Milli Qurtuluş: Müstəqil və suveren Azərbaycanın təməl daşı
Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın çağdaş təqviminə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Günü 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin işığında və bütövləşmiş, suveren Azərbaycanın reallıqları fonunda daha mükəmməl siyasi baxışların obyektinə çevrilmişdir.
Tarixin və tarix yaradan dahilərin əsl qiymətini verən ən ədalətli hakim elə zamanın özüdür. İllər keçdikcə xalqın nicat tapdığı bu günün müstəqillik tariximizdə nə dərəcədə böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olduğuna əminlik daha da möhkəmlənir. Çünki həmin gündən etibarən ölkəmizin həyatında yeni dövr başlanmış, milli dövlətçiliyimizin sarsılmaz bünövrəsinin təməli qoyulmuşdur. Ona görə də bu əlamətdar gün Milli Məclisin 27 iyun 1997-ci il tarixli qərarına əsasən hər il ölkəmizdə rəsmi ümumxalq bayramı kimi qeyd olunur. Lakin Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, həm də müasir müstəqillik tariximizin dönüş nöqtəsidir. Onun müəllifi isə Azərbaycanın real müstəqilliyinə nail olunmasında, qorunub saxlanmasında, möhkəmlənməsində və inkişafında müstəsna rol oynamış bir şəxs - Heydər Əliyevdir.
Azərbaycanın dövlət müstəqilliyi Heydər Əliyevin siyasi təfəkkür prizmasında
Əsl tarixi həqiqət odur ki, Heydər Əliyev 1987-ci ildə SSRİ kimi nəhəng bir dövlətin ali hakimiyyət orqanlarında tutduğu yüksək vəzifələrdən uzaqlaşdırıldıqdan sonra ona qarşı bu ədalətsiz münasibətdən məyus olmuş Azərbaycan xalqının Sovetlər Birliyinə inamı sarsıldı və məhz bu hadisə onun müstəqillik düşüncələrinə ilk təkan oldu. Çünki Heydər Əliyev Sovet Azərbaycanına rəhbərliyi birinci dönəmində (1969-1982-ci illər) qurucu lider kimi xalqın böyük rəğbətini qazanmışdı. 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan məhz Heydər Əliyevin fədakarlığı sayəsində elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilmişdi. Ümumiyyətlə, görülən işlər ölkəni bütün istiqamətlər üzrə mərkəzdən asılılığını azaltmağa hesablanmışdı.
Respublikanın 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması, azərbaycançılıq ideyasının formalaşması istiqamətində atılan addımlar, peşəkar hərbiçilərin hazırlanması işinə xüsusi diqqət yetirilməsi və bir çox digər məsələlər Heydər Əliyevin milli azadlıq ideyasına söykənirdi. Bu baxımdan inamla demək olar ki, həmin dövr eyni zamanda milli özünüdərkin möhkəmlənməsi mərhələsidir. Təsadüfi deyil ki, o zaman İttifaq miqyasında iqtisadi cəhətdən özünü tam təmin edə bilən iki respublikadan biri məhz Azərbaycan olmuşdur. Sonralar həmin dövrdə həyata keçirdiyi tədbirlərdən danışan Ulu Öndər Heydər Əliyev deyirdi: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur”.
Təhdidlərə qarşı siyasi əzm nümunəsi
Heydər Əliyev Moskvada çalışdığı 1982-1987-ci illərdə də Azərbaycandan diqqətini əsirgəmir, xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması üçün əhəmiyyətli addımlar atırdı. Lakin Heydər Əliyevdən sonra respublikaya rəhbərlik etmiş şəxslərin kölə psixologiyası, prinsipsizliyi, qətiyyətsizliyi və düşünülməmiş kor-koranə addımları Azərbaycanı getdikcə tənəzzülə doğru aparmışdı. Xüsusilə Kremlin əlaltısına çevrilmiş Ə.Vəzirovun rəhbərliyi dövründə respublika dərin iqtisadi və siyasi böhrana yuvarlanmışdı. Azərbaycanın kənd təsərrüfatının, xüsusilə ənənəvi və yüksək gəlirli sahələr olan pambıqçılığın və üzümçülüyün məhvi məhz onun adı ilə bağlıdır.
Heydər Əliyevin Moskvada siyasi fəaliyyətdən təcrid olunmasından dərhal sonra keçmiş ittifaqın ermənipərəst rəhbərləri Dağlıq Qarabağda separatçı hərəkətlərə rəvac verdilər. Bu, həm də 1988-ci ildən başlayaraq 300 mindən artıq soydaşımızın Ermənistandan kütləvi deportasiyası ilə nəticələndi. Bu hadisələr o dövrdə Azərbaycanın milli azadlıq hərəkatına təkan verən amillərə çevrildi. Azərbaycanda dərinləşməkdə olan ictimai-siyasi böhran, hakimiyyətdə olan şəxslərin qorxaqlığı və həmçinin cəbhəçilərin təxribatçı davranışları Sovet qoşunlarının Bakıya yeridilməsi və 1990-cı il qanlı 20 Yanvar hadisələri ilə nəticələndi. Bu hadisəyə ilk olaraq kəskin etirazını bildirən, ən dəqiq və obyektiv tarixi qiyməti verən də Heydər Əliyev oldu. O, həyatı üçün real təhlükələrdən çəkinmədən Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək oradan beynəlxalq aləmə tarixi bəyanat ünvanladı. Bu cəsarətli çıxışdan ruhlanmış Azərbaycan xalqının milli azadlıq hərəkatı daha da vüsət aldı.
Əslində hələ o zaman Azərbaycan xalqı Heydər Əliyevi hakimiyyətdə görmək arzusu ilə yaşayırdı. Amma təəssüf ki, o zaman rəhbərlikdə olan milli xəyanətkarlar hər vəchlə buna mane olurdular. Moskvadan Bakıya gəlməsinə mərkəzi hakimiyyət, Bakıda qalmasına isə yerli hakimiyyət imkan vermirdi. Ona görə 1990-cı il iyulun 20-də Bakıya gələn Heydər Əliyev iki gündən sonra Naxçıvana getdi. Həmin il noyabrın 17-də Muxtar Respublika Ali Məclisinin sədri seçildikdən sonra siyasi fəaliyyətini orada davam etdirməyə, faktiki olaraq blokada vəziyyətinə düşmüş Naxçıvanın ağır problemləri ilə məşğul olmağa başladı.
Həmin dövrdə SSRİ-nin süqutu nəticəsində yaranmış tarixi şəraitdə keçmiş sovet respublikalarında dövlət müstəqilliyinin əldə edilməsi istiqamətində ciddi addımlar atılmağa başlandı.
Tarixi həqiqət ondan ibarətdir ki, Azərbaycanın müstəqilliyini hələ 90-cı ildə Naxçıvanda bərpa etmiş Heydər Əliyev hələ müstəqilliyin rəsmi bəyan olunmadığı bir vaxtda üçrəngli bayrağımızı qaldıraraq Naxçıvanda sovet rejiminın sonuna çıxmaqla ikinci müstəqilliyimizin təməlini qoydu. Lakin onun siyasi mövqeyi o dövrdə Bakıda müdafiə olunsaydı, əlbəttə ki, ölkə hüquqi-siyasi baxımdan acınacaqlı vəziyyətə düşməzdi.
Konstitusiya Aktının Ali Sovetdə müzakirəsi zamanı öz əqidələrini itirmiş “kommunistlər” və qaragüruh “cəbhəçi”lər birləşərək Heydər Əliyevə qarşı çıxışlar edirdilər. Çünki onları narahat edən Azərbaycan dövlətinin və xalqının taleyi yox, xalqın yeganə rəğbət bəslədiyi lider Heydər Əliyevin nüfuzu idi. Əslində, o dövrdə müstəqillik uğrunda mübarizə adı altında Heydər Əliyevə qarşı kampaniya aparırdılar. Bu kampaniyanın başında Mixail Qorbaçov və erməni lobbisi, icraçıları isə Azərbaycanın o vaxtkı hakimiyyəti və hakimiyyətə gəlmək arzusunda olan “cəbhəçi”lər idi. Dövlət quruculuğunun əsaslarını hamıdan yaxşı biliən Heydər Əliyev isə Ali Sovetin deputatı kimi 30 avqust 1991-ci il “Dövlət müstəqilliyinin bərpası haqqında” Bəyannamə müzakirə olunarkən cəsarətlə tarixi həqiqətləri söyləmişdi: “Dövlət müstəqilliyinin bərpası məsələsi çox tarixi məsələdir. Xalqın iradəsi olmadan belə bir qərarın, yaxud bəyanatın qəbul olunması qanunu pozmaq deməkdir. Bəyanatın qəbul olunmasının əleyhinə deyiləm, ancaq xalqa müraciət etmək lazımdır, qısa müddət ərzində referendum keçirmək lazımdır və referendumun nəticəsinə görə qərar qəbul edilməlidir. Bu birinci, ikincisi mən mart ayında da demişdim. İkiüzlü siyasət aparmaq olmaz. Biz gecikmişik”. Lakin o zaman əgər Heydər Əliyevi eşitsəydilər və siyasi iradə olsaydı, Azərbaycan öz müstəqilliyini ilk elan edən dövlətlər siyahısında olardı və bununla qürur duyardı.
Təəssüf ki, o zaman Heydər Əliyevin bu təklifli nəzərə alınmadı. 1991-ci ilin mart ayında Azərbaycanın İttifaq müqaviləsinin getməsi haqqında referendum keçirilib qərar qəbul olunmasına rəğmən yalnız yeddi aydan sonra - oktyabrın 18-də dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Beləliklə, Azərbaycan konstitusionalizmi ilk mərhələdə tarixi və siyasi hüquqi baxımdan acınacaqlı bir mərhələni yaşamış oldu. Bu hadisələrin düzgün qiymətini 30 il sonra Prezident İlham Əliyev belə vermişdir: “18 oktyabr gününü böyük təmtəraqla qeyd etmək, yaxud da kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir. Sovet İttifaqı dağılırdı, Rusiya Federasiyası özü dövlət suverenliyi haqqında Konstitusiya Aktını bizdən qabaq qəbul etmişdi”.
Bu gün Azərbaycan cəmiyyəti birmənalı olaraq o fikirdədir ki, əgər həmin dövrdə Heydər Əliyev Azərbaycanın rəhbərliyində olsaydı, nə Dağlıq Qarabağ işğal olunardı, nə də ki ölkə müstəqilliyinin ilk illərində böhran yaşayardı. Təəssüf ki, biz bu tarixi şansdan yararlana bilmədik və bunun acı nəticələrini gördük.
Hakimiyyət uğrunda ədalətsiz mübarizənin fəsadları
O dövrdə ölkə daxilindəki vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurmalar nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə almışdı. Hadisələri düzgün qiymətləndirə bilməyən A. Mütəllibov hakimiyyəti əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Digər tərəfdən də təcavüzkar Ermənistanın ölkəmizə qarşı torpaq iddiaları ilə müşayiət olunan Dağlıq Qarabağ problemi ağır yük kimi Azərbaycanın başı üzərində dururdu. Hər kəsin var gücü ilə xarici düşmənə qarşı həmrəylik nümayiş etdirməli olduğu belə bir şəraitdə ayrı-ayrı mafioz qruplarda birləşmiş hakimiyyət hərisləri özlərinin şəxsi maraqlarına xidmət edən fəaliyyətlə məşğul idilər.
1992-ci ilin yaz aylarından başlanan daxili hərc-mərclik, siyasi qüvvələrin çəkişməsi cəbhə bölgəsinin nəzarətdən kənar qalmasına və Qarabağ savaşında ermənilərin üstünlüyü ələ almasına gətirib çıxardı. Beləliklə, AXC-Müsavat cütlüyü meydan hərəkatının dalğası üzərində A. Mütəllibovu devirərək hakimiyyəti faktiki olaraq zəbt etdi. “Cəbhəçi”lərin əsl siması bir il ərzində hakimiyyətdə olduqları zaman bəlli oldu. Daxili və xarici siyasətdə buraxılan səhvlər onsuz da mürəkkəb olan vəziyyəti daha da gərginləşdirdi. Xalq aclıq və səfalət içində idi. “Cəbhəçi”lər Heydər Əliyevin ötən əsrin 70-80-ci illəri ərzində yaratdığı fundamental maddi və mədəni nailiyyətləri qısa müddətdə məhv etmiş, sərvətlər talan edilmiş, işbazlar tərəfindən xaricə satılmışdı. Ümumiyyətlə, ölkə kriminal, mafioz qruplar, silahlı birləşmələr tərəfindən idarə olunurdu.
Qarabağ məsələsi milli maraqlar çərçivəsindən çıxaraq şəxsi mənafe predmetinə çevrilmişdi. Şuşa, Laçın rayonları əldən gedəndən sonra Kəlbəcər rayonunun bütövlükdə işğalı nəticəsində Dağlıq Qarabağla Ermənistan arasında geniş əlaqə üçün imkan yarandı. Beləliklə də, bu hadisələr yarıtmaz fəaliyyəti və davranişları ilə xalq içində tamamilə nüfuzdan düşmüş AXC-Müsavat hakimiyyətinin biabırçı sonuna yaxınlaşdırdı.
Xalq Heydər Əliyevdən imdad istəyir
Bu hadisələrin fonunda Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı artiq tarixi zərurətə çevrilmişdi. Hələ 1992-ci ilin oktyabrında Azərbaycanın “91-lər” adlanan dəyərli ziyalıları bu təkliflə Heydər Əliyevə müraciət etmışdilər. Öncə müxalifət partiyası kimi meydana atılan, lakin qısa zamanda ümumxalq partiyasına çevrilmiş və ölkənin dinamik inkişaf konsepsiyasının ideoloji təməli olan Yeni Azərbaycan Partiyasını yaratmaqla Ulu Öndər Azərbaycanda siyasi mübarizənin sivil nümunələrini ictimaiyyətə təqdim etdi.
AXC-Müsavat cütlüyünün ölkəyə rəhbərliyi dönəmində baş verən proseslər hakimiyyət uğrunda siyasi və silahlı qarşıdurmalarla müşayiət olunurdu. Polkovnik Surət Hüseynovun başçılığı ilə 1993-cü il 4 iyun tarixində Gəncə şəhərində təşkil olunmuş hərbi qiyam bu hadisələrin kulminasiya nöqtəsinə çevrildi. 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Bu isə daxili və xarici düşmənlərimizin bütün planlarının pozulmasının başlanğıcı oldu. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və bölgədə hələ də davam edən qiyamın və qardaş qırğınının qarşısını aldı.
Ali Sovet Gəncə hadisələrini təhqiq edən deputat istintaq komissiyasının işinin yekunu barədə 16 iyul 1993-cü ildə qəbul etdiyi qərarla bu hadisələrə siyasi qiymət vermişdir. Sənədin 2-ci bəndində deyilir: “1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş qanlı hadisələr Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin və digər yüksək vəzifəli şəxslərin əvvəlcədən xüsusi düşünülmüş və planlaşdırılmış siyasətinin nəticəsi hesab edilsin, onlar tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının kobud surətdə pozulması kimi qiymətləndirilsin”.
Milli həmrəylik və ictimai-siyasi sabitlik uğrunda
Gəncə qiyamı ağıllı siyasi gedişlər və böyük şəxsi nüfuz hesabına sülh yolu ilə yatırıldıqdan sonra 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. O, problemlərin həlli üçün ilk növbədə ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin son dərəcə vacib olduğu barədə qənaətini açıqladı:“Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Bunun ardınca isə “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, - söyləyərək böyük risklər altında xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.
Bütün bu gərgin vəziyyətə baxmayaraq Azərbaycanda dövlət orqanlarının fəaliyyətini və dövlətçiliyi bərpa etmək zərurəti ilə əlaqədar 1993-cü il oktyabrın 3-də prezident seçkiləri keçirildi və Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.
Bu, elə bir dövr idi ki, cəbhə bölgəsində böhran davam edirdi. Nəticədə, Zəngilan rayonu da işğala məruz qaldı. 1993-cü ilin son ayları ərzində ərazi itkilərinin əsas səbəbi isə o idi ki, bu dönəmdə yerlərdə, xüsusilə ordu bölmələrinin rəhbərliyində hələ də Elçibəy hakimiyyətinin təyin etdiyi şəxslər təmsil olunurdular və hadisələrin gedişinə ciddi təsir göstərmək imkanına malik idilər.
1993-cü ilin dekabr ayında Heydər Əliyev bütün daxili çəkişmələri kənara qoyub torpaqları azad etmək naminə Azərbaycan hərbiçilərini səfərbər olmağa çağırdı. Azərbaycan ordusunun həmin günlərdə başlayan hücum əməliyyatları 1994-cü ilin yanvarında Horadiz və Füzuli rayonunun bir hissəsinin azad olunması ilə başa çatdı. Bu tarixin ən obyektiv qiymətini Heydər Əliyevin sonrakı addımlarının timsalında zamanın özü verib. Qarabağ münaqişəsinin ciddi uğur nümunəsi olan Horadiz əməliyyatının əsas siyasi əhəmiyyəti budur ki, öz havadarlarına arxayın olan rəsmi İrəvanın bu məğlubiyyətdən sonra atəşkəs rejiminə imza atmaqdan başqa çıxış yolu qalmadı. Qeyd edək ki, eyni taktiki gediş illər sonra - 2016-cı ilin aprel ayında da Azərbaycan ordusunun inamlı qələbəsi ilə yenidən təkrar olundu.
1993- cü ilin ortalarında ölkə daxilində ictimai-siyasi vəziyyəti daha da mürəkkəbləşdirən və cəbhədəki durumu ağırlaşdıran başqa ciddi səbəblər də var idi. Yaranmış vəziyyətdən öz maraqları naminə istifadə etmək istəyən və xarici havadarlarının dəstəyinə güvənən daxili separatçı qüvvələr də siyasi meydanda görünməyə başlamışdılar. 1993-cü ilin iyun-avqust aylarında cənub bölgəsinin 7 rayonunu əhatə edən bir ərazidə saxta polkovnik Əlikram Hümbətovun ortaya atdığı üzdəniraq “Talış-Muğan Respublikası” ideyası, şimalda isə milli zəmində millətçi “Sadval” hərəkatının fəallaşması respublikanın müstəqilliyi üçün əlavə təhlükə mənbəyinə çevrilmişdi. Həmin qüvvələr əslində Elçibəy hökumətinin yürütdüyü yanlış milli siyasət nəticəsində baş qaldırmışdılar. Separatçılar öz hədəflərinə çatmaq üçün Heydər Əliyevin məğlubiyyətini hamıdan çox arzulayan cəbhəçilərin mövqeyinə arxayın idilər. Vəziyyətin belə gərgin olmasına baxmayaraq Ulu Öndər xalqın dəstəyi ilə həm şimalda, həm də cənubda süni yaradılmış separatçı meyllərin qarşısını aldı.
Sonrakı mərhələlərdə daxili sabitliyi pozmaq cəhdləri göstərilsə də, Heydər Əliyev ölkəmizi tarixin bu sınaqlarından da üzüağ çıxarmağı bacardı. “Əsrin kontraktı”nın imzalanması ərəfəsində, 1994-cü il oktyabrında Baş nazir Surət Hüseynov tərəfindən idarə olunan dövlət çevrilişinə cəhdin qarşısı alındı. Bircə çağırışla bir anın içində Prezident Aparatının qarşısına toplaşan on minlərlə insanın yaratdığı izdiham xalqın möhtəşəm Heydər Əliyev sevgisinin, öz liderinə sədaqətini və inamını nümayiş etdirən silinməz tarix kimi yaddaşlardadır. 1995-ci ilin martında radikal müxalifətə işləyən xarici anti-azərbaycan qüvvələrinin təsiri altına düşmüş OMON-çuların qiyamı da uğurla yatırıldı. Bundan sonra, nəhayət, ölkədə ictimai siyasi sabitlik bərqərar olmağa başladı.
Azərbaycan Konstitusiyası və dövlətçilik ənənələrinin formalaşması
Mübaliğəsiz demək olar ki, Azərbaycanın müasir konstitusionalizminin ilkin mərhələsinə obyektiv siyasi hüquqi qiymət vermədən 1995-ci il Konstitusiyasının qəbulunu və əhəmiyyətini düzgün dəyərləndirmək mümkün deyil. Bu baxımdan, düşünürəm ki, Milli Qurtuluş tarixini həm də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və suverenlik ili” elan edilməsi kontekstində daha bir rakursdan dəyərləndirməyə ehtiyac vardır.
Əsl tarixi həqiqət ondan ibarətdir ki, 1991-ci ildə dövlət müstəqilliyimiz bərpa olunsa da, o dövrdə ölkə rəhbərliyində olmuş kommunistlər də, “cəbhəçi”lər də xalqın iradəsindən kənar marionetlərdən ibarət idi. Və məhz ona görə yeni Konstitusiyanın hazırlanması müddəası heç kimin yadına da düşmürdü, heç belə bir niyyət mövcud da deyildi.
Məhz Heydər Əliyev bütün xarici və daxili təhdidlərə baxmayaraq, 1995-ci il noyabrın 12-də bilavasitə özünün rəhbərliyi ilə işlənib hazırlanmış müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunmasına müvəffəq oldu və bundan sonra dövlət quruculuğu istiqamətindəki işlər yeni keyfiyyətdə davam etdirilməyə başlandı. Prezident İlham Əliyev isə illər sonra bu addımların məntiqi davamı kimi ölkənin Ali sənədinin ərazi bütövlüyü və suverenlik müddəalarını Ali Baş Komandan kimi Qarabağ səfəri ilə təmin etdi.
Heydər Əliyev yolunun alternativi yoxdur
Heydər Əliyevin öz xalqının xoşbəxt gələcəyi naminə gördüyü işləri sadalamaqla bitirmək mümkün deyil. Milli Qurtuluş Günü barədə danışarkən artıq öz təsdiqini tapmış belə bir qənaəti təkrarən bölüşmək istərdim ki, xalqımız ölkəmizin bugünkü uğurlarının bünövrəsini qoymuş Heydər Əliyevi o zaman hakimiyyətə dəvət etməklə böyük müdriklik nümayiş etdirib. Bu tarixi yollara nəzər saldıqca bir daha əmin olursan ki, onun “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” tezisi hər bir dövr üçün aktuallığını qoruyub saxlayır.
Prezident İlham Əliyev Ulu öndərin 100 illik yubileyi günündə Şuşa şəhərindən xalqa müraciətində onun Azərbaycanın müstəqilliyi və inkişafı naminə göstərdiyi fəaliyyətə siyasi qiymət verərkən demişdir: “Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir və biz - onun davamçıları onun yolu ilə gedirik... Azərbaycan Ulu Öndərin yolu ilə gedərək öz dövlət müstəqilliyini daha da möhkəmləndirib. Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz var, güclü ordumuz var və eyni zamanda, güclü imkanlarımız var. Maliyyə resurslarımız, maddi vəziyyətimiz imkan verir ki, biz ancaq öz daxili resurslarımız hesabına yaşayaq və yaşayırıq, daxili resurslar hesabına Qarabağı yenidən qururuq, Zəngəzuru yenidən qururuq”.
Bu gün Azərbaycan artıq dövlət müstəqilliyinin bərpasının 34-cü ilini yaşayır. Ötən bu illər ərzində ölkəmiz böyük inkişaf yolu keçib. Azərbaycanın dinamik şəkildə artan qüdrəti, beynəlxalq mövqeyi və nüfuzu sayəsində bölgədə formalaşan yeni reallıqlar və əldə olunan misilsiz tarixi nailiyyətlər respublikamızın daha işıqlı və firavan gələcəyinin rəhnidir. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı etibarlı əllərə ötürülüb. Heydər Əliyev ideologiyasının ən layiqli davamçısı olan islahatçı Prezident, bütün dünya azərbaycanlılarının əvəzsiz lideri, Ulu Öndərin vəsiyyətinə əməl edərək tarixi Qarabağ Zəfəri ilə Azərbaycan xalqının şərəf və ləyaqətini özünə qaytarıb. Bu siyasət ölkəmizi yeni möhtəşəm uğurlara daşımaqdadır.
Əli HÜSEYNLİ,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri


