NED in qrantları: Məqsəd nədir, pul kimə çatır?
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xaricdən gələn pulun üzərində “demokratiya, insan hüquqları və azad media” sözləri yazıla bilər. Ancaq maliyyənin həqiqi məqsədini anlamaq üçün təkcə bu ifadələrə deyil, ayrılan məbləğlərə, layihələrin məzmununa və əldə olunan nəticələrə baxmaq lazımdır.
Söhbət Milli Demokratiyaya Dəstək Fondundan (NED) gedir. Fond ABŞ Konqresindən maliyyə alır və xarici ölkələrdəki qeyri-hökumət təşkilatlarına, media qurumlarına və digər tərəfdaşlara qrantlar verir. NED-in rəsmi məlumatlarında şəffaflıq və hesabatlılıq əsas prinsiplər kimi göstərilir. Lakin fondun fəaliyyəti, xüsusilə postsovet məkanında, uzun illərdir mübahisələrə səbəb olur. Azərbaycan baxımından əsas məsələ də budur: xarici maliyyə vəsaitləri yalnız ictimai problemlərin araşdırılmasına yönəlir, yoxsa ölkənin siyasi gündəminə və beynəlxalq imicinə təsir göstərmək üçün də istifadə olunur?
1,46 milyon dollar hara gedir?
NED-in rəsmi saytında yerləşdirilən qrant siyahısında Azərbaycanla bağlı 14 layihə və ümumilikdə, 1 milyon 465 min 654 dollar məbləğində maliyyə göstərilib. Layihələrin əsas istiqamətləri insan hüquqları, hüquqi yardım, müstəqil media, siyasi məhbuslarla bağlı monitorinq və vətəndaş iştirakıdır. Bu siyahıda müstəqil medianın dəstəklənməsi üçün 304 min dollardan çox, fundamental insan hüquqlarının müdafiəsi üçün 201 min dollar, siyasi məhbuslarla bağlı məlumatların toplanması və yayılması üçün isə 138 min dollara yaxın vəsait nəzərdə tutulub. Bu rəqəmlər bir məqamı da aydın göstərir. Söhbət ayrı-ayrı tədbirlərə verilən kiçik yardımlardan deyil, müəyyən istiqamətlər üzrə davamlı fəaliyyətin maliyyələşdirilməsindən gedir.
Bəs layihələrin icraçıları kimlərdir? Vəsaitlər hansı təşkilatlara çatır? Ayrılan pullar ölkə daxilində, yoxsa xaricdə fəaliyyət göstərən resurslar vasitəsilə xərclənir? Bu sualların cavabı maliyyə şəffaflığı baxımından vacibdir. NED isə qrant siyahısında bəzi tərəfdaşların adlarını açıqlamır. Fond bunu onların təhlükəsizliyinin qorunması ilə izah edir. Təşkilatın arqumenti müəyyən şəraitdə başadüşülən olsa da, fond vəsaiti hesabına maliyyələşən proqramların nəticələri barədə ictimai hesabatlılıq məsələsini aradan qaldırmır.
Qrantlar yalnız sosial layihələrlə məhdudlaşmır
NED-in proqramları təkcə sosial yardım və ya maarifləndirmə tədbirlərini əhatə etmir. Fondun rəsmi təsvirlərində insan hüquqları ilə bağlı məlumatların toplanması, media materiallarının hazırlanması, siyasi proseslərin təhlili və nəticələrin beynəlxalq təşkilatlara çatdırılması da yer alır. Fond qrant alan tərəflərdən Azərbaycanda baş verən arzuolunmaz hadisələri, o cümlədən insan haqlarının pozulması, korrupsiya və s. faktları araşdırmağa, işıqlandırmağa, hesabatlar hazırlamağa tələb edir.
Xarici fondların fəaliyyəti ilə bağlı narahatlıqlardan biri də ölkə daxilində xarici siyasi maraqlara uyğun fəaliyyət göstərən şəbəkələrin formalaşmasıdır. Bu şəbəkələr NED-in ayırdığı qrantlar hesabına fəaliyyət göstərir və demokratiya bəhanəsi altında daxili siyasi proseslərə təsir göstərməyə çalışır. Onların fəaliyyəti “pozuculuq fəaliyyəti” kimi dəyərləndirilir.
Onu da qeyd edək ki, NED və Avropa Demokratiya Fondu kimi təşkilatlar bəzi layihələr vasitəsilə gənclərin siyasi mövqelərinə təsir göstərməyə cəhdlər edirlər. Bu layihələr gənc fəalları dövlət strukturlarına qarşı qoymaq və kütləvi etirazlar təşkil etməklə ölkədə daxili sabitliyi sarsıtmaq məqsədi güdür. Bunun nümunəsini Gürcüstanda gördük.
Milli maraqlar və hüquqi məsuliyyət
Aydındır ki, bu cür fondların pozucu fəaliyyətinin qarşısı alınmalı idi. Rəsmi Bakının xarici donorlardan maliyyə qeydiyyatı, Ədliyyə Nazirliyindən icazə və bank köçürmələrinin tam şəffaflaşdırılması tələbi bu təşkilatların fəaliyyət metodlarını dəyişməyə məcbur etdi. Bu, qanuni mexanizmlərdən yan keçmək məqsədilə xüsusi gizli şəbəkələrin və qeyri-qanuni maliyyə sxemlərinin yaranmasına səbəb oldu. Dövlət ittihamlarına əsasən, bu sxemlərdə əsas tranzit həlqəsi Gürcüstan oldu. ABŞ və Avropadakı mərkəzlərdən ayrılan irihəcmli vəsaitlər ilkin olaraq Tbilisidəki regional ofislərə və ya buradakı xüsusi bank hesablarına köçürülür, daha sonra isə müxtəlif kuryerlər, fəallar və ya vasitəçilər tərəfindən nağd şəkildə, gömrük bəyannamələrindən gizlədilərək hissə-hissə Azərbaycan ərazisinə gətirilirdi. Hüquq-mühafizə orqanlarının sənədlərində bu proses "qrant kontrabandası" və ya xarici valyutanın qanunsuz dövriyyəsi kimi xarakterizə olunur.
Azərbaycanda fəaliyyət göstərən bəzi media orqanlarının (məsələn, "Abzas Media", "Toplum TV" və digər onlayn platformalar) rəhbərlərinin, jurnalistlərinin və onlarla əlaqəli olan vətəndaş cəmiyyəti fəallarının saxlanılması və həbs edilməsi məhz bu cür qanunsuz maliyyə əməliyyatları ilə əlaqələndirilir. İstintaq orqanları tərəfindən aparılan axtarışlar zamanı həmin şəxslərin ofis və mənzillərindən külli miqdarda bəyan edilməmiş nağd xarici valyuta tapılmış və onlara qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin "qaçaqmalçılıq" (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə rəsmi ittihamlar irəli sürülmüşdür.
Ümumiyyətlə, xarici maliyyənin mənbəyinə və istifadə qaydasına nəzarət edilməsi tamamilə qanuni tələbdir. Heç bir təşkilat xaricdən aldığı vəsaiti dövlətin müəyyən etdiyi hüquqi çərçivədən kənar istifadə etməməlidir. Xüsusilə, xarici maliyyənin ölkənin daxili ictimai-siyasi proseslərinə və rəy formalaşdırılmasına təsir göstərmək üçün mexanizmə çevrilməsi yolverilməzdir. Bəs NED yenə eyni üsuldan istifadə edəcəkmi?
Azərbaycanın milli maraqları həm xarici maliyyə üzərində şəffaf nəzarəti, həm də məhkəmə qərarlarının əsaslı və ədalətli olmasını tələb edir. Qanun hamıya eyni dərəcədə tətbiq olunmalı, ölkənin suverenliyini qorumaq məqsədi daşıyan tədbirlər də məhz möhkəm hüquqi əsaslarla aparılmalıdır. Heç bir xarici fondun və ya yerli subyektin fəaliyyəti ölkənin qanunlarından üstün tutula bilməz. Bu prinsipial yanaşma həm xarici müdaxilə risklərini azaltmağa, həm də Azərbaycanın hüquqi dövlət strukturunu möhkəmləndirməyə xidmət edir.
Bütün bunlarla yanaşı, NED-in Azərbaycan üzrə qrantları ətrafında yaranan əsas suallar hələ də açıq qalmaqdadır: hazırkı vəsaitlər konkret olaraq kimlərə çatır, icra olunan layihələrin real nəticələri nədən ibarətdir və bu fəaliyyət ölkənin ictimai-siyasi mühitinə necə təsir göstərir? Bu suallara obyektiv cavab siyasi şüarlarda deyil, konkret maliyyə sənədlərində, layihələrin şəffaf hesabatlarında və yoxlanıla bilən faktlarda axtarılmalıdır. Azərbaycanın milli maraqları tələb edir ki, xaricdən gələn hər bir maliyyə axını milli qanunvericilik çərçivəsində qiymətləndirilsin, ölkənin suverenliyinə və informasiya təhlükəsizliyinə göstərə biləcəyi mümkün təsirlər diqqətlə araşdırılsın.
Beləliklə, demokratiyaya dəstək adı altında həyata keçirilən fəaliyyətin həqiqi dəyəri ayrılan milyonlarla deyil, onun şəffaflığı, obyektivliyi və nəticələri ilə ölçülməlidir. Azərbaycan üçün əsas prinsip isə dəyişməzdir. Ölkənin gələcəyi ilə bağlı qərarlar Azərbaycan xalqının iradəsinə və milli maraqlara əsaslanmalıdır.
Pünhan ƏFƏNDİYEV
XQ
Baxış sayı:66
Bu xəbər 29 Oktyabr 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















