Naxçıvan: kapital qoyuluşları və məşğulluq
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Naxçıvan Muxtar Respublikası iqtisadiyyatında dinamik iqtisadi artıma nail olmaq qarşıya qoyulmuş mühüm vəzifələrdəndir. Mövcud olan bütün resursları iqtisadi dövriyyəyə cəlb etmək, gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə yaranacaq imkanları dəyərləndirmək üçün muxtar respublikada məşğulluğun genişləndirilməsi və yeni istehsal güclərinin işə salınması diqqət mərkəzində saxlanılır. Bu sahədə həyata keçirilən tədbirlər 2026-cı ildə öz bəhrəsini verməkdədir.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin rəsmi məlumatında açıqlanan rəqəmlərə istinadən regionda tikinti-quraşdırma işlərinə yönəldilən investisiyaların dayanıqlı iqtisadi artıma yol açdığını qeyd edə bilərik. Belə ki, 2026-cı ilin yanvar–sentyabr aylarında muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 238 milyon 196 min 500 manat investisiya yönəldilib ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,4 faiz çoxdur.
İnvestisiyaların 198 milyon 484 min manatı və ya 83,3 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Bu göstərici də əvvəlki ilin eyni dövrü ilə müqayisədə 41,9 faiz artıb. Rəqəmlər göstərir ki, cari ilin ilk 9 ayında əsas kapitalın yaradılması və mövcud infrastrukturun yenilənməsi istiqamətində investisiya yatırılması əhəmiyyətli dərəcədə çoxalıb. Bunun isə gələcəkdə istehsal və xidmət həcminin artmasına, yeni iş yerlərinin açılmasına, sahibkarlıq gəlirlərinin yüksəlməsinə və vergi daxilolmalarının genişlənməsinə şərait yaradacağı gözlənilir.
Naxçıvanda mövcud istehsal və əmək resurslarından istifadənin səmərəliliyi baxımından investisiyaların düzgün istiqamətləndirilməsi yeni istehsal imkanlarının formalaşdırılmasına imkanlar yaradır. Belə ki, regionda yatırılan investisiyaların strukturuna nəzər saldıqda qeyri-dövlət sektorunun payının daha yüksək olduğu görünür. Bu, 2026-cı ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilən investisiyaların sektoral paylanması ilə müşahidə olunur.
İnvestisiyaların 100 milyon 758 min manatı və ya 42,3 faizi dövlət sektorunun, 137 milyon 438 min manatı və ya 57,7 faizi isə qeyri-dövlət sektorunun payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə investisiyalar dövlət sektorunda 30,9 faiz, qeyri-dövlət sektorunda isə 42,7 faiz yüksəlib. Bu dinamika isə özəl sektorun investisiya prosesindəki rolunun artdığını göstərir. İnvestisiya qoyuluşlarının sahələr üzrə bölgüsünə baxaq. Vəsaitlərin 116 milyon 367 min manatı və ya 48,9 faizi məhsul istehsalı sahələrinə, 27 milyon 152 min manatı və ya 11,4 faizi xidmət sahələrinə, 94 milyon 676 min manatı və ya 39,7 faizi isə yaşayış evlərinin tikintisinə yönəldilib.
Hazırda muxtar respublikada yeni yaşayış binalarının inşası və istehsal müəssisələrinin yaradılması, elektrik enerjisi təsərrüfatının yenidən qurulması, kənd təsərrüfatında su təminatının yaxşılaşdırılması və nəqliyyat sahəsinin inkişafı üçün ayrılan bu vəsaitlər investisiya fəallığının artmasına təsir göstərməklə infrastrukturun yenilənməsinə və istehsal və xidmət fəaliyyətinin genişlənməsinə xidmət edir.
Əhalinin mənzil təminatının yaxşılaşdırılması Naxçıvanda dövlətin daim diqqət mərkəzində olub. Bu istiqamətə yönəldilən investisiyaların həcmi bu il də artıb. Yaşayış evlərinin tikintisinə ayrılan vəsaitlərin ümumi investisiyalarda 39,7 faizlik paya malik olması bu sektorun iqtisadi fəallıqdakı əhəmiyyətini göstərir. Belə ki, mənzil tikintisi, eyni zamanda, tikinti materialları istehsalı, satışı, nəqliyyat və digər sahələrdə də iqtisadi fəallığa müsbət təsir edir.
Ümumilikdə, Naxçıvan iqtisadiyyatının şaxələndirilməsi baxımından cari ilin 9 ayında sərf edilən investisiyaların gələcəkdə emal sənayesi, turizm və logistika kimi sahələrdə də əlavə dəyər yarada biləcəyi proqnoz edilir. Nəticədə, həyata keçirilən yeni investisiya layihələrinin əhalinin rifahının yüksəldilməsində mühüm rol oynayacağı gözlənilir.
Muxtar respublikada əhalinin məşğulluğu istiqamətində həyata keçirilən layihələr bu il artıq öz bəhrəsini verib. Belə ki, 2026-cı ilin yanvar-sentyabr aylarında muxtar respublikada 1004 yeni iş yeri yaradılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 59 faiz çoxdur.
Yeni yaradılan iş yerlərinin 697-si, yaxud 69 faizi qeyri-dövlət sektorunun, 307-si və ya 31 faizi isə dövlət sektorunun payına düşüb. İş yerlərinin 852-si yeni fəaliyyətə başlayan 117 müəssisə və təşkilatda, 152-si isə mövcud 31 müəssisədə yaradılıb. Bu göstəricilər yeni müəssisələrin fəaliyyətə başlamasının məşğulluğun genişlənməsində mühüm rol oynadığını, eyni zamanda, özəl sektorun yeni iş yerlərinin yaradılmasında üstün mövqeyə malik olduğunu göstərir.
Sahibkarlıq Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının əsasını təşkil edir. Odur ki, regionda əmək bazarının inkişafı üçün qeyri-dövlət sektoruna dəstəyin genişləndirilməsi diqqətdə saxlanılır. Nəticədə, cari ilin ötən dövründə qeyri-dövlət sektorunda yaradılan yeni iş yerlərinin sayı dövlət sektorundakı göstəricini 2 dəfədən çox üstələyib. Muxtar respublikada sosial və infrastruktur layihələri çərçivəsində yaradılan iş yerləri də xüsusi əhəmiyyət daşıyır. Belə ki, “Naxçıvan Regional DOST Mərkəzi”nin fəaliyyətə başlaması ilə 43, “Naxçıvan Avtomobil Yollarının Yaşıllaşdırılması” Məhdud Məsuliyyətli Cəmiyyətində isə 223 yeni iş yeri yaradılıb.
Özünüməşğulluq proqramları əhalinin məşğulluğunun təmin edilməsində da mühüm mexanizmdir. Məqsəd işaxtaran insanları təkcə mövcud iş yerlərinə yönəltmək deyil, həm də onların öz təsərrüfatlarını və kiçik bizneslərini quraraq müstəqil gəlir mənbəyi əldə etmələrinə şərait yaratmaqdır. Bu, xüsusilə Naxçıvanda kənd təsərrüfatı, istehsal və xidmət sahələrində iqtisadi fəallığın artırılmasında, kiçik təsərrüfatların genişləndirilməsində əhəmiyyətlidir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 aprel tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamına əsasən icra edilən Özünüməşğulluq Proqramı çərçivəsində 2026-cı ilin ötən dövründə muxtar respublikada öz biznesini qurmaq istəyən 114 işsizə müvafiq aktivlər təqdim edilib. Onlardan 50 nəfəri qoyunçuluq, 44 nəfəri arıçılıq üzrə olmaqla, ümumilikdə, 94 nəfər kənd təsərrüfatı sahəsində, 20 nəfər isə istehsal və xidmət istiqamətində fəaliyyət göstərmək üçün əmlaklarla təmin olunub.
İstehsal və xidmət istiqamətində yaradılan kiçik bizneslər isə əsasən dərzi sexi, qadın gözəllik salonu, avtoçilingər xidməti, un məmulatları istehsalı, broyler inkubatoru, aqroturizm və digər sahələri əhatə edir. İlin sonunadək bu proqram çərçivəsində əlavə məşğulluq imkanlarının yaradılması nəzərdə tutulur. Bu da əhalinin davamlı gəlir imkanlarının genişləndirilməsinə yönəldilən dövlət qayğısıdır.
Əli CABBAROV,
Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru
Baxış sayı:49
Bu xəbər 03 Noyabr 2026 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















