zəbur:
Həzrəti Davudun (ə.s) yanıqlı dualarında yer üzünün yalançı şöhrətinə aldanan güclülərin və məşhurların aqibəti belə təsvir olunur:
"İnsanlar nə qədər zəngin və şöhrətli olsa da, dərkləri yoxdursa, kəsilən heyvanlar kimidir. Qəbirləri onların əbədi məskəni olacaq, hərçənd ki, sağlığında torpaqlarına öz adlarını qoymuşdular (şöhrətlənmişdilər)." (Zəbur, Məzmur 49:11,20)
"Avesta":
Zərdüşt peyğəmbərin qədim kəlamlarında şan-şöhrət ardınca qaçaraq yalan və şər qüvvələrə (Əhrimənə) xidmət edənlərin ruhunun mənəvi iflası belə vurğulanır:
"O kəslər ki, yer üzündə saxta əzəmət və şöhrət axtarışındadırlar, onlar Yalanın (Druc) tərəfkeşlədir. Onların qazancı ruhun qaranlığı və Qəzəb evində (Cəhənnəmdə) əbədi fəğan olacaqdır." (Yasna, 32.12-13)
“Krişna” (“Bhaqavad-Qita”):
Şərq fəlsəfəsinin və teologiyasının bu qədim mətnində nəfsin ən böyük düşməninin məhz eqo və ad-san ehtirası olduğu bildirilir:
"Mənəm-mənəmlik, güc, qürur, şəhvət və qəzəbə qapılan, eybəcərləşən o insanlar həm öz bədənlərində, həm də başqalarının bədənində olan Məni (İlahi nuru) nifrətlə rədd edirlər. O paxıl, zalım və şöhrətpərəst kəsləri Mən maddi varlığın ən aşağı, qaranlıq təbəqələrinə atıram..." (Bhaqavad-Qita, 16.18-19)
Böyük və dəhşətli sonluq: MƏHŞƏR GÜNÜNDƏKİ İLAHİ MƏHKƏMƏ...
Bütün bu müqəddəs mətnlərin, qədim divanların və qanlı tarixin tək bir hökmü var: bu dünyada ad çıxarmaq üçün dəridən-qabıqdan çıxanlar, əsində əbədiyyət kitabından öz adlarını birdəfəlik sildiklərinin fərqində deyillər. Bu gün sosial şəbəkələrin, ekranların və parıltılı kürsülərin başında oturub öz süni əzəməti ilə qürrələnən "müasir ilahcıqlar" – o Tramp, Putin və onlara öz yalmanlanmaqları, məddahlıqlarıyla dəstək verən balaca tiran, diktator narsisistlər, Priqojin xarakterli harınlaşmış güc pərəstişkarları, xalqın ruzisini oğurlayıb şan-şöhrət içində üzən bizim o yerli icra başçıları, nazirlər, şou-biznes ulduzları – bilsinlər ki, qurduqları o virtual cənnət çox tezliklə başlarına uçacaq!..
Şöhrətin eyforiyası ilə kor olmuş gözlər fəlakətin yaxınlaşdığını görmür. Amma o Böyük Gün, İlahi Məhkəmə prosesi gəlir. Məqam, vəzifə, "bəyənmə" sayları və saxta alqışlar yox olub gedəndə, maskalar yırtılanda hər kəs öz çılpaq həqiqəti ilə baş-başa qalacaq. O gün yer üzünün saxta padşahları İlahi Ədalətin tərəzisində bir toz dənəsi qədər kiçiləcəklər. Dünyanın alqış sədaları susacaq, yerini əbədi peşmanlığın qorxunc sükutu alacaq. Hazırlaşın, ey nəfsinin reklam sərgisində özünü satanlar! Çünki o müqəddəs səhnə qurulur, pərdələr açılır və bütün yalançıların, təkəbbür pərəstişkarlarının qorxu ilə gözlədiyi o böyük hesab günü – Məşhurların Məşhəri artıq görünməkdədir!.. Və bu mənzərə bizə apaçıq deyir: Yer üzündəki kimliyindən, vəzifəsindən, dövlətindən, şöhrətindən asılı olmayaraq heç kəs bu dünyada törətdiyi zülmlərin cəzasından qurtula bilməyəcək... Heç kəs...
Sultan Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 24 İyul 2026 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















