Münasibətləri normallaşdirmaq cəhdlərinə qarşı MANEƏLƏR TƏHLİL
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Ən azı 2009-cu ildən bəri Amerika Birləşmiş Ştatlarının məhz Rusiya Federasiyası ilə münasibətlərini pozduğunu bütün dünya ictimaiyyəti yaxşı bilir. Çünki yaxşıca müşahidə də edib. Bütün dünya onu da “müşahidə” edib ki, Amerika bunu etməyi hətta “başqalarına” da tövsiyə edib. İndi hər iki dövlət arasında münasibətlərin normallaşdırılması, hətta yaxşılaşdırılması üçün səylər barədə müzakirələr gedir, amma bunun üçün, yəni, normal vəziyyətə gətirilməsi üçün nə qədər “vaxt” lazım olacağı hələ qətiyyən məlum deyil.
Bilirik ki, fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtında məhz uzun sürən fasilədən, daha dəqiq desək, bir neçə ildən sonra ilk danışıqların hətta ilk mərhələsi oldu və demək olar ki, bu da düz beş saat davam etdi. Rusiya Federasiyasını, gördüyümüz kimi, xarici işlər naziri Sergey Lavrov, prezidentin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kiril Dmitriyev təmsil etdilər. Amerika tərəfini təmsil edən isə, nazir Marko Rubio, milli təhlükəsizlik müşaviri Mayk Vals və prezidentin Yaxın Şərq üzrə xüsusi elçisi Stiven Vitkoff olub. Tərəflərin etiraflarına görə, bir çox istiqamətlərdə müzakirələr edilib.
Ukrayna tərəfi, ələlxüsus da həmin ölkənin lideri və onun avropalı həmfikirləri qəzəbləndiklərini açıq şəkildə bildirirlər və bunu qətiyyən gizlətmirlər. Ona görə ki, danışıqlara heç “dəvət” belə almadıqları onları bərk narahat edib. Bu baxımdan da bildirirlər ki, onların iştirakı olmadan razılaşdırılan heç bir şeyi tanımayacaqlar. Maraqlıdır ki, nəyi tanımayacaqlarını bəyan edirlər? Sülh danışıqlarını tanımaq istəmirlər, yoxsa məsələnin həllini? İş orasındadır ki, ABŞ və Rusiya tərəfi bəyan edir ki, əsas məqsəd döyüşü dayandırmaq, müharibəyə son qoymaqdır. Yəni, sülh naminə münasibətlərin normallaşdırmağa cəhd edilir. Daha dəqiq desək, bu danışıqlarda əsas məqsədlərdən heç olmasa biri də olsa, sülh və barışıqdır. Belə olan halda, danışıqlar kimi və niyə narahat etməlidir?
Bildiyimiz kimi, fevralın 19-da Dövlət Dumasında “hökumət saatlarında” Lavrov ayrılmış iyirmi beş dəqiqə ərzində Rusiyanın xarici siyasətinin əsaslarını açıqlayıb. Xüsusilə, o, bir gün əvvəl aparılan danışıqlarda münasibətlərin normallaşması, o cümlədən tam diplomatik əlaqələrin bərpası və təhdidlərin aradan qaldırılması ilə bağlı məqsədlərin başa düşülməsi barədə məlumat verib. Tramp komandası da öz növbəsində, uzun illər ərzində ilk olaraq digər ölkələrin ABŞ-da öz maraqlarının olduğunu etiraf edir. Vladimir Vladimiroviç Putin də həmçinin açıq etiraf edib ki, danışıqların başlanması bundan sonra maraqlı perspektivlər açır. Rusiya prezidenti qeyd edib ki, yeni danışıqlar aparan şəxslər qərəzsizdirlər və görüş tərəflərin etimadını artırıb. O, təsdiqləyib ki, tərəflər Ukrayna üzrə xüsusi danışıqlar aparacaqlar və onlar məsələnin həlli yolu tapılan zaman ukraynalıların nümayəndələrini də dəvət edəcəklər.
Bu qədər danışıqların aparılması, bu qədər rəy bildirilməsi nədənsə Ukrayna tərəfini də, ukraynalıları qızışdırmaq istəyən tərəfi də qane etmir. Xüsusən də Avropada bununla bağlı bir qədər “müəmmalı mövqe” sərgilənir. Elə bil ki, avropalılar münaqişənin bitməsində, döyüşün, müharibənin başa çatmasında qətiyyən maraqlı deyillər. Bəli, məhz maraqlı deyillər və elə maraq sözü də təsadüfi işlədilmir. Hər zaman olduğu kimi, yenə də Avropa “başbilənləri” işin içindən bir “əmma” çıxarmaq niyyətindədirlər. Yenə də qarşıdurmanın aradan qalxmasını istəmirlər. Görünən odur ki, bundan sonra da qarışıqlığın olması kimlərinsə maraqlarına xidmət edir. Tutaq ki, Ukrayna tərəfi görüşdə iştirak etmədiyinə, daha doğrusu, həmin ölkə barəsində danışıqlar masasına dəvət almadığına görə bir qədər narahat kimi özünü göstərir. Bəs, sual oluna bilər ki, avropalılar niyə ukraynalıların, həmin ölkənin liderinin və eləcə də özlərinin iştirakını bəhanə edib “suyu bulandırmağa” çalışırlar? Bax elə bu sual məsələnin mahiyyətini başa düşmək, məhz işin kökündə nəyin olduğunu bilmək üçün kifayət edir.
Əvvəla, Putin dəfələrlə vurğulayıb ki, seçkidən yayındığına və öz hakimiyyətini uzatmaq üçün qanundan uzaqlaşdığına görə Zelenskinin hakimiyyətini də, özünü də qeyri-qanuni sayır və legitimliyini qəbul etmir. Hətta Rusiya lideri açıq mesajla çatdırıb ki, qeyri-qanuni ölkə rəhbəri ilə də görüşmək fikrində deyil və bunu, bu görüşü gözləməyə də dəyməz. Sözsüz ki, Zelenski də öz növbəsində bəzi bəhanələrlə seçkini keçirmədiyinə haqq qazandırmağa çalışır. Müharibə gedən ölkədə seçkinin olmamalı olduğunu iddia edən Ukrayna lideri də öz növbəsində özünü haqlı hesab etdiyini bildirməyə çalışır. Yaxşı, bəs avropalıların, Zelenskinin dəyirmanına su tökənlərin fikri, iddiası, marağı nədir ki, burunlarını soxmaqdan çəkinmədən özlərini “yuyulmamış qaşıq kimi” ortaya atırlar? Həqiqətən də maraqlı sualdır və diqqət çəkən məqamdır. Hər halda, bu suala özləri cavab verə bilərlər, çünki oyunlarını da, məramlarını da özlərindən başqa heç kim dəqiq bilə bilməz. Bununla belə həmin məramların heç də aydın olmadığı qənaətində hər kəs haqlıdır. Çünki əks halda, ən azından münasibətləri normallaşdırmaq cəhdləri müsbət qiymətləndirilərdi.
Düz 30 ilə yaxın müddət ərzində biz özümüz də şahidi olduq ki, avropalıların münaqişənin qarşısını almaq kimi bir niyyəti olmayıb və heç yenə də yoxdur. Qonşu ölkənin, Ermənistanın ölkəmizə təcavüzü, işğalı, müharibə cinayətləri törətməsi, soyqırımlara əl atması, beynəlxalq hüququn norma və prinsplərini köbudcasına pozaraq, nəzərə belə almayaraq, bizə məxsus olan torpaqları onillər boyunca sözün əsl mənasında talan etmələri və bütün mümkün pozuntulara əl atmaları fonunda avropalılar, ələlxüsus da Qoca Qitənin bir çox beynəlxalq qurumları səslərini də çıxarmadılar. Diplomatik danışıqlar zamanı belə haylara, Ermənistan hökumətinə irad bildirmədilər. Əksinə, danışıqların nəticəsiz qalması, hayların da danışıqlara məhəl qoymaması fonunda Azərbaycan öz gücü ilə hərbi yolla torpaqlarını geri qaytaranda, ədaləti bərpa edəndə “səslərini çıxardılar”, amma bunun adına səs yox, mızıltı və küy deyilsə daha doğru olar. Düz 30 il müddətində bir milyondan çox vətəndaşımızın köçkünlük həyatı yaşamasına fikir belə bildirməyənlər, beş-on erməninin başqasına məxsus olan torpaqları öz xoşları ilə tərk etmələrinə görə səs salmalı oldular. Hələ də sülh prosesinə mane olmaq üçün dondan-dona girirlər. Hələ də münaqişənin tənzimlənməsinin qarşısında maneə olmaq üçün bacardıqlarını edirlər. Bəziləri silah göndərirlər, digərləri maddi dəstək verirlər ki, hansısa yolla münaqişə uzansın. Amma niyə bunu edirlər və həqiqətənmi sülh naminə münasibətləri normallaşdırmaq cəhdlərini qəbul belə edə bilmirlər?
Bəli, ukraynalılar da, onları qıcıqlandıran avropalılar da bilməlidirlər ki, danışıqları kim edir-etsin, sülh üçün, sülh naminə danışıqları ancaq rəğbətlə qarşılamaq lazımdır. Bilməlidirlər ki, əgər bu danışıqları qısqanclıqla qəbul edirlərsə, bundan narahat olurlarsa, deməli, niyyətləri heç də yaxşı deyil. İndi istər Amerika, istərsə də Rusiya tərəfi sülh naminə bircə addım atırsa, deməli, bunu ancaq alqışlamaq doğru mövqedir. Əgər, məsələn, Cənubi Qafqazın iki ölkəsi bir-biri ilə sülh danışıqlarına hazırlaşırsa, buna ancaq kömək etmək, sülhə ancaq dəstək vermək lazımdır, sülhü istəmədən silaha sarılmaq istəyənlərə yox. Həmin o silaha sarılmaq niyyətində olanlara silah göndərmək, sursatla təmin etmək sülhə mane olmaq deməkdir. Bu gün Rusiya ilə ABŞ məhz Ukrayna münaqişəsi məsələsini həll etmək naminə bir araya gəlibsə, deməli, hər iki tərəf normallaşma üçün heç olmasa bir addım atıb. Heç olmasa ruslar da, amerikalılar da məhz sülh və barışıq naminə bir masa arxasında əyləşməyi məqbul hesab ediblər. Bəs bu avropalılar özlərini hansı müstəvidə hesab edirlər? Bunlar özlərini kimlərdən, hansı xislət sahiblərindən sayırlar? Bunlar, sülh naminə münasibətləri normallaşdırmaq cəhdləri edənləri gözləri götürmür, yoxsa, sülhün, əmin-amanlığın düşmənləridirlər? Hər halda, bütün dünya olanları, hadisələri yaxşıca müşahidə edir. Kimin münasibətləri normallaşdırmaq, kimin isə münasibətlərin normallaşdırılmasına mane olmaq niyyətində olduğu artıq gün kimi aydındır.

