Nağdsız ödənişlərin həcmi artır
Icma.az, 525.az saytına istinadən bildirir.
Məlum olduğu kimi, mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlər 5.7 milyard təşkil edib. Azərbaycanda bank kartlarının sayı bir ayda 78 min ədəd artıb. Mart ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı 17 milyon 421 min ədədə yüksəlib. Bank kartlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.3 faiz artıb.
Əslində, son illər nağdsız ödənişlərin miqyasının artırılması istiqamətində ölkəmizdə məqsədyönlü siyasət yürüdülür. Ötən illər ərzində bu məqsədlə Vergi Məcəlləsinə, "Nağdsız Hesablaşmalar haqqında" Qanuna və digər qanunvericlik aktlarına müvafiq dəyişikliklər edilib. Elektron ödənişlərin daha rahat və asan aparılması üçün ən zəruri infrastrukturlar yaradılıb.
Nağdsız ödənişlərlə bağlı bu dərəcədə yüksək artım Azərbaycanda manat dövriyyəsinə, iqtisadiyyata mənfi təsir göstərə bilərmi?
İqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, nağdsız ödənişlər ölkədə şəffaflığın artmasına səbəb olur: "Şəffaflığın artması vergidən yayınma imkanlarını aşağı salır. Bu da rəsmi iqtisadiyyat üçün faydalıdır. Elektron ödənişə keçiddən sonra vergidən yayınma hallarını gizlətmək çox çətindir. Subyektlər artıq bunu gizlətmir, çünki bu, asanlıqla anlaşıla bilir. Vergi orqanı bankdan dövriyyələri əldə etməklə rahat şəkildə fərqləri ortaya çıxara bilir. Bu, həmçinin banklar üçün də əlavə dövriyyədir, bankların da rekvidliyini artırır, vəsait banklara gedir".
Ekspert qeyd edib ki, nağdsız ödənişlər yalnız ölkə iqtisadiyyatı üçün deyil, vətəndaşlar üçün də faydalıdır: "Vətəndaşların həyatının asanlaşdırılmasında da nağdsız ödənişlərin rolu böyükdür. Eyni zamanda nağdsız ödənişlər təhlükəsizlik, oğurluq məsələlərində daha səmərəlidir. Vətəndaşlar həmçinin elektron, onlayn formada ödənişlər etməklə vaxtlarına da qənaət edirlər. Onların artıq hansısa banka və ya mağazaya getmələrinə ehtiyac qalmır. Həmçinin vətəndaşlar onlayn ödəniş etməklə müxtəlif bankların təklif etdikləri kartlar vasitəsilə bonus və kəşbeklərdən də yararlana bilərlər. Əlavə olaraq kartla ödəmələr zamanı vətəndaşlar 17.5 faiz ƏDV əldə edirlər, lakin bu məbləğ nağd ödəniş zamanı 5 faizdir".
Ekspertin dediyinə görə, nağdsız ödənişlər eyni zamanda bir o qədər də risklidir. Bu zaman bir çox təhlükəli hallar baş verə bilər. Bunlara bank kartının "hək"lənməsi, yanlış hesaba pul köçürmə və s. kimi hallar aiddir ki, vətəndaşlar nağdsız ödənişlər edərkən xüsusilə, bu nüanslara diqqət etməlidirlər.
İqtisadçı ekspert Eyyub Kərimli deyir ki, beynəlxalq təcrübədə nağdsız ödənişlər ümumi valyuta dövriyyəsinin təxminən 98 faizini təşkil edir. Ölkədə isə bu göstərici hələlik 25 faizdən yuxarıdır və bu sahədə mühüm işlər görülməkdədir. Nağdsız ödənişlərin artması bir sıra müsbət təsirlər yaradır: ilk növbədə, bu, vergi yığımının effektivliyini artırır və vergidən yayınma hallarının qarşısının alınmasına xidmət edir. Eyni zamanda, nağdsız ödənişlər müqavilələrin icrasını daha təhlükəsiz və şəffaf edir. Köçürmələr zamanı vəsaitlər rəsmi şəkildə sənədləşdirilir və bu, tərəflər arasında mümkün fırıldaq hallarını minimuma endirir. Bununla yanaşı, beynəlxalq terrorçuluq və digər cinayət yolları ilə əldə olunan vəsaitlərin dövriyyəsinin qarşısı alınır. Eyyub Kərimlinin sözlərinə görə, ölkədə bu istiqamətdə atılan mühüm addımlardan biri də "ƏDV geri al" mexanizmidir: "Bu təşəbbüs nağdsız ödənişlərin artımına ciddi şəkildə təkan verir və dövriyyədə şəffaflığı təmin edir. Bu həm də bank sektorunun inkişafına mühüm töhfə verir. Əhali və sahibkarlar bu sistemdən rahatlıqla istifadə edir və gündəlik maliyyə əməliyyatlarını asanlıqla yerinə yetirirlər.
Nağdsız ödənişlərin geniş yayılması insanlara vaxt və əməliyyat rahatlığı qazandırır. Artıq bank əməliyyatları üçün fiziki olaraq bir yerə getmək lazım deyil - mobil tətbiqlər və onlayn bankçılıq vasitəsilə istənilən yerdən əməliyyat aparmaq mümkündür".
Ekspert həmçinin qeyd edib ki, bununla belə, artan rəqəmsal dövriyyə kibertəhlükəsizlik məsələsini də aktuallaşdırır: "Bu risklər daim mövcuddur və nağdsız ödənişlərin artımı ilə təhlükəsizliyin təmin olunması da bankların və müvafiq qurumların əsas vəzifələrindən birinə çevrilir. Gələcəkdə bu sahədə texnoloji imkanların və müdafiə mexanizmlərinin daha da təkmilləşdiriləcəyi gözlənilir: "Digər tərəfdən, nağdsız dövriyyənin tam tətbiqi üçün bəzi infrastruktur problemləri qalmaqdadır. Xüsusilə ucqar bölgələrdə post-terminalların azlığı, eləcə də internet və enerji təminatının qeyri-sabit olması müəyyən çətinliklər yaradır. Bu səbəbdən, bəzi hallarda vətəndaşlar və sahibkarlar yalnız nağd vəsaitdən istifadə edə bilirlər. Bu problemlərin aradan qaldırılması isə nağdsız iqtisadiyyatın tam şəkildə tətbiqinə imkan verəcək. Nağdsız dövriyyənin artması şəffaflığa və sahibkarlığa böyük əhəmiyyətdə təsiri vardır. Lakin burada bankların tətbiq etdiyi faizlər həddən artıq çoxdur. Bu il faizlərdən banklar 360 milyon manat pul qazanıb. Həmçinin həm nağdlaşmağa, həm də digər ödənişlər etməyə banklar 1,5-2 faiz aralığında xidmət haqqı tuturlar. Bu baxımdan məqsədəuyğun olardı ki, faizlər azaldılsın. Çünki biz əgər nağdsız dövriyyənin artmağını istəyiriksə, sahibkarlarda nəzərə almalıyıq. Əsasən də kiçik və orta sahibkarlar bu cür dövriyyədən xeyli vəsait itirir".
Millət vəkili Vüqar Bayramov vurğulayıb ki, Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmində son illər artımlar qeydə alınmaqla yanaşı, nağdsız ödənişlərə marağın yüksəlməsi də müşahidə olunur. Bu da biznes dövriyyəsinin daha da şəffaflaşmasına xidmət edir. Bununla yanaşı, sahibkarlar üçün ciddi məsələlərdən biri də plastik kartlardan istifadə zamanı banklar tərəfindən yüksək komissiya haqlarının müəyyənləşdirilməsidir: "POS-terminal xidmətləri üzrə yüksək komissiya haqları ticarət obyektləri üçün izafi xərc yaratmaqla yanaşı, istehlakçı qiymətlərinə də təsir göstərir. Eyni zamanda, əksər hallarda həmin xərclər iri satış obyektləri tərəfindən mikro və kiçik sahibkarlara təqdim olunan sifarişlərə transfer edilir. Banklarda nağdsız ödəniş məbləğinin 1,4-1,8 faiz həcmində komissiya haqlarının müəyyənləşdirildiyini nəzərə alsaq, bu zaman bu xərcin nə qədər böyük olmasını təsəvvür etmək çətin olmaz. 2024-cü ildə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi 62.2 milyard manat olub. Əvvəlki ilə nisbətən 2024-cü ildə dövriyyə real ifadə 3.9 faiz artıb. İl ərzində nağdsız pərakəndə ticarət döviyyəsi isə 24.5 milyard manata çatıb. Bu o deməkdir ki, komissiya haqlarının orta hesabla 1.5 faiz olduğunu nəzərə alsaq, banklar sadəcə POS-terminallara xidmətə görə il ərzində 368 milyon manat qazanırlar. Bu, böyük məbləğ olmaqla yanaşı, biznesin xərclərini artırır, qiymətlərə təsirsiz ötüşmür, mikro və kiçik sahibkarlara verilən sifarişləri bahalaşdırır. Nəticədə, yüksək komissiya haqları mikro və kiçik sahibkarlığın inkişafı baxımdan da arzuolunan deyil. Eyni zamanda, yüksək xərc bəzi xidmət və satış obyektlərində plastik kartlardan istifadəyə marağı azaldır. Bu isə o deməkdir ki, bankların POS-terminallardan istifadə üzrə xərclərin optimallaşdırılmasına ehtiyac var".
V.Bayramov qeyd edib ki, Avropada "İnterçeync" çərçivəsində debet kart ödənişlərində maksimum 0.2 faiz, kredit kart ödənişlərində ən çoxu 0.3 faiz tətbiq edilir:
"ABŞ-də "Durbin qanunu" ilə debit kartların interçeync haqları məhdudlaşdırılıb. Bir sıra dövlətlərdə isə ödənişlər üçün aşağı komissiyalar və hətta dövlət subsidiyası da tətbiq edilir. Azərbaycanda POS-terminallardan istifadə haqları ilə bağlı məhdudiyyətlər olmadığından, bu, banklar tərəfindən daha yüksək komissiyaların müəyyənləşdirilməsinə səbəb olur. Bu baxımdan, ölkəmizdə də banklar tərəfindən POS-terminal xidməti üzrə maksimum komissiya faizinin müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Digər tərəfdən, Mərkəzi Bankın stimullaşdırıcı alətlərdən istifadə etməklə plastik kartlardan istifadə ilə bağlı komissiya haqlarının azaldılmasına nail olması arzuolunandır. Bir sıra inkişaf etməkdə olduğu kimi daxili "İnterçeync" sisteminin formalaşdırılması da bankların bu yüksək komissiya haqlarını azaldar. Bu isə nağdsız hesablaşmaları təşviq etməklə yanaşı, qiymətlərin də azalmasına səbəb ola bilər".
İqtisadçı Natiq Cəfərlinin sözlərinə əsasən, dünya iqtisadiyyatı çoxdan nağdsız ödənişlərə keçib: "Elə ölkələr var ki, nağdsız ödənişlər az qala ümumi iqtisadi dövriyyənin 80-85 faizini təşkil edir. Məsələn, Avstraliya, Yeni Zelandiya kimi ölkələrdə belədir. Təbii ki, kağız pullar hər zaman olacaq. Amma nağdsız ödənişlərin həcmi artır. Onlayn bank xidmətlərinin həcmi, əhatə dairəsi genişləndikcə, nağdsız ödənişlərin də həcmi artmış olur. Bu isə təbii prosesdir. Onu da deyim ki, kartla alış-veriş etməyin bir sıra üstünlükləri var. Məsələn, kəşbek anlayışı var. Kartla alış-veriş edərkən həm bonus qazanırsan, həm də pulun bir hissəsi sonradan sənə geri qayıdır. Bu da insanların xoşuna gəlir. Bundan əlavə, pulun cibdən düşüb itməsi ehtimalı hər zaman böyükdür. Amma kartı itirərkən telefon vasitəsilə blok edirsən və yenisini ala bilirsən. Beləcə, heç bir zərərə məruz qalmırsan. Bir sözlə, kartla alış-verişin bir çox üstünlükləri var. Ona görə də insanlar kartla bazarlığa daha çox üstünlük verirlər. Onu da deyim ki, Azərbaycanda kartla alış-veriş səviyyəsi hələ də çox aşağı səviyyədədir. Amma son illər kartdan istifadə halları çoxalıb. Hazırda ümumi ticarət dövriyyəsinin yarısını kartla alış-verişlər təşkil edir. Bu tendensiya pandemiya dövründə sürət aldı. Elə ölkələr var ki, alış-verişin 95-97 faizi onlayn həyata keçirilir. Məsələn, Avstraliyada, Yeni Zelandiyada kartla ödənişin səviyyəsi 100 faizə yaxındır. Bu da o deməkdir ki, kartdan istifadə daha rahat və əlverişlidir".
Ekspertlərin fikrincə, kağız pullar getdikcə dövriyyədən çıxarılacaq, bu, bir zaman məsələsidir. Uzaq dövrə aid olan bir proqnozdur ki, məhz tədricən nağdsız ödənişlərin həcmi getdikcə artacaq, nağd ödənişlərin həcmi azalacaq. Bu dinamika uzun müddət davam etdikdən sonra nağd ödənişlər minimuma enəcək. Amma bunun üçün xeyli zaman lazımdır.
İqtisadçı ekspert Akif Nəsirli hesab edir ki, nağdsız ödənişlər iqtisadiyyatın liberallaşmasında önəmli rola malikdir: "Bank kartları nağdsız ödənişlərin səviyyəsinin yüksəlməsinə rəvac verir. Onların sayının çoxalması, əhali arasında populyarlaşması müsbət haldır. Çünki nağdsız ödənişlər iqtisadiyyatın liberallaşmasında və kölgə iqtisadiyyatının aradan qaldırılmasında müstəsna rol oynayır. Ümumiyyətlə, virtual, nağdsız ödənişlər vergidən yayınmanın qarşısını alır. Buna görə də əhaliyə təbliğ etməliyik ki, bank kartlarından daha çox istifadə etsinlər. Azərbaycanda əhali cibindəki pula kartdakından daha çox etibar edir. Ona görə də həmin kartların güvənlilik məsələsini yüksək səviyyədə təmin etmək lazımdır ki, əhali onlara etibar etsin".
Hüquqşünas Əkrəm Həsənovun dediyinə görə, plastik kartlardan istifadənin genişlənməsinin, nağdsız ödənişlərin artmasının həm vətəndaşlara, həm də bankalara faydası var: "Nağdsız ödənişlərin həcminin artması müsbət haldır, vətəndaşların rahatlığını təmin edir. Vətəndaşların üstlərində artıq pul gəzdirmirlər. Pulların oğurlanma, korlanma təhlükəsi də olmur. Sadəcə Azərbaycanda bankların xidmət keyfiyyətinin zəif olması problemdir. Bəzən kartlardan vəsait oğurlanır, itir. Banklar da buna görə məsuliyyətdən yayınır. Bəzi hallarda isə belə problemlər vətəndaşların öz günahından baş verir, kartın nömrəsini başqasına göndərirlər. Bu kimi problemlər həll olunmalıdır. Bankların kifayət qədər etibarlı və effektli ödəniş sistemləri, informasiya təhlükəsizliyi sistemləri yaradılmalıdır. Dünyanın hər yerində kağız pullar hələ də istifadə olunur".
Sevinc QARAYEVA


