Icma.az
close
up
RU
Musiqiçilər ailəsi: Biz səsli küylü ailəyik

Musiqiçilər ailəsi: Biz səsli küylü ailəyik

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İqlim dəyişikliyindən gileylənə-gileylənə gəlib çatdıq yayın cırhacırına. Yay fəsli həyatımıza hər zaman özünəməxsus rəng qatır. İlin bu dövrü əksəriyyət üçün istirahət, səyahət, ailə yığıncaqları və unudulmaz xatirələr mövsümüdür. Havanın daha çox  günəşli olması, məktəblərin yay tətili, şəhərin səs-küyündən uzaqlaşmaq arzusu bizləri daha çox doğmalarla bir araya gətirir. Axı, yay təkcə dincəlmək deyil, ailə bağlarını daha da möhkəmləndirmək, birlikdə vaxt keçirmək, xoş anları bölüşmək, olub-keçənləri yada salaraq deyib-gülmək üçün ən gözəl fürsətdir.

Məhz bu səbəbdən yay aylarında şəhərdə, onun ətrafında yerləşən istirahət və əyləncə mərkəzləri günün hər saatında, xüsusilə axşamlar daha canlı və rəngarəng ab-havaya bürünür. Təbii ki, bu rəngarəngliyə məxsusi ovqat bəxş edən musiqidir. Belə yay axşamlarında insanlara xoş əhval bəxş edən musiqi və ifaçılar da istirahətin ayrılmaz bir hissəsidir desək, doğru olar. Səslənən nəğmələr, ifa edilən musiqilər həmin gecələri unudulmaz bir xatirəyə çevirir.

Bugünkü müsahiblərimizlə neçə vaxt idi ki, görüşünüzə gəlmək istəyirdim, çünki onlar fərqli yaradıcılıq imici ilə insanların sevgisini qazana biliblər. Sosial şəbəkədə bir yay axşamı onların çıxışını izlədikdən sonra  həmsöhbət olmaq qərarımı qətiləşdirdim. Niyə onlar? Ona görə ki, bu gün sizlərə bir deyil, üç müsahib təqdim edəcəyik. Ona görə ki, onlar bir ailə qrupu kimi  özlərinin fərqli imzası ilə hamının sevimlisinə çevrilə biliblər. Beləliklə, qonaqlarımız Rəhman ailəsidir - Əkbər, Gülnar və Nuray.

- Yaradıcılığa fərqli yanaşma ilə, peşəkar fəaliyyətinizlə, sənət, valideyn, övlad qismində tamaşaçıya təqdim etdiyiniz imiclə çox fərqlisiniz. Maraqlı ideyanın maraqlı səbəbi də olmalıdır...

- Əkbər Rəhman: İdeya bir təsadüf nəticəsində yaranıb. Adətən deyirlər ki, təsadüf zərurətdən doğur və illər keçdikcə hər dəfə bu fikirlə razılaşıram. 2011-ci il idi və ailəmizdə doğma bir insanın toy günündə Gülnarla hamıya bir sürpriz etmək qərarına gəldik. O zamanda artıq neçə illər idi ki, mərhum Cavanşir Məmmədovun qrupunda çalışırdım. Elə alındı ki, bu sürprizə görə məclisə gec gəlməli olduq. Hətta Cavanşir müəllim deyindi də. Həmin gün biz Gülnarla o toy məclisində ilk duetimizi ifa etdik. Hamı üçün çox gözlənilməz oldu, maraqla qarşılandı. Məsləhət gördülər ki, biz duet ifamızı davam etdirək, lakin əvvəl-əvvəl bu fikirlə razılaşmadım. Sonra elə bir məqam oldu ki, fikrimi dəyişdim və beləcə, Cavanşir Məmmədovun qrupunda duetlərimiz başladı. Bilirsiniz ki, mən skripka ifaçısıyam və səhnədə bu görüntü də diqqəti cəlb etdi. Daha sonra qızımız Nuray da bizə qoşuldu və sonunda Rəhman ailəsi deyə bir qrup yarandı. Artıq on beş ildən çoxdur ki, sənətimizlə, yaradıcılığımızla, layihələrimizlə bütün rəsmi və qeyri-rəsmi tədbirlərdə, şou proqramlarda, el şənliklərində böyük ürək və həvəslə tamaşaçı qarşısına çıxırıq. Nə xoş halımıza ki, uğur həmişə bizimlə olur.

- Qarşınızda həm ailə var, həm də bir ailə ansamblı. Hansınısa saxlamaq daha çətin olmalıdır...

- Gülnar Rəhman: Həyatda heç nə asan deyil. Amma biz artıq bir növ adətkərdə olmuşuq, evdə də bir ansambl şəklindəyik, işdə də.

- Əkbər Rəhman: Ailəni saxlamaq bir çətinlikdir, qrupu idarə etmək də bir çətinlik, yəni ikiqat çətindir. Amma Gülnarın dediyi kimi, həyatda asan bir şey yoxdur. Harada ki, ortaya peşəkarcasına bir iş qoymaq istəyirsən, onun əziyyəti, çətinliyi olmasa, ləzzəti duyulmaz. Eybi yox, qoy çətinlik olsun, biz onlardan keçməyə razıyıq.

- Sizi ya musiqi birləşdirib, ya da ailə olmağınız musiqini həyatınıza gətirib...

- Gülnar Rəhman: Əslində bizi musiqi birləşdirib. Ailə qurmağımızın səbəbi eyni məktəbdə oxumağımız olub. Hər ikimiz Bülbül adına Orta İxtisas Musiqi Məktəbində oxumuşuq. Bu gün həm Nuray, həm də oğlumuz Sübhan həmin məktəbdə təhsil alırlar. Əkbər məndən yuxarı sinifdə oxuyub. Mən yeddinci sinifdə oxuyanda ona qarşı platonik məhəbbətim yarandı. O, artıq məktəbi bitirmişdi və düşündüm ki, Əkbəri bir daha görməyəcəyəm. On birinci sinifdə oxuyarkən hər şey dəyişdi. Bacımın toy məclisi idi, məkana gələndə Əkbəri musiqiçilərin arasında gördüm. Məni görəndə məktəb illərini xatırladı, münasibətimiz belə yarandı və sonda öz yuvamızı qurduq.

- Əkbər Rəhman: Bir əlavə də mən edim. Gülnarın bacısının toyu skripkaçı kimi iştirak etdiyim ilk məclis idi. Məktəbi bitirəndən sonra Fransaya getmişdim, fikrim orada qalmaq idi. Amma tale elə gətirdi ki, biz rastlaşdıq, ona vuruldum və öz torpağımda qaldım.

- Maraqlıdır, evdə musiqi, yoxsa ailə söhbətləri daha çoxdur...

- Gülnar Rəhman: Ailədaxili söhbətlərimiz də elə musiqi üzərində qurulur. Evdə də işimizdən, yeni layihələrimizdən, ifa etmək istədiyimiz mahnılardan danışırıq. İşimiz yaradıcı olduğundan hədəfimiz yaratmaqdır. Bayaq vurğuladığımız kimi, övladlarımızın ikisi musiqi məktəbində oxuyur, üçüncüsü hələ balaca da olsa, indidən musiqi duyumunu hiss etdirə bilir. Yəni həyatımızın da, ailəmizin də əsas mövzusu musiqidir, lakin bu o demək deyil ki, ailə söhbətlərimiz olmur.

- Məndə belə bir fikir yarandı ki, bir-birinizi musiqidə daha yaxşı anlayırsınız. Amma sizin gündəlik həyatınız da var axı...

- Gülnar Rəhman: Əslində hər ikisində... Həm anlayırıq...

- Əkbər Rəhman: ... həm də vuruşuruq. Həyatda vuruşmalar olduğu kimi, musiqidə də fərqli baxışlar var. Bizdə necədir? Məşq vaxtının ilk dəqiqələrində bizdə müharibə başlayır. Əgər o müharibə yatırsa, məşqə davam edirik...

- Bəs yatmayanda...

- Onda müharibə olur. Bu baxımdan biz səsli-küylü ailəyik, ona görə də başqalarını narahat etməmək üçün bina evində yaşamırıq.

- Gülnar Rəhman: Etiraf edirəm ki, çox emosionalıq. Ailəvi olaraq nəyəsə qərar vermək asan iş deyil. Burada hamı səs verməlidir, hamı eyni nöqtəyə vurmalıdır. Bu baxımdan istər-istəməz emosiyalar qabarır.

- Tamaşaçı Nurayı kiçik yaşlarından tanıdı. Təbii ki, hamıdan əvvəl valideynlər bu istedadı gördü və ona yol açdı...

- Əkbər Rəhman: Studiyaya mahnı yazdırmağa getmişdik. O zaman Nuray iki yaş yarımlıq idi. Maşında arxada oturmuşdu. Eşitdik ki, ifa edəcəyimiz mahnını Nuray zümzümə edir. Elə orada düşündük ki, bu zümzümədən sonra mahnını bizim ifa etməyimiz düzgün olmaz.

- Gülnar Rəhman: Həmin gün Nurayın istedadını dərindən hiss etdik. O yaşda uşaqlar kimi Nurayın da dəcəllikləri, şıltaqlıqları vardı. Bununla belə, onda sənətə yaxın nələrisə hiss edirdik, çünki qız uşaqları adətən özlərini büruzə verməyə daha çox meyillidirlər. Həmin gün biz onu kəşf etmiş olduq. Notları o qədər səlis və düzgün oxuyurdu ki, hələ üç yaşı tamam olmayan bir uşaq üçün bu, təəccüblü görünməyə bilməzdi. Deyim ki, o qədər də asan bir mahnı deyildi. O zaman bir Latın  Amerikası mahnısı vardı - "Nossa", yaman dəbdə idi. Mahnının ritmik və əyləncəli ruhu uşağı cəlb etmişdi. Bizi dinləyə-dinləyə sözlərini əzbərləmişdi. Nuray həm tez dil açıb, həm də erkən yeriməyə başlayıb, çox aktiv uşaq olub. Nurayın üç yaşı olanda ANS kanalında "Uşaqdan böyüyə" adlı bir veriliş vardı. Biz o verilişə müraciət etdik, qızımızı yoxladılar və fərqli uşaq olduğu üçün qəbul etdilər. Ondan sonra anladıq ki, Nurayın fitri istedadı var.

- Əkbər Rəhman həm atadır, həm də müəllim. Hər ikisini tərəzinin bir gözünə qoyaq...

- Əkbər Rəhman:  Sualınızı anladım... Hər birinin öz çətinliyi və ağırlığı var... İşlədiyin insanların öz ailənin üzvü olmağının tamam başqa çətinliyi var. Yad insanla çalışanda işi səni qane etmirsə, onu uzaqlaşdırırsan ki, bizdə alınmadı. Ailə üzvünə bunu edə bilmirsən axı, axşam bir yerdə evə gəlməlisən. Mənim üçün səhnə iş yerimdir. İstər tədbir olsun, istər şou proqram olsun, istər el şənliyi. Heç mənim oradan gəlirim belə olmasa da, səhnədə olduğum müddətdə mən iş yerindəyəm. Kimliyindən asılı olmayaraq, mənim üçün səhnədə ən əsas məsələ məsuliyyətli olmaq, uğurlu çıxış etməkdir.

- Ata qızı ilə fəxr edir, lakin bunu ona demir...

- Əkbər Rəhman:  O hissi heç vaxt ona bildirməmişəm, son vaxtlar qismən hiss etdirirəm.

- Gülnar xanım, evdə anasınız, səhnədə bir ailə üzvü. Yəqin ki, bu hisslər bir-birindən fərqlənir...

- Fərqlənmir... Ona görə ki, xaraktercə tələbkaram və hər bir işdə məsuliyyət tələb edirəm. Əgər ailədə hər kəsi bir araya toplayan, hər şeyə nəzarət edən bir anayamsa, səhnədə də öz işinin məsuliyyətini dərk edən biriyəm. Əkbərin öz tələbləri, iş prosesi var, eyni zamanda həmin işin içində mənim də özümə uyğun görəcəyim işlər var.

- Əkbər Rəhman: Yenə də söhbətə kiçik bir müdaxilə edim. Gülnarla  Əkbərin istedadı bir qədər fərqlidir. Təsəvvür edin, çay və şəkər fərqli qidalardır, lakin biz onları birləşdirəndən sonra qəbul edirik. Bizim də istedadımız belədir. Baxmayaraq ki, eyni məktəbi bitirmişik, müşahidə etmişəm ki, məndə olan xüsusiyyətlər Gülnarda yoxdur, onda olan bacarıq də məndə yoxdur. Və bu iki fərq birləşərək özünü bizim övladlarımızda büruzə verib - kimə çox, kimə az düşüb, bilmirəm, amma həmin istedadın onların arasında bölündüyünü görürəm. Onu da etiraf edirəm ki, yaradıcılığımızın əsas ideya müəllifi Gülnardır. Fikir ondan gəlib, mən də öz bacardığımı ora əlavə edib  bir iş ərsəyə gətirmişik.

- Gülnar Rəhman: İndi də mən müdaxilə edim. Fitri istedadı olan insanlar təbiət etibarilə bir qədər tənbəl olurlar. Mütləqdir ki, yanlarında onları işlədən, hərəkətə gətirən biri olsun. Ailədə bu missiya mənim üzərimə düşüb.

- Bir az da Nuray danışsın... Ata-ananın söhbətlərindən belə anladım ki, yolunu uşaq vaxtından özün seçmisən...

- Nuray Rəhman: Bəli... Valideynlərim qeyd etdi ki, bu, mənim içimdən gələn bir istedad olub. Böyüdükcə anladım ki, irsən gələn istedad məndə də varsa, onu niyə davam etdirməyim?

- Yaddaşlarda daha çox "İgid əsgər" mahnısı ilə qalmısan. Bu mahnını ifa edən beş yaşlı bir qızcığazın hisslərindən xatırladığın nələr var...

- Nuray Rəhman: Əslində tam xatırlamıram, amma onu bilirəm ki, kiçik yaşlarından valideynlərim mənə vətənpərvərlik hissini aşılayıb. Tək mənə yox, elə üçümüzə də. Mənim iki yaşlı qardaşım təmiz danışa bilməsə də, himnimizi eşidən kimi ayağa qalxır, o çətin sözləri ürəklə tələffüz edir. Yəni kiçik yaşlarından hissiyyatım güclü olub və nə etmişəmsə, hansı mahnını oxumuşamsa, onu hiss edərək, qəlbən yaşamağa çalışmışam.

- Artıq yeniyetmə bir qızsan. Musiqiçi ailəsində böyümək sənin üçün üstünlükdür, yoxsa məsuliyyət?

- Deyərdim ki, ikisi bir arada. Artıq bildiniz ki, mən də Bülbül adına Orta İxtisas Musiqi məktəbində təhsil alıram. Hər hansısa bir çətinliyim yarananda mən valideynlərimdən asanlıqla sualımın cavabını ala bilirəm. Yaxud skripka ilə bağlı nəyisə bilməyəndə atam onu mənə rahatlıqla izah edir. Bax, üstünlük budur. Məsuliyyətə gəlincə isə, indi mənə elə gəlir ki, xarakterimdəki bu xüsusiyyətlə dünyaya gəlmişəm.

- İlk dəfə səhnəyə çıxanda daha çox kim həyəcanlı idi - sən, yoxsa ata-ana?

- Ata-anam... İlk çıxışım üç yaşımda Muğam Mərkəzində olub, həmin görüntülər sosial şəbəkələrdə də var. "Nossa" mahnısını həm oxuyurdum, həm də skripkada ifa edirdim. Hamı məni heyranlıqla alqışlayırdı. Artıq səhnədən çıxmalıyam, boyum balaca, qapını tapa bilmirəm. Tamaşaçılar gülüşlərlə məni alqışlamağa başladı və axırda mənim üçün qapını açdılar, beləcə, səhnədən çıxdım. İlk çıxışımda belə maraqlı hadisə də yaşamışdım.

- Rəhman ailəsinin əsas simvolu skripkadır. Bir tamaşaçı kimi bu aləti ailənizin uğuru hesab edirəm...

 - Əkbər Rəhman: Və bir də davul... Natiq Şirinov deyir ki, musiqi ritmlə başlayır. Bu, həqiqətən belədir. Musiqi duyumunun olmasını ilk ritmlə yoxlayırlar. Nurayın yüksək ritm qabiliyyəti vardı və bu özünü büruzə verdi. Dövlət tədbirlərinin birində Nuray "Natiq ritm" qrupu ilə davulda ifa etdi.

- Gülnar Rəhman:  Qazaxıstanda keçirilən "Expo-2017" tədbirində Azərbaycanı təmsil edəndə Nuray  "Yaşa Azərbaycan" mahnısını davulda ifa edib.

- Yenə də skripkanın sehrindən danışaq...

- Əkbər Rəhman: Əgər atam olmasaydı, yəqin ki, bu gün əlimdə skripka tutmazdım. O zaman bir dövlət televiziyası vardı, atam da orada işıqçı idi. Bizim də yeganə baxdığımız kanal AzTV idi. Bazar günü idi, səbirsizliklə bacımla birlikdə cizgi filmini gözləyirdik. Təsadüfdən də atam evdə idi. Cizgi filmi başladı və orada bir çəyirtkə əlində skripka çalırdı. Bunu görən kimi dedim ki, mən də ondan istəyirəm. Atam bu sözümü eşitdi və ertəsi günü televiziyadan tanıdığı musiqiçi dostu Yusif Həsənovu evə gətirdi. O, mənim ritm qabiliyyətimi yoxlamağa başladı. Nə eşitdimsə, dərhal təkrar etdim. Üzünü atama tutub dedi ki, uşağın mükəmməl musiqi duyumu var. Beş yaşından məni Bülbül adına Orta İxtisas Musiqi məktəbinə apardılar, bir il sonra artıq məktəbin şagirdi oldum. Bununla da, mənim məhəllə uşaqları ilə oynamağıma son qoyuldu, sırf dərslərimlə məşğul olurdum. Məktəbi bitirdim, konservatoriyaya daxil oldum, yolumu tuta bildim və bu gün atamın ruhuna daima rəhmət oxuyuram ki, zamanında məni düzgün istiqamətləndirdi.

- Və Nuray da bu yolun davamçısı oldu...

- Gülnar Rəhman: Demək olar ki, oxşar hadisə yaşanıb. Kiçik olanda Nuraya oyuncaq skripka almışdıq. Atasını həmişə ifa edən gördüyündən bir gün əlində oyuncaq skripka ilə gəlib atasına dedi ki, mən bunu istəmirəm, sənin əlindəkindən istəyirəm. Bunu eşidəndən sonra atası onun üçün kiçik ölçüdə skripka aldı və üç yaşından müəllim yanına gedərək skripkaya bağlandı. Valideynin uşaqları düzgün istiqamətləndirməyi onların gələcək həyatının təminatıdır. Bu gün oğlumuz Sübhan da gözəl piano ifaçısıdır, 10-cu sinif şagirdi olsa da, artıq  kiçik musiqilər bəstələyir. Nurayın uğurları kimi onun da gələcək nailiyyətlərinə çox ümidliyik. Və bir də qalır balaca Elxanımız... Yəqin ki, irsən gələn istedad mütləq onda da öz sözünü deyəcək və bəlkə də yaxın illərdə musiqili ailəmizin ən kiçik üzvü də səhnədə ilk addımlarını atacaq.

SÖZARDI:  Onlarla görüşümdə bir də onu müşahidə elədim ki, Rəhman ailəsi musiqinin insanları necə birləşdirdiyinin canlı nümunəsidir. Bu ailədə musiqi təkcə sənət deyil, həm də ailə bağlarını daha da möhkəmləndirən mənəvi bir dəyərdir. Onlardan ayrılanda düşündüm ki, nə yaxşı şou dünyasının içində olsalar da, bu aləmin qalmaqalından, dedi-qodularından çox uzaqda qalmağı bacaran, işinin peşəkarı olan belə sənət adamları var. Sükanı belə də saxlayın!

Tamilla M-ZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://525.az
archiveBu xəbər 31 İyul 2026 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri