Müstəqillik yolunun başlanğıcı
Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.


1991-ci il 3 sentyabr tarixində Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin Sədri seçilib
Tarixin bu günü - 3 sentyabr 1991-ci il, ulu diyar Naxçıvan. Muxtar Respublikanın Ali Sovetinin fövqəladə sessiyası başlayıb. Gündəlikdəki məsələlərdən biri də Ali Sovetin sədrinin seçilməsidir. İclas zalında həyəcan, gərginlik hökm sürür. Eyni zamanda, Ali Sovetin binası önündə böyük izdiham var. Hamı Haxçıvanın idarəçiliyinin kimə həvalə olunacağı xəbərini böyük intizarla gözləyir. Yaşanan bu narahatçılıq da səbəbsiz deyil. Blokadada qalan Muxtar Respublikada sosial-iqtisadi vəziyyət gündən-günə ağırlaşır. Xarici təcavüz də istisna deyil. Həmin çətin dönəmdə insanların yeganə ümidi xalqını və Vətənini çox sevən, müdrik siyasətçi Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsinə idi. Əhalinin möhkəm inancına, qənaətinə görə, yalnız bu böyük şəxsiyyət Naxçıvanı düşdüyü ağır vəziyyətdən çıxara bilərdi. İzdihamın gözləntisi doğruldu. İclas zalından Heydər Əliyevin Ali Sovetin Sədri seçildiyi barədə xəbər gəldi...
Bu xəbər yalnız Naxçıvan üçün yox, bütün Azərbaycan miqyasında böyük bir müjdə idi. Aradan onilliklər ötəndən sonra da insanlar minnətdarlıq hissi ilə etiraf edirlər ki, əgər ötən əsrin doxsanıncı illərinin əvvəllərində Heydər Əliyev əvvəlcə Naxçıvana, sonrakı mərhələdə isə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə qayıtmasa idi, bugünkü milli maraqlarını qətiyyətlə qoruyan, hədəflərinə çatan, ərazi bütövlüyünü və suverenliyini tam təmin etmək, regionda yeni reallıqlar yaratmaq qüdrətinə sahib olan müstəqil Azərbaycandan söhbət aça bilməzdik.
Heydər Əliyevin Naxçıvana dönüşü tale qisməti idi
Ötən əsri doxsanıncı illərinin əvvəlində böyük siyasətçi Heydər Əliyevin doğma diyara üz tutması həm Onun özü, həm də bütün naxçıvanlılar üçün bir tale qisməti idi. İnsan üçün doğuldu, uşaqlığını, yeniyetməlik dövrünü keçirdiyi məkan çox müqəddəsdir. Tale səni uzaq diyarlara apara bilər, ancaq yaddaşın əbədi olaraq həmin doğma yerlərlə, mühitlə, əziz insanlarla bağlı oacaq, xatirələr həmişə illərin arxasından boy göstərəcək. Heydər Əliyev bir siyasət nəhəngi idi. Naxçıvanın suyunu içən Heydər Əliyev əvvəlcə Azərbaycana rəhbərlik etmiş, respublikanı böyük uğurlara daşımışdı. Sonradan isə keçmiş ittifaq məkanında bir mayak kimi parlayan bu siyasətçi SSRİ-nin rəhbərlərindən biri səviyyəsinə yüksəldi. O, qapalı sovet rejiminin ideloji çərçivələrini aşaraq təşəbbüslər irəli sürürdü və yenilikçi kimi tanınırdı. Heydər Əliyevin nəhəng ölkə çərçivəsində böyük nüfuz, hörmət qazanması SSRİ-nin yeni rəhbəri M.Qorbaçovun ürəyincə deyildi. O, Heydər Əliyevi özünə bacara bilməyəcəyi rəqib sanır və açıq-aşkar qısqanclıq nümayiş etdirirdi. Onun ətrafındakı ermənilər də bu məqamdan sui-istifadə edərək Heydər Əliyevi yalan kompromatlarla ləkələməyə çalışırdılar. M.Qorbaçovun dözülməz idarəçilik üsulu ilə barışmayan Heydər Əliyev 1987-ci ilin 21 oktyabr tarixində keçmiş ittifaq dövlətində tutduğu bütün vəzifələrdən istefa verdi. Bundan sonra O, Moskvadan Bakıya dönmək qərarına gəlmişdi. Bu qayıdış 1990-cı il iyulun 20-də gerçəkləşdi. Həmin dövrdə Heydər Əliyev yaxşı başa düşürdü ki, keçmiş ittifaq rəhbərliyi tərəfindən Azərbaycana qarşı məkrli planlar qurulub həyata keçirlə bilər. O, bununla bağlı müxtəlif mənbələrdən siqnallar almışdı. Elə Onun özünün də həyatı təhlükə qarşısında idi. Erməni-M.Qorbaçov mafiyası Heydər Əliyevin varlığını Azərbaycana qarşı məkrli planlarını həyata keçirmək yolunda ən böyük maneə hesab edirdi. Belə bir şəraitdə Heydər Əliyev xalqı ilə bir yerdə olmaq, ona arxa-dayaq durmaq istəyirdi. Lakin imperiya nökərləri - bəhs olunan dövrdə Azərbaycanın rəhbərliyində təmsil olunan şəxslər Heydər Əliyevin Bakıya qayıdışını kresloları üçün təhlükə hesab edərək Onun paytaxtda qalmasını əngəllədilər. Heydər Əliyev doğulduğu Naxçıvana üz tutdu və burada insanlar Onu böyük sayğı ilə qarşıladılar.
Qədim diyarda yaranan “Xalq-Heydər” və “Heydər-Xalq” birliyi
Doğma diyara qayıdan Heydər Əliyev burada bacısının kiçik evində yerləşmişdi. Ancaq bu kiçik ev böyük bir ziyarət məkanına çevrilmişdi. Qədim diyarın hər bir bölgəsindən bura insanlar axın edir, Heydər Əliyevlə görüşməyin xoşbəxtliyini yaşamaq istəyirdilər. İnsanlar el adətincə əziz qonaqlarına özlərinin hazırladıqları sovqatları gətirir, onun gəlişi münasibətilə qurbanlar kəsirdilər. 22 iyul 1990-cı il tarixdə axşamüstü Naxçıvan şəhərinin mərkəzi hissəsi, Azadlıq meydanı insan selinə qərq olmuşdu. Burada Heydər Əliyevin doğma diyara qayıdışı münasibətilə izdihamlı mitinq keçirildi.
Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, mərkəzi hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdı. Müharibənin davam etdiyi, sənaye və ərzaq məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı şəraitdə Ali Məclisin Sədri seçilən Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər sayəsində Naxçıvanda sabitlik və həmrəylik təmin olundu. Heydər Əliyev Özünün şəxsi nüfuzundan və yüksək diplomatik bacarığından istifadə edərək qonşu Türkiyənin, İranın siyasi rəhbərliyi ilə təmasları gücləndirdi və blokada şəraitində yaşayan muxtar respublikanı erməni təcavüzündən, aclıqdan, səfalətdən qorudu.
Naxşıvanda sözün əsl mənasında “Xalq-Heydər” və “Heydər-Xalq” birliyi yaranmışdı. Bu sarsılmaz birlik istənilən arzuolunmaz cəhdin qarşısını almağa qadir idi. 24 oktyabr 1992-ci il tarixində AXC Naxçıvan şöbəsinin silahlı dəstələri və Ordubad rayon polisi tərəfindən Naxçıvanda dövlət çevrilişinə cəhd göstərildi. Silahlı dəstələr ultimatum dili ilə danışır, o cümlədən də Daxili İşlər Nazirliyinin və Teleradio Verilişləri Komitəsinin binasını boşaltmağı tələb edirdilər. Lakin onlar vacib bir faktoru - xalqın Heydər Əliyevə rəğbətini yaddan çıxartmışdılar. Minlərlə Naxçıvan sakini dövlətçiliyin müdafiəsinə qalxdı və Heydər Əliyevin ətrafında birləşdi. Məhz xalqın Heydər Əliyevlə sıx həmrəyliyi sayəsində xəyanətkarların mənfur planı pozuldu və dövlət çevrilişi cəhdinin qarşısı alındı. Xalqının Ona olan sonsuz rəğbətindən, məhəbbətindən vəcdə gələn Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının 1999-cu ildə keçirilən qurultayında bunu çox təsirli şəkildə ifadə edərək deyib: “Nə Qorbaçov hakimiyyəti, nə Vəzirov hakimiyyəti, nə Mütəllibov hakimiyyəti, nə də Əbülfəz Elçibəy hakimiyyəti - heç birisi Heydər Əliyevi Azərbaycan xalqının qəlbindən çıxara bilmədi...”
Naxçıvanda alınan və müstəqilliyimiz üçün müstəsna önəm daşıyan qərarlar
Azərbaycan parlamenti 1991-ci il oktyabr ayının 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi və bununla da respublikamız XX yüzillikdə ikinci dəfə müstəqilliyinə qovuşdu. Müstəqilliyə gedən yolu əsası isə məhz Heydər Əliyevin təşəbbüsləri, səyləri və ardıcıl fəaliyyəti sayəsidə məhz Naxçıvanda qoyulub. Naxçıvana qayıdan Heydər Əliyev 1990-cı ilin payızında Babək rayonunun Nehrəm kəndindən Azərbaycan Respublikasının Ali Sovetinə, elləcə də Naxçıvan Ali Sovetinə deputat seçilmişdi. Muxtar Respublikanın Ali Sovetinin seçkilərdən bir qədər sonra - 17 noyabr 1990-cı il tarixində çağırılan sessiyasına sədrlik Heydər Əliyevə həvalə olundu. Sessiyada Onun təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı.
O dövrdə Heydər Əliyevin Naxçıvana və naxçıvanlılara böyük məhəbbətlə atdığı bu kimi addımlar böyük cəsarət nümunəsi idi. Qeyd etmək yerinə düşər ki, bəhs olunan dövrdə hələ Sovet İttifaqı Kommunist Partiyası fəaliyyət göstərirdi. Heydər Əliyev isə təhdidlərdən, Özü və ailəsi üçün yarana biləcək təhlükələrdən çəkinməyərək respublikamızın gələcək taleyi baxımından müstəsna əhəmiyyət daşıyan qərarların qəbul olunmasına nail olurdu. Bir qədər sonra - 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi, həmçinin ölkənin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı. Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi. 1991-ci il avqustun 30-da Ali Sovetin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etdi. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. 1991-ci il martın 17-də keçmiş sovet ittifaqının saxlanması ilə bağlı keçirilən referendumu yada salaq. Respublikanın o vaxtkı rəhbərlərinin loyallığının, qətiyyətsizliyinin, müstəqillik ideyalarından uzaq olmalarının nəticəsi idi ki, Azərbaycan da həmin referenduma qoşuldu. Lakin burada da Heydər Əliyev nə qədər qətiyyətli olduğunu nümayiş etdirdi. O, Naxçıvanın referendumda iştirak etməməsi ilə bağlı çağırış etdi və keçmiş ittifaqin, Azərbaycanın sabiq rəhbərliyinin təkidlərinə, hədə-qorxularına rəğmən, bu çağırışını geri götürmədi. Beləliklə də, Naxçıvan saxta referenduma qoşulmadı.
YAP-ın yaranması, Heydər Əliyevin ölkə miqyasında xilaskarlıq missiyası
Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının (YAP) yaranması Azərbaycanın müstəqillik yolunda mühüm bir mərhələni təşkil edir. O dövrdə ölkəni bürüyən xaos şəraitində 1992-ci il oktyabr ayının 16-da 91 nəfər ziyalı Heydər Əliyevə müraciət ünvanladı. Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Heydər Əliyev partiyanın Sədri seçildi.
YAP-ı yarandığı vaxtdan cəmi 6 aydan sonra hakim patiyaya çevrilməsi xalqın Heydər Əliyevə böyük inamının ifadəsi idi. Ölkənin vətəndaş müharibəsi, xarici təcavüzlə üz-üzə qaldığı bir dönəmdə xalq təkidlə Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıtmasını tələb etdi. Naxçıvanı qoruyan Heydər Əliyev xalqın inamının qırılmasına imkan vermədi, 1993-cü ilin yayında Bakıya gəldi və ölkəyə rəhbərliyin məsuliyyətini öz üzərinə götürdü. Bu dəfə Heydər Əliyev xilaskarlıq missiyasını bütün Azərbaycan miqyasında həyata keçirdi. Onun aldığı müdrik qərarlar sayəsində ölkəmiz sabitliyə, həmrəyliyə və inkişafa istiqamətləndi. Yeni mərhələdə də müstəqilliyimiz etibarlı əllərdədir. Son 20 ildən artıq müddətdə Azərbaycan Prezident İlham Əliyevin rəhbəriyi ilə müstəqilliyini möhkəmlətməklə, milli maraqlarını qorumaqla zirvələrə yüksəlib.
Mübariz ABDULLAYEV


