NAĞILLARDAN QURTULMAQ ZAMANI Rafael Hüseynov yazır
Icma.az, 525.az portalına istinadən məlumat verir.
Rafael HÜSEYNOV
Akademik
Axtarmasan tapmazsan! Doğrudur, tam təsadüfən də arzusunda olduğun nəsə heç gözləmədiyin halda gəlib qarşına çıxa bilər. Amma bu, baş verər mində, milyonda bir. Lakin hətta o halda da qarşına çıxanın yanından biganə ötüb keçməməyin üçün onun haqqında daha əvvəl düşünmüş olmalısan. Haçansa haqqında düşünmüş olmasan, haradan bilərsən ki, indi təsadüfən qarşına çıxan tapılması sevinc yaradan, ehtiyac duyulandır?
Bu söhbətlərin uzunluğu artıq bir əsrdən də çoxdur, son 60-70 ildə də həmin müzakirələr daha qızğın və israrlı olub ki, Vazehlə bağlı həqiqətlərə mütləq yetişməliyik və nədirsə, o mübahisə edənlərin ən inadkarları da müşkülün həllini qürbətlərdə, Almaniyada arayıblar, ən az ümid verənə böyük ümidlər bağlayaraq daha yaxında olan və daha gerçək görünənə doğru getməyə çox da bənd olmayıblar.
Vazeh irsinin sirlərini açmağın fikrini çəkənlər nədənsə yeganə düzgün yol kimi daim bunun üstündə dayanıblar ki, gün gələr, Fridrix Bodenştedtin arxivi açılar, onda həqiqətlər üzə çıxar ki, alman ədibinin əvvəlcə Mirzə Şəfi Vazehinki kimi nəşr edərək, sonra özününkü olduğunu söylədiyi şeirlərin hansı nə dərəcədə tərcümədir, hansı nə qədər seçilmiş mövzuda gəzişmədir, hansı sırf Mirzə Şəfi Vazeh şeiridir, hansının müəllifi həmin zavallı Bodenştedt özüdür. Bu cür arxayın fikirləşənlər guya hələ heç kəsin içərisində nə olduğunu bilmədiyi arxivdən əvvəldən-axıradək agahmışlar, bəri başdan orada həqiqətlərin hamısını yerbəyer edəcək hansı sənəd-sübutların olmasından xəbərdarmışlar. Nə bilirsiniz, bəlkə o arxiv açılarkən Mirzə Şəfinin bizi sonsuz sevincə qərq edən əlyazmaları ilə yanaşı elə nüsxələr də ortaya çıxdı ki, vaxtilə almancadan ruscaya çevrilmiş, ruscadan da azərbaycancaya çevrilərək dönə-dönə Vazeh əsəri kimi tirajladığımız hansısa şeirlərin əslində başqa fars, ya türkdilli şairlərə aid olduğunu danılmaz şəkildə isbat etdi?
Yaxud açılan arxivdə Vazehə aid heç nə olmadı və Bodenştedtin arxivinin ölümündən böyük zaman ötəndən sonra açılmasını vəsiyyət etməsi oradakı sırf şəxsi məsələlərlə bağlı yazılar, sənədlərmiş?
Demirəm mütləq belə ola bilər, ancaq bizləri yüzə-yüz təmin edən xoşbəxt sona özümü kökləyərkən birdən belə də ola bilər kimi pərişan sonluğu da unutmayaq.
Ancaq niyə axı biz həqiqətə çatmağımızın yolu yaxında və qısaykən onillərcə ağla az batan və yetərincə şübhəli və uğuru daha az vəd edən xətti tutub getmişik? Ən kəsə və doğru yol Mirzə Şəfinin şeirlərini Almaniyada deyil, özümüzdə - Azərbaycanda, Gürcüstanda və əlyazmalarımızın yayıldığı yaxın coğrafiyada aramaq olmazdımı?
Bu səmtdə də milləti onun dəyərlilərindən xəbərdar etmək birinciliyi yenə Salman Mümtazındır (1884-1941). XX yüzildə ilk dəfə Azərbaycan oxucusunu Mirzə Şəfi ilə yaxından tanış etmək cəhdi də onunkudur. 1920-ci ildə “Qurtuluş” jurnalı nəşrinə başlamaq ərəfəsində Salman Mümtaza da müraciət edərək təzə bir yazı istəyir və ustad da dərginin apreldə işıq üzü görən başlanğıc sayı üçün “Azərbaycan ədəbiyyatının möhtəşəm tacidarlarından” adlandırdığı Mirzə Şəfi haqda, belə görünür ki, hələ üzərində işləməkdə olduğu araşdırmasından bir parçanı təqdim etmək qərarına gəlir. Bizim nabələd olduğumuz Vazehi dünyaca şöhrətləndirmiş Bodenştedti “durbin nemsə alimi” - “uzaqgörən alman bilgini” kimi tanıdan və qalıcı yaxşı işlər görməyin çətinliyindən gözəl agah olduğundan sayğı ilə anan Mümtaz davam edirdi ki, “öz böyük filosofumuzun bir sətir yazısını və heç olmasa, tək bir beytini belə eşitmədiyimiz və görmədiyimiz bir halda, təqribən, bir əsr yarımdır ki, nemsə ədib və şairləri mərhumun o sar-i layəmutunu oxuyaraq olduqca nəf-i bərdar olublar”.
Vazehi bu yazısıyla xalqımıza ilk dəfə öz qiymətli övladımız kimi yaxından tanıdanın Mümtaz olduğunu yazarkən bu şair və düşüncə adamı barədə əslində ilk dəfə Firidun bəy Köçərlinin (1863-1920) bəhs etməsini unutmuram, amma niyə birinciliyi Salman Mümtaza verməyimin cavabı elə onun özündədir. “Qurtuluş”dakı həmin məqaləsində Mümtaz təəssüflənirdi ki, “o büzürgvarın hansı irqdən, hansı millətdən olduğu barəsində verilən rəylər dəxi iki qismə ayrılır. Zavallı filosofumuzu nemsə zənn edənlər olduğu kimi, İrandan gəlmə bir fars olduğunu düşünənlər də az deyildir”.
Vazehi alman zənnetmənin səbəbi məlum - Bodenştedt əvvəlcə Vazehinki deyə təqdim etdiyi şeirlərin özününkü olduğunu bəyan edəndən sonra “Mirzə Şəfi”nin elə bu almanın təxəllüsü olması qənaəti yaranmışdı. Amma Vazehin fars olması düşüncəsinin yayılmasına bais Firidun bəy Köçərli idi. Mümtaz Firidun bəyə dərin ehtiramla dəqiqləşdirirdi: “Təəssüf olsun ki, müəzzəz qardaşım Köçərli Firidun bəy cənabları dəxi mərhum Mirzə Şəfi Vazehin İrandan gəlmə olduğunu qəbul və bunu özü “Mirzə Fətəli Axundov” adlı dəyərli risaləsində etiraf və təsdiq edir”.
Və məhəlli vətənpərvər yox, əsl alimanə təəssübkeşliklə elan edirdi: “Halbuki kitabxane-yi acizanəmdə olan mötəbər vəsiqələrə binaən yuxarıdakı məlumat başdan-başa yanlışdır. Məhsətilər, Əbülülalar, Nizamilər, Kəfailər ərse-yi vücudə gətirən Gəncə gəncine-yi ədəb və hünərindən yetişmiş bir dürr-i şəhvardır. Onun şərafəti xüsusən biz azərbaycanlılara aiddir. Artıq şəkk etməməliyik ki, nəcib bir filosofumuzun məsqətürrəsi Gəncə şəhəri və özü də irqən xalis türk oğlu türkdür”.
Həmin iki səhifəlik ilk soraq yazısında Mümtaz, öz baxışınca, Vazehin “tərifi sözə sığmayan” farsca yazdığı mənzum bir məktubu oxuculara çatdıraraq bu mütəfəkkir şairin tərcüme-yi halı haqda sanballı yazıları “digər mütəbəhhir arxadaşlarımızın qələmlərindən gözləyirik” deyir və özünün sadəcə əlində olan “bir neçə türki, farsi qəzəliyyatı və müxəmməsləri” tezliklə nəşr etdirəcəyini bildirir.
Söz loğmanı Mümtaz bunca böyük və faydalı işlər görə-görə özünü sadəcə həvəskar sayır, daha ciddi addımları daha adlı-sanlı alimlərdən umurdu. Ancaq onun yaşamasına imkan verildiyi qısa müddət ərzində apardığı biri digərindən üstün araşdırmalara və əldə etdiyi tapıntılara diqqət edərkən buna da şahid kəsilirik ki, aradan bu qədər uzun vaxt keçsə də, bir çox istiqamətlərdə, heyiflər ki, onun etdiklərindən daha irəli getməyə gücümüz çatmayıb, həmin işləri görəcək adamlarımız olmayıb. Bircə Gəncədən çıxmış məşhurların adlarını sadalamasındakı “Kəfai”yə baxın. Artıq o sətirlərin yazıldığından bir əsrdən də çox ötür. Əgər Kəfaini fərqləndirərək Məhsəti, Əbülüla, Nizami kimi zirvələrlə bir cərgədə xatırlayırdısa, demək, onun böyüklüyünü isbat edəcək dəlilləri də varmış, haqqında da gec-tez yazacaqmış. Ancaq məşum 1937-ci ilin repressiya girdabı Mümtazı yoxluğa sovurub, ötüb-keçən bu uzunluqdakı vaxtda isə alimlərimizdən kimsə nə Kəfainin haqqında nəsə yazıb, nə şeirləri dərc edilib, nə də, ümumiyyətlə, hardasa adı çəkilib.
Bu qüssəli gerçəkləri vurğulamağı ona görə vacib sayıram ki, bir daha Salman Mümtazın şəxsində itkimizin nə qədər ölçüyəgəlməz olmasının miqyasları az-çox təsəvvür olunsun. 1926-cı ildə Salman Mümtaz özünün “Kommunist” qəzeti kitabxanası” - “Azərbaycan ədəbiyyatı” silsiləsindən Mirzə Şəfi Vazeh haqqındakı kitabını buraxır və burada geniş müqəddiməsindən savayı şairin “təqribən 12 il bundan əqdəm Gəncə şəhərində bir yazma cüng içərisində” (Bu yazını 1926-cı ilin 31 yanvar tarixi ilə imzalamasını əsas tutaraq Mirzə Mehdi Nacinin toplayıb hazırladığı həmin toplunu 1913-cü ildə aşkarladığını fərz edə bilirik - R.H.) tapdığı bir neçə qoşqusunu ərəb əlifbasındakı əlyazmasının klişesi ilə bərabər nəşr etdirir.
Bu kitaba müqəddiməsində qəti dəlillərlə Mirzə Şəfi şəxsiyyəti ilə bağlı mübahisəli suallara aydın cavab verərək onun milliyyətcə Azərbaycan türkü olması məsələsini bir deyil, bir neçə dəfə xüsusi vurğulayır, şairimizin fars olduğunu yazmış Firidun bəyin səhv etdiyini yalnız vaxtilə “Qurtuluş”dakı məqaləsində göstərmədiyini, Köçərliyə şəxsən də bildirdiyini yazır: “Mirzə Şəfini iranlı ədd edən Firidun bəy Köçərlinskiyə də Azaqbəyli Abdulla bəyin (1873-1928 - R.H.) şəhadəti ilə yanıldığını açıqcasına söyləmişdim”.
Mümtazın Vazeh haqdakı kitabçası mühüm ədəbi-elmi-ictimai hadisə - Birinci Türkoloji Qurultay ərəfəsində nəşr edilmişdi. Vazehin şəxsiyyəti və ədəbi missiyasına xüsusi əhəmiyyət verən Mümtaz “namdar ədib və şairlərdən” olan bu söz ustasını “daha ətraflı tanıtmaq iltifatında bulunmağı” qurultaydan umurdu.
O şanlı qurultaydan da bir əsr ötdü. Vazehin şeirləri Bodenştedt nəşrlərindən tərcümə edildikdən sonra bizdə də dönə-dönə buraxıldı, amma yenə növbəti dəfə heyifsilənmək məcburiyyətindəyik ki, qarşısına məqsəd qoyub Mirzə Şəfi əlyazmalarının izi ilə məxsusi tədqiqat aparan, Mümtaz kimi hansısa əlyazmalardan indiyədək bilinməyən Mirzə Şəfi şeirlərini taparaq Vazehinki kimi qəbul etdiyimiz şeirlər sırasına yenilərini artıranlar gözə dəymədi.
Olsun ki, “taparaq şeirlər sırasına yenilərini artıranlar olmadı” qiymətləndirməsi tam dəqiq və ədalətli deyil. Məqsədli şəkildə aparılmış Vazeh axtarışları nəticəsində olmasa da, hər halda Mümtaz nəşrindən 60 il sonra yoxluqdan qayıtmış “yeni” Vazeh şeirlərini oxuyub-eşitmək nəsibimiz oldu.
Unudulmaz alimimiz Həmid Məmmədzadə (1924-2000) ilə Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda neçə illər eyni şöbədə çalışırdıq və özünün mənə söyləməsincə, Gürcüstanda K.Kekelidze adına Əlyazmaları İnstitutunda tamam başqa mövzu ilə bağlı axtarışlar apararkən sırf təsadüfən “Şeir məcmuəsi” adlı 5500 misradan ibarət bir cünglə rastlaşıb. Bu rastlaşmanın sevindirici tərəfi o idi ki, həmin şeir toplusunu Mirzə Şəfi öz zövqünə uyğun tərtib edibmiş və orada bəyəndiyi şairlərin xoşladığı şeirlərini cəmləyibmiş. Əlyazmanın xəttatı da elə Vazehin özü olub. Bunu cüngün son səhifəsində yazaraq altından da şəxsi möhürünü basıb: “Bəzi dostların xahişi ilə 1236-cı il rəcəb ayının 27-də (1821-ci il mayın 1-də - R.H.) mərhum usta memar Sadığın oğlu Şəfi tərəfindən yazıldı”.
Bu əlyazmanın məhz Vazehin öz əlindən çıxdığını o möhürsüz də şairin əldə olan başqa əlyazmaları ilə xətt eyniliyi aşkarca göstərməkdədir.
Vazeh tərtibçisi və katibi olduğu həmin əlyazmada seçdiyi şeirlərin hər birinin üstündə səliqə ilə müəllifin adını, ya təxəllüsünü göstərib. Ancaq Həmid Məmmədzadə o əlyazmada müəllifi göstərilməyən bir neçə mənzumə də görmüşdü ki, bunların elə Mirzə Şəfinin özününkü olması gümanına düşmüşdü.
Bu ehtimalı qüvvətləndirən başlıca səbəb o idi ki, həmin topluda Mizə Şəfinin birbaşa “Vazeh” təxəllüsü ilə işarələdiyi və oçağacan bəlli olmayan şeirləri də vardı. Həm də tərəddüdsüz Vazehinki deyə qəbul edilə bilənlərlə, ona məxsusluğu yetərincə inandırıcı olan misraların ümumi sayı 214 idi ki, bu da Mirzə Şəfinin 1980-ci illərədək bəlli olan orijinalı məlum irsindən iki dəfə çox idi.
1987-ci ildə Həmid Məmmədzadə həmin “Şeirlər məcmuəsi”nin əslinin faksimilesini, müasir oxucuların orijinalla tanışlığını rahatlaşdırmaq üçün xəttat Hürmüz Abdullazadə Fərivərin qəşəng nəstəliqlə köçürdüyü surətini, bu cüngdə yer alan və Mirzə Şəfiyə məxsusluğu düşünülən farsca şeirlərin özünün etdiyi sətri tərcümələrini və əlavə olaraq da bütün yeni tapılan Vazeh şeirlərinin Balaş Azəroğlunun (1921-2011) məharətli icrasında bədii çevirmələrini “Elm” nəşriyyatı yolu ilə ayrıca kitabda nəşr etdirdi.
Bir daha xatırlatmağa ehtiyac var ki, həm Vazehin doğum tarixi ilə bağlı mübahisələrə son qoymaq, həm Mirzə Şəfinin guya heç şair olmaması haqda Fridrix Bodenştedt və Adolf Berjenin (1828-1886) cəfəng iddialarını biryolluq qırağa atmaq, həm onun şairliyindən əlavə üstəlik qabil hüsnxət ustası olmasını da bilavasitə öz qələmindən çıxmış əlyazma ilə sübut etmək baxımından müstəsna əhəmiyyətli bu cüng gəncəli müdriklə bağlı irəlicədən nəzərdə tutularaq aparılan tədqiqat nəticəsində deyil, bir təsadüflə elmi dövriyyəyə gəldi.
Ən azı bunun özü anladır ki, məqsədyönlü mətnşünaslıq araşdırmaları aparılsaydı, bu irsin xeli nümunələri müəyyənləşdirilə bilərdi. Təsəvvür edilsin ki, bu cüngü Mirzə Şəfi hələ xeyli cavankən - 29 yaşında tərtib edib. Bundan sonra hələ 31 il də yaşayıb.
Həmin cüngdə Mirzə Şəfinin yalnız tamamlanmış bütöv şeirləri deyil, şeiryazma məşqləri - “Peyda” rədifli bir qəzəlin ilk beytlərini müxtəlif səslənişlərdə yazaraq misraları cilalamaq cəhdləri də əks olunub. Yaşadığı sonrakı 31 ildə nə qədər belə mənzumələr, beytlər, misralar üzərində işləməsi şəkk doğurmaz ki! İşinin adı yazı-pozu olan, şairlər məclisinə rəhbərlik edən şəxs əlini-qolunu yanına sallayıb bekar oturası deyildi ki! Ona görə də keçmişlərdəki bu sadəlövh iddia heç cürə yaxına buraxıla bilməz ki, guya Mirzə Şəfinin Bodenştedtə veridyi “Divan” onun yeganə əlyazma nüsxəsiymiş. Katiblik sənətinə peşəkarcasına vaqif olan Mirzə Şəfinin həm özü köçürən, həm də başqalarının surətini çıxardığı başqa əlyazmalarının izi ilə aparılacaq axtarışların bəhrəli olacağı ehtimalı yüksəkdir.
Dəyərli əlyazmaşünasımız mərhum Nəsrəddin Qarayevin (1926-1982) əhəmiyyətli araşdırmalarından biri cünglərə həsr edilmişdi və cüngləri oxumaqda onun misli yox idi. Cünglərin, bəyazların, bu qəbil irili-xırdalı şeir məcmuələrinin oxunmasını qəlizləşdirən əsas səbəblərdən biri onların irihəcmli, daha səylə işlənən əlyazmalardan fərqli olaraq, bir çox hallarda tələsik, xətt gözəlliyinə xüsusi diqqət etmədən yazılması, bəzənsə bir topluda bir neçə dəyişik xəttin yer alması idi. Nəsrəddin Qarayev ömrünün son illərinə doğru bir dəfə mənə söylədi ki, bir neçə cüngdə Mirzə Şəfi Vazehinki olmasından şübhələndiyim xəttə rast gəlmişəm, bunları araşdırıb axırına çıxacağam. Ancaq erkən ölüm bu niyyəti gerçəkləşdirməsinə macal vermədi.
Cünglər, sevimli şeirlər məcmuələrini tərtib edənlər bəzən başqalarından - hansısa tanınmış şairlərdən, öz qələm dostlarından rica edirdilər ki, onların dəftərində birmi-ikimi şeirini yazsın. Ola da bilər ki, Nəsrəddin Qarayevin gördüyü və Mirzə Şəfinin xəttinə oxşatdığı yazılar da elə bu cür iltimaslardan sonra yaranıbmış.
Nəsrəddin Qarayev gedibsə də, cünglər ki qalır. Zənnimcə, Mirzə Şəfi mirasının axtarışları Azərbaycan və Gürcüstanla yanaşı Matenadarandakı və Sankt-Peterburqdakı əlyazma xəzinələrində də davam etdirilərsə, biz daha ciddi tapıntılara sevinə bilərik.
Bu sıraya Sankt-Peterburqda, Şərqşünaslıq İnstitutunun əlyazmaları arasında Vazeh yadigarlarını aramaq fikrini yürüdürkən heç də ümumən oralarda Azərbaycan klassik poeziyası ilə bağlı məlum əlyazmaların mövcudluğuna görə təxmini “bu da ola bilər” ehtimalına söykənmirik. Orada Vazeh və onun ədəbi çevrəsi ilə əlaqədar əlyazmaların varlığına şəxsi müşahidələrdən şahidik.
1970-ci illərdə hələ tələbə ikən mən SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Leninqrad (Sankt-Peterburq) filialının əlyazmaları xəzinəsində axtarışlar aparırkən elə ixtiyari qarşıma çıxan cüngdə bir müddət “erməni aşığı Sayat Nova” kimi təqdim olunmuş, əslində Səyyad Nəva olan və şeirlərinin də əksər hissəsini Azərbaycan türkcəsində yazmış sənətkarın şair oğlu Vahanın ərəb əlifbasında türkcə mənzumələrini tapdım. Onlardan biri Mirzə Şəfi Vazehin “Süsəni” rədifli məşhur müxəmməsinə yazılmış cavab idi.
Digəri isə Mirzə Şəfinin bizə məlum olmayan ayrı bir şeirinə nəzirə olaraq qələmə alınmışdı. Bu şeirin məhz Mirzə Şəfi qoşqusuna cavab olduğunu müəllif:
Biz də qaldıq bu dünyada
Qəmxanədən-qəmxanəyə, -
misraları ilə başlayan gəraylının sərlövhəsindəcə qeyd etmişdi.
Bu qəbil nümunələrin varlığı səmtlənmiş araşdırma nəticəsində Sankt-Peterburqda qorunan əlyazmalar arasında Vazeh və əhatəsinin qələmindən çıxan başqa örnəklərin də müəyyənləşdirilə bilməsinə ümidləri artırır.
Mirzə Şəfi Vazeh macəralı şöhrəti bu gün əldə olan irsindən daha geniş yaradıcıdır. Hələ sağlığında doğurduqlarının digər yaradıcılıqlara münbit təsir göstərdiyini, ona cavablar yazıldığını da nəzərə alsaq, daha bütöv şəkildə aşkarlanarsa, bu ədəbi miras yalnız Mirzə Şəfinin özünün şair çöhrəsini daha aydın görməyə deyil, onun dövrün ədəbi həyatına təsirinin hüdudlarını da daha dolğun şəkildə müəyyənləşdirməyə yardımçı olar.
Fridrix Bodenştedt özü “1001 nəğmə”də başqa bir təfərrüatı da xəbər verirdi. Yazırdı ki, Mirzə Şəfi Vazeh yola düşdüyüm əsnada mənə şeirlərinin toplandığı “Miftah ül-hikmət” (“Hikmətlərin açarı”) adlı əlyazmasını da bağışladı.
Orta əsrlərin şeir aləmindəki ənənəviləşmiş “Divan” bağlamaq adətlərindən biri də bu idi ki, bir çox şairlər lirik şeirlərini sadəcə bir “Divan”da birləşdirmişlərsə də, ayrı-ayrı şairlərin bir neçə “Divan”ı olmuşdur və həmin “Divan”lar da müxtəlif cür adlandırılmışdır.
Nizami Gəncəvi (1141-1209) “Xəmsə”sinə cavablar ənənəsinin təməlini qoymuş türk mənşəli və farsdilli hind şairi Əmir Xosrov Dəhləvinin (1253-1325) beş məsnəvisindən savayı 5 də mükəmməl “Divan”ı olmuşdur: “Töhf?t üs-siq?r” (“Uşaqlıq hədiyyəsi”), “V?s?t ül-h?yat” (“Ömrün ortası”), “Qürr?t ül-k?mal” (“Kamilliyin başı”), “B?qiyy?t ül-naqiyy?” (“T?miz qalıq”), “Nihay?t ül-k?mal” (“Kamalın intəhası”).
Ya Əlişir Nəvainin (1441-1501) daha çox - cağatayca 5, farsca da elə o qədər, hərəsinin öz məxsusi başlığı olan cəmi 10 “Divan”ı olmuşdur.
Ola da bilər ki, Mirzə Şəfinin də bir deyil, bir neçə “Divan”ı - şeir topluları olmuşdur və Bodenştedtin xatırladığı “Miftah ül-hikmət” onlardan biri imiş.
Bu gün Mirzə Şəfi Vazehin sayaraq sahibi olduğumuz şeirlərin miqdarı üç yüzdən bir qədər çoxdur. Ancaq həyatı boyu şeirlə nəfəs almış, uzun illər boyu ədəbi məclisə rəhbərlik etmiş Mirzə Şəfi Vazehin irsinin daha zəngin olması ən üzdə olan ehtimaldır.
Haqqında indiyədək bir qalaq kitablar və müxtəlif dillərdə bolluca məqalələr yazılsa da, saysız elmi müzakirələr keçirilsə də, Mirzə Şəfi ilə bağlı çox mətləblərin, ilk növbədə irsi ilə əlaqədar sualların həllsiz qalması lap başdan tək yarıtmazlığa dirənir - Vazeh irsinə indiyədək mətnşünaslıq baxımından akademik yanaşma olmayıb, onun şeir yadigarları dəfələrlə nəşr edilsə də, bugünəcən bir dəfə də olsun əldə olan - onunkuluğu şəkk doğurmayan və onunkuluğu şübhə daşıyan - şeirlərin hamısı müvafiq şərh və izahlarla bir kitabda birləşdirilməyib.
Yalnız 2019-cu ildə “Xalqbank” xətti ilə “Mirzə Şəfi Vazeh. Bütün şeirləri” adlı kitab buraxılıb və burada Vazehə aid edilən irsdən olan və müxtəlif nəsillərin təmsilçilərinin etdiyi bütün tərcümələr, eləcə də ana dilində olan nümunələr toplanıb. Özlüyündə təqdirəlayiq bir işdir, onlardan bundan artığını tələb etmək də düz olmaz. Lakin umulan akademik nəşr sırf elmi səciyyəli olmalı və orada tərcümələrlə yanaşı orijinallar da yerini tapmalıdır: yəni Fridrix Bodenştedt nəşrindəki şeirlər və onların dilimizə tərcümələri (çünki həmin şeirlərin fars və türkcə əsilləri bizə məlum olmadığından onlar indiki halda müəyyən şərtiliklə orijinal hesab edilir), farsca orijinallar və azərbaycancaya çevirmələri, bir də ana dilində olan örnəklər. Mənzərəni bütövlüyü ilə görüb qiymətləndirə bilməkçün birbaşa almancadan edilən tərcümələrlə yanaşı uzun illər Azərbaycan insanının Vazeh şeirləri kimi oxuduğu və usta mütərcimlər əlindən çıxdığından bəzi nümunələri ilə kifayət qədər xoşagələn olan, amma əslindən almancaya, almancadan ruscaya, ordan da bizim dilimizə çevrilərkən “suyunun suyunun suyu” həddinə çatmış mətnlər də verilməlidir: tutuşdurmalar, qənaətlərə gəlməkçün əyani əsaslar olsun deyə. Amma istənilən halda Mirzə Şəfi irsinin tam külliyyatının əslinin axtarışları ən təxirəsalınmaz vəzifə kimi ədəbiyyatşünaslığımızın qarşısında durmaqdadır.
Qarşılaşacağımız həqiqət ortadakı şirin mifdən daha cazibəsiz olsa belə. Ancaq həm Azərbaycan türkcəsində, həm də farsca irsindən bəlli olan örnəklər göstərməkdədir ki, tək-tək görsənişlərində belə heyranedici olan Vazehin şeir aysberqi üzə çıxınca təkcə onu yeni cizgiləriylə görməyimizə vəsilə olmayıb, ondoqquzuncu yüzil şeirimizin simasını da dolğunlaşdırıb tamamlayar.
Həmid Məmmədzadənin nəşr etdirdiyi Mirzə Şəfi şeir toplusundakı yeni üzə çıxan, əslində isə tarixcə köhnə olan Vazeh şeirlərinin heç birinin Bodenştedt nəşrlərində görünməməsi bir başqa ehtimal da yaradır: heç olardımı ki, həm məzmunu, həm ifadəsi baxımından diqqətəlayiq olan bu qoşqularını Vazeh “Divan”ına daxil etməsin? Eləsə bəs niyə Bodenştedt onların birindən də istifadə etməyib? Bəlkə elə, doğrudan, onun Mirzə Şəfi nəğmələri kimi təqdim etdikləri Vazeh və digər Şərq klassiklərinin yazdıqları üstündə yetərincə sərbəst “zümzümələrdir” ki, sonra öz şəriksiz müəllifliyini qabartmaqda israrlı olub?
Yəni Bodenştedtin apardığı əlyazma - toplu ilə bağlı azı 3 fərziyyə mümkündür. Birincisi, bu, Vazehin bizə məlum şeirlərindən xaric başqa “Divan”ıdır. İkincisi, bu, Vazehin məxsusi olaraq Bodenştedtə bağışlamaqçün tərtib etdiyi seçmə şeirlərdən ibarət “Divan”dır. Üçüncüsü, bu, yalnız Vazeh deyil, bir çox başqa şairlərin də irsindən seçmələrin toplandığı bir cüngmüş.
Hələ ki bu sualların heç birinə elmi yəqinliklə cavab tapmaq mümkün deyil və nə qədər ki biz orijinalları tam halda əldə etməmişik, Bodenştedt nəşrlərindən alınaraq çevrilmiş bütün şeirlər Vazehə yalnız şərti olaraq aid edilə bilər. Vazeh, onun dünyagörüşü, düşüncə və duyğular aləmi haqda inamlı mülahizələrimizi özümüzü aldatmadan yalnız əlimizdəki orijinal şeirlərə istinadən yürüdə bilərik.
Vazehin farsca şeirləri də gözəldir və farsdilli poeziyada Azərbaycan üslubunun ən gözəgəlim örnəklərindən sayılmalıdır. Ancaq ana dilindəki o çağın heç bir şairinin qoşqularına oxşamayan şeirləri ifadə tərzinin incəliyi, ənənəvi bənzətmələrin yeni görüm bucağından istifadəsi ilə valeh edir.
Bəzən köhnə ədəbiyyatın təmsilçilərinin bütöv “Divan”ını vərəqləyərkən oxşar mənzumələrin yeknəsəqliyi ilə üzləşirsən. Vazehin ana dilindəki iki daha məşhur və çoxdan millətin əzbərində olan qoşqusu isə ən qalın “Divan”ların yaratdığı qədər duyğular seli coşdura bilir.
Nə qədər kim, fələyin sabit ü səyyarəsi var,
O qədər sinədə qəmzən oxunun yarəsi var.
Deyil əflakdə kövkəb görünən çərxi bülənd
Oluban didə, sərapa sənə nəzzarəsi var.
Nə qədər incə deyib! Vazehcə, Kainat, ulduzlu səma əslində bütöv bir Gözdür. Və o gözün də bircə mədsədi var - başdan-ayağa səni seyr etmək!
Molla Vəli Vidadinin (1708-1809) də tənzir etdiyi - bənzətmə yazdığı və məqtəsində Mirzə Şəfini də andığı qəzəl belə bitirdi:
Qan töküb xəstə Vidadi ki, demişdir Vazeh,
Könlümün dide-yi giryan kimi fəvvarəsi var.
Vazehin həmin şeirin təkançısı olmuş qəzəlinin sonluğu isə daha təsirlidir:
Ruzigari qara, daim gecəsi tar keçir,
Hər kimin eşqdə bir yar-i sitəmkarəsi var.
Necə qan cuşə gəlib, eyləməsin ah ü fəğan?
Könlümün dide-yi giryan kimi fəvvarəsi var!
O qəzəldir ki, Vazeh dedi, bir dərd əhli,
Zahirən lalə otağında qonaq-qarəsi var.
Burda da Mirzə Şəfi heç bir başqa şairdə rast gəlmədiyimiz təşbehə əl ataraq füsunkar bənzətmə yaradıb. Lalə al rəngdədir, bağrı da qara. Lalənin köksündəki o qara ləkəni aşiqin bağrına çəkilmiş dağ kimi mənalandıranlar az olmayıb. Vazehsə misrasına başqa “qara”nı gətirir. Sanki “qonaq-qara” sözündəki “qara”nın heç qara rəngə dəxli yoxdur. Ancaq Vazeh elə edir ki, lap birbaşa dəxli olur. Sevgilisini bu al çiçəyə bənzədir, lalənin sinəsindəki qara nöqtəni isə özünə. Yəni sənə mən qonağam - qarabəxt aşiqin. Bunu açıq demir, ancaq örtülü təşbihi ilə anlatdığı elə budur. Bəlli deyimin - “qonaq-qara” ifadəsinin xüsusi məna yükü olmayan ikinci hissəsinə anlam əlavə edir: lalənin otağında mehman olan mən sadəcə qonaq deyiləm, qara qonağam, taleyi qara gətirmiş, əli sənə çatmayan aşiq.
Mirzə Şəfi həmişə musiqinin əhatəsində olub. Azərbaycanın o dövrdəki digər şeir yğnaqları kimi, “Divani-hikmət” də yalnız şeir məclisi deyildi, orda daim musiqi də vardı və Mirzə Şəfinin misralarının cövhərindəki musiqililik həm də həmin xoş ahəngli təmaslardan gəlir. Əsilləri əldə olan farsca və türkcə hansı şeirini oxuyursan oxu, həmin musiqililik duyulur.
Vazehin şeirlərindəki musiqililik həm də yalnız ritm, təqt, vurğu, ahəng məsələsi deyil, ovqatdır, ruhdur. Bu məziyyət Vazeh şeirində elə dərinə işləyib ki, hətta o şeirlər başqa dillərə çevriləndə də mahiyyətdə qorunub qalır.
Səbəbsiz deyil ki, Mirzə Şəfi Vazeh şeirləri bu keyfiyyəti ilə bəstəkarların diqqətini lap çoxdan cəlb edib. Həm də vətəni Azərbaycandan daha əvvəl vətənindən uzaqlarda, Qərbdə - Almaniyada, ardınca da Rusiyada.
1854-cü ildə sonraların çox məşhur pianoçusu və bəstəkarı Anton Rubinşteynin (1829-1894) vur-tut 25 yaşı vardı. O çağlardı ki, Fridrix Bodenştedtin “Şərqdə 1001 gün”, “Mirzə Şəfinin nəğmələri”, “Mirzə Şəfinin irsi” kitabları dükanlara gəlincə satılıb tükənir, dönə-dönə nəşr olunurdu. Təbii ki, oxumağa, öyrənməyə mail Anton Rubinşteyn də bestsellerə çevrilən o kitabları almışdı, mütaliə emişdi, həvəsə gələrək müəyyən şeirləri də seçmiş, onlara nəğmə bəstələmişdi. Özü də ikisinə-üçünə deyil, birdən-birə 12-nə.
1854-cü ildə Rubinşteyn anasına məktub yazır, bəstələdiyi Mirzə Şəfi sözlü nəğmələrdən söz açır, məsləhətləşirdi. Xəbər verirdi ki, Ferens List (1811-1886) mənə tezliklə bu nəğmələrin klavirini çap etməyimi məsləhət görür.
Çox keçmədən Rubinşteyn həmkarının təklifinə əməl edir, bir il sonra - 1855-ci ildə Veymarda onun Mirzə Şəfi Vazehin sözlərinə yazdığı 12 nəğmənin klaviri ayrıca kitab kimi nəşr edilir.
Mirzə Şəfi adı Avropada dillərdə dolaşmaqda, nəşr edilmiş klavir əlçatan, şeirlər gözəl, musiqi də çəkici olduğundan ifasına doğru məsafə də çox uzanmır. Ayrı-ayrı konsertlərdə, müxtəlif ifalarda nəğmələr səslənməyə başlayır. Ancaq 1870-ci ildə həmin bəstələrin “taleyində” daha bir əlamətdar hadisə baş verir. Onlara parlamaqda olan başqa bir sevilən bəstəkar əl uzadır. Pyotr İliç Çaykovski (1840-1893) Anton Rubinşteynin bəstələdiyi musiqini çox bəyənir, istəyir ki, bu nəğmələr rusca da səslənsin. Ancaq şeirlər almanca idi, onları çevirmək lazım idi. Almancanı da yaxşı bildiyindən ekvoritmik tərcüməni etmək Çaykovskiyə asan başa gəlir.
Dahi Volfqanq Getenin (1749-1832) şagirdi, XIX yüzilin tanınmış veymarlı müğənnisi və bəstəkarı Eduard Genasın (1797-1866) musiqi istedadı qızı Emiliya Genasa da (1833-1905) nəsib olmuşdu, o, müğənni idi və Azərbaycan gərək bu adı da tanıya. Çünki 1855-ci ildə Anton Rubinşteynin bəstələrindən ibarət “Mirzə Şəfinin nəğmələri” adlı kitabçası nəşr ediləndən sonra səhnəyə çıxaraq bu mahnıları ilk ifa edən məhz həmin gözəl qadın müğənni olmuşdu.
XIX yüzilin ikinci yarısında Mirzə Şəfi Vazehin sözlərinə Rubinşteynin bəstələdiyi nəğmələr elə səs çıxarmışdı ki, onlara məftun qiyməti yalnız heyran tamaşaçılar yox, yüksək peşəkarlar, ünlü bəstəçilər də vermişdilər. Yalnız List yox, İohan Brams (1833-1897) da, Edvard Qriq də (1843-1907) o nəğmələri çox yüksək dəyərləndirmişdi.
1887-ci ildə Mirzə Şəfi Vazehin, deyilişi mümkünsə, musiqi həyatında və o nəğmələrin taleyində başqa bir sevindirici hadisə baş verir. Həmin ilin - 1887-ci ilin 5 noyabrında Berlin küçələrini afişalar bəzəmişdi. O afişalar musiqisevərləri Fridrix Vilhelm teatrında yeni operettanın ilk tamaşasına səsləyirdi. “Mirzə Şəfinin şərqiləri” adlanan o operettanın libretto müəllifi Emil Pol (1866-1946) idi. Əsər məhz Anton Rubinşteynin bəstələdiyi romansların əsasında qurulmuşdu.
Çox keçmir Pyotr İliç Çaykovskinin gördüyü nəcib işin də nəticəsi ortaya çıxır. Rusiyada da Mirzə Şəfi Vazehin nəğmələri səhnələrdən eşidilir. Yalnız səhnələrdən də yox. O dövrdə buraxılmış bir val da qalmaqdadır. Xışıltılara bürünmüş həmin valdan böyük rus müğənnisi Fyodr Şalyapinin (1873-1938) səsi gəlir, o, Mirzə Şəfi Vazehin sözlərinə bəstələnmiş “Klubitsə volnoö” nəğməsini oxuyur.
Anton Rubinşteynin Vazeh sözlərinə silsilə nəğmələrini bəstələdiyi və həmin oxumaların ürəkləri fəth etdiyi zamanlardan 170 il ötür.
Bizdə bu istiqamətdə nə iş görülüb? Əlbəttə, demək olmaz ki, heç nə edilməyib. Müəyyən tərpənişlər olub, xüsusi əks-səda doğurmayan tək-tək mahnılar da yazılıb. Yazılmamış mahnılar, romanslar bir yana, nədən Mirzə Şəfi Avropada tanınınca artıq XIX yüzilliyin 70-ci illərində onun şeirləri operettalaşır, bizim bəstəkarlarsa səhnə tələbləri baxımından çox maraqlı olan ömrü və sənətinin hekayətləri opera və operetta üçün “gəl məni yaz” çağıran Vazehə indiyədək soyuqluq göstərməkdədirlər?!
Mirzə Şəfinin həyatı ssenarisi göylərdə cızılmış, həm bədii, həm sərgüzəşt tərəfi olan hazır filmdir. Ən mahir yazıçı da, ən qabil rejissor da heç vaxt Allahın qurduğundan daha gözəl bir ssenarini yarada bilməz. Gərək bu macəralı və ibrətli həyat da çoxdan ekranlaşdırılaraq Azərbaycan insanının gözünün qabağında olaydı və yenə də gec deyil.
...Mirzə Şəfinin “Süsəni” rədifli məşhur beşləməsi də bir gözələ həsr olunub. Ancaq o şeiri vaxtın indiki hündürlüyündə oxuyarkən həmin misralar yalnız Mirzə Şəfinin həmin ilham pərisinə deyil, elə özünə də aid kimi səslənir:
Ey nəzakət çəməni içrə xuraman, Süsəni,
Xubluq kişvərinin təxtinə sultan, Süsəni.
Vazeh sevgilisini gözəlliklər ölkəsinin taxtında oturan hökmdara bənzədir. Mirzə Şəfinin məcazi mənada sevdiyinə şamil etdiyi elə özünə də yaraşır - o da gözəllik taxtında oturmuş bir sultan idi və həmin sultanlığını söz mülkünün uca bir mərtəbəsində davam etdirməkdədir.
Sədəgin yayı qaşın sədqəsi qurban, Süsəni,
Bir baxışla yaraşur kim, ala yüz can Süsəni.
Gözəllərin əfsunlu baxışlarıyla can ovlaya bilməsi nicatsız şikarolmadır. Ancaq vaxt hər gözəlliyi soldurandır və belə ovçuluğun bəlli bir dövrü olur. Mirzə Şəfi Vazeh isə elə irs yaradıb, elə söz gözəllikləri xəlq edib ki, könüllər ovlamağının heç bir zaman və məkan məhdudiyyəti yoxdur, olmayacaq da.
Və o məşhur beşləmənin ilk bəndi bu misra ilə bitirdi:
Belə getsə, tez olur dillərə dastan Süsəni.
O şeirin, bu misranın qələmə alındığı vaxtdan iki əsrə yaxın zaman keçir. Lap çoxdan Mirzə Şəfi Vazehin adı dillərdə dastana çevrilib. Ancaq hər dastana bir nağılvarilik həmişə xasdır. Dastanlardakı nağılvarilik insanı cəzb edən, alıb ardınca aparandır. Ancaq Mirzə Şəfi Vazeh kimi daimi iftixar qaynağı olan vətən övladlarından söz açanda onların həyatının dastana bənzədilməyinin yeri varsa da, gərək o ömürlərdə nağıla bənzəyən və nağıl təəssüratı yaradan heç nə qalmaya.
Macəralı görünən, nağıl dumanına bürünərək açıq qalan sualların hamısının cavabı aranmalıdır. Cavablar tapıldıqca, irsinin yeni nümunələri üzə çıxdıqca, bizim Mirzə Şəfiyə açılan pəncərəmiz genişləndikcə, o böyük vətən övladı da bu günə və sabaha, hər bir azərbaycanlıya daha yaxın olacaq.
2 iyul 2025


