MKİ in 35 illik sirri: 97 hərf nəyi bildirir? İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.
Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Virciniya ştatındakı Langley qərargahının qarşısında 35 ildir açılmayan bir sirdən xəbər verən "Kryptos" adlı heykəl dayanır. Bu heykəl sadəcə bir sənət nümunəsi deyil, içində gizli mesajlar və kriptoqrafik tapmacalar saxlayan bir istihbarat labirintidir.
Qaynarinfo xəbər verir ki, dörd hissədən ibarət yazılı mesajların ilk üçü artıq deşifrə olunub, lakin dördüncü hissə – "K4” – hələ də insan zəkasına meydan oxuyur. İndi isə bu sirr ilk dəfə pul qarşılığında satıla bilər.
Sənət əsəri, yoxsa kriptoqrafik tapmaca?
Heykəlin müəllifi Cim Sanborn 1990-cı ildə MKİ-nin yeni binası üçün sənət əsəri yaratmaq tapşırığı alıb. O, bu fürsəti adi bədii işdən daha irəli apararaq, gizli kodlarla dolu bir quruluş hazırlayıb. Kodlaşdırma prosesi üçün o, MKİ-nin tanınmış "kod sehrbazı” Edvard Şeydt ilə birgə çalışıb.

Sanborn və Şeydt "gizlətmək və kəşf etmək” mövzusu əsasında dörd müxtəlif şifrə üsulu hazırlayıblar. Məlumata görə, ilk üç hissədə əlifba hərflərinin xüsusi cədvəllər vasitəsilə sürüşdürülməsinə əsaslanan "Vigenere” şifrəsi tətbiq olunub.
Açılan hissələr nəyi göstərir?
Birinci mesaj 1999-cu ildə ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) əməkdaşları tərəfindən oxunub. Mətn belədir:
"İncə kölgələnmə ilə işığın yoxluğu arasında, iqlusion (yəni illüziya) nüansı yatır".
İkinci mesajda isə dünyanın maqnit sahəsini istifadə edən və məlumatları yeraltı naməlum bir məkana ötürən sirli sistemdən bəhs olunur:
"Tamamilə görünməz idi. Bu necə mümkün ola bilər? Dünyanın maqnit sahəsini - X-i istifadə etdilər. Məlumatlar toplanıb yeraltında naməlum bir məkana - X-ə göndərildi. Langley bunu bilirmi? Bilməlidir. Bir yerdə basdırılıb olmalıdır. Dəqiq yeri kim bilir? Yalnız WW. Bu, onun son mesajı idi – X".
Bu hissədə MKİ qərargahının koordinatları da gizli şəkildə yer alır.
Üçüncü mesaj isə misirşünas Hovard Karterin 1925-ci ildə Tutanxamonun məzarını açdığı anları təsvir edir:
"Qapının alt hissəsini tutan keçidin qalıqlarını titrəyən əllərimlə qaldırdım... Otağın içindəki detallar duman içindən yavaş-yavaş görünməyə başladı".
Lakin bütün bu məlumatlara baxmayaraq, "Kryptos”un son hissəsi – "K4” – 35 ildir heç kim tərəfindən açıla bilmir.

Sirr satışa çıxarılır
Cim Sanbornun hazırladığı dörd hissəli bu kriptoqrafik əsərin çözülməmiş son hissəsi – "K4” – ilk dəfə açıq artırmaya çıxarılır. Sanbornun yalnız özünün bildiyi bu şifrə "RR Auction” adlı hərrac evində 20 noyabrda satışa təqdim olunacaq. Təxmini qiymət 300 min – 500 min dollar aralığında göstərilir.
Məlumata görə, Sanborn illər ərzində maraqlananlara ehtimallar təqdim etmək üçün 50 dollar qarşılığında ipucları satıb və ümumilikdə 40 min dollara yaxın gəlir əldə edib. Son dövrlərdə artan maraq və davamlı müraciətlər səbəbilə, o, indi sirri yeni sahibinə ötürmək qərarına gəlib.
Hırrac evinin sözçüsü Bobbi Livinqston bu hadisəni belə dəyərləndirib:
"Kryptos" 35 ildir dünyanın ən bacarıqlı şifrəçözənlərini belə çaşdırıb. İndi bu sirrin tam cavabı, açıq artırmanı qazanan şəxsə açıqlanacaq".
Sirr sona çatırmı?
Sanborn illər ərzində bir neçə ipucu paylaşıb: 2010-cu ildə "Berlin”, 2014-cü ildə "Saat” və 2020-ci ildə "Şimal-şərq” sözlərini açıqlayıb. Amma bunlar "K4”ün açılması üçün yetərli olmayıb. Sanbornun sözlərinə görə, hətta "K4” həll olunsa belə, "tapmaca K5 olaraq qalacaq".
Bu da onu göstərir ki, "Kryptos”un sirri sadəcə bu 97 hərfdən ibarət deyil, onun arxasında daha dərin bir fikir və struktur gizlənir.
K4-ün orijinal mətninin forması
"OBKRUOXOGHULBSOLIFBBWFLRVQQPRNGKSSOTWTQSJQSSEKZZWATJKLUDIAWINFBNYPVTTMZFPKWGDKZXTJCDIGKUHUAUEKCAR”
Bu 97 hərfdən ibarət şifrə bir çox mütəxəssislər tərəfindən "rəqəmsal dövrün Rosetta Daşı” kimi xarakterizə olunur.
Aydın


