Mühacirlər Azərbaycana nə vaxt qaytarılacaq? “Gəlməmələrinin səbəblərini bilirik...”
Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Məlum olduğu kimi, İT ünsürlərin bir qismi Almaniyada və Fransada cəmlənib. Onlar özlərini "siyasi mühacir" adlandırırlar, amma təpədən dırnağa qədər Azərbaycan xalqının və dövlətinin düşmənləridirlər. Gecə-gündüz erməni maraqlarına xidmət edən fikirlər səsləndirirlər. Azərbaycanda hakimiyyəti zorla ələ almaq, siyasi toqquşmalar yaratmaq, siyasi sabitliyi pozmaq, ölkəmizdə savadsızlıq mühiti yaratmaq, nəticədə səfərbər olunmuş cəmiyyəti parçalamaq onların əsas niyyətləridir. Bir çox hallarda çıxışlarında terrorçuluğa və dövlət hakimiyyətini zorla devirməyə qədər şüarlar səsləndirirlər. Onlar cinayətkardırlar. Respublika Baş Prokurorluğu onlara qarşı cinayət işi açıb. Bakıya dəvət edib ki, gəlib istintaq qarşısında cavab versinlər. Hələ də gəlməyiblər. Gəlməmələrinin səbəblərini bilirik...”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

“Onların arxalarında Almaniya, Fransa hökuməti və oradakı erməni dairələri dayanıb. Hər vəchlə çalışırlar ki, bu cinayətkarların Azərbaycana verilməsinə maneə olsunlar. Bu nə vaxta qədər belə davam edəcək? Bu, bir zaman məsələsidir. Mütləq cinayətkar cəzasını almalıdır, alacaq da. Bu gün, sabah olacaq, ya birisi gün, bilmirəm. Amma bir şey deyə bilərəm ki, mütləq olacaq. Nəzərə alsaq ki, siyasi konyunktura da dəyişir. Dünən Almaniya bir mövqedə idi, sabah başqa mövqedə ola bilər. 2027-ci ildə Emmanuel Makron da hakimiyyətdən gedəcək. Hakimiyyətə başqa qüvvələr gələ, yeni reallıqlar yarana bilər. Bunlar istisna deyil. İstənilən halda, Azərbaycan xalqının düşməni olan anti-milli ünsürlər, bu milli dönüklər Azərbaycan məhkəməsi qarşısında dayanacaqlar və ən sərt cəzalarını alacaqlar”, - o bildirib.
Aytəkin Qardaşova


