Icma.az
close
up
RU
Mübariz Tağıyevlə Cavanşir Quliyevə “Cəhənnəmdən məktublar” yazmaq istəyirəm Ən yaşlı jurnalistlə MÜSAHİBƏ

Mübariz Tağıyevlə Cavanşir Quliyevə “Cəhənnəmdən məktublar” yazmaq istəyirəm Ən yaşlı jurnalistlə MÜSAHİBƏ

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın ən yaşlı jurnalisti, publisist Telman Qarayev gələn ay 91 yaşını qeyd edəcək. 1961-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirdikdən sonra ixtisası üzrə çalışmağa başlayıb. Bir sıra qəzetlərə təyinat aldıqdan sonra, 1968-ci ildən 1975-ci ilədək "Ədəbiyyat və İncəsənət" qəzetində musiqi şöbəsinə rəhbərlik edib. 1975-ci ildə isə Azərbaycan Dövlət Televiziyasının Musiqi redaksiyasına baş redaktor vəzifəsinə dəvət alıb. Azərbaycanın və SSRİ-nin bir çox mədəniyyət xadimlərindən müsahibə alan Telman Qarayev onların səsini lentə köçürərək, evində səs muzeyi yaradıb.
Əməkdar jurnalist Telman Qarayev 2006-cı ildə gözlərinin tutulması səbəbindən jurnalist fəaliyyətinə son qoyub.

Modern.az saytı Azərbaycanın ən yaşlı jurnalisti Telman Qarayevdən müsahibə alıb.

- Telman müəllim, necə oldu ki, məhz jurnalistika sahəsini seçdiniz?
- Uşaqlıq dövründə hərənin bir arzusu olur. Kəndimizdə briqadir var idi, hər səhər insanları çağıra-çağıra bütün kəndi faytonla gəzirdi. Mən də onu görəndən sonra deyirdim faytonçu olacağam. Amma 8-ci sinfi bitirəndən sonra qonşu kənddə - Xındırıstanda 10 illik məktəbə getdim. Axırıncı imtahanımız idi, dedilər ki, komissiya gəlib. “Aldadılmış kəvakib” əsəri haqqında yazmalı idim. Yazdım, çox da bəyənildi. Gördülər ki, heç başımı da qaldırmadım. Bir-iki gün sonra direktor məni çağırdı, dedim yəqin danlayacaq, çünki çox nadinc uşaq olmuşam. Mənə qəzet uzatdı ki, al bunu atana ver, oxusun. Həmin qəzetdə Əlfi Qasımov mənim haqqımda yazmışdı. Ondan sonra dedim ki, mən mütləq jurnalist olacağam. Sonra imtahan verib, Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olundum, qiyabi oxuyurdum deyə, qayıdıb kənddə kitabxanada işlədim. Bir müddət sonra əyani oxumaq üçün müraciət etdim, Universitet də bu istəyimi yerinə yetirdi.
- Musiqi sahəsində ixtisaslaşmağınız necə baş verdi?

- Qarabağdan olasan, amma musiqini anlamayasan?! Bu düz olmaz. O vaxt şair Famil Mehdi mənə dedi ki, yazılarını oxuyuram, hər mövzuda yaxşı yazırsan, amma mən istəyirəm sən sırf musiqi sahəsində ixtisaslaşasan, o yazıların daha yaxşıdır. Musiqi sahəsində yazmaq ürəyimdən çox keçirdi, yəqin ona görə yaxşı alınırdı. Musiqi sahəsinə həm də ona görə bağlanmışam ki, SSRİ-də Şestokoviçdən tutmuş, o sahəyə yeni gələninə qədər hamısının içində olmuşam, eyni zamanda Azərbaycanda da. SSRİ səviyyəsində olan bir çox mədəni tədbirlərə gedirdim. Hətta bir dəfə qastroldan qayıdandan sonra Konservatoriyadan dəvət gəldi ki, bizim nəzəriyyəçi tələbələrimiz var, onlar istəyirlər ki, radio jurnalistikasını öyrənsinlər, ən münasib adam sənsən. 17 il Konservatoriyada dərs dedim. Şirməmməd Hüseynovun qızları da tələbələrim oldu. İndi jurnalistika fakültəsində də, Bəstəkarlar İttifaqında da işləyən tələbələrim var. 


"Heydər Əliyev elə bilirdi ki, Qara Qarayevin qohumuyam"
- Jurnalist kimi çalışdığınız son günədək Azərbaycan Radiosunda işlədiniz. Qəzetdə çalışmaq istəmirdiniz, ya təyinatınızla bağlı xüsusi nəsə oldu?

- Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirəndən sonra bir müddət müxtəlif qəzetlərdə işlədim, "Ədəbiyyat və İncəsənət" qəzetində musiqi şöbəsinə rəhbərlik etdim. Qəzetdə hər gün iki yazım gedirdi. Bir gün mənə dedilər ki, təzə sədr gəlib - Qurban Yusifzadə, o səni Azərbaycan Televiziyasının Musiqi redaksiyasında redaktor olmağa dəvət edir. Biz 1975-ci ildə hansısa tədbirə görə Gürcüstanda səfərdə olanda,  Qurban Yusifzadə işçilərinə tapşırır ki, məni tapıb onun qaldığı otelə gətirsinlər. İki nəfər gəlmişdi - bir rejissor, bir operator - onları tanıyırdım. Mənə dedilər ki, bəs Qurban Yusifzadə filan yerdə səni gözləyir. Qurban Yusifzadə mənə bərk-bərk tapşırdı ki, Azərbaycana qayıdan kimi televiziyaya gəlib, orada işləyim. Bunun səbəbini sonradan bildim. Heydər Əliyevin hakimiyyətə yeni gələn vaxtları idi, “Ədəbiyyat və İncəsənət” qəzeti də onun stolüstü qəzeti imiş, hər gün açıb görürmüş ki, Qarayev soyadlı adamın yazısı çıxır, fikirləşib ki, yəqin Qara Qarayevin qohumlarındandır, təmiz adam olacaq, bu sahəni yaxşı bilər, ona görə tapşırıb ki, məni tapıb televiziyaya gətirsinlər. Fikrət Əmirovla Gürcüstandan gələndə yolda Qurban Yusifzadənin təklifini ona dedim, dedi nə badə ora gedəsən. Musiqi redaksiyasında həmin vaxtlar çox məhdudiyyət var idi. Heç kim səs arxivi yaratmaq haqqında düşünmürdü. O sözdən sonra qolum-qanadım qırıldı, söz də vermişdim ki, gedəcəyəmŞ amma getmədin. Moskvada SSRİ Bəstəkarlar İttifaqının IV qurultayı çağırılmışdı, ora gedəndə Qara Qarayevlə görüşdük, oradan gələndən sonra həmin qurultay haqqında qəzetdə yazılarım getmişdi, qəzeti götürüb Nizami muzeyinin yanında Qarayevin evinə getdim, görüşdük, qəzeti verdim ona. Sonra televiziyadan gələn təklifi ona da dedim. Dedi, mütləq get. Çox ürəkləndim. Evdə oturmuşdum, dostum mənə zəng etdi ki, bu saat gəl televiziyaya, getdim, bir az danışdıq, razılaşdıq. Amma televiziyada bir müddət işləyəndən sonra, radioya keçdim, sona qədər də orada işlədim. İndi də özüm üçün səs muzeyi yaratmışam. 

- Evinizdə yaratdığınız bu muzeydə nə qədər səs yazısı var?

- Gözüm tutulandan sonra Azərbaycanın, dünyanın ən məşhur adamlarının 5 mindən çox səsinin yazıldığı kasetlərin arxivini hazırlamışam, həm də 5 cildik “Sənətin keçdiyi yollar” adlı 500 səhifəlik kitab hazırladım. Orta məktəbdə gözləri tutulan roman yazarı Nikolay Ostrovskinin yazılarını oxuyurdum. Həmin yazıları o qədər bəyənirdim ki, əsərlərini yastığımın altında saxlayırdım. Atam gəlib əsəbiləşirdi, mən də deyirdim ki, o görməsə də yazır, bu mənə çox təsir etmişdi. Sonra eyni hadisə mənim başıma da gəldi. 1 illik stres yaşadım, daha sonra özümə gəlib, başladım işləməyə. Kitablarımda Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin, Süleyman Ələsgərovun, Şövkət Ələkbərovanın sözləri, kasetlərdə səs yazıları var. 

- Səs yazılarını bu sahədə ixtisaslaşan dövlət və özəl qurumlara vermək haqqında düşünmüsünüzmü?

- Bir çox kasetlərimi oğurlayıblar, bəzi kasetləri açıram ki, içi boşdur. Hamısının üstündə qeydlərim var, bəzən baxıram ki, içindəkini götürüb, yerinə başqa kaset qoyublar. Gəliblər məndən yazmağa, daha doğrusu, o adla göndərib kasetlərimi oğurladıblar. Mən də görmürəm axı... Bir dəfə Dövlət Səs Yazıları Arxivinə zəng etdim ki, qorxuram bu səslər xarab ola, tökülüşüb hamısı gəldi, vitrinlər dolu idi, buranı viranə qoyub getdilər. Diplom işimi belə apardılar, indi də tapa bilmirəm. Heç nələri yoxdur deyə, bu cür yollara əl atırlar. Hətta başqa yerə ailə lentlərimizi yığmışdım, onları da aparmışdılar, sonra məcbur olub qaytarmışdılar, elə sirr həmin vaxt açıldı. Mənə gəlib dedidilər ki, siz ailə kasetlərinizi də bizə vermisiniz. Mən gözəl bilirdim nəyi hara qoymuşam. Sonra səhvlərini düzəldib dedilər ki, bilməyiblər və sair. Bəziləri də mötəbər yerlərdən çıxış edir ki, Niyazinin filan səs yazısını yazmışam. Amma analiz etsən görərsən ki, Niyazinin 50 yaşı olanda, o sözü deyənin 5 yaşı olub. Efirdə də deyir ki, Niyazinin stolunun ətrafında dünyanın bütün məşhur insanları ilə tanış olmuşam. O söz mənim, Fərhad Bədəlbəylinin sözüdür.

- Dostlarınızdan sizi ziyarət edənlər kimlərdir, unudanlar kimlərdir?

- Bu yaxınlarda televiziyada eşitdim ki, proqramda mənim Şuşa haqqında mahnımın səsi gəlir. Diqqətlə qulaq asdım ki, verilişdə köhnə dostlarım Mübariz Tağıyev, Cavanşir Quliyev, Şəmistan Əlizamanlı danışır. Aparıcı soruşur ki, Cavanşir müəllim, bəs bu "Şuşa mahnısı" niyə yeni formatda təqdim olunmur? Cavanşir də qayıdıb dedi ki, bu günlə səsləşmir. Qız da son misraları oxuyur ki, əksinə, bu elə qayıdışla bağlıdır. Jurnalist mahnının müəllifini soruşanda Cavanşir Quliyev də deyir ki, Allah rəhmət eləsin, bir gözəl jurnalistimiz var idi, sözləri onundur. Şəmistan da ona qoşulub mənə rəhmət oxuyur (gülür). Halbuki Şəmistan bu yaxınlarda Nuriyyə Hüseynova ilə məni ziyarətə gəlmişdi. Beş-altı dəfə Mübariz Tağıyevlə Cavanşir Quliyevə “Cəhənnəmdən məktublar” adlı ismarıc yazmaq istədim. Hələ də istəyirəm. Mənim belə zarafatlarım çox olur. Səsimi də yazmışam, amma vərəqə köçürənim olmadı deyə qaldı. 

"Fatma Mehrəliyeva müsahibə almaq üçün 43 dəfə evinə getdim"


- Mədəniyyət xadimlərinin səsləri olan bu qədər lent yazılarını evinizdə qoruyub saxlayırsınız. Bəs sizin xüsusi olaraq sevdiyiniz sənətçilər kimlər olub?

- İki nəfər... Rəşid Behbudov və Fatma Mehrəliyeva. Rəşid Behbudov ona görə ki, Kukla Teatrında təkbaşına ansambl yaratdı. İntriqalara qarışmırdı. O qədər əziyyət çəkdi, təzəcə Mahnı Teatrı açmışdı, amma özü o binanı normal görə bilmədi. Fatma Mehrəlıyeva da baxımsız qaldı, haqqında şayiələr yayılırdı, pis gündədir deyirdilər. İnsanlar onu elə hala gətirmişdi ki, heç kimlə danışmaq istəmirdi, müsahibə üçün gedirdim, qorxub mənimlə pəncərədən danışırdı. Şayiə yaymışdılar ki, Fatma Mehrəliyevanın başı xarab olub, heç kimlə görüşmür, 43 dəfə gül buketi ilə evinin qapısına getdim, axırda - 43-cü də danışdı. Dedi, mənim nəğməm bitib. Bundan sonra səhnəyə çıxmayacağam. Oğlu kimi danışırdı mənimlə, dedi ki, səhnəyə çıxmağa geyimim də yoxdur, ikincisi səsim əvvəlki kimi deyil. O, Üzeyir Hacıbəylinin qızlığa götürdüyü xanım olmuşdu. Onu da mən müsahibədə açdım. Onu Bülbül gedib rayondan tapıb gətirmişdi. Anası yox imiş. Üzeyir Hacıbəyli görüb ki, istedadlı qızdır, aparıb Məleykənin yanına ki, bizə qız gətirmişəm. Fatma Mehrəliyeva bunu mənə özü danışdı, səsi də qalır. Daha sonra böyüyəndə ona ev də alıb, solist kimi səhnələrə çıxarıb. 

- Səs yazılarını kiməsə xüsusi günlərdə hədiyyə etdiyiniz hallar olubmu?

- (Gülür) Deyəsən məndən hədiyyə istəyirsən..

- Yox, sadəcə yaddaqalan hadisə olubmu, onu öyrənmək istəyirəm?

- Nəsir İmanquliyevin 100 illiyi tamam olurdu. Buklet hazırlamışdıq. Onun ölümündən bir az əvvəl – 1996-cı ildə müsahibə götürdüm, iki proqram hazırlamışdım – “Bir dünya, bir pəncərə”, “Borc”. 100 illiyində buklet halında verilişləri ona həsr etdik. Yaxınlarına da onun səsini payladım. Nəsir İmanquliyevin bütün arxivi yanmışdı deyə səs yazısı, qeydləri elə də çox deyildi. İndi həmin səsin məndə bir nümunəsi qalıb. 

- Siz həm də Xarı bülbül festivalının ilk aparıcısı olmusunuz...

- Xarı bülbül festivalının keçiriləcəyini eşidəndə, düşündüm ki, kimsə məni heç olmasa indi yada salar. Amma bir dəfə də axtarmadılar... 1989-cu ildə Xarı bülbül festivalının ilk aparıcısı kimi Qarabağa gedəndə Əbdürrəhman Vəzirova dedilər ki, ermənilər maşını daşa basacaqlar. Qorxdu, dedi, qayıdın. Maşında olan bir nəfər - mən radionun adı ilə festivala getdim, bütün tədbirin səsini yazdım. Sonra Ağdamda, Natəvan bağında televiziya ilə çəkiliş oldu. O çəkilişi də mən apardım, lenti bu gün də qalır. İnternetdə də var. Festival Abdal Gülablıdan başladı. Hazırlıq, məşq gedirdi. Hər yerdən gələn adamlarla görüşdüm, onlardan yazdım. Sonra getdik Şuşaya, Cıdır düzündə bir nəfər fotoqraf olmadı ki, o möhtəşəmliyin şəklini çəksin, orada hər muğamın adına bir çadır qurmuşdular. Reportaj hazırladım, hamı ilə danışdım. Müharibənin alovlanan vaxtı idi, şuşalı qızlar var idi, onlardan da müsahibə aldım, dedilər ki, ağlımıza gəlməzdi ki, belə tədbir keçirilə, biz elə bilirdik dünyanın axırıdı. Şuşaya yaraşan da musiqidir, mahnıdır, sənətdir. 

- Jurnalist kimi etmək istədiyiniz nələrsə yarımçıq qaldımı?

- 2006-cı ildə gözlərim belə olandan sonra çox işlərim yarımçıq qaldı. 2006-cı ilin 20 yanvarında Şəhidlər xiyabanını ziyarət edəndə Fərizə ilə İlhamın məzarının yanında gözlərim qaralmağa başladı. Əbədi məşələ çatmamış gözlərim tamam tutuldu. Uşaqlara dedim ki, tutun əlimdən, gəzə bilmirdim artıq. Yarımçıq qalan işlərimdən biri də elə 20 Yanvarla bağlı idi. Atəş səslərini eşidəndə onu yazmağa başladım, eyvana çıxanda uşaqlar da mənimlə gəldi, bizim eyvanı da atəşə tutdular. Uşaqlarla əyildik, yoldaşımın da səsi düşüb lentdə, deyirdi ki, bu uşaqları yetim qoyub haraya gedirsən. Yenə də ürəyim rahat olmadı. Baxdım ki, binanın qabağında üç nəfəri güllələdilər, aşağı düşəndə utandım səsyazanı yararlılara tərəf tutmağa, amma o xırıltı səslərinin hamısı lentə yazıldı. Birinin ahı o səsdə necə var idi elə də qalıb. Bu səs də daxil olmaqla, lentə köçürdüyüm bütün səsləri qoruyub saxlamaq, onları insanlara çatdırmaq istəyirəm. Çox istərdim mənə kimsə kömək olsun, o müsahibələri “Youtube”a yerləşdirim ki, burada qalıb xarab olmasın. Lent yazılarımda Şuşadakı Xarı bülbül festivalından tutmuş, müharibə illərində yazılan səslərə, Azərbaycanın tanınmış sənətkarlarının səsi, müsahibələri var. Vaxtım olmadı onları vaxtında yığam, ardıcıl saxlayam, amma gəldilər oğurladılar, bəziləri qalıb. Çox istərdim o səsləri qoruya bilim. Qarşıdan da radionun 100 illiyi gəlir, hazırlaşıram ki, bununla bağlı da bir kitab buraxam. Radionun 80 illiyində iki veriliş hazırladım – “Bir dünya, bir pəncərə” və “Ömür yolu”. Birincisini dünyadan köçən - radioda, televiziyada işləyən adamlar haqqında, ikincisini isə yaşayan, amma işləməyən adamlar üçün etdim. 180 veriliş yazdım həmin proqramlarda. Çox istərdim 100 illikdə də o verilişlərdən təqdim etsinlər. Mənə belə günlərdə işləmək qismət olmadı. Son 20 il ömrümdə dəhşətli oldu. Jurnalistikadan, radiodan uzaq düşmək çox çətindir mənim üçün. 

"Hələ də elə bilirəm ki, jurnalistika televiziya, radio və qəzetdən ibarətdir"

- Bu ay mətbuatımızın 150 illiyini qeyd edəcəyik, hansı gözləntiləriniz var?

- Mənim üçün çətindir, 20 ildir ki, jurnalistikadan uzağam. Mənim gözlərim belə olandan sonra saytlar yarandı, sonra jurnalistika keçdi sosial mediaya. Mən onların heç birini görə bilmədim. Hələ də elə bilirəm ki, jurnalistika televiziya, radio və qəzetdən ibarətdir. 

Jurnalistlərə ev verilirdi. Rəhbərlikdə duran adamlar kimlə yaxın idisə, onlara da ev verdilər. Mənim işçilərim oradan ev aldı, amma mən gördüyünüz bu evdə qalıram, əşyalarım da o qədər çoxdur ki, övladlarıma yer qalmayıb, gedib kirayələdə yaşayırlar. İndi kimə nə verəcəklər mən ona qarşmıram. Sadəcə bir hədiyyə hazırlamışdım, çox istərdim onu Prezidentə çatdırım. 
- Siz Azərbaycanın ən yaşlı, həm də sənət sevgisi baxımından ən gənc jurnalistisiniz. Bu baxımdan gənclərə tövsiyələriniz nə olardı?

- Gənclər ayıq olsunlar, qoymasınlar kimsə onlardan nəsə oğurlasın. Mətbuatımız indi yaşlıların əlindədir, gənclər çox şeyə fikir vermir. Şirməmməd Hüseynov SSRİ vaxtında bizə Amerika jurnalistikasından danışırdı, indi o cür müəllimlər də qalmayıb. İndi jurnalist dostlarıma deyirəm ki, yığışın bura, arzularım, sözlərim var, hamısı soruşur ki, orada kimlər olacaq? O jurnalistlər heç yol gəldikləri adamlarla danışmır, o ki qalsın gənclərə nəsə öyrətmək. Gənclərə məsləhətim o olar ki, əllərindəki materialları qoruyub saxlasınlar. Nəyinsə xatirinə bura gəlməsinlər, gənclər sənəti sevsinlər. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 İyul 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyan ermənilərə: Artıq bundan əl çəkin

25 Avqust 2025 18:29see300

Rusiya yanacaq ixracına qoyulan qadağanın müddətini uzadıb

26 Avqust 2025 02:36see213

Qarabağ la matçda adi vəziyyətdən qol buraxdıq Robbi Kin

26 Avqust 2025 21:16see190

Finlandiya ABŞ ın iştirakı ilə təlimlərə başlayır

25 Avqust 2025 04:17see157

Trampdan Merilend ştatı ilə bağlı təklif: Tez bir zamanda cinayətkarlıqdan qurtulacağam

25 Avqust 2025 10:24see137

Sevil Nuriyeva qətlə yetirilən həyat yoldaşından yazdı: Bu dünyadan ağzı oruclu köçdü FOTO

26 Avqust 2025 04:44see131

Zaqatalada acınacaqlı DURUM Ağaclar məhv olur

25 Avqust 2025 10:19see128

“Qarabağ” yeni hücumçu aldı FOTO

25 Avqust 2025 22:12see126

Mançester Yunayted in futbolçusu La Liqaya qayıda bilər

25 Avqust 2025 20:22see126

Ərdoğan: Türkiyə terror probleminin aradan qaldırılması yolunda qətiyyətli addımlar atmağa davam edəcək

26 Avqust 2025 00:14see126

“Azərbaycanla bağlı bu cəhdlər uğursuzluğa məhkumdur...” Tofiq Zülfüqarov

25 Avqust 2025 10:53see124

Bikinili fotoları ilə gündəm oldu FOTO

26 Avqust 2025 14:58see123

Dünyanın ən böyük narkokartelinin həmtəsisçisi günahını etiraf etdi

26 Avqust 2025 16:02see121

Azərbaycan Macarıstanla süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

26 Avqust 2025 17:40see121

ABŞ İranın bu həmləsinin qarşısını aldı Tramp

25 Avqust 2025 21:46see117

“Bütün təzyiq variantları uğursuzluğa məhkumdur”

26 Avqust 2025 17:43see114

Ukraynanın xüsusi əməliyyatlarına bu şəxs RƏHBƏRLİK EDƏCƏK

25 Avqust 2025 14:23see114

“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”

26 Avqust 2025 16:01see114

Rusiya MN in keçmiş rəisinin əmlakına həbs qoyuldu

25 Avqust 2025 17:08see113

Tramp: Rusiya Ukrayna məsələsinin asan olacağını düşünürdüm

25 Avqust 2025 21:16see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri