Niyə insanlar dərdlərini tanımadıqları insanlara danışırlar? Psixoloqdan açıqlama
Azxeber.com saytına istinadən Icma.az xəbər verir.
Bəzən parkda oturarkən, ictimai nəqliyyatda gedərkən, növbədə gözləyərkən və ya yeni başladığımız işdə heç tanımadığımız bir insanın bizə ən şəxsi problemlərini danışdığının, hətta özümüzün də tamamilə yad birinə içimizi tökdüyümüzün şahidi oluruq.
Maraqlıdır, insanı heç tanımadığı, bəlkə də bir daha heç vaxt görməyəcəyi birinə dərdini bölüşməyə vadar edən nədir?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan psixoloq Aynur İsgəndərova bildirib ki, bu davranış əsasən insanın özünü ifadə etmək və emosional olaraq rahatlamaq ehtiyacı ilə bağlıdır:
"Psixologiyada buna "özünü açma” mexanizmi deyilir. İnsan müəyyən hadisə ilə qarşılaşdıqda və həmin məsələni yaxınları ilə bölüşmək imkanı və ya rahatlığı olmadıqda, emosional cəhətdən boşalmaq və özünü ifadə etmək ehtiyacı yaranır. Belə vəziyyətdə insan yol gedərkən, parkda və ya hər hansı sosial ortamda heç tanımadığı biri ilə söhbət zamanı onu narahat edən məsələni paylaşa bilər”.
Onun sözlərinə görə, yad insana şəxsi problemlərin danışılması mütləq şəkildə həmin şəxsə güvənilməsi anlamına gəlmir:
"Burada məsələ həmin insana tam güvənmək deyil. Əksinə, insan düşünür ki, qarşı tərəf onun keçmişini, şəxsi keyfiyyətlərini və həyat tərzini bilmir. Buna görə də həmin şəxsin məsələyə daha obyektiv yanaşacağını düşünür. Bəzən insan tanımadığı şəxslə danışaraq həm emosional boşalma yaşayır, həm də probleminə kənardan, obyektiv bir insanın münasibətini öyrənmək istəyir”.
Psixoloq qeyd edib ki, uzun müddət toplanan problemlər də insanı tanımadığı şəxslə danışmağa sövq edə bilər:
"Bəzən məişət və digər problemlər yığılır, insan emosional olaraq dolur. Bu məsələləri yaxın insanlarla bölüşmək mümkün olmadıqda və ya insan bunu istəmədikdə, tanımadığı biri ilə danışaraq emosional boşalma həyata keçirə bilər. Bu, bəzən tamamilə spontan şəkildə baş verir".
Ekspertin fikrincə, burada sosial qınaq qorxusu da mühüm rol oynayır:
"Tanıdığımız insanlarla şəxsi problemlərimizi bölüşərkən onların bizə irad tutacağından, düşüncələrimizi yanlış qiymətləndirəcəyindən və ya bizi fərqli qəbul edəcəyindən qorxa bilərik. Tanımadığımız insanla isə belə bir narahatlıq daha az olur. Çünki həmin şəxs bizi tanımır və onun bizim haqqımızda nə düşünəcəyi o qədər də əhəmiyyət daşımır. İnsan sosial qınaq obyektinə çevrilməkdən qorxmadığı üçün tanımadığı şəxslə müəyyən şəxsi məsələləri daha rahat paylaşa bilir" .
Fəridə Əsədzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 10 Avqust 2026 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















