Milli Məclisdə etiraz: “Tanış və tapşırıqla vəzifələri ələ keçirən şəxslər...”
Icma.az bildirir, Ayna saytına əsaslanaraq.
Parlamentin iclasında Hesablama Palatasının hesabatı dinlənilib: deputatlar narazılıq yaradan məsələləri gündəmə gətiriblər
Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib. Gündəliyinə 12 məsələ daxil edilən iclasda Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatı dinlənilib. Hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edib.
Hesabatda qurumun “2021-2025-ci illər üzrə Strateji Plan”ına uyğun olaraq ötən il planlaşdırılmış və icra edilmiş fəaliyyətlər müvafiq büdcə və nəticə göstəriciləri (indikatorları) qeyd olunmaqla əks etdirilib. İllik İş Planında nəzərdə tutulmuş və həyata keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı icmallaşdırılmış və statistik məlumatlar hesabata daxil edilib, dövlət vəsaiti və digər dövlət əmlakından istifadə zamanı yol verilmiş xarakterik nöqsan və maliyyə pozuntuları, əldə edilmiş nəticələr, müvafiq sahə üçün aktual hesab edilən risklər və diqqətə alınmalı məqamlar barədə məlumatlar verilib.
Xatırladaq ki, ötən il Hesablama Palatası Əməliyyat Planını 90 % icra edib, dövlət qurumlarına 50 məlumat təqdim edib, 575 milyon manatlıq maliyyə pozuntusu, 2 milyard manatlıq maliyyə təhrifləri və uyğunluq pozuntuları aşkar edib, 42 auditi başa çatdırıb, ilk dəfə dövlət borcu ilə bağlı audit keçirib, İğdır-Naxçıvan qaz kəməri layihəsini audit edib 399 min manatlıq satınalma müqaviləsi bağlayıb.

Palata sədri: “Hüquqi aktlarda boşluqlar barədə məlumat Nazirlər Kabinetinə təqdim edilib”
V.Gülməmmədov deyib ki, hüquqi aktlarda boşluqlar barədə məlumat Nazirlər Kabinetinə təqdim edilib. Onun sözlərinə görə, kənar dövlət maliyyə nəzarəti tədbirləri zamanı müşahidə edilmiş hallardan irəli gələrək, yuxarı icra hakimiyyəti orqanının normativ hüquqi aktlarında yer alan ziddiyyətli məqamlar və ya tənzimlənməyən məsələlərə dair tövsiyələr Nazirlər Kabinetinə təqdim edilib: “Bu tövsiyələr kənd təsərrüfatı sahəsində maliyyələşmə mexanizmləri, büdcə vəsaitindən istifadə üzrə normativlər və onların şamil olunduğu qurumlar, vahid büdcə təsnifatı, büdcədənkənar fondlarının investisiya fəaliyyəti ilə bağlı tənzimləmələrin təkmilləşdirilməsi, ətraf mühitə təsir edən bəzi təsərrüfatlar üzrə tənzimləmələrin yaradılması məsələlərini əhatə edib”.
“Vətəndaş müraciəti əsasında da bir audit İş Planına daxil edilib. 2023-cü ildə istifadəyə verilmiş “Audit təklif et” bölməsi üzrə daxil olmuş təkliflər üzrə aparılmış risk qiymətləndirməsindən sonra təkliflərdən birinin 2025-ci ilin iş planına daxil olunmasına dair qərar qəbul edilib. Ümumilikdə hesabat ilində Hesablama Palatasına 347 müraciət daxil olub. Əsasən təklif və ərizələrdən ibarət olan vətəndaş müraciətlərində hüquqların müdafiəsi ilə bağlı olmaqla, müvafiq dövlət orqanları üzrə şikayətlər də yer alıb", - deyə vurğulayıb.
Komitə sədri Prezidentin büdcə nəzarəti barədəki fikirlərini xatırlatdı
Bundan sonra deputatlar sənədə münasibət bildiriblər. Müzakirələr zamanı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Azər Əmiraslanov bildirib ki, hesabat vaxtında, qanunvericiliyin tələblərinə, audit sahəsində beynəlxalq standartlara və prinsplərə uyğun olaraq təqdim edilib: “Komitə üzvləri tərəfindən Palatanın fəaliyyətinin təkmilləşdirilməsinə, büdcə nəzarəti sahəsində onun rolunun və institusional potensialının daha da gücləndirilməsinə, audit tədbirlərinin real təsirinin artırılmasına dair qeyd və təkliflər bildirilib, hesabat müzakirə üçün Plenar iclasa tövsiyyə edilib. Hələ ölkəmizdə “neft bumu” nun başlandığı 2007-ci ildə möhtərəm Prezidentimiz tərəfindən müşavirələrin birində büdcə nəzarəti ilə bağlı olduqca mühüm fikirlər səsləndirilib. Həmin fikirləri olduğu kimi çatdırmaq istərdim: “Büdcə xərclərinin artması çox müsbət göstəricidir, müsbət əlamətdir. Amma bununla bərabər, büdcə xərclərinə nəzarət də gücləndirilməlidir. İndi böyük məbləğlərdən söhbət gedir. İndi bizim maddi imkanlarımız, büdcəmiz artır. Ancaq bu, o demək deyil ki, qeyri-real sifarişlər verilsin, görüləcək işlərin xərcləri süni şəkildə artırılsın. Hər şey reallıq əsasında olmalıdır və görüləcək bütün işlər maksimum səmərə verməlidir”. İllər öncə, neft gəlirlərinin əhəmiyyətli dərəcədə genişləndiyi, büdcə xərclərinin il ərzində 70 faiz artdığı bir vaxtda büdcə nəzarətinə dövlət başçısı tərəfindən bu qədər önəm verilirdisə də, resursların sabit qaldığı, təxirəsalınmaz maliyyə ehtiyaclarımızın isə kəskin artdığı bir dövrdə büdcənin hər manatının qənaətlə istifadəsi ikiqat aktuallıq kəsb edir və belə bir şəraitdə maliyyə intizamının gücləndirilməsi bu gün də dövlət siyasətinin mühüm istiqaməti olaraq gündəmdədir”.

“Ümumiyyətlə, dövlət büdcəsinə nəzarətin yeni çağırışlara uyğun olaraq sistemli davam etdirilməsi, büdcə şəffaflığı və hesabatlılığı, israfçılığın qarşısının alınması dövlət maliyyə nəzarəti sahəsində Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş dövlət siyasətidir və institusional islahatların mühüm tərkib hissəsidir. Hesablama Palatasının fəaliyyəti də məhz bu dövlət siyasətinin reallaşdırılmasına xidmət edir", - deyə deputat qeyd edib.
“Hər bir qurumun tərtib etdiyi hesabat səmərəli fəaliyyətin özü qədər əhəmiyyətlidir”
A.Əmiraslanov vurğulayıb ki, hər bir qurumun tərtib etdiyi hesabat səmərəli fəaliyyətin özü qədər əhəmiyyətlidir: “Hesabatlar təkcə görülən işlərin sadalanması deyil, həm də fəaliyyətin məzmununu, məqsəd və hədəflərini, nəticə və perspektivlərini, qurumun missiyasını, institusional məsuliyyətini və imicini, idarəetmə və kadr potensialını, ictimai nüfuzunu nümayiş etdirir. Palatanın struktur və məzmun baxımından əsaslandırılmış hesabatı millət vəkillərinə dolğun məlumat təqdim etməklə yanaşı, onun 2024-cü ildəki fəaliyyətini obyektiv qiymətləndirməyə imkan verir, gələcək planlaşdırma və strateji qərarlar üçün informativ və analitik əsaslar yaradır”.
“Hesabatın özünəməxsus cəhətləri bəs nədən ibarətdir? Nəticə əsaslı büdcə modelinə istinad edilməsi, fəaliyyətin qiymətləndirilməsinin strateji sənədlərə və ölçülə bilən çoxsaylı göstəricilər sisteminə əsaslanması, audit nəticələrinin təkcə dövlət büdcəsi üzrə deyil, bütovlükdə icmal büdcə üzrə təqdim edilməsi, aşkar edilmiş nöqsanlarla yanaşı, onların aradan qaldırılması üzrə təkliflərin verilməsi, analitik məzmunu və informativliyi müzakirəyə çıxarılmış hesabatın əsas xüsusiyyətləri kimi qeyd edilə bilər”, - millət vəkili əlavə edib.
Komitə sədrinin sözlərinə görə, təqdim edilmiş hesabatda Palatanın Strateji Plan üzrə 348 fəaliyyəti 98 göstərici əsasında qiymətləndirilib: “Perspektivdə bu göstəricilərin kəmiyyət və keyfiyyət meyarları üzrə təsnifləşdirilməsini və hər iki blok üzrə göstəricilərin bir-birini tamamlamasını vacib hesab edirik. Maliyyə ehtiyaclarının kəskin artdığı bir dövrdə Hesablama Palatası bir sıra vacib çağırışlarla üzləşir. Bu çağırışlar əsasən dövlət maliyyəsinin effektiv idarə olunması, fiskal intizamın gücləndirilməsi, dövlət proqramları və investisiya layihələri üzrə büdcə xərcləmələrinə səmərəli nəzarətin həyata keçirilməsi, büdcə dayanıqlığının təmin olunması ilə bağlıdır".
"Palatanın tövsiyələrinin icra edilməsi mexanizminin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini, xüsusilə də bu sahədə dövlət qurumlarının çoxtərəfli əməkdaşlıq formatının qurulmasını vacib hesab edirik. Audit nəticələrinin praktik təsirlərinin artırılması həmçinin aşkar edilmiş nöqsanlara görə mavafiq inzibati və hüquqi məsuliyyət tədbirlərinin sərtləşdirilməsini tələb edir. Büdcə vəsaitlərindən səmərəli istifadə edilməsi təkcə audit tədbirlərindən deyil, həm də büdcə prosesinin və qanunvericiliyinin, maliyyə-büdcə hesabatlılığının və uçot sisteminin təkmilləşdirilməsindən asılıdır. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Hesablama Palatasının 2024-cü ildə fəaliyyətinə dair hesabatı ilə bağlı müsbət rəyini ifadə etməklə, onun Milli Məclis tərəfindən nəzərə alınmasını məqsədəuyğun hesab edir", - A.Əmiraslanov fikrini tamamlayıb.
Deputat məmurları Milli Məclisə çağırdı: “Gəlsinlər ki, bizi narahat edən sualları onlara ünvanlayaq”
Deputat Razi Nurullayev çıxışı zamanı fəaliyyətində qüsurlar aşkarlanmış dövlət qurumlarının rəhbərlərinin və məsul şəxslərinin Milli Məclisə dəvət olunmasını istəyib: “Gəlsinlər ki, bizi narahat edən sualları onlara ünvanlayaq. Büdcə vəsaitinin təyinatı üzrə xərclənməməsi, hesablarda saxlanması, süni şəkildə şişirdilməsi və büdcəyə qaytarılması məni narahat edir. Çünki, Hesablama Palatası hesabatı təqdim edir və proses bu gündən sonra bağlanır. Bu qədər asan yanaşma olmamalıdır. Maraqlıdır ki, hansı məsuliyyətə cəlb etmə halları, maliyyə sanskiyaları həyata keçirilib? Kimlərsə, vəzifədən alınsın, çıxarılsın, həbsə atılsın demirəm, belə arzum da yoxdur. Amma, istərdim ki, Hesablama Palatasının hesabatı müəyyən təlatümlər yarada bilsin və dövlət orqanlarının məsuliyyətinin artmasında dönüş yaratmağı bacarsın”.

“Ayrılan vəsaitlər plan üzrə xərclənsə də, nəticə gözlənilən kimi olmur”
“Narahat olduğum məqamlardan biri də büdcə vəsaitinin təyinatı üzrə xərclənməməsi, depozit hesablarda saxlanması, süni şəkildə şişirdilməsi və büdcəyə qaytarılmasıdır. Müxtəlif sahələr üzrə ciddi maliyyə ehtiyacları yaranır. Vətəndaşlardan müxtəlif problemlərin həllinə kömək ilə bağlı on minlərlə şikayət məktubları daxil olur. Belə olan halda, dövlət orqanının vəsaiti təyinatı üzrə xərcləmədən büdcəyə qaytarması qəbuledilməzdir. Bu ona bənzəyir ki, onlarla insanın kəskin baş ağrıları var, onlarla qutu ağrıkəsici olan "Parasetomol”u onlara vermədən depoya qaytarırsan. Bu ciddi şəkildə məsuliyyət yaratmalıdır. Həm də çox ciddi”,- deyə deputat etiraz edib.
“Hesablama Palatasının hesabatı, sadəcə maliyyə rəqəmlərindən ibarət deyil. Burada mühüm siqnallar var”. Bu sözləri isə deputat Müşfiq Cəfərov səsləndirib. Millət vəkili vurğulayıb ki, ayrılan vəsaitlər plan üzrə xərclənsə də, nəticə gözlənilən kimi olmur: “Düşünürəm ki, bizim nəzarət yanaşmamız müasirləşməlidir. Məsələn, elektron nəzarət sistemlərinin tətbiqinə ciddi ehtiyac var. Bu zaman həm səmərəli iş artar, həm də korrupsiya riskləri azalar. Burada beynəlxalq standartlara istinad edilməsini də vacib hesab edirəm. Təklif edirəm ki, elektron nəzarət sisteminin tətbiqi ilə bağlı pilot layihələrin tətbiqinə başlanılsın, irad və tövsiyələr dövlət qurumlarının fəaliyyətində real düzəlişlərə səbəb olsun”.
“Ömrünü dövlət qulluğuna hazırlaşmağa həsr edən Azərbaycan gənci bu səddi aşa bilmir”
Deputat Fazil Mustafa isə bildirib ki, bu gün həm dövlət qulluğu müsabiqəsinin müsahibə mərhələsində, həm də ehtiyat kasdrların təyinatı məsələsində çatışmazlıqlar var: “Orqan rəhbərləri xüsusi tanış və tapşırıqla vəzifələri ələ keçirən şəxsləri müqavilə əsasında işdə saxlayır. Bu gün müsabiqədə yüksək nəticə əldə edən adamlar müsahibədə müqaviləli işçilərə uduzurlar. Ömrünü dövlət qulluğuna hazırlaşmağa həsr edən Azərbaycan gənci bu səddi aşa bilmir”.
“Hesab edirəm ki, ehtiyat kadrların təyinatı məsələsində 2 illik müddət bir daha gözdən keçirilməlidir. Dövlət İmtahan Mərkəzinə səlahiyyət verilsin və ehtiyat kadrlara yox, harada vakansiya varsa, gənclər həmin vəzifələrə göndərilsin”, - millət vəkili etiraz edib.
Müzakirələrdən sonra hesabat səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib. Bundan sonra millət vəkilləri gündəlikdə olan digər məsələlərin müzakirəsinə başlayıblar.


