Mübariz Tağıyev: Onun oğlunun toyunda oxumağım üçün bir maşınlıq pul təklif etdilər Müsahibə
Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kulis.az Xalq Artisti Mübariz Tağıyevin Lent.az-a müsahibəsini təqdim edir.
- Mübariz müəllim, babanız aşıq olub, musiqiyə həvəsiniz oradan yaranıb?
- Əslində, babamı görməmişəm. Atam kaman ustası idi. Bizim ailədə həmişə muğam sədası olub. Atam uzun illər İrəvan Dram Teatrında işləyib. Özüm toy adamı deyiləm, amma İrəvandakı toyların əksəriyyətini atamgil yola veriblər. Atam olduğu üçün demirəm, yaxşı sənətkar idi. O kaman ustası olsa da, mənim həvəsim başqa tərəfə idi - estradaya yönəlmişdim. 1960-cı illərdə vinil vallar var idi. Rentgen plyonkalarının üzərinə istənilən mahnını yazmaq olurdu. Sonradan maqnitofonlar çıxdı. Onları dinləyirdim. Elə də imkanlı ailədə doğulmamışam - atam kaman ustası, anam jurnalist olub. Lakin heç vaxt qoymayıblar ki, nədənsə uzaqlaşım. Maqnitofon alıb gətirdilər. Bir dəfə atam dedi ki, sən niyə xalq musiqisi istəmirsən? Dedim ki, bilmirəm, özümdən asılı deyil. Məni cəlb edən ayrı musiqidir. Dedilər, elə olsun. Həmin illərdə üzgüçülüklə də məşğul idim. Çox böyük uğurlarım olub. İdman ustası dərəcəsinə qədər gəlib çıxdım.
10-cu sinifdə İrəvan şəhərində bir rok qrup yarandı. Solist kimi məni də dəvət elədilər. Mənə çox qəribə gəldi. Atamgil dedi ki, görsən, sənə mane olurlar, uzaqlaş oradan.
- İrəvanda çətin deyildi ki sizin üçün?
- 1960-1970-ci illərdə çətinlik bir o qədər də yox idi. Suriyadan erməni əsilli miqrantlar hələ gəlməmişdi. Sonradan miqrantlar gəldi. Onlar da hazır və "iynələnmiş" ailələr idi. Məhz çaxnaşma yaratmaq üçün gəlmişdilər. Təqribən, 1970-ci ilin əvvəllərindən başladı, 1980-ci illərdə isə ən pik həddinə çatdı. Yadıma gəlir, aprelin 24-də bizim evlərin yanında polis dururdu ki, ermənilər evləri yandırmasınlar. Çünki 24 aprel uydurma "erməni soyqırımı" günü idi.
Onlar heç azərbaycanlı olduğumu bilmirdilər.
- Bildiyim qədərilə, ermənicə yaxşı danışırdız.
- Bəli. Orada bütün azərbaycanlılar ermənicə yaxşı bilirdi. Yoxsa yaşamaq mümkün deyildi. Ermənicə soruşmasan, ermənilər cavab vermirdilər. Dükana girib rusca sual verirdin, baxırdı üzünə, guya başa düşmür.
- 6 nəvəniz var, onları da musiqiyə yönləndirirsiz?
- Kiçik qızım həm oxuyurdu, həm də rəqslə məşğul idi. Özü də professional səviyyədə. Bir neçə dəfə cəhd etdim ki, musiqi məktəbini oxusun.
Dedi, rejissorluq istəyirəm. Gördüm ki, istəyi tam başqadır və mane olmadım. Düzdür, musiqi məktəbini əla qiymətlərlə bitirdi. Bu elə bir sənətdir ki, gərək bütün ömrünü qoyasan bir kənara.
Nəvələrimdən isə sonbeşiyi oğlandır. Çox yaxşı musiqi duyumu var. Ancaq ki, telefon bütün günü əlindədir. Nənəsi deyir, qırın o telefonu. Deyirəm, qırmayın, amma musiqi dinlədin. Bu gün-sabah başlayacam onun üzərində işləməyə. İstəyirəm estrada müğənnisi edəm. Heç olmasa, babadan nəvəyə nəsə qalsın.
- Mübariz müəllim, niyə heç vaxt toylara getmədiz?
- Hərbi xidməti bitirəndən sonra birbaşa Bakıya gəldim. Rəşid Behbudov məni Mahnı Teatrına dəvət etdi. Dedi ki, Mahnı Teatrının öz qanun-qaydaları var: ya səhnə, ya da ki, toylar - ikisindən birini seç. Dedim, toylar mənlik deyil. Soruşdu ki, niyə? Dedim, təbiətim deyil. Biri yaxınlaşıb pul göstərər, sonra qanqaraçılıq düşər orada. Rəşid Behbudov Quranı gətirib qoydu ortaya ki, toylara çıxmayacağına and iç. Bu söhbət 1973-cü ildə oldu.
1993-cü ildə vəziyyət çox pis idi. Rəhmətlik Rafiq Babayev dedi ki, bir sanballı ailə var, istəyirlər ki, gəlib onların toyunda 1-2 mahnı ifa edəsən. Razılaşdım. Çıxdım səhnəyə, gördüm, toy səhnəsi, hamı içib. Mikrofonu qoydum yerə, dedim, mən getdim.
- Necə reaksiya verdilər?
- Çox pis vəziyyət yarandı. Gedib bir nəfər göndərdim. Dedilər, neynirik bunu? Sənin oxumağını istəyirik. Sonra Rafiq gəldi, dedi, sən xəstəsən...
- Sizin repertuarınız da toy üçün deyildi axı...
- Məsələ də odur. 90-cı illərdə evimə gəlmişdilər, dedilər istəyirik oğlumun toyunda oxuyasan. Dedim, mənim toy repertuarım yoxdur axı. Çox dirəşdik, axırda dedi ki, 6000 rubl azdır? Bir maşının qiyməti idi. Dedim, ay qardaş, niyə başa düşmürsüz? Mənim toy mahnım yoxdur.
Çox böyük incikliklə getdilər. Sonra onlardan biri qayıtdı yanıma, dedi ki, ay Mübariz müəllim, sən nə edirsən? Bu insanlarla düşmənçilik eləmə, bunlar çox qəddar adamlardı. Dedi ki, "mafioz"lardan biridir. Hətta evdə də söhbət oldu, dedilər, bir maşınlıq pul verir, repertuarını genişləndir, get toya.
- Heyifsilənirsiz toylara getmədiyinizə görə?
- Qəti. Heç vaxt. Lakin bir şey də var ki, mən toylara getsəydim, indi evimin divarları qızıldan idi.
Sonra Birinci Vətən Müharibəsi başladı, toylar yada düşmədi.
- Birinci Vətən Müharibəsində vətənpərvər mahnılar oxuyurduz...
- "Ulu torpaq"la başladı bu axın. Artıq o dövrdə studiyalardan çıxmırdıq. Rafiq Babayevlə "Cəngi" ansamblında idik. Başlanğıcda mən, Brilyant Dadaşova idik. Rafiqin vaxtsız ölümü hər şeyi tarımar etdi.
- "Karvan", "Ozan" kimi rok qrupları da var idi. Niyə həmin dövrdəki bütün rok qrupları dağıldı?
- Belə bir təsəvvür var ki, rok deyəndə hay-küylü bir şey olmalıdır. Azərbaycan musiqisinə uyğun olan klassik rokdur. Çünki kökü muğamdan gəlir.
Dağılmağında səbəbkar axtarmaq lazım deyil. Maliyyə məsələlərinə görə dağıldı. Onların arxasında kimsə dayanmalı idi. Hər il yeni alətlər gəlir. Dünən alınan sintezator artıq bu gün köhnəlir. Bunları əldə etmək lazım idi. Azərbaycandakı rok qruplarının əksəriyyəti fanatiklər tərəfindən yaradılıb. Öz ciblərindən, öz maliyyələri hesabına.
- Dünyanın əksər ölkələrində siyasətçilər, ideoloqlar rok qruplara dəstək olublar və rokun inqilablara, milli oyanışa qatqısı çox olub. Çünki rok özü bir üsyan xarakteri daşıyır. Sizə belə bir dəstək olub? Axı siz müstəqilliyə keçid dövründə idiniz.
- Xeyr, heç bir dəstək olmayıb. Bəli, rok bir üsyandır, siyasətdir. Eldar Mansurovla işdəliyimiz "Bir Sabah" mahnısı var idi. İstəyirdik ki, Azərbaycan roku bu istiqamətdə getsin. Bunu bir nümunə kimi gətirmək istəyirdik. Lakin bir mahnı, filmin "soundtrack"ı kimi qəbul etdilər.
1960-cı illərdə Bakıda 10-dan çox rok qrupu olub. Hamısı da caz-rok istiqamətində. O vaxt dəbdə olan musiqiçilərin əksəriyyəti caz istiqamətində işləyiblər.
Rafiq Babayev Tibb İnstitutunun nəzdində bir ansambl yaratmışdı. Mənə bir şəkil göstərdilər, münsif heyətinin şəkli. Dövrün bütün ən yaxşı bəstəkarları, yazıçı Anar - hamısı orada idi. O ansamblın gördüyü işlər də çox səviyyəli idi. Rafiq Babayevin başçılıq elədiyi ansamblda başqa cür ola da bilməzdi. İndi tədris ocaqlarına baxış keçiririk. Estradayla bağlı heç nə görmədim.
- Niyə yaxşı estrada yetişdirilmir?
- Bilirsiz, dərinə getmək istəmirəm, amma bu gün yaranan rok qrupları var, istəyirlər nəsə etsinlər, onlara dayaq lazımdır. Yanlarında peşəkar sənətkarlar olmalıdr. Caz-rok istiqaməti rok deyil. Bizdə hər şeyi caz-roka aparmaq istəyirlər. Yeni qruplar yaranır. Biri deyir, bu nədir? Biri deyir, nəyəsə oxşayır? Bilirsiz, yeni bir kollektivə söz quraşdırmaq doğru deyil. Gözləyin, bu insanlar nəsə etsinlər, özlərini tapsınlar da. Heç olmasa 1 il, il yarım lazımdır. Onlara maddi dəstək lazımdır. Geyimləri, avadanlıqlar və sair. Heç olmasa 1-2 ilə Azərbaycanda 4-5 rok qrupu yaransa, yaxşı olar. Gənclərə deyirəm ki, özünüz başlayın. Dünyada olan rok qruplarının əksəriyyəti belə başlayıb. Nə etmək olar, özünüz fikirləşin, ya peşəkar bir bəstəkara verin, o etsin. Heç bir bəstəkar yox deməz. Bu gün Gürcüstanda 12 rok qrup var. Ermənilərdə də həmçinin.
Mən istəyirəm burada da olsun. Onlara mətn lazımdı. Rok həm də bir çağırışdır. Görürlər ki, ortada bir şey yoxdur, hərəsi dağılışır bir yerə. Ələsgər Abbasov böyük məktəb keçmiş adamdır. Gedib Türkiyəyə. Sezen Aksu, Barış Manço ilə işlədi. O niyə orada işləməlidir? Gəlsin bura da.
- Sizə xaricdən təkliflər olub?
- Bir neçə dəfə olub. Amma mənlik deyil, yaşaya bilmərəm. Ya gərək dili mükəmməl bilim, ya da mənə tam uyğun olsun. Yoxsa qala bilmərəm.
- Sizin və dövrünüzün digər sənətçilərinin mahnılarının sözləri çox ciddi olurdu. Hansısa şairdən götürülürdü. Müəyyən bir səviyyəyə malik olurdu. İndi bayağı sözlər niyə bu qədər artıb?
- İstəmirəm SSRİ vaxtına qayıdım, amma deməliyəm. Televiziyanın nəzdnində bir studiyamız var idi. Bir də bədii şura. Münsif heyəti olurdu - Tofiq Quliyev, Rauf Hacıyev, Anar və sair. Nəhəng insanlar otururdular. Həmin mahnını onların qarşısında ifa edirdin. Onlar öz göstərişlərini verirdilər və deyirdilər ki, gedib yazın bu mahnını. Yazıb göndərirdilər, ondan sonra baxırdılar - o mahnını qəbul etmək olar, ya yox. Görün, neçə süzgəcdən keçirdi. Bu gün orada yazılır, buradan gedir efirə. Hər verilişin redaktoru olmalıdır.
- Əslində, hər verilişin redaktoru var, amma buna göz yumurlar...
- Ona qalsa, gərək biz ömrümüzün axırına qədər tapdalanaq, onlar da nə istəyirlər eləsinlər. Özəl kanallar onsuz yaşaya bilmir, deyir ki, camaata bu lazımdır.
Yaxşı bəs onda kanallar nəyə lazımdır? Kimin ağzına nə gəldi oxuyur. Hərdən deyirlər ki, biz ailə ilə televizor qarşısında otura bilmirik. Biri bir şey edir, digəri başlayır onu təkrarlamağa. Yenilik fikirləşən yoxdur. Türkiyədən nəyisə götürürlər, əlin-qolun sındırıb, ya ayrı variantda film çəkilir, ya mahnı yazılır. Məsələlər süzgəcdən keçməlidir. Demirəm ki, qayıdaq senzuraya. Senzura çox adamın belini sındırıb. Ancaq ki, hər kanalda bir bədii şura olmalıdır. Verilişə bir əl gəzdirmək lazımdır. Verilişlər başsızdır.
- Maraqlısı budur ki, əksəriyyət başqa sahələrə getmir, çoxu müğənni olmaq istəyir.
- Hamısı istəyir ki, pul qazansın. Bir nəfəri göndərmişdilər yanıma, dedilər, məşğul ol. Bir az oxudu, dedim, hansı fənni xoşlayırsan? Ona meyl göstər. Bu, sənlik deyil. Dedi ki, işsizlikdi, neynəyim axı. Dedim, sən məni təhqir elədin. Bu nə düşüncədir? İş tapa bilməyən hamı müğənni olmalıdır?
- Öz oxuduğunuz mahnıların sözlərinə necə yanaşırsız?
- Hansı mətn xoşuma gəlibsə, onu oxumuşam. Neçə dəfə olur ki, mahnı mətnləri dəyişir. Mahnı mətni yazılanda düşünülməlidir ki, buna qulaq asan hər kəs anlamalıdır.
Ən sadə insana da çatmalıdır. Bütün biliyimi doldurum o mətnə, xeyr, bu mahnı deyil.
- Ən dərin hisləri ən sadə sözlərlə ifadə etmək: "Yaşadır Sevdalı bir xəyal məni, gedirəm, gəlməsəm, yada sal məni"
- Onun yaranma tarixi var. Rafiq Babayevin yaratdığı "Cəngi" ansamblı ilə Salyan kazarmasında konsert verirdik. Konsertdən sonra birbaşa cəbhəyə gedirdilər. Orada bir oğlan var idi. Əlində bayrağı elə ürəklə fırladırdı ki. Hamımızın diqqətini çəkirdi. Bir gün yenə gəldik. O oğlanı soruşdum. Dedilər, şəhid olub. Bu daxildən bir parçalanma idi. Həm mən, həm Rafiq Babayev, həm yanımızda olanlar elə pis vəziyyətə qaldıq... (kövrəlir). Bir neçə gün sonra Eldar Mansurov dedi ki, bir dostumuz mənə kitab verib, çox maraqlı şeirlər var.
- Piruz Dilənçi...
- Bəli... Kitabı ortasından açan kimi bu şeir çıxdı. İlişdim bu şeirə. Dedim ki, ay Eldar, son 2-3 gündə yaşadığım şeylərin hamısı bu şeirin içindədir. Olanları ona danışdım. Dedim, bu, onun şeiridir. O oğlanın videosunu, şəkilini göstərdim. Axşam Eldar Mansurov mahnını mənə göndərdi.
Mahnını yazdıq, efirə getdi. 2 gündən sonra dayanmadan konsertlərə çağırılırdıq. O mahnı bir axın yaratdı, ondan sonra vətən mövzusunda nə qədər mahnı yazıldı.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların hesabına biz bu gün nəvələrimizi böyüdürük...
Foto - İlkin Nəbiyev ©️ APA GROUP
Türkiyəli aktrisa serialdan qovuldu - Səbəb Daha bir aktrisa rol aldığı serialdan qovuldu Aktyora “Bakı Metropoliteni”ndə yüksək vəzifə verildi

