Milli özünüdərk və istiqlal şairi
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Prezident İlham Əliyevin sərəncamı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubleyinin keçirilməsi yalnız böyük bir elmi-ədəbi tədbir deyil, eyni zamanda dərin ictimai-siyasi və ideoloji məzmun daşıyan hadisədir. Çünki Bəxtiyar Vahabzadənin həyat və mübarizə fəlsəfəsi güclü idi.
O, sovetlər dövründə də kommunist ideologiyası çərçivəsinə sığışmırdı, ən müxtəlif ədəbi üsullar və fəndlərlə ideyasını ötürməyi bacarırdı. Milli mövzularda hissiyatsız danışa bilmir, laqeydliyə, biganəliyə qarşı cəbhə açır, qətiyyət və cəsarətlə sözünü deyirdi. Universitet auditoriyasında da, parlamentdə, ya ictimaiyyət qarşısında çıxışlarında da, şeir ya məqalələrində də daxili yanğı hiss edilirdi:
Yaşamaq yanmaqdır yanasan gərək,
Həyatın mənası yalnız ondadır,
Şam əgər yanmırsa, yaşamır demək,
Onun yaşamağı yanmağındadır.
Bəxtiyar Vahabzadə müasir dövrdə ölkəmizdə və onun hüdudlarından kənarda ən çox müraciət edilən, tədqiq olunan böyük fikir adamı, şair-filosof, ədəbiyyatşünas alim, qüdrətli dramaturq, mübariz ictimai-siyasi xadimdir. Son illərdə akademik İsa Həbibbəyli, professorlar Əlizadə Əsgərli, Bədirxan Əhmədli, filologiya elmləri doktoru Esmira Fuad, dosent Aida Mirzəyeva və bir sıra başqa tədqiqatçılarımız bu görkəmli mütəfəkkirin yaradıcılığına dair qiymətli əsərlər yazmışlar. Azadlıq, istiqlal, ana dili, milli kimlik kimi məsələlərə dair şairin hər bir əsəri dərin ictimai-siyasi məzmuna malikdir və bu gün də təhlilinə böyük ehtiyac vardır. Onun 1960-cı illərdə yazdığı və o dövr təfəkküründə böyük təlatüm doğuran “Latın dili” şeiri, “Təzadlar” poeması kimi əsərlərində başqa ölkələrdən söz açılsa da, əslində, Azərbaycan xalqının dərdləri dilə gətirilirdi. Bəxtiyar Vahabzadəni Azərbaycan ədəbiyyatının milli-poetik istiqlalnaməsinin qüdrətli yaradıcılarından hesab edən akademik İsa Həbibbəyli filologiya elmləri doktoru Əlizadə Əsgərlinin “Bəxtiyar Vahabzadə. Həyatı, mühiti və yaradıcılığı” adlı fundamental monoqrafiyasına yazdığı ön sözdə vurğulamışdır: “Bəxtiyar Vahabzadənin “Latın dili” şeiri XX əsrdə nəinki Azərbaycan ədəbiyyatında, hətta keçmiş Sovet İttifaqı miqyasında milli istiqlalın vacib şərtlərindən olan ana dili uğrunda söz açan ən cəsarətli əsər hesab olunmağa layiqdir”.
Bəxtiyar Vahabzadə əksər şairlərimiz kimi gənclik çağlarında daha çox eşq, məhəbbbət, hicran, vüsal, ülvi arzulardan yazmış, şeirlərinin səmimiliyi, özünəməxsus üslubu ilə özünü sevdirmişdi. Təsadüfi deyildir ki, ölkəmizin tanınmış bəstəkarları onun şeirlərinə bir-birindən gözəl onlarla mahnı yazmışlar və bu həmişəyaşar mahnılar indi də oxunur və gələcəkdə də oxunacaqdır. Şeirə layiq musiqidən əlavə, bu mahnıların hər sətrindən sevən və sevilən şairimizin ruhu duyulur:
Özün bir aləmsən eşqin bir aləm,
Sən olan könüldə nə qüssə, nə qəm!
Sənsiz bu dünyanın ən bədbəxtiyəm,
Səninlə dünyada bəxtiyaram mən.
Lakin 1950-ci illərin sonlarından Bəxtiyar Vahabzadənin poeziyasında ictimai-siyasi mövzular önə çıxmış, onun yaradıcılığına olan marağı daha da artırmışdır. 1950-ci illərin sonlarından, onun “Gülüstan” poemasından başlanan istiqlal poeziyası kommunist ideologiyasının qadağalarına baxmayaraq, yazarına geniş ümumxalq məhəbbəti qazandırmışdır. Rejimin şairi həbs etməsi məsələsi artıq gündəlikdə idi. O zaman Azərbaycanın dövlət təhlükəsizlik sistemində məsul vəzifə daşıyan Heydər Əliyev onunla görüşmüş, həbs edilmək təhlükəsindən qorumuş, onun kommunist ideologiyası şəraitində də xalqa və Vətənə xidmətini uyğun məcraya yönəltmişdir.
Bəxtiyar Vahabzadə həm ədəbiyyatda, həm də ictimai fəaliyyətində əqidə və dönməzlik nümunəsi olmuşdu. 1988–1990-cı illərdə xalqımızın azadlıq mübarizəsinin öncülləri sırasında yer almış, 1990-cı ilin 20 Yanvar şəhidlərinin qəhrəmanlığını nəzmə çəkərək xalqımızı ruh düşkünlüyündən çıxarmağa səy göstərmiş və mübarizəyə səsləmişdi. Öldürülmək təhlükəsinə baxmayaraq, Azərbaycan televiziyasının ötürücü stansiyasını partladan, milli hərəkata qalxan xalqın gözünü qorxutmağa çalışan rus generalının üzünə tüpürərək xalqımıza bu vəhşi rejimə itaət göstərməmək dərsi aşılamışdı. O, həmin günlərdə yazdığı şeirlərinin birində deyirdi:
Dilək bir çiçək də bitirə bilməz,
Bu gündən sabaha körpü olmasa.
Azadlıq ağacı bar verə bilməz,
Şəhidlər qanıyla suvarılmasa.
Yenicə istiqlalını bərpa etmiş Azərbaycan Respublikasına qarşı xaricdən dəstəklənən erməni təcavüzü başlayanda Bəxtiyar Vahabzadə Vətən mücadiləsinin ön cərgələrində yer almış, 1992-ci ildə məşhur “Vətən marşı”nı yazmışdır. Bu marşı Mehmet Akif Ərsoyun yazdığı Türkiyə Cümhuriyyətinin dövlət himni ilə müqayisə etmək olar:
Ey Vətən oğlu, bil ki, sənindir bu Vətən,
Sabahın, həm bu günün, həm dünənindir bu Vətən.
Sənin öz dövlətin, öz millətin, öz səddin var,
Vətən uğrunda ölənlər ölümündən doğular.
...Ey Azərbaycanımız, türkün oğuzlar vətəni,
Ər oğullar, ər igidlər, kişi qızlar Vətəni.
Sənin haqqındır azadlıq, sənin eşqindir iman,
Tapınar haqqa və insanlığa haqdan doğulan.
Bəxtiyar Vahabzadə müstəqilliyin qazanılması ərəfəsində və ilk illərində həm mənfur qonşu Ermənistanın işğalı, həm də Kremlin buyruq quluna çevrilmiş qeyri-milli və səbatsız vəzifəli şəxslərin xalqazidd siyasətlərinə poeziyası ilə yanaşı, sinəsini qabağa verərək qorxmaz şəxsiyyəti ilə də mübarizə aparırdı. 1980-ci illərin sonlarında bir-birini əvəz edən bəsirətsiz rəhbərlərin fərasətsiz siyasətləri nəticəsində ölkəmizdə yaranmış acınacaqlı vəziyyət hər kəsdən daha çox, şübhəsiz ki, milli qeyrət sahibləri olan şəxsləri narahat edirdi. O zaman kommunist rəhbərliyini ittiham etmək nədir, heç tənqid etmək də asan məsələ deyildi. Hakimiyyətdə olanların hər biri Bəxtiyar Vahabzadənin xalq arasındakı nüfuzundan öz mənfəəti üçün istifadə etmək istəyirdi. Şair isə öz sözünü deməkdən çəkinmirdi. 1992-ci ilin aprelində artıq müstəqilliyin yarım ilinin arxada qaldığı bir dönəmdə Vətənin və millətin dərdini çəkməyib vəzifə kürsüsündən bərk-bərk yapışan başçılara xitabən yazdığı bir şeirində deyirdi:
Gün kimi bəllidir: yeddi milyonun
Dərdini köksündə yaşatmayan kəs
Bu boyda millətə baş ola bilməz.
...Bu Vətən mənimdir, bu Vətən sənin,
Səngərdə əsgərə dəyən güllənin,
Ağrısı qəlbində göynəməyən kəs,
Bu boyda millətə baş ola bilməz.
Bəxtiyar Vahabzadə hələ 1991-ci ilin fevralında Ali Sovetin XII çağırış 1-ci sessiyasındakı məşhur çıxışında Heydər Əliyevə qarşı qərəzli və tamamilə haqsız “mübarizə”yə qoşulanları kəskin şəkildə ittiham edirdi. Azərbaycan tarixində və dövlətçiliyində Heydər Əliyevin müstəsna xidmətlərini bu yüksək kürsüdən ucadan deyir, xalqı bu dahi şəxsiyyətin ətrafında sıx birləşməyə, milli birliyə çağırırdı. Bəxtiyar Vahabzadə həmin çıxışında deyirdi: “Unutmayın ki, ermənilər yalnız Əliyev vəzifədən gedəndən sonra bizim başımıza bu oyunu aça bildilər. Əliyev sipər kimi onların qabağında dayanmışdı. Biz bu gün böyük həyat təcrübəsinə və siyasi, diplomatik biliyə malik olan, bütün ömrü boyu siyasət qazanında qaynayıb bərkiyən bu vətən oğlunun ağlından, təcrübəsindən istifadə etmək əvəzinə, Vətənin taleyinə tüpürüb şəxsi ambisiyamızı qabağa çəkdik... Bu gün biz bütün qüvvələrimizi birləşdirib Qarabağ məsələsinin həllinə yönəltməli ikən, zirvədən enən adamdan intiqam və zirvədəkindən pay almaq üçün mikrofon qarşısında növbəyə durmuşuq. Budurmu bizim etikamız, əxlaqımız?” Televiziyada canlı yayımlanan, 16 fevral 1991-ci il tarixində qəzetlərdə dərc olunan bu geniş çıxışında Bəxtiyar Vahabzadə həm millət vəkillərinə, həm də bütün Azərbaycan xalqına taleyüklü ismarışlar verir, xalqımızı müstəqillik ideallarından çəkindirməyə çalışanları ittiham edirdi.
O zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı kimi bu sətirlərin müəllifinə məlum idi ki, Bəxtiyar Vahabzadə Naxçıvana gələrək Heydər Əliyevlə görüşmüşdü, millətin və dövlətin taleyi ilə əlaqədar uzanan söhbət 4 saat çəkmişdi. Bəxtiyar Vahabzadənin Ulu öndərlə görüşlərinə dair yazılarında bu söhbətlər barəsində geniş məlumat verilmişdir.
Böyük şairin şəxsiyyətini, yaradıcılığını və milli istiqlal mübarizəsini ulu öndər Heydər Əliyev yüksək qiymətləndirirdi. O, 1995-ci ildə xalqımızın milli təfəkküründə və müstəqillik hərəkatında dəyərli xidmət göstərmiş istiqlalçı şairimizə müraciətlə demişdi: “Sizin şəxsiyyətiniz və yaradıcılığınız xalqın milli təfəkkürünün formalaşmasına xidmət etmiş, onu milli dirçəlişə səsləmiş, istiqlaliyyət uğrunda mübarizədə əvəzsiz rol oynamışdır. Siz hər zaman azadlıq carçısı olmuş, ən çətin anlarda belə güc və silah qarşısında baş əyməmiş, əqidəsindən dönməyən şair, mübariz millət vəkili, yorulmaz ictimai xadim kimi xalqın müdafiəsinə qalxmısınız”. – Bu yığcam dəyərləndirmə, əslində, bir güzgü kimi şairin şəxsiyyətini və yaradıcılığını əks etdirir. Bu, həm də Bəxtiyar Vahabzadəni qərəzli şəkildə xalqın gözündən salmağa, ona qara yaxmağa cəhd edənlərə kəskin cavab deməkdir. Elə qarayaxanlar meydana çıxmışdı ki, hətta milli şairimizin etnik mənşəyinə dair şübhə toxumu səpməyə cəhd edirdilər. Belələrinə şair tutarlı cavab vermişdi:
...Əslimi, kökümü tanyıram mən,
Qarışıq deyiləm özümdən hürkəm.
Sən kimsən, nəçisən – özün bilərsən
Mən ilk qaynağımdan türk oğlu türkəm.
Bəxtiyar Vahabzadənin mübariz poeziyası Cənubi Azərbaycanın vətənsevər ziyalılarının və ədəbiyyat aşiqlərinin də ilham qaynağı idi. Bu da təbii idi. Bəxtiyar Vahabzadənin azadlıq, milli istiqlal düşüncəsi Bütöv Azərbaycanı ehtiva edirdi. 1950-ci illərin sonlarında yazdığı “Gülüstan” poemasından başlayaraq qələmə aldığı onlarla şeirində xalqımızın bölünməzliyini vurğulayırdı:
Bəxtiyar, sinəndən neçə “mən” keçir,
Biri dərdli keçir, biri şən keçir.
Məftilli çəpərlər sinəmdən keşir,
Bakıyla Təbrizin arasındayam.
Bəxtiyar Vahabzadə 1970-ci ildə Cənubi Azərbaycanın ünlü şairi Səhəndlə (Bulud Qaraçorlu) Bakıda görüşəndən sonra bu bütöv Vətən yanğısı daha da göynəmişdi. Səhənd o zaman İran yazıçılarının nümayəndə heyətində Moskvaya səfər etmişdi, hansısa vasitə ilə yol tapıb bir günlüyə Bakıya gələ bilmişdi. Səhənddən ayrılandan sonra Bəxtiyar yazdığı şeirində deyirdi:
...Məni görən kimi sən hönkürərək
Açdın qollarını, qucaqlaşdıq biz.
Bu gün qucaqlaşan qollarımız tək
Nə vaxt birləşəcək bəs Vətənimiz?
Böyük şairimiz Məhəmmədhüseyn Şəhriyara Azərbaycanda keçirilən Vaqif günlərinə qatılmaq üçün rəsmi dəvət göndərilməsinə baxmayaraq, Pəhləvi rejimi onun səfərini əngəlləmişdi. O zaman Şəhriyarla bu tayın şairləri Süleyman Rüstəm, Məmməd Rahim, Bəxtiyar Vahabzadə qiyabi olaraq şeirlərində dərdləşirdilər. Ömrünün ahıl çağlarını “şimallı qardaşları”yla görüşə naumid şəkildə keçirən Şəhriyar:
...Süleymanın sözündən öp, Bəxtiyarın gözündən öp,
Mən də təkəm sizə qurban, tək canım hamuuza qurban, –
deyərək həsrətdən yanırdı.
Azərbaycan xalqının, eləcə də bütün türk dünyasının böyük mütəfəkkiri Doktor Cavad Heyətin və yaxın məsləkdaşlarının Tehranda 1979-cu ilin aprelində nəşr etdikləri “Varlıq” jurnalının ilk sayına Bəxtiyar Vahabzadənin “Ana dili” şeirinin ustad Şəhriyarın “Azadlıq quşu “Varlıq” şeiri ilə yanaşı dərc edilməsinin dərin mənası var idi. Ana dili bir millətin milli varlığının təməl sütunudur və Bəxtiyar Vahabzadənin dil mücadiləsinin Güney Azərbaycanda və bütün İran türkləri arasında təbliğinin milli şüurun və kimlik mənsubiyyətinin aşılanmasında əhəmiyyətli təsir gücünə malik olacağına inam var idi. Doktor Cavad Heyət sahibi və naşiri olduğu “Varlıq” dərgisində hissə-hissə dərc etdirdiyi və 1990-cı ildə Tehranda bir kitab halında çıxan “Azərbaycan ədəbiyyatı tarixinə bir baxış” əsərində onu İran türklərinə tanıdaraq yazmışdı: “Bəxtiyar Vahabzadə məşhur şair, dramaturq, publisist və ədəbiyyatşünas alimlərimizdəndir.Onun lirik və fəlsəfi şeirləri təzadlarla dolu əsrimizin nəbziylə həmahəngdir. Kiçik və böyük əsərlərində Bəxtiyar Vahabzadə həyat, ölüm, qəhrəmanlıq, vətəndaşlıq məsuliyyəti kimi məsələlərə cavab verməyə çalışmışdır”.
Bəxtiyar Vahabzadə irsi, onun istiqlalçı poeziyası, həmçinin onun tarixi yaddaşımızın təzələnməsinə xidmət edən, milli ruhu daim diri tutan “Özümüzü kəsən qılınc”, “Fəryad”, “Dar ağacı”, “Hara gedir bu dünya” kimi dram əsərləri, Türk dünyasının, türkçülüyün və turançılığın tarixinə, ədəbi, fəlsəfi qaynaqlarına dair çoxsaylı elmi-publisistik əsərləri qardaş Türkiyədə, Cənubi Azərbaycanda, bütün Türk respublikalarında bilinir və sevilir. Bəxtiyar Vahabzadə barəsində Türkiyədə daha çox yazılmış və yazılmaqdadır, dram əsərləri orada da səhnələşdirilir, şeirlərinə musiqi bəstələnir. Onun nəğmə qanadlı aşağıdakı misraları hər iki ölkədə dillər əzbəridir:
...Bir millətik, iki dövlət
Eyni arzu, eyni niyyət.
Hər ikisi Cümhuriyyət,
Azərbaycan–Türkiyə.
Bəxtiyar Vahabzadə bütün Türk dünyasının ehtiram etdiyi istedadlı filosof-şair olaraq, həm də böyük fikir adamı kimi sağlığında heykəlləşmiş və bir simvola çevrilmişdi. O, təkcə Azərbaycan xalqının deyil, digər dünya xalqlarının da azadlıq ideyalarının carçısı və dəstəkçisi idi. Onun xalqların tarixi yaddaşını silkələyən, ictimai-siyasi şüurunu oyadan şeirləri 1960-cı illərdən üzü bəri diqqət çəkirdi və şeirlərinin bir çoxu dünyanın müxtəlif dillərinə tərcümə edilib yayılırdı.
Prezident İlham Əliyev Bəxtiyar Vahabzadənin irsinə böyük qiymət verərək demişdir: “Siz yaradıcılığınızı Vətənimizin azadlığı, müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş, milli şüurun yetişməsində mühüm rol oynamış və gənc nəslin milli-mənəvi dəyərlər sistemində tərbiyə olunması işinə böyük xidmətlər göstərmiş söz ustadlarımızdansınız”.
Fikrimizcə, Bəxtiyar Vahabzadə XX əsrin 2-ci yarısında Azərbaycan xalqının ədəbi-bədii-fəlsəfi fikrinin və ictimai-siyasi düşüncəsinin yetşdirdiyi təkrarsız mütəfəkkir və fədakar mübariz kimi xalqımızın, bütün dünyadakı türklərin, xüsusən də, bu sətirlərin müəllifi də daxil olmaqla, onu yaxından tanıyan və onunla ünsiyyətdə olan hər bir vətəndaşımızın qəlbində və yaddaşında həmişə yaşayacaqdır.
Eynulla MƏDƏTLİ,
tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir


