Muğam aləminin ustadı
Əlibaba Məmmədov – 95
Azərbaycanın görkəmli xanəndəsi, bəstəkar, musiqi xadimi Əlibaba Məmmədovun zəngin tərcümeyi-halı var. 3 il əvvəl dünyaya əlvida desə də, onu sevənlərin ürəklərində yaşayır. 100-dən artıq mahnı və təsnifin müəllifi olan sənətkarın məlahətli ifaları heç vaxt “dəb”dən düşmür, xanəndələrin repertuarını bəzəyir.
Əlibaba Baləhməd oğlu Məmmədov 1930-cu il fevralın 5-də Bakının Maştağa kəndində anadan olub. Neft Texnikumunu bitirib və 1 il Türkmənistanın Nebitdağ mədənlərində işləməyə göndərilib. Aşqabadda baş vermiş 9–10 ballıq zəlzələdən sonra Azərbaycana qayıdıb. Dağıdıcı təbii fəlakət Aşqabadı viran qoysa da, 100 mindən artıq insanı öldürsə də, neftçi Əlibabanın şəxsində Bakıya, Azərbaycana gözəl bir xanəndə bəxş edib, desək, yanılmarıq. Əgər orada qalsaydı, kim bilir, istedadı parlayacaqdımı, şan-şöhrətli tanınmışlardan olacaqdımı?
Vətənə gələn 18 yaşlı Əlibaba el şənliklərində oxumağa başlayıb. Şirin, təmiz səsi ilə tez tanınıb. Onun sənətkar kimi yetişməsində Bakı və Abşeron kəndlərinin muğam mühiti böyük rol oynayıb. Musiqi təhsilini 1953–1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində ustad xanəndə Seyid Şuşinskinin sinfində alan gənc muğamın dərinliklərinə baş vurduqca bu nəhrin hünərvər qəvvası olub. Düz 35 il M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyanın və “Azkonsert” birliyinin solisti olub. Sənət məbədinin direktoru Niyazinin təşəbbüsü ilə “Hümayun” Xalq Çalğı Alətləri Ansamblını yaradıb və onun bədii rəhbəri olub. Sevilən xanəndənin bəstələdiyi çoxlu mahnılar, təsniflər, rənglər, dəramədlər xalq ruhunda olması ilə seçilib. O, pedaqoji fəaliyyəti sayəsində neçə-neçə istedadın parlamasına səbəb olub.
Gənc musiqisevərlər Əlibaba Məmmdovun çoxşaxəli fəaliyyətinə dərinliyi ilə bələd olmasalar da, onu Heydər Əliyev Fondunun layihəsi ilə Azərbaycan Televiziyasında keçirilən Televiziya Muğam müsabiqələrinin ən ədalətli, qayğıkeş, təəssübkeş münsiflərindən biri kimi yaxşı xatırlayırlar. Əlibaba müəllim Xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Ramiz Quliyev, Əməkdar incəsənət xadimləri Sərdar Fərəcov və Nadir Axundovla birlikdə neçə-neçə gənc ifaçını inci, mərcan kimi seçib, fərqləndirib.
Hamının yadındadır ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva 2019-cu ilin dekabrında bir qədər nasazlamış Əlibaba Məmmədovun evində onu ziyarətə getdi və ilk tanışlıqlarını xatırlayaraq dedi: “O zaman Heydər Əliyev Fondunun böyük bir layihəsinə start verdik. Yəqin ki, yadınızdadır, bizim milli sərvətimiz olan muğamın qorunmasına yönəlmiş bir layihə idi, siz böyük yardım göstərdiniz və bu illər ərzində sizin dəstəyinizlə, iştirakınızla birlikdə böyük işlər gördük. Siz Azərbaycanın görkəmli xanəndələrindən birisiniz. Sizin özünüzə məxsus dəst-xətiniz var, çox gözəl səsə malik olan ustadsınız və bütün Azərbaycan xalqının sevimlisisiniz. Sizi hamı sevir... Mən sizinlə ünsiyyətdə olanda özüm üçün hər dəfə nəsə yeni bir şey aşkar etmişəm, öyrənmişəm. Siz böyük müəllimsiniz, siz 50 ildən çoxdur ki, musiqi kollecində dərs deyirsiniz və yeni gənc xanəndələr nəslinin yetişməsində misilsiz xidmətləriniz olub. Ona görə Əlibaba müəllim, bir daha çox sağ olun, sizi görməyə çox şadam və ən əsası, sizə möhkəm cansağlığı arzulamaq istəyirəm”.
Milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi isə Azərbaycan muğamının UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan edilməsinə və Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahıya salınmasına nail olmuş Mehriban xanıma cavabında millətə, onun mənəviyyatına xidmətlərinə, sənətkarlara qayğısına görə minnətdarlıq etdi. Çox səmimi ovqatda keçən görüşün sonunda Birinci vitse-prezident Mehriban Əliyeva Əlibaba müəllimə möhkəm cansağlığı arzuladı.
Onu da qeyd edək ki, həmin görüşdən 2 ay sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində milli muğam sənətimizin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədovla görüşüblər. Dövlət başçısı Xalq artisti Əlibaba Məmmədova layiq görüldüyü “Şərəf” ordenini təqdim edərək deyib: “Siz uzun illərdir ki, xalqımızı öz sənətinizlə sevindirirsiniz. Həm gözəl ifaçı, xanəndə, həm gözəl bəstəkar kimi Azərbaycan musiqi mədəniyyətinin xəzinəsinə böyük töhfələr vermisiniz. Siz 100-dən artıq mahnının müəllifisiniz və sizin ifanızda səslənən xalq mahnılarımız, muğamlarımız insanlara xüsusi zövq verir. Xalq sizi ürəkdən sevir, siz həm gözəl sənətkar, həm də gözəl insansınız. Siz Azərbaycan ziyalısını təcəssüm etdirirsiniz. İnsan kimi də sizin çox yüksək keyfiyyətləriniz var. Çox xeyirxah, ədalətli və eyni zamanda, həmişə öz biliklərinizi, öz sənətinizi gənc nəsillə bölüşməyə hazır olmusunuz. Sizin bu sahədə müstəsna xidmətləriniz yüksək qiymətləndirilir. Çünki bizim bir çox görkəmli muğam ifaçılarımız sizin məktəbinizin, belə demək mümkündürsə, məzunlarıdır”.
Əlibaba Məmmədovun “İnandır məni”, “Yaşa hələ”, “Sən gərək güləsən”, “Səni gözlər”, “Mənim Azərbaycanım”, “Müxalif təsnifi”, “Bakı”, “Şur təsnifi” (Yaşa, ürəyim), “Mehriban həkim” kimi mahnıları dillər əzbəridir. Onsuz da məşhur olan “Vətən yaxşıdır” mahnısı isə II Qarabağ müharibəsində igidliklə şəhid olmuş Xudayar Yusifzadənin səngərdə ifası ilə “döyüşən”, qələbəyə səsləyən təsnifə çevrilib. Sözləri Əliağa Vahidə, musiqisi Əlibaba Məmmədova aid olan bu mahnı gənc əsgərin şərəfli ömrünün son akkordu olub.
Deyirlər, bülbülə çəmən yaxşıdır,
İnsançün laləzar Vətən yaxşıdır.
Vahid, sorma Vətən nədən yaxşıdır,
Adı gəlcək könlüm xəndan görünür.
Xudayar o təsnifi səngərdə bayrağa çevirib, sonra Vətən torpağını özünün şəhid qanı ilə laləzar edib və ölümündən sonra “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. 22 yaşlı, gülər üzlü qəhrəman gizirimiz mahnıya ikinci həyat verdiyinə görə onun xatirəsinə el arasında “Xudayar təsnifi” adlandırılıb və böyük sənətkar buna qəti etirazını bildirməyərək xeyir-dua verib. Bu, onun böyük ürək sahibi olduğunu göstərir.
Qonşum – uzun illər Əlibaba Məmmədovun “Humayun” ansamblının solisti olmuş Əməkdar artıst Təhmiraz Şirinov hər görüşümüzdə ustadından həvəslə danışıb. Bu dəfə də xatirələri, musiqiçilər demiş, yeni xallarla zəngin oldu.
– Əlibaba müəllim həm insan kimi, həm də sənətkar kimi əvəzedilməz idi. O, musiqini, necə deyərlər, iliyinə, qanına qədər bilirdi. Əvvəl nağaraçı, tarzən olmuşdu. Bir ifanı dinləyən kimi oxuyanın qabında nə olduğunu bilərdi. Dostlar ilk dəfə məni ona təqdim edəndə səsimi dinləyib demişdi ki, axşam Mərdəkanda konsertimiz var, gəl, çıxış elə... Əlibaba müəllim, doğrudan da, hamımızın babası idi, ağsaqqalı idi. Gənclik illərində şair Əliağa Vahidlə dost olmuşdu, onun şeirlərinə mahnı bəstələyib, qəzəllərini oxuyardu. Məşqlər zamanı hər hansı birimiz sözləri səhv deyəndə saxlayıb irad tutar, qəzəlin, vurğunun mahiyyətini anladardı. Bizi o yetişdirib, tanıdıb. Sənət barədə nəsihətlərini unutmuruq.
O qədər qayğıkeş və həssas adam idi ki... Bəzən qastrola getdiyimiz hansısa rayonda yerli rəhbərlik onu axşam qonaqlığına çağırardı. Onda Əlibaba müəllim deyərdi ki, ansamblın üzvləri də gəlsin, yoxsa – yox. Elə də olurdu. Bir dəfə Füzuli rayonundan qayıdırdıq. Yolda bizim “Azkonsert” birliyinin avtobusunda yanacaq qurtardı. Sürücü vedrə ilə aşağı düşüb yoldan ötən maşınlara xeyli əl elədi, amma saxlayan olmadı. Əlibaba müəllim də avtobusdan düşdü və onu görən neçə nəfər dərhal maşınını saxlayıb öz qulluğunu təklif elədi. Sənətkara xalqın ehtiramı, bax, belə böyük idi.
Təhmiraz Şirinovun balalarının toy məclislərini ustad sənətkarın açıb xeyir-dua verməsinin də şahidi olmuşam. Bu ailənin üzvlərini öz balaları kimi sevirdi. Yeri gəlmişkən, qonşumun övladı, indi artıq sənətşünaslıq üzrə fəlsəfə doktoru olan Səadət Təhmirazqızı 10 il əvvəl böyük sənətkar haqqında “Bizim ustad – Əlibaba Məmmədov” adlı nəfis tərtibatlı gözəl bir kitab yazaraq çap elətdirib. Elə Səadət xanıma da ilk xeyir-duanı böyük ustad verib.
Qonşularımdan danışarkən onu da əlavə edim ki, sənətşünaslıq namizədi, dosent Telman Xanış oğlu Qəniyev isə “Əlibaba Məmmədovun mahnıları” adlı dərs vəsaiti hazırlayaraq nəşr etdirib.
“Şöhrət”, “İstiqlal”, “Şərəf” ordenli fərdi təqaüdçü olmuş, “Qızıl çinar” beynəlxalq mükafatının laureatı Əlibaba Məmmədov, həqiqətən də, şöhrətli, şərəfli Azərbaycan milli musiqi mədəniyyəti adlı böyük bir bağın solmayan qızıl çinarıdır.
Əli NƏCƏFXANLI
XQ