Niyə qadın filosof yoxdur? Hipatiya KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Antik dövrdə (eramızın 370–415-ci illərində) yaşamış Hipatiya tarixə qadın riyaziyyatçı, astronom, filosof və müəllim kimi düşüb. O, dini fanatizmin qurbanına çevrilərək amansızcasına öldürülən, sonradan isə adı və elmi irsi unutdurulmağa çalışılan qadınlardan biridir.
Onun həyat hekayəsi özünü üstün hesab edən kişi düşüncəsinə ünvanlanmış bir sualın cavabı kimi səslənir: “Niyə tarixdə qadın filosof, riyaziyyatçı və alim yoxdur?”
Hipatiya həmin dövrdə Roma imperiyasının tərkibində olan Misirin İsgəndəriyyə şəhərində anadan olub.
Atası Teon İsgəndəriyyə Məktəbinin və kitabxanasının tanınmış riyaziyyatçısı və rəhbərlərindən biri idi. O, qızını elmə, araşdırmaya və sərbəst düşüncəyə həvəsləndirərək böyüdüb. Hipatiya təbiət hadisələrini məntiq, riyaziyyat və müşahidələr vasitəsilə izah etməyə çalışırdı.
O, elmin inkişafına mühüm töhfələr verib. Ulduzlar arasındakı məsafələri, onların üfüqdən hündürlüyünü və bucaqlarını ölçmək üçün istifadə olunan astrolabın, eləcə də mayelərin nisbi sıxlığını müəyyənləşdirməyə imkan verən hidrometrin təkmilləşdirilməsi ilə əlaqələndirilir.
Bəzi mənbələrdə Kopernikin Günəş mərkəzli kainat modelini hazırlayarkən Hipatiyanın elmi fikirlərindən ilham aldığı iddia olunur. Lakin bu əlaqəni təsdiqləyən etibarlı tarixi sübut yoxdur.
Hipatiya şəxsi həyatında da dövrünün qadınları üçün müəyyən edilmiş ənənəvi çərçivələrə sığmırdı. Rəvayətlərə görə, ona aşiq olan kişilərin evlilik təkliflərini nəzakətlə rədd edir və “Mən həqiqətlə evliyəm” deyirdi. Başqa bir rəvayətə görə isə ona məhəbbətini etiraf edən birinə “Özünü musiqiyə həsr etməlisən” cavabını vermişdi.
Ona aid edilən daha bir fikir belədir:
“Bizi birləşdirən şeylər bizi ayıranlardan daha çoxdur. Hamımız qardaşıq”.
Lakin Hipatiyanın azad düşüncəsi, elmi nüfuzu və cəmiyyətdəki təsiri müəyyən dairələrin narazılığına səbəb olurdu.
İsgəndəriyyə yepiskopu Kiril onun əleyhinə təbliğat aparan əsas fiqurlardan biri kimi göstərilir. Hipatiya cadugərlikdə və şeytana xidmət etməkdə ittiham olunurdu. Dini mətnlərdən istifadə edilməklə şəhər əhalisinin ona qarşı qızışdırıldığı bildirilir.
415-ci ildə Hipatiya məktəbinin yaxınlığında, müdafiəsiz vəziyyətdə olarkən fanatik kütlənin hücumuna məruz qaldı. Onu zorla ələ keçirərək işgəncələrə məruz qoydular və amansızcasına qətlə yetirdilər. Həmin vaxt onun təxminən 45 yaşı vardı.
Cinayətdən sonra Kirilin kilsə tərəfindən müqəddəs elan edildiyi bildirilir. Hipatiyanın elmi əsərlərinin isə böyük hissəsi dövrümüzə gəlib çatmayıb.
Tarixçi Sokrat Sxolastik Hipatiyanın qətlini belə təsvir edir:
“Onu iki təkərli arabadan zorla düşürdülər və Kesarium adlandırılan kilsəyə apardılar. Orada zor tətbiq edərək paltarlarını çıxardılar. Daha sonra üzünü eybəcər hala saldılar və o, son nəfəsini verənədək əllərindəki iti dəniz balıqqulaqları ilə bədənini parçaladılar. Sonra cəsədini dörd hissəyə bölərək Sinon adlanan yerə apardılar və yandırdılar”.
Digər tarixçi Damaskiy isə Sokrat Sxolastikin təsvirinə əlavə olaraq Hipatiyanın gözlərinin də çıxarıldığını yazır.
Hipatiyanın faciəsi yalnız bir qadının öldürülməsi deyildi. Bu, elmə, azad düşüncəyə və fərqli fikrə qarşı dini fanatizmin törətdiyi dəhşətli cinayətlərdən biri idi.
Onun həyat hekayəsi bu gün də aktual bir sual doğurur: tarixdə qadın alimlərin və filosofların az görünməsi onların qabiliyyətsizliyindən irəli gəlirdi, yoxsa əsrlər boyu onların elmə gedən yolunun qarşısına çəkilən maneələrdən?
Bəlkə də tarixdə qadın filosofların azlığının səbəbini onların zəkasında deyil, düşünmək və yaratmaq hüququ uğrunda apardıqları mübarizədə axtarmaq lazımdır.
Müəllif: Murat Demirocak.
Tərcümə etdi: Rəsmiyyə Şərifova,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 20 Noyabr 2026 19:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















