Moskvaya gəmi səyahəti 4 5 min manata başa gələcək
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Adam Xakimov Moskva ilə Bakı arasında lüks kruiz laynerlərinin istifadəyə verilməsinin planlaşdırıldığını bildirib. Onun sözlərinə görə, gediş-gəliş səfəri təxminən 14 gün davam edəcək. Hər istiqamət üzrə səyahətə isə bir həftə vaxt sərf olunacaq.
Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Moskva-Bakı marşrutu üzrə lüks kruiz laynerlərinin istifadəyə verilməsi təşəbbüsünü müsbət qiymətləndirdiyini bildirib.
Deputatın sözlərinə görə, layihə yalnız Moskva-Bakı deyil, eyni zamanda Bakı-Moskva istiqamətində də qarşılıqlı turizm səfərlərinin təşkilinə imkan yaratmalıdır:
"Bu layihə yalnız Moskva-Bakı istiqamətində deyil, eyni zamanda Bakı-Moskva marşrutu üzrə də qarşılıqlı turizm səfərlərinin təşkilinə imkan yaradacaq. Bu təşəbbüs Azərbaycanın turizm sektorunda yeni və perspektivli bir istiqamətin formalaşmasına təkan verə bilər. Dünyanın, xüsusilə də Avropa ölkələrinin turizm təcrübəsinə nəzər salsaq, görərik ki, kruiz turizmi artıq uzun illərdir geniş yayılıb və turistlər arasında böyük maraq doğurur. Bu baxımdan, Xəzər dənizində də belə bir turizm modelinin inkişaf etdirilməsi ölkəmiz üçün yeni iqtisadi və turizm imkanları yaradacaq".
Azər Badamov hesab edir ki, Azərbaycan turizm sektorunun regional miqyasda genişləndirilməsi, yeni marşrutların yaradılması və beynəlxalq turist axınının artırılması istiqamətində mövcud imkanları daha geniş araşdırmalıdır:
"Bakı əlverişli coğrafi mövqeyi, inkişaf etmiş turizm infrastrukturu və zəngin mədəni-tarixi irsi ilə gələcəkdə Xəzər hövzəsində kruiz turizminin əsas mərkəzlərindən birinə çevrilmək potensialına malikdir. Təbii ki, bunun üçün yalnız kruiz laynerlərinin istifadəyə verilməsi kifayət deyil. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında müvafiq sərnişin infrastrukturu, gömrük və sərhəd-keçid prosedurları, turistlərin qəbulu və xidmət səviyyəsi beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Eyni zamanda, təhlükəsizlik, logistika və marşrutun iqtisadi səmərəliliyi ilə bağlı məsələlər də kompleks şəkildə həllini tapmalıdır.
Belə bir layihənin həyata keçirilməsi ölkəyə əlavə turistlərin cəlb olunmasına, mehmanxana, restoran, nəqliyyat, ticarət və digər xidmət sahələrinin inkişafına şərait yaradacaq. Bu isə öz növbəsində yeni iş yerlərinin açılmasına, sahibkarlıq fəaliyyətinin genişlənməsinə və ölkə iqtisadiyyatına əlavə maliyyə daxilolmalarının təmin edilməsinə töhfə verə bilər".
"Ümumilikdə, düşünürəm ki, Azərbaycan kruiz turizmini Xəzər regionunda yeni turizm məhsulu kimi inkişaf etdirməli, bu sahədə beynəlxalq təcrübədən yararlanmalı və mövcud imkanlardan səmərəli istifadə etməlidir. Bu istiqamətdə atılacaq addımlar Bakının beynəlxalq turizm xəritəsində mövqeyinin möhkəmlənməsinə xidmət edə bilər", – deyə deputat qeyd edib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov isə hesab edir ki, turizm əlaqələrinin inkişafı yalnız Rusiya ilə deyil, bütövlükdə Xəzəryanı Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq kontekstində nəzərdən keçirilməlidir.
Deputatın sözlərinə görə, Xəzər dənizi vasitəsilə kruiz laynerlərinin istifadəyə verilməsi və turların təşkili regiona daha çox turistin cəlb olunmasına şərait yarada bilər:
"Xəzər vasitəsilə kruiz laynerlərinin istifadəyə verilməsi, turların təşkili regiona daha çox turistin gəlməsinə gətirib çıxara bilər. Bu gün turizm sektorunda çox fərqli məhsulların təqdim edilməsi vacibdir. Nəticə etibarilə bu, Azərbaycana gələn turistlərin sayına təsir göstərə bilər. Turizm Azərbaycan üçün vacib sektorlardan biridir. Hazırda Azərbaycanda ikinci ən çox valyuta gətirən sahə turizm sektorudur. Həm Rusiya ilə əməkdaşlıq, həm də gələcəkdə Xəzəryanı ölkələrlə əməkdaşlıq daha çox turist, daha çox valyuta və dövlət gəlirləri baxımından vacibdir".
Səyahət neçəyə başa gələ bilər?
Moskva–Bakı kruizinin qiymətinə dair müqayisə aparmaq üçün Rusiyada satışa çıxarılan oxşar müddətli lüks gəmi turlarına nəzər salmaq olar.
Məsələn, “Mustay Karim” gəmisində 2027-ci ilin iyununda Moskva–Kazan istiqamətində yeddigünlük səyahət bir nəfər üçün 192 200 rubldan, təxminən 4 min manatdan başlayır. “Vladimir Jirinovski” laynerində iyul ayında Sankt-Peterburq–Moskva marşrutu üzrə yeddigünlük kruizin endirimli başlanğıc qiyməti isə təxminən 4 575 manatdır. Eyni laynerdə Moskva–Sankt-Peterburq–Moskva istiqamətində 15 günlük tur təxminən 9 566 manatdan təklif olunur.
Bu nümunələri əsas götürdükdə, Moskva–Bakı xəttində də oxşar qiymət siyasəti tətbiq olunarsa, bir həftəlik səfər üçün adambaşına təxminən 4–5 min manat, iki həftəlik gediş-gəliş üçün isə 8–10 min manatlıq başlanğıc qiymət ehtimal edilə bilər. Bu məbləğlər müqayisə əsasında hesablanan təxmini göstəricilərdir. Yekun tarif gəminin səviyyəsindən, kayutun kateqoriyasından, mövsümdən və paketə daxil ediləcək xidmətlərdən asılı olacaq.
Baxış sayı:88
Bu xəbər 10 Noyabr 2026 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















