Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilib
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
Newscenter.az xəbər verir ki, iclası açan spiker əvvəlcə, martın 10-da və 11-də Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri barədə qısa məlumat verib.
O, qeyd edib ki, rəsmi səfərin ilk günündə nümayəndə heyəti Tbilisi şəhərindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edib. Abidənin önünə əklil qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.
Rəsmi səfər çərçivəsində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə görüşlər keçirilib.
Görüşlərdə dost ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri haqqında fikir mübadiləsi aparılıb, möhkəm tarixi əsaslara malik olan münasibətlərin dinamik inkişafından razılıq ifadə edilib.
Qeyd olunub ki, Azərbaycanla Gürcüstanın iş birliyi böyük enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə imkan yaradıb. Xalqlarımızın mənafeyinə xidmət edən bu layihələr Avrasiya məkanında mühüm amilə çevrilib.
Spiker bildirib ki, görüşlərdə yüksək səviyyəli münasibətlərin parlamentlər müstəvisində də uğurla davam etdirildiyi bildirilib. Vurğulanıb ki, parlamentlərarası əlaqələr Azərbaycanla Gürcüstanın ikitərəfli və çoxtərəfli münasibətlərinin mühüm tərkib hissələrindən biridir. İki ölkənin parlament üzvlərinin beynəlxalq platformalarda bir-birinə qarşılıqlı dəstəyinin və birgə fəaliyyətinin əhəmiyyəti qeyd olunub.
Söhbətlər zamanı regionda vəziyyət, sülh və sabitliyin təmin olunmasının vacibliyi ilə bağlı fikir mübadiləsi aparılıb. Beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartların, ölkələrə qarşı qərəzli, ədalətsiz yanaşmaların yolverilməz olduğu bildirilib.
Spiker Sahibə Qafarova qeyd edib ki, rəsmi səfər çərçivəsində Azərbaycan və Gürcüstan parlamentlərinin sədrləri iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlıq haqqında memorandum imzalayıblar.
Parlamentin sədri Gürcüstana rəsmi səfərin uğurlu keçdiyini qeyd edib və bununla əlaqədar nümayəndə heyətinin üzvlərinə minnətdarlığını bildirib.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu gün gündəliyimizdə bir məsələ var. Bildiyiniz kimi, bu gün Milli Məclisin yaz sessiyasının beşinci iclasıdır və qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti ötən ildəki fəaliyyəti barədə hesabat verir.
Spiker qeyd edib ki, müstəqillik dövründə ilk dəfə olaraq 2024-cü ildə ölkəmizin bütün suveren ərazisində keçirilən Prezident və parlament seçkiləri Azərbaycanın müstəqil inkişaf yolunda inamla irəlilədiyini bir daha təsdiq etdi.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası xalqımıza və dövlətimizə yeni böyük uğurlar gətirib. Dövlət başçısı tərəfindən ölkəmizin inkişafı ilə bağlı strateji hədəflərin müəyyən edilməsi hökumətin fəaliyyətində məqsədyönlüyü və səmərəliyi yüksəldib. Ölkənin iqtisadi dayanıqlığının qorunmasına, modernləşməyə və sosial rifaha xidmət edən düşünülmüş tədbirlər həyata keçirilib.
Məlum olduğu kimi, dövlət başçısının sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Noyabr ayında Bakıda keçirilən COP29 Konfransı Azərbaycanı iqlim dəyişmələri ilə bağlı beynəlxalq dialoqun mərkəzinə çevirib.
Bu cür möhtəşəm tədbirə ev sahibliyi etməklə ölkəmiz qlobal idarəetmədə və dayanıqlı inkişafda konstruktiv rol oynaya bilən bir dövlət olduğunu nümayiş etdirib.
Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, 2024-cü ildə ümumi daxili məhsulun artımı həm neft, həm də qeyri neft-qaz sahələri hesabına əldə edilib. İqtisadiyyatın şaxələndirilməsi, xüsusilə də nəqliyyat-tranzit potensialının reallaşdırılması, kənd təsərrüfatının, turizmin, rəqəmsal və yaşıl iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər görülməkdədir. Hökumətin bu istiqamətdə gördüyü işlər iqtisadiyyatın dayanıqlı olmasına xidmət edir.
Milli Məclisin sədri qeyd edib ki, ötən il ümumi daxili məhsul 4,1 faiz artıb və ya mütləq rəqəm ifadəsində 126 milyard manat təşkil edib. Valyuta ehtiyatlarımız il ərzində 5 milyard dollardan çox artaraq 72 milyard dollara çatıb.
Böyük Qayıdış, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün 2024-cü ildə büdcədən 5,4 milyard manata yaxın vəsait ayrılıb, il ərzində 5500-ə yaxın insanın doğma yurdlarına köçürülməsi təmin edilib.
Spiker bildirib ki, Dövlət büdcəsinin gəlirləri proqnozdan 5,5 faiz və ya 774 milyon manat çox icra olunub.
Sahibə Qafarova diqqətə çatdırıb ki, Dövlət büdcəsi ilə əlaqədar möhtərəm Prezidentimiz deyib: “Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb. ...Biz yalnız daxili resurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət nəticəsində bu nəticələrə çatmışıq. Mən dəfələrlə bildirmişdim və artıq hesab edirəm ki, bunu hər kəs görür, hər bir ölkənin siyasi müstəqilliyi onun iqtisadi müstəqilliyindən asılıdır.”
Spiker qeyd edib ki, möhtərəm cənab Prezidentin bu sözləri əminliklə söyləməyə bizə imkan verir ki, Azərbaycan dinamik və davamlı inkişaf yolunda bundan sonra da inamla addımlayacaqdır.
Daha sonra o, bildirib ki, biz həmişə məmnunluqla qeyd edirik ki, Nazirlər Kabinetinin illik hesabatlarının Milli Məclisdə dinlənilməsi parlamentlə hökumət arasında təmasların artmasına, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində deputatların iştirakına şərait yaradır.
Spiker qeyd edib ki, ötən il Milli Məclisdə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı irəli sürülmüş təkliflər, həmişə olduğu kimi, yenə də hökumət tərəfindən diqqətlə araşdırılıb. Bu təkliflərin icra vəziyyətinə dair ətraflı məlumat deputatlara təqdim edilib.
Eyni zamanda, artıq 5 ildir ki, hesabata ayrıca olaraq, sosial və infrastruktur obyektlərinin əsaslı təmiri və tikintisi, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması barədə deputatların təkliflərinin icrasına dair məlumat daxil edilir.
Milli Məclisin sədri çıxışının sonunda deputatların bu gün aparılacaq müzakirələrdə də fəal iştirak edəcəklərinə və səmərəli təkliflər irəli sürəcəklərinə əminliyini bildirib.
Sonra Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edib.
Baş nazir qeyd edib ki, 2024-cü il Azərbaycanın müasir tarixinə əlamətdar siyasi hadisələrin baş verdiyi, möhtəşəm nailiyyətlərin əldə edildiyi il kimi yazılıb. Belə ki, ötən il Vətənimizin müstəqillik tarixində ilk dəfə olaraq bütün suveren ərazimizdə növbədənkənar prezident və növbədənkənar parlament seçkiləri keçirilib. O, vurğulayıb ki, Prezident seçkilərinin nəticələri Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyevin Prezident kimi Vətənə, xalqa və dövlətçiliyə həsr edilmiş 20 illik misilsiz xidmətlərinə xalq tərəfindən verilən yüksək qiymətin bariz nümunəsidir. Bildirilib ki, ötən il, həmçinin tam suveren Azərbaycanın ilk parlament seçkiləri də çox uğurla keçdi və xalqımız Yeni Azərbaycan Partiyasına inamını növbəti dəfə nümayiş etdirdi.
Nəzərə çatdırılıb ki, “Yaşıl dünya naminə həmrəylik ili” elan edilən 2024-cü ildə ölkəmizin həyatında mühüm hadisələrdən biri də dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən olan COP29-un keçirilməsi oldu. Önəmli qərarların qəbul edildiyi bu beynəlxalq tədbir Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha bütün dünyaya nümayiş etdirdi. Bununla yanaşı, 2024-cü ildə yadda qalan hadisələrdən biri də Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv seçilməsi idi. Bu da beynəlxalq aləmdə ölkəmizin artan nüfuzundan xəbər verir.
2024-cü ilin iqtisadi inkişaf baxımından uğurlu il olduğunu deyən Əli Əsədov bildirib ki, hesabat ilində ölkədə 126.3 mlrd. manatlıq və ya 2023-cü illə müqayisədə real ifadədə 4,1% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. ÜDM istehsalı neft-qaz sektorunda 0,3%, qeyri-neft-qaz sektorunda 6,2%, qeyri-neft-qaz sənayesində isə 7,3% artıb, əhalinin hər nəfərinə düşən ÜDM 3,6% artaraq 12,4 min manat təşkil edib. Ötən il ölkənin xarici ticarət dövriyyəsi 47.4 mlrd. ABŞ dollarına çatıb, müsbət ticarət saldosu 5.3 mlrd. dollar olub, qeyri-neft ixracı 3,3 mlrd. dolları üstələyib, strateji valyuta ehtiyatları 2.5 mlrd. dollar artaraq 71 mlrd.dollar təşkil edib. İlin sonuna xarici dövlət borcunun məbləği 20,6% azalaraq 5,1 mlrd. dollar olub. İllik inflyasiya hədəf diapazonu daxilində olub – 12 aylıq inflyasiya 4,9%, orta illik inflyasiya isə 2,2% olub.
Baş nazir 2024-cü ildə dövlət büdcəsi gəlirlərinin təxminən 37.2 mlrd. manat, xərclərinin isə 37,7 mlrd. manat təşkil etdiyini söyləyib.
O, ötən il əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsi xərclərinin 39%-nin və ya 14,6 mlrd. manatının sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldiyini bildirib. Orta pensiya məbləğinin 12%, yaşa görə pensiyanın 11,3% artdığını, yaşayış minimumunun ölkə üzrə 270 manat müəyyən edildiyini, bir ailəyə düşən sosial yardımın orta aylıq məbləğinin 475 manat olduğunu qeyd edib. Ümumiyyətlə, son bir neçə il ərzində 4 sosial paketin həyata keçirildiyini və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsaitin xərcləndiyini deyib.
Baş nazir Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın göstərdiyi diqqət və qayğının nəticəsi olaraq ötən il 800 mənzilin şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə verildiyini, 93 avtomobilin müharibə əlillərinə təqdim edildiyini vurğulayıb. Həmçinin, hərbi qulluqçuların mənzillə təmin olunması ilə bağlı xərclər üçün 35 mln. manat vəsait ayrıldığını, əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi ilə bağlı 100 mln. manat vəsait ayrıldığını deyib.
Bildirilib ki, hesabat ilində səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması və əlçatanlığın təmin olunması məqsədilə əhalinin icbari tibbi sığortalanması və bu sahədə bir sıra dövlət proqramlarının icrası üzrə büdcədən 1 milyard 368 milyon manat vəsait ayrılıb. Hökumət tərəfindən qarşıdakı dövrdə tibbi xidmətlər zərfinin genişləndirilməsi nəzərdən keçirilir.
Təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsil xərclərinə 4 milyard 550 milyon manat vəsait ayrılıb. Ötən il investisiya xərcləri hesabına 57 təhsil müəssisəsində tikinti işləri aparılıb. İşğaldan azad olunmuş ərazilərdə ilk ali təhsil müəssisəsi - Qarabağ Universiteti fəaliyyətə başlayıb.
Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və qiymətlərin stabil saxlanılması məqsədilə müvafiq dəstək tədbirləri həyata keçirilib. Belə ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 487,4 mln. manat vəsait ayrılıb. Su ehtiyatlarından səmərəli istifadə edilməsi, fermerlərin suvarma suyu ilə təchizatı, suvarma sahələrinin genişləndirilməsi və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin maliyyə təminatına 540 mln. manat vəsait yönəldilib.
Əli Əsədov diqqətə çatdırıb ki, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri uğurla davam edir. Hesabat ilinin sonunadək bu ərazilərdə 10.2 mindən çox keçmiş məcburi köçkün evlərlə təmin edilib. Bununla yanaşı, keçmiş qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədlərinə dövlət büdcəsindən 329 mln. manat yönəldilib. Qeyd olunub ki, ümumilikdə 2021-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 mlrd. manat, o cümlədən 2024-cü ildə 5 milyard 347 milyon manat vəsait ayrılıb.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Naxçıvan ərazisində kənd təsərrüfatı məhsulları istehsalı və emalının inkişafı, elektrik enerjisi istehsalının, ticarətin və sənayenin inkişafı, infrastruktur təminatının yaxşılaşdırılması, nəqliyyat-tranzit potensialının artırılması istiqamətində layihələr həyata keçirilib.
Bildirilib ki, 2024-cü ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 6 milyard 562 milyon manat vəsait ayrılıb. Ötən il işğaldan azad olunmuş ərazilərdə 62 min hektar, ümumilikdə isə 180 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.
Baş nazir vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji siyasəti nəticəsində son illərdə Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində rolu daha da güclənib. O, 2024-cü ildə enerji istehsalının 28,4 mlrd. kVts təşkil etdiyini, istehlak həcminin isə 24,2 mlrd. kVts-a yüksəldiyini söyləyib. Qeyd edilib ki, COP29 çərçivəsində Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi yaradılıb və enerji sahəsində həyata keçirilən layihələr üzrə beynəlxalq sazişlər imzalanıb.
Bildirilib ki, Hökumət qarşısında mühüm vəzifələrdən biri də Cənub Qaz Dəhlizi vasitəsilə qaz təchizatının ixrac coğrafiyasının genişləndirilməsidir və hazırda bu kəmər vasitəsilə qazımızı alan ölkələrin sayı 12-yə bərabərdir. Hesabat ili ərzində 29,1 milyon ton neft, 50,6 milyard kubmetr qaz hasil edilib. Neftin 24,4 milyon tonu, qazın isə 25,5 milyard kubmetri ixrac edilib.
2024-cü ildə həmçinin Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin və tranzit potensialının artırılması üçün bir çox layihələr reallaşdırılıb. Nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 33 mln.ton təşkil edib. Bakı-Tbilisi-Qars xətti 2024-cü ilin may ayında tamamlanaraq istismara verilib, xəttin illik yükaşırma həcmi 1 mln. tondan 5 mln. tona çatdırılıb. Ötən il ölkədə avtomobil və dəmir yollarının, həmçinin yol infrastrukturunun tikintisi, yenidən qurulması və bərpası davam etdirilib.
Əli Əsədov ötən il Hökumətin hesabatı təqdim edildikdən sonra ümumilikdə deputatlar tərəfindən müxtəlif məsələlər üzrə 151 müraciətin daxil olduğunu, bunlardan 34-nün humanitar, 31-nin iqtisadi, 23-nün sosial, 22-nin nəqliyyat və yol infrastrukturu, 15-nin tikinti, 14-nün kommunal, 5-nin qanunvericilik, 4-nün təhlükəsizlik, 3-nün isə digər sahələri əhatə etdiyini söyləyib. O, qeyd edib ki, 57 müraciət üzrə qaldırılan məsələlər tam, 48 müraciət üzrə isə qismən icra edilib və yaxın zamanlarda icranın başa çatdırılması nəzərdə tutulub, digər 46 məsələnin icrası istiqamətində işlər hazırda davam etdirilir.
Çıxışının sonunda Baş nazir müsbət inkişaf dinamikasının saxlanılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında Hökumətin daha da əzmlə çalışacağına əminliyini bildirib.
Sonra iclasda Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı ətrafında müzakirələr aparılıb. Müzakirələrdə Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, komitə sədrləri Azər Əmiraslanov, Tahir Rzayev, deputatlar Elman Nəsirov, Bəhruz Məhərrəmov, Naqif Həmzəyev, Aydın Mirzəzadə, Fariz İsmayılzadə, Əziz Ələkbərov, Jalə Əliyeva, Sahib Alıyev çıxış ediblər.
Deputatlar vurğulayıblar ki, dövlət başçısının rəhbərliyi və hökumətin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizin iqtisadi qüdrəti daha da artıb, Azərbaycan beynəlxalq səviyyədə və regionda söz sahibinə çevrilib. Millət vəkilləri 2024-cü ildə Azərbaycan hökumətinin fəaliyyətinin səmərəli olduğunu deyiblər. Hökumətin fəaliyyətinin uğurlu olmasında iqtisadi inkişaf, maliyyə dayanıqlığı, əhalinin rifahı və sosial vəziyyəti ilə bağlı amillərin əhəmiyyətindən söz açıblar. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması sahəsində görülən işlər hökumətin geniş maliyyə imkanlarının göstəricisidir. Bununla yanaşı, ölkənin təhlükəsizliyi və müdafiə qüdrətinin möhkəmləndirilməsi istiqamətində əlavə tədbirlərin reallaşdırılması məqsədəmüvafiq hesab olunub. Həmçinin, insanların rifahının daha da yaxşılaşdırılmasına yönəlmiş sosial layihələrin həyata keçirilməsi ilə bağlı lazımi vəsaitin ayrılması müsbət dəyərləndirilib. Təhsil və səhiyyə sahələrinin inkişafı, məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində əhəmiyyətli işlərin görüldüyü söylənilib.
Qeyd edilib ki, aparılan genişmiqyaslı iqtisadi və institusional islahatlar, həyata keçirilən kompleks tədbirlər nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik 2024-cü ildə də qorunub saxlanılıb. Hökumətin atdığı mühüm addımlar inflyasiyanın idarə edilməsi və iqtisadi sabitliyin əldə edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. İnformasiya-kommunikasiya texnologiyaları, nəqliyyat-logistika və digər sahələrdə müşahidə olunan inkişaf qeyri-neft sektorunun iqtisadiyyatın mühüm tərkib hissəsinə çevrilməsinə imkan yaradıb. Habelə, investisiya mühitinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması sosial rifahın artırılmasına müsbət təsir edir. Dayanıqlı iqtisadi artım nəticəsində işğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışı təmin edilir.
Bildirilib ki, 2024-cü ildə iqtisadiyyatın şaxələndirilməsi, regionların sosial-iqtisadi inkişafı istiqamətində önəmli işlər görülüb. Kənd təsərrüfatı və sənaye sahələrində həyata keçirilən layihələr, habelə enerji təhlükəsizliyinin təmin edilməsi və bərpaolunan enerji mənbələrinin inkişafı ilə bağlı tədbirlər diqqətəlayiqdir.
Fasilədən sonra Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabata dair müzakirələr davam etdirilib.
Müzakirələrdə komitə sədrləri Zahid Oruc, Hicran Hüseynova, Sadiq Qurbanov, Fazil Mustafa, Anar İsgəndərov, Musa Quliyev, deputatlar Razi Nurullayev, İlham Məmmədov, Bəxtiyar Əliyev, Aydın Hüseynov, Vüqar Bayramov, Ceyhun Məmmədov, Tural Gəncəliyev, Sevil Mikayılova, Qüdrət Həsənquliyev çıxış ediblər.
Deputatlar Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə hökumətin 2024-cü ildə qarşıya qoyulmuş vəzifələrə və dövrün çağırışlarına uyğun səmərəli fəaliyyət göstərdiyini vurğulayıblar. Bildirilib ki, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, ictimai-siyasi sabitlik, milli və dövlət maraqlarına əsaslanan çevik və uğurlu iqtisadi diplomatiya, iqtisadi və siyasi müstəqilliyi uzlaşdıran ləyaqətli və qətiyyətli dövlət siyasəti Nazirlər Kabinetinin fəaliyyəti üçün əlverişli mühit və zəmin yaradıb.
Millət vəkilləri hesabat dövründə həyata keçirilən siyasi, iqtisadi, institusional islahatları, uğurlu xarici siyasət nəticəsində dövlətin müstəqilliyinin daha da möhkəmləndirilməsini, iqtisadiyyatın və hərbi qüdrətin güclənməsini, qeyri-neft-qaz, sənaye və turizm kimi sektorlardakı artımları müsbət qiymətləndiriblər.
Ötən il ərzində makro-iqtisadi sabitliyin möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın və qeyri-neft sektorunun inkişafı istiqamətində əldə olunan nailiyyətlərdən söz açan millət vəkilləri əhalinin sosial müdafiəsinin təmini tədbirlərini, şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən sosial dəstək proqramlarını yüksək dəyərləndiriblər. Onlar ailə və uşaq hüquqlarının, əhalinin sağlamlığının qorunması, həmçinin təhsil, elm, energetika kimi sahələrdə əldə olunan müsbət göstəriciləri diqqətə çatdıraraq dövlətin bu sektorlara diqqət və qayğısından bəhs ediblər. Bildirilib ki, sənəddə iqtisadiyyatın bütün sahələrinin inkişafı, əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə atılmış addımları əks etdirən statistik rəqəmlər ölkəmizin daha da güclənməsinin göstərir. Qeyd olunub ki, sənaye sahəsinin ÜDM-də payının 36 faizə çatması ölkəmizin inkişaf etmiş sənaye ölkəsi kimi güclənməsini əks etdirir. Turizmin 2023-cü ilə nisbətən 13 faiz artaraq son nəticədə ÜDM-də payının 2,4 faizə çatması da ölkəmizin beynəlxalq imicinin formalaşmasını və cəlbediciliyini ifadə edir.
Hökumətin 2024-cü ildəki fəaliyyətini qənaətbəxş hesab edən deputatlar bildiriblər ki, əhalinin sosial rifahı yaxşılaşdırılıb, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilib, dövlət sosial proqramları, regionların inkişafı ilə bağlı tədbirlər uğurla icra olunub. Çıxışlarda hesabat ilində müdafiə və milli təhlükəsizliyin möhkəmləndirilməsi işləri də yüksək qiymətləndirilib. Habelə, energetika, ekoloji təhlükəsizliyin təmin olunması sahəsində məqsədyönlü tədbirlərin görüldüyü qeyd edilib.
Millət vəkilləri, həmçinin seçicilərin üzləşdiyi bəzi problemləri hökumət üzvlərinin diqqətinə çatdırıblar, bir sıra aktual məsələlərə toxunublar, təkliflərini səsləndiriblər.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova səmərəli müzakirələrin keçdiyini bildirib. O, çıxış edənlərin mütləq əksəriyyətinin hökumətin hesabatı haqqında müsbət rəylər söylədiyini qeyd edib. Bir sıra təklif və sualların olduğunu deyən spiker, bunlara işçi qaydada cavab verilməsini təklif edib.
İclasda Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı nəzərə alınıb.
Sonra Baş nazir Əli Əsədov çıxış edərək, son dövrlərdə hökumətin Milli Məclislə konstruktiv əməkdaşlıq etdiyini, bir çox məsələlərin həllində ümumi məxrəcə gəlindiyini bildirib. O, deputatların bugünkü çıxışlarında 2024-cü ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinə gördüyü işlərə dair yüksək qiymət verildiyinə görə təşəkkürünü ifadə edib. Baş nazir qarşıda yeni hədəflərin, həllini gözləyən məsələlərin olduğunu söyləyib. Səsləndirilən fikirlərə münasibət bildirən Baş nazir, müzakirələrdə qaldırılan məsələlərin diqqətdə saxlanılacağını, onların həlli istiqamətində lazımi addımların atılacağını bildirib.
Parlamentin sədri Sahibə Qafarova Baş nazirə və hökumət üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, qarşıdan gələn bayramlar münasibəti ilə təbriklərini çatdırıb.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.
Süleyman

Nazirlər Kabinetinin hesabatı Milli Məclisə daxil olub
10 Mart 2025 12:45
Nazirlər Kabinetinin QƏRARI
27 Dekabr 2024 14:38
Nazirlər Kabinetinin qərarı
06 Mart 2025 17:43
Nazirlər Kabinetinin hesabat Milli Məclisə daxil olub
06 Mart 2025 11:16
Nazirlər Kabinetinin səlahiyyətləri artırıldı
02 Dekabr 2024 15:43
