Icma.az
close
up
RU
Milli iradə bütün sınaqlardan keçərək öz sözünü dedi

Milli iradə bütün sınaqlardan keçərək öz sözünü dedi

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

3 il əvvəl Azərbaycan suverenliyinin əbədi möhürünü vurdu

Suverenlik ali idarəetmə səlahiyyətlərinin mütləq təcəssümünü ehtiva edən dövlətçilik prinsipini təşkil edir. Azərbaycanın son 30 illik siyasi inkişafı ərazi bütövlüyünün və idarəetmə hüquqlarının tam bərpasına yönəlmiş strateji kursun ardıcıl şəkildə gerçəkləşdirildiyini göstərir. Ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığını ifadə edir, tam hakimiyyət isə həmin hüdudlar daxilindəki hər qarış torpaqda dövlət yurisdiksiyasının, konstitusion hüquq sisteminin şərtsiz tətbiqini, mərkəzi idarəetmə mexanizminin fasiləsiz işləməsini şərtləndirir. 

Ermənistanın 30 illik hərbi işğalı Azərbaycanın ərazi bütövlüyünü müvəqqəti məhdudlaşdırdı, lakin xalqın dövlətçilik iradəsini sarsıda bilmədi. Dövlət və millət torpaq itkisi ilə əsla barışmadı, beynəlxalq təzyiqlər qarşısında milli maraqlardan geri çəkilmədi, əksinə, gələcək tarixi qələbənin siyasi, iqtisadi, müdafiə dayaqlarını ardıcıl şəkildə formalaşdırdı. Tarixi proseslərin mürəkkəbliyinə baxmayaraq, rəhbərliyin polad iradəsi sayəsində yenilməz konsepsiya ərsəyə gəldi. 20 sentyabr ölkənin dövlətçilik salnaməsində mühüm strateji dönüş nöqtəsini müəyyən edən ən ali mərhələnin başa çatmasını təsdiqləyir. 

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 nömrəli qətnamələr işğalçı qüvvələrin Azərbaycan torpaqlarından dərhal, qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Göstərilən beynəlxalq hüquqi aktlar mərkəzi rəhbərliyin qlobal arenada nümayiş etdirdiyi qətiyyətli mövqeyin əsas siyasi-hüquqi dayaqlarını təşkil edirdi. Lakin uzun illər fəaliyyət göstərən diplomatik vasitəçilik missiyaları problemi həll etmək əvəzinə mövcud status-kvonu saxlamağa xidmət göstərirdi. Avratlantik məkanda formalaşan ikili standartlar, qlobal güclərin biganəliyi məsələnin həllini süni şəkildə dondururdu. Azərbaycan rəhbərliyi strateji səbr nümayiş etdirərək güclü iqtisadiyyat modeli qurdu, müstəqil xarici siyasət kursu həyata keçirdi. Hərtərəfli milli qüdrətlənmə konsepsiyası ölkənin bütün resurslarını əsas hədəf ətrafında səfərbər etdi. 

***

2016-cı ilin aprel döyüşləri, 2020-ci ilin iyul ayında Tovuz istiqamətində baş verən toqquşmalar ordunun peşəkarlığını əyani şəkildə nümayiş etdirdi. Həmin hadisələr düşmənin hərbi potensialının tükəndiyini, müdafiə xətlərinin qısa zamanda yarılmasının tam mümkünlüyünü sübuta yetirdi. Xarici siyasət vektorunda aparılan ardıcıl islahatlar strateji tərəfdaşların sayını artırdı. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı daxilində qazanılan yüksək nüfuz erməni lobbisinin qlobal təbliğat maşınını darmadağın etdi. 

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasının əsasını qoydu, eyni zamanda bölgədə fərqli siyasi reallıq yaratdı. Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq həyata keçirilən əks-hücum düşmənin onilliklər boyu qurduğu müdafiə istehkamlarını darmadağın etdi. İllərlə tökülən beton səddlər ordumuzun zərbələri qarşısında qum dənələri tək ovuldu. Dəmir yumruq taktikası, hərbi strategiyanın mükəmməlliyi düşmənin komanda mərkəzlərini iflic etdi. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat nəticəsində Ağdam, Kəlbəcər, Laçın rayonları döyüşsüz, siyasi-diplomatik yolla geri qaytarıldı. Ermənistan ordusu tam məğlubiyyətini etiraf edərək kapitulyasiya aktını imzalamağa məcbur qaldı. Prezident İlham Əliyev qazanılan möhtəşəm nailiyyəti belə qiymətləndirir: “Qarabağ Azərbaycandır və nida işarəsi!”. İrəli sürülən sarsılmaz mövqe xalqın yenilməz iradəsini bütün dünyaya uca səslə bəyan etdi. Qətiyyətli liderlik xalqın çoxəsrlik arzusunu həqiqətə çevirdi. 44 günlük müharibənin əvəzolunmaz nəticələri təcavüzkar dövlətin uydurduğu status-kvo mifini qətiyyətlə darmadağın edərək tarixi ədaləti bərqərar etdi. 

Müharibədən sonrakı dövr olduqca mürəkkəb siyasi-diplomatik gərginliklə səciyyələnirdi. 2020-ci ildən 2023-cü ilə qədər uzanan mərhələ əldə edilən hərbi nailiyyətlərin beynəlxalq hüquqi səviyyədə legitimləşdirilməsini təşkil edirdi. Qarabağ iqtisadi rayonunun müəyyən hissəsində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirilməsi reallığından sui-istifadə edən separatçı qruplaşmalar qanunsuz mövcudluğunu qorumağa çalışırdı. İşğalçı dövlət 10 noyabr tarixli üçtərəfli Bəyanatın tələblərinə məhəl qoymur, qanunsuz silahlı dəstələrini ərazidən çıxarmır, gizli terrorçu fəaliyyətini tam gücü ilə davam etdirirdi. Təxribatçı ünsürlər yeni mühəndis istehkamları qazır, ordu mövqelərini mütəmadi olaraq ağır silahlardan atəşə tutur, mənfur mina terroru həyata keçirirdilər. Respublika rəhbərliyi yaranmış təhlükəni həmişəlik aradan qaldırmaq məqsədilə beynəlxalq hüquqa söykənən preventiv, uzaqgörən addımlar atdı. Bütün beynəlxalq hesabatlarda Ermənistanın xain fəaliyyəti sübuta yetirildi. 2023-cü il aprelin 23-də Həkəri çayı üzərində Laçın sərhəd-buraxılış məntəqəsinin təsis edilməsi qızıl hərflərlə yazılacaq tarixi nailiyyət sayılmalıdır. 

***

Sərhəd nəzarətinin qurulmasına baxmayaraq, Xankəndi, həmçinin ətraf ərazilərdə fəaliyyət göstərən erməni terrorçu şəbəkə cinayətkar əməllərindən asanlıqla əl çəkmirdi. Çıxılmaz vəziyyətə düşdükləri halda belə silahlı təxribatlarını intensivləşdirirdilər. 2023-cü il sentyabrın 19-da Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda baş verən qanlı mina partlayışları yol işçilərinin, asayişi qoruyan polis əməkdaşlarının həyatına faciəli şəkildə son qoydu. Yaranmış mürəkkəb vəziyyət qanunsuz silahlıların mütləq şəkildə tərksilah edilməsini, terror yuvalarının dağıdılmasını zərurətə çevirdi. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirlərinə başladı. Cəmi 23 saat davam edən yığcam, yüksək peşəkarlıqla dəqiq planlaşdırılmış əməliyyat nəticəsində separatçı qurumun bütün hərbi infrastrukturu darmadağın edildi. Yüksək dəqiqlikli texnologiyalar vasitəsilə yalnız hərbi legitim hədəflər, komanda idarəetmə mərkəzləri, ağır artilleriya qurğuları, radiolokasiya stansiyaları sıradan çıxarıldı, mülki əhali, mülki infrastruktur isə tamamilə təhlükəsizlikdə saxlanıldı. Sentyabrın 20-də qarşı tərəf şərtsiz təslim olduqlarını bəyan edərək ağ bayraq qaldırdı. Yevlax şəhərində keçirilən danışıqlar prosesində separatçı rejimin nümayəndələri Azərbaycanın irəli sürdüyü şərtləri tam şəkildə qəbul etdilər. 

2023-cü il sentyabrın 20-si ərazi bütövlüyündən dövlət yurisdiksiyasının tam bərpasına keçidi rəsmiləşdirən çox əzəmətli, tarixi dönüş anına çevrildi. Məhz həmin gün Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində müstəqilliyin simvolu sayılan qanuni dövlət bayrağı qaldırıldı. Xunta rejiminin illərlə məskunlaşdığı binalarda üçrəngli bayrağın dalğalanması ədalətin mütləq zəfərini bütün dünyaya göstərdi. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi rəsmən təsis edildi. Həmin xüsusi gün özündə respublikanın gücünü, sarsılmazlığını, vətəndaş həmrəyliyini nümayiş etdirir. Dövlət başçısı Xankəndi şəhərində Qarabağ Universitetinin fəaliyyətə başlaması zamanı əldə edilən tarixi nailiyyəti belə xarakterizə edir: “Qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa edib!”. 

Söylənilən bu dəqiq, qətiyyətli fikir ölkəmizin qüdrətini qlobal səviyyədə təsdiqləyir. Ali hüquqların tam bərpası hərbi mərhələnin başa çatmasını, eyni zamanda, genişmiqyaslı dövlət quruculuğu, bərpa, dərin reinteqrasiya erasının başlanmasını ifadə edir. Xankəndidə, Şuşada, Xocalıda, Xocavənddə qürurla dalğalanan üçrəngli bayrağımız tarixi ədalətin, milli ləyaqətin, sarsılmaz siyasi iradənin əbədi təntənəsidir. Dövlətçiliyin ali zirvəsini, sarsılmaz milli təhlükəsizliyin əsas qarantını təşkil edən, xalqın müstəqilliyinin əbədiliyini qoruyan amil isə dönməz və mütləq suverenlikdir.

Yusif ŞƏRİFZADƏ

 XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2026 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see335

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see334

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see317

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see298

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see290

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see288

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see262

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see260

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see250

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see244

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see233

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see230

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see229

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see224

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see224

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see218

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see217

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see213

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see202

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri