10 noyabr Bəyanatı regionda nələri dəyişdi?
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın kapitulyasiya aktını imzalamasından altı il ötür.
Həmin sənəd 44 günlük Vətən müharibəsindən sonra regionda yeni siyasi və geosiyasi reallıqların formalaşmasının əsasını qoydu.
Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində əldə etdiyi hərbi-siyasi nəticələr, Qarabağda separatçı rejimin mövcudluğuna son qoyulması, Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinin aktuallaşması və regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələsi sonrakı dövrün əsas müzakirə mövzularına çevrildi.
10 noyabr 2020-ci il bəyanatının imzalanmasından ötən altı ildə regionda hansı siyasi və geosiyasi dəyişikliklər baş verib?
“Cebheinfo.az”-a açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, 10 noyabr Bəyanatından ötən altı il Cənubi Qafqazın siyasi və geosiyasi mənzərəsini köklü şəkildə dəyişib.
O qeyd edib ki, bu tarix Azərbaycanın müasir dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, regionda onilliklər ərzində mövcud olmuş siyasi reallıqların dəyişməsini sürətləndirən mühüm hadisə kimi yadda qalıb:
"2020-ci il Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində həlledici hərbi-siyasi nəticələr yaratdı. Otuz ilə yaxın davam edən işğala son qoyulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrində əksini tapmış ərazi bütövlüyü prinsipinin praktiki müstəvidə təmin edilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyini yeni mərhələyə daşıdı. Bu proses Azərbaycan dövlətinin hərbi potensialı, siyasi iradəsi və diplomatik fəaliyyətinin bir-birini tamamladığı mühüm tarixi mərhələ oldu".
Tural İsmayılov əlavə edib ki, 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri ilə Qarabağda separatçı qurumun mövcudluğuna son qoyulması isə suverenliyin bütün ölkə ərazisində bərpasını təmin etdi:
"Beləliklə, uzun illər regionun təhlükəsizlik gündəliyini müəyyənləşdirən separatizm və ərazi münaqişəsi problemi əvvəlki formasında mövcudluğunu itirdi. Azərbaycan üçün bu, dövlət suverenliyinin təmin edilməsi, ərazilərin reinteqrasiyası və Böyük Qayıdış prosesinin genişləndirilməsi baxımından, yeni imkanlar yaratdı.
Müharibədən sonrakı dövrün mühüm xüsusiyyətlərindən biri də Azərbaycanın regional gündəliyin formalaşmasında artan roludur. Əvvəllər Qarabağ münaqişəsinin həlli ətrafında aparılan beynəlxalq müzakirələr sonrakı mərhələdə sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və regional əməkdaşlıq məsələlərinə yönəldi. Bu dəyişiklik Azərbaycanın yaratdığı yeni reallıqların regional siyasətin əsas müzakirə istiqamətlərinə çevrildiyini göstərir".
Onun sözlərinə görə, 2020-ci ildən sonra baş verən ən mühüm geosiyasi dəyişikliklərdən biri Cənubi Qafqazda güc balansının yenidən formalaşmasıdır:
"Azərbaycan artıq münaqişənin həlli ilə bağlı beynəlxalq vasitəçilərin qərarını gözləyən tərəf deyil, regional proseslərin istiqamətinə təsir göstərən müstəqil siyasi aktordur. Azərbaycanın yaratdığı yeni reallıqlar regiona münasibətdə beynəlxalq yanaşmaların da dəyişməsinə səbəb oldu.
Bu mərhələdə Rusiya, Türkiyə, ABŞ və Avropa İttifaqının Cənubi Qafqaz siyasətində yeni prioritetlər meydana çıxdı. Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik münasibətləri regional təhlükəsizlik və iqtisadi əməkdaşlığın mühüm dayaqlarından birinə çevrildi. Şuşa Bəyannaməsi ilə rəsmiləşən müttəfiqlik münasibətləri iki dövlətin təhlükəsizlik, müdafiə, xarici siyasət və iqtisadiyyat sahələrində əməkdaşlığını daha sistemli müstəviyə çıxardı".
Politoloq bildirib ki, digər tərəfdən, 2020-ci il bəyanatında nəzərdə tutulan Rusiya sülhməramlı kontingentinin fəaliyyəti 2024-cü ildə başa çatdı:
"Bu hadisə də regionda təhlükəsizlik arxitekturasının dəyişməsinin mühüm göstəricisi idi. Beləliklə, Qarabağda Azərbaycanın suveren hüquqlarının təmin olunması ilə paralel olaraq, münaqişədən sonrakı dövrün beynəlxalq təhlükəsizlik mexanizmləri də transformasiyaya uğradı".
O vurğulayıb ki, altı ilin ən diqqətçəkən nəticələrindən biri Ermənistanın Azərbaycanla münasibətlərdə əvvəlki siyasi ritorikadan uzaqlaşaraq sülh və regional əməkdaşlıq məsələlərini gündəmə gətirməsidir:
"2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalar bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Ermənistan liderləri sülh sazişinin mətnini parafladılar, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Birgə Bəyannamə imzalandı. Bununla belə, paraflanmış sənədin yekun sülh müqaviləsi kimi imzalanması və qüvvəyə minməsi məsələsi hələ də gündəmdədir".
Tural İsmayılovun sözlərinə görə, bu prosesin mühüm tərəfi ondan ibarətdir ki, Azərbaycan münaqişənin hərbi mərhələsindən sonra da öz milli maraqlarını diplomatik müstəvidə ardıcıl şəkildə müdafiə edir:
"Sülhün hüquqi əsaslarının formalaşdırılması, qarşılıqlı ərazi bütövlüyünün tanınması və Ermənistanın konstitusion iddiaları ilə bağlı məsələlərin həlli Azərbaycanın gündəliyində mühüm yer tutur.
10 noyabr Bəyanatının doqquzuncu bəndində nəzərdə tutulan nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası məsələsi bu gün artıq regional geoiqtisadiyyatın əsas istiqamətlərindən biridir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının yaradılması ölkəmizin strateji maraqları baxımından xüsusi əhəmiyyət daşıyır. Bu bağlantı Türkiyə ilə birbaşa quru əlaqələrinin genişlənməsi, Orta Dəhlizin imkanlarının artırılması və Xəzər hövzəsinin Avropa ilə nəqliyyat inteqrasiyasının dərinləşməsi deməkdir".
O qeyd edib ki, 2025-ci ilin Vaşinqton razılaşmalarından sonra gündəmə gələn TRIPP layihəsi bu istiqamətdə yeni mərhələ açıb:
"Layihənin reallaşması Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında bağlantını təmin etməklə yanaşı, Ermənistanın da regional nəqliyyat şəbəkələrinə inteqrasiyası üçün imkanlar yarada bilər. Bu baxımdan Zəngəzur istiqamətində kommunikasiyaların açılması təkcə iki ölkənin münasibətləri deyil, bütövlükdə Türk dünyasının geosiyasi və iqtisadi əlaqələri baxımından əhəmiyyətlidir.
Burada Azərbaycanın iqtisadi və geosiyasi maraqlarının uzlaşdırılması xüsusi diqqət çəkir. Azərbaycan Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağı kimi mövqeyini möhkəmləndirir. Zəngəzur istiqamətində bağlantının açılması isə ölkəmizin tranzit imkanlarını genişləndirməklə yanaşı, Türk dünyasının coğrafi və iqtisadi əlaqələrinin daha da güclənməsinə xidmət edə bilər"
Politoloq bildirib ki, Azərbaycan və Ermənistan arasında iqtisadi münasibətlərin formalaşması istiqamətində də praktiki addımlar atılıb:
"Sərhədin delimitasiyası üzrə danışıqlar, Azərbaycandan Ermənistana yanacaq məhsullarının tədarükü və tranzit daşımaları uzun illər qarşıdurma şəraitində yaşamış iki ölkə arasında iqtisadi münasibətlərin yeni mərhələyə keçməsi baxımından əhəmiyyətlidir.
Bütün bu proseslər göstərir ki, 10 noyabr 2020-ci il Bəyanatı sadəcə hərbi əməliyyatların dayandırılması ilə məhdudlaşan sənəd olmadı. O, Cənubi Qafqazda yeni siyasi reallıqların formalaşmasına təkan verdi. Azərbaycanın ərazi bütövlüyünün bərpası, suverenliyin bütün ölkə ərazisində təmin olunması, separatizmin aradan qaldırılması, diplomatik mövqelərin möhkəmlənməsi və regional nəqliyyat gündəliyinin dəyişməsi bu tarixi mərhələnin başlıca nəticələridir".
Tural İsmayılov əlavə edib ki, ən vacib məqamlardan biri Azərbaycanın hərbi uğurunu siyasi və iqtisadi gündəliyə çevirmək istiqamətində apardığı fəaliyyətdir. Dövlətlərin gücü yalnız hərbi imkanları ilə ölçülmür:
"Həmin imkanları uzunmüddətli siyasi sabitliyə, iqtisadi inkişafa, beynəlxalq əməkdaşlığa və milli maraqların təminatına çevirmək də mühüm dövlətçilik bacarığıdır. Azərbaycanın postmünaqişə dövründə qarşısına qoyduğu əsas vəzifələrdən biri məhz budur.
Bununla belə, regionda davamlı sülhün tam təmin olunması üçün yekun sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyasının davam etdirilməsi, nəqliyyat bağlantılarının praktiki olaraq istifadəyə verilməsi və qarşılıqlı etimadın möhkəmləndirilməsi vacibdir. Bu istiqamətlərdə hələ görüləsi işlər var".
O vurğulayıb ki, 10 noyabr 2020-ci il tarixinin tarixi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan uzun illər davam edən münaqişənin hərbi-siyasi nəticələrini öz milli maraqları əsasında dəyişdirdi və regionun gələcək inkişafı üçün yeni gündəlik formalaşdırdı:
"Bu gün Cənubi Qafqazda müzakirə edilən əsas məsələlər artıq işğalın davam etdirilməsi deyil, sülhün hüquqi təminatı, kommunikasiyaların açılması, iqtisadi əməkdaşlıq və yeni regional nizamın qurulmasıdır. Azərbaycanın qarşısında duran strateji vəzifə isə əldə edilmiş suverenlik və təhlükəsizlik nəticələrini uzunmüddətli regional sabitlik və inkişafla möhkəmləndirməkdir".
Əfsanə Rəcəb
"Cebbeinfo.az"
Açar sözlər: 10 noyabr Bəyanatı Tural İsmayılov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 10 Noyabr 2026 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















