“Odlar yurdu”nun “Yaşıl enerji” strategiyası
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Respublikada ekoloji tarazlığın qorunması, iqlim dəyişikliklərinin mənfi təsirlərinin azaldılması və bərpaolunan enerji istehsalının genişləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Son illərdə həyata keçirilən məqsədyönlü islahatlar göstərir ki, Azərbaycan artıq enerji siyasətini təkcə neft və qaz ehtiyatları üzərində deyil, həm də “yaşıl enerji” mənbələrinin geniş tətbiqi əsasında formalaşdırmağa başlayıb. Bu yanaşma həm ölkədə, həm də beynəlxalq aləmdə milli iqtisadiyyatın şaxələndirilməsi, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və ölkənin beynəlxalq iqlim gündəliyində fəal iştirakının gerçəkləşdirilməsi baxımından yüksək qiymətləndirilib.
Bu istiqamətdə strateji əsas Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi ilə yaradılıb. Həmin sənəddə müəyyənləşdirilən 5 milli prioritetdən biri məhz “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” hədəfinə əsaslanılıb. Bununla da ekoloji təhlükəsizliyin təmin olunması, təbii resurslardan səmərəli istifadə edilməsi, alternativ enerji istehsalının artırılması, karbon emissiyalarının azaldılması və enerji səmərəliliyinin yüksəldilməsi dövlət siyasətinin uzunmüddətli inkişaf xəttinə çevrilib.
Milli Prioritetlərdə nəzərdə tutulan hədəflər iqtisadi inkişafın ekoloji məsuliyyətlə uzlaşdırılmasını, dayanıqlı enerji sisteminin formalaşdırılmasını və gələcək nəsillər üçün sağlam yaşayış mühitinin qorunmasını ehtiva edir. Məhz buna görə də son illərdə qəbul edilən dövlət proqramları, beynəlxalq əməkdaşlıq layihələri və irihəcmli investisiyalar vahid strateji məqsədi – Azərbaycanın Cənubi Qafqazın aparıcı “yaşıl enerji” mərkəzlərindən birinə çevrilməsini şərtləndirir.
“Yaşıl” yatırıma yaşıl işıq!
Ekoloq Natiq Əzimov söhbət zamanı bildirdi ki, Azərbaycan təbii-coğrafi üstünlüklərinə görə dünyanın bərpaolunan enerji potensialı yüksək olan ölkələrindən biri kimi diqqət çəkir. Xəzər dənizinin güclü külək ehtiyatları, respublikanın günəşli iqlim qurşağında yerləşməsi, dağ çaylarının hidroenerji imkanları və bioenerji resursları alternativ enerji istehsalının genişləndirilməsi üçün əlverişli şərait yaradır.
Mövcud hesablamalara əsasən, “yaşıl enerji” mənbələrinin texniki potensialı quruda 135 QVt, Xəzər dənizində isə 157 QVt təşkil edir. Bunun 115 QVt-ı günəş, 15 QVt-ı külək, 5 QVt-ı isə hidroenerji resurslarının payına düşür.
İqtisadi baxımdan səmərəli hesab edilən potensial da kifayət qədər böyükdür. Hesablamalara görə, ölkədə iqtisadi potensial 27 QVt olmaqla, bunun 23 QVt-ı günəş, 3 QVt-ı külək enerjisi hesabına formalaşır. Bundan əlavə, bioenerji üzrə 380 MVt, kiçik dağ çayları üzrə isə 520 MVt həcmində əlavə enerji istehsalı imkanları mövcuddur. Bu göstəricilər respublikanın yaxın onilliklər ərzində daxili tələbatını alternativ mənbələr hesabına ödəməklə bərabər, həm də “yaşıl enerji” ixrac edən ölkələr sırasında mövqeyini daha da gücləndirməsinə imkan yaradır.
Natiq Əzimovun sözlərinə görə, enerji iqtisadiyyatı baxımından bərpaolunan enerji layihələrinin daha bir mühüm üstünlüyü təbii qaz istehlakının azalmasıdır. Elektrik enerjisi günəş, külək və hidroenerji hesabına istehsal edildikcə istilik elektrik stansiyalarında yandırılan qazın həcmi də azalır. Qənaət olunan qaz isə daha yüksək gəlirlə xarici bazarlara ixrac edilir. Beləliklə, alternativ enerji layihələri təkcə ekoloji deyil, eyni zamanda, ciddi iqtisadi dividend yaradır.
Milli Prioritetlərdə müəyyənləşdirilən hədəflərə uyğun olaraq son illərdə bərpaolunan enerji mənbələri hesabına elektrik istehsalının artırılması istiqamətində ardıcıl layihələr həyata keçirilir. Dövlət tərəfindən əlverişli investisiya mühitinin yaradılması ilə dünyanın aparıcı enerji şirkətlərinin Azərbaycana marağı da getdikcə güclənir.
2027-ci ilədək ümumi gücü 2 QVt-dan artıq olan yeni “yaşıl enerji” layihələrinin istismara verilməsi nəzərdə tutulub. Bu məqsədlə 2020-ci ildən başlayaraq BƏƏ-nin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, bp, “SOCAR Green”, “Nobel Energy” və digər nüfuzlu beynəlxalq şirkətlərlə əməkdaşlıq sənədləri imzalanaraq icrasına başlanılıb.
Bu layihələrin mühüm xüsusiyyətlərindən biri dövlət büdcəsinə əlavə yük yaratmadan əsasən birbaşa xarici investisiyalar hesabına maliyyələşdirilməsidir. Belə yanaşma həm beynəlxalq investorların Azərbaycan iqtisadiyyatına inamını nümayiş etdirir, həm də ölkəyə müasir texnologiyaların, qabaqcıl idarəetmə təcrübəsinin və innovativ həllərin gətirilməsinə şərait yaradır.
Ötən dövrdə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən inşa edilən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası istifadəyə verilib. Bununla yanaşı, həmin şirkətlə “Dənizdə 1,5 QVt-dək külək layihəsinin həyata keçirilməsinə dair İcra Müqaviləsi”, “Quruda 1 QVt külək elektrik stansiyasının yaradılmasına dair İcra Müqaviləsi”, eləcə də enerji saxlanc sistemlərinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb.
Bərpaolunan enerji sektorunda ən mühüm layihələrdən biri də ölkənin ilk sənaye miqyaslı günəş elektrik stansiyası olan 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasıdır. 262 milyon ABŞ dolları həcmində birbaşa xarici investisiya hesabına tikilən bu obyekt ildə, təxminən, 500 milyon kilovat-saat elektrik enerjisi istehsal etməklə 110 milyon kubmetrə yaxın təbii qaza qənaət edilməsinə imkan verir. Bu isə həm karbon emissiyalarının azalmasına, həm də ixrac üçün əlavə qaz resurslarının formalaşmasına əlverişli şərait yaradır.
Eyni zamanda Naxçıvan Muxtar Respublikasında da “Nobel Energy Management”, “TotalEnergies” və “A-Z Czech Engineering” şirkətləri ilə ümumi gücü 1000 MVt-dan artıq olan yeni bərpaolunan enerji layihələrinin həyata keçirilməsi barədə müqavilələr bağlanıb. Bu layihələr Naxçıvanın yaxın gələcəkdə regional “yaşıl enerji” mərkəzlərindən birinə çevrilməsi baxımından yüksək qiymətləndirilib.
Qarabağın “yaşıl” gücü
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, eləcə də Naxçıvan Muxtar Respublikasının “Yaşıl enerji zonası” elan edildiyi vaxtdan bu ərazilərdə “yaşıl texnologiya”ların tətbiqinə, eləcə də enerji səmərəliliyi ilə bağlı layihələrinin icrasına xüsusi önəm verilir. Qeyd edək ki, bərpaolunan enerji mənbələrinin texniki potensialı Qarabağ və Şərqi Zəngəzurda 10 QVt, Naxçıvanda isə 5 QVt səviyyəsində qiymətləndirilir. Həmin ərazilərdə elektrik enerjisinə olan tələbat bu gün nəinki tamamilə “yaşıl enerji” hesabına ödənilir, hətta yaranan əlavə güclər ölkənin ümumi enerji şəbəkəsinə də ötürülür.
Dövlət başçısının Cəbrayıl, Zəngilan, Xocalı, Füzuli, Xankəndi, Şuşa və Ağdam şəhərlərinə, Xocavənd və Laçın rayonlarına səfərləri zamanı bir çox yaşayış məntəqələrinin təməli qoyulub, məyyən qismi isə istifadəyə verilib, o cümlədən bir çox enerji obyektləri istismara buraxılıb. Bu çərçivədə Cəbrayıl rayonunun Şükürbəyli kəndinin Soltanlı kəndində “AzərEnerji” ASC-nin 330 kV-luq “Şəfəq” yarımstansiyasının və Laçında su elektrik stansiyasının açılış mərasimi keçirilib.
“Yaşıl enerji” texnologiyalarının tətbiqi çərçivəsində hazırda Cəbrayıl rayonunda bp şirkətinin tərəfdaşlığı ilə gücü 240 meqavat olan “Şəfəq” Günəş Elektrik Stansiyası (GES), eləcə də hər biri 50 meqavat gücündə “Üfüq” və “Şəms” GES layihələri gerçəkləşdirilir. Ümumi investisiya dəyəri 200 milyon dollar təşkil edən bu layihələrin 2027-ci ilin sonunadək istismara verilməsi planlaşdırılır.
Azad edilmiş ərazilərdə salınan yaşayış məntəqələrində də “yaşıl enerji” texnologiyalarının tətbiqi diqqətdə saxlanılıb. Bu coğrafiyada indiyədək 2500-dən çox fərdi evdə, ictimai və sosial binalarda ümumi gücü 8000 kVt-dan çox olan günəş paneli və 8 mindən artıq LED əsaslı işıqlandırma qurğusu quraşdırılıb. Bu qurğuların 43 faizi, təqribən, 3 min 500 ədədi günəş enerjisi ilə işləyən hibrid sistemlərdən ibarət olub. Bu göstəricilərə əsaslanaraq demək olar ki, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl texnologiyalar” və enerji səmərəliliyi prinsipləri əsasında inkişafı artıq nümunəvi modelə çevrilib.
Qarşıya qoyulan məqsədə uyğun olaraq, ölkəmizdə 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəflənib. Eyni zamanda, 2027-ci ildə elektrik enerjisi istehsalında bərpaolunan enerji payının 25 faizə, 2030-cu ildə isə 30 faizə yüksələcəyi proqnozlaşdırılıb. Bu isə enerji balansının şaxələndirilməsi ilə bərabər, həm də qaz ehtiyatlarının daha səmərəli istifadəsi və ixrac potensialının artması kimi dəyərləndirilib.
Hazırda icra olunan proqramın birinci mərhələsi üzrə 2027-ci ilin sonunadək, təxminən, 2 QVt gücündə bərpaolunan enerji mənbələrinin istismara verilməsi gözlənilir. Növbəti mərhələdə isə əlavə 6 QVt-dan çox gücün yaradılması nəzərdə tutulur. Eyni zamanda, gələcəkdə istehsal olunan “yaşıl enerji”nin xeyli hissəsinin ixraca yönəldiləcəyi də planlaşdırılır.
“Yaşıl” gələcəyə açılan qapı
Azərbaycanın “yaşıl enerji” sektorunda tarixi uğur əldə olunub. “Azərenerji” ASC ilə “SOCAR Trading”in birgə əməkdaşlığı çərçivəsində Kəlbəcər rayonunda yerləşən “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Meydan” və “Qamışlı” kiçik su-elektrik stansiyaları beynəlxalq karbon sertifikatı almaq üçün uğurla qeydiyyatdan keçib. Bu stansiyalar üzrə illik 37 min ton karbon emissiyasının azaldılmasının təsdiqlənəcəyi və müvafiq karbon sertifikatlarının təqdim ediləcəyi qərara alınıb.
Xatırladaq ki, bu ilin yanvarında Laçında yerləşən “Mirik” və “Qaraqışlaq” kiçik su-elektrik stansiyaları İsveçrədə yerləşən beynəlxalq karbon sertifikatlaşdırma qurumu “Gold Standard” tərəfindən 10745 vahid karbon krediti əldə edib. Bu, Azərbaycanın bərpaolunan enerji layihələri üzrə beynəlxalq karbon bazarında qazandığı ilk karbon kreditləri olmaqla ölkənin “yaşıl enerji” tarixində mühüm mərhələ kimi qiymətləndirilib.
Hazırda karbon sertifikatlarının əldə edilməsi istiqamətində işlər davam etdirilir. Laçında yerləşən “Mişni”, “Alxaslı” və “Ağbulaq-2” su-elektrik stansiyalarının beynəlxalq qeydiyyat prosesi həyata keçirilir. Eyni zamanda Zəngilanda yerləşən “Şayıflı”, “Cahangirbəyli”, “Zəngilan” və “Şeylanlı” su-elektrik stansiyalarının karbon sertifikatları alması üçün hazırlanmış layihə sənədləri beynəlxalq ekspertlər tərəfindən yüksək qəyərləndirilir.
Xatırladaq ki, Prezident İlham Əliyevin iştirakı ilə “Azərenerji” tərəfindən tikilən “Ağbulaq-2” və “Şeylanlı” su-elektrik stansiyaları bu ayın 11-də, digər stansiyalar isə daha əvvəl – 2023, 2024 və 2025-ci illərdə istismara verilib.
Həyata keçirilən bütün bu layihələrin nəticələri göstərir ki, Azərbaycan “yaşıl enerji” sahəsində təsadüfi deyil, sistemli və uzunmüddətli inkişaf strategiyası həyata keçirir. Dövlət siyasətinin ardıcıllığı, əlverişli investisiya mühiti, beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlıq və müasir texnologiyaların tətbiqi ölkəmizin bu istiqamətdə mühüm uğurlar qazanmasına şərait yaradır.
Qarabağ və Şərqi Zəngəzurun “Yaşıl enerji zonası” kimi tanıdılması, günəş, külək və su-elektrik stansiyalarının ardıcıl istismara verilməsi, karbon kreditləri bazarına çıxışın uğurla gerçəkləşdirilməsi, habelə beynəlxalq enerji dəhlizlərinin formalaşdırılması artıq Azərbaycanın enerji siyasətinin yeni keyfiyyət mərhələsinə yüksəldiyini nümayiş etdirir.
Bu gün “yaşıl enerji” yalnız elektrik istehsalı demək deyil. Bu, həm də innovasiya, müasir sənaye, yüksək texnologiyalar, rəqabətqabiliyyətli iqtisadiyyat, ekoloji təhlükəsizlik və dayanıqlı inkişaf modelidir. Azərbaycanın bu istiqamətdə atdığı addımlar ölkənin qlobal enerji keçidində fəal iştirak etdiyini və iqlim gündəliyinə real töhfələr verdiyini təsdiqləyir.
Ən mühüm məqamlardan biri isə ondan ibarətdir ki, formalaşdırılan yeni enerji modeli neft-qaz sektorunun yaratdığı iqtisadi üstünlükləri qorumaqla yanaşı, postneft dövrünün etibarlı iqtisadi dayaqlarını da yaradır. “Yaşıl enerji” layihələri hesabına qənaət edilən təbii qazın ixracının genişlənməsi, elektrik enerjisinin xarici bazarlara çıxarılması, karbon kreditlərindən əldə edilən gəlirlər və beynəlxalq investisiyaların artması Azərbaycanın iqtisadi inkişafına yeni məzmun qazandırır.
Bütün bunlar deməyə əsas verir ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji kurs nəticəsində Azərbaycan təkcə Cənubi Qafqazın deyil, bütövlükdə, Avrasiya məkanının mühüm “yaşıl enerji” mərkəzlərindən birinə çevrilməkdədir. Bu isə ölkəmizin enerji təhlükəsizliyini daha da möhkəmləndirir, beynəlxalq nüfuzunu artırır və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ində nəzərdə tutulan “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” hədəfinin uğurla gerçəkləşdiyini əyani şəkildə nümayiş etdirir.
Vaqif BAYRAMOV
XQ
Baxış sayı:164
Bu xəbər 01 Avqust 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















