Ölmüş Günel Mehrinin hekayəsi
Icma.az bildirir, Kulis.az portalına istinadən.
Kulis.az Günel Mehrinin "Ölmüş" adlı hekayəsini təqdim edir.
Uşaq vaxtı elə bilirdi, insanlar ancaq fiziki mənada ölür. Torpağa gömülür və son elə budur. Rəhmətə gedən insanın yoxluğu ilə doğmaları bir gün barışır. Anlayırlar ki, bu, qaçılmazdır. Bir gün növbə hamıya çatacaq. Kimliyindən asılı olmayaraq hər kəs bu sonla qarşılaşacaq. Və hələ ki bu sondan qaçış üçün bir eliksir yoxdur. Maşının arxa şüşəsindən qayğısız insanların dolaşdığı küçəyə qibtəylə baxdı. Yüz faiz əmin idi ki, bu dəqiqə heç biri ölüm barəsində düşünmür. Amma o, son zamanlar çox düşünürdü. Bu gün dünyadan köçən dayısının vəfatından sonra…
Ən son görüşdüklərində buz kimi lal baxışları ilə qarşılaşmışdı. Dayısının yorğun gözləri bir nöqtəyə ilişib qaldı. Buralı deyildi bu nəzərlər. Əcəlin soyuq nəfəsi bəbəklərinə kimi işləmişdi. Onda anladı ki, dayısı səksən illik ömrünün son səfərinə hazırlaşır. Səbrlə, təmkinlə, təslim olmuş kimi… Həmin gün onun üçün əziz olan o kandardan çıxanda ürəyi sıxılırdı. Bilirdi ki, bir də bu evə, bu kandara, bu baxışlara qayıtmayacaq. İllərlə gəlib-getdiyi bu kandar, bu ev dayısının baxışlarındakı buzun təsirindən soyumuş, yadlaşmışdı. Və elə bu baxışlarla qarşılaşar-qarşılaşmaz qaçıb getmək, bu evdən mümkün qədər uzaqlaşmaq istəyirdi. Ayaqları onu sevdiyi məkana - dəniz kənarına gətirdi. Gecənin günortasında dəniz kimsəsiz idi. Hirsli ləpələr sahildəki daşlara çırpıldıqca içini Xəzərə tökürdü. Həyatında ilk dəfə çiyinləri atlana-atlana ağlayırdı. Başının üstündəki ulduzlu səma, qarşısındakı Xəzər sorğu-sualsız dinləyirdi hönkürtülərini. Getdikcə qəribə bir yüngüllük, rahatlıq yayılırdı bütün hüceyrələrinə. Sanki içinə ağırlıq edən “daş” göz yaşlarıyla ovulmuş, kiçilmiş, yoxa çıxmış, bəlkə də Xəzərə qarışmışdı. Kim deyir ki, kişilər ağlamaz… Sonra Xəzərin hüdudsuz görünən dərinliklərinə minnətdarlıqla baxdı. Dənizlə üz-üzə, göz-gözə durduğu o sehirli dəqiqələrdə Vaqif Səmədoğlunun özünəməxsus xitabı yadına gəldi: “Canım Xəzər”. Düşündü ki, indi “yazıq Xəzər” xitabı lap yerinə düşər. Çox az çirkləndirirlər min cür tullantıyla, neftlə… Bir tərəfdən də biz boşaldırıq kinimizi, hikkəmizi, ağrımızı, acımızı…”
Sübhə yaxın telefonla dayısının ölüm xəbərini çatdırdılar. Bayaq ağlamışdı deyə indi toxdaq idi. Üstündən ağır bir yük götürüldü elə bil. Dərindən köks ötürdü. Dayısı yaddaşında gözüyumulu, solğun sifətlə yox, nəzərlərini bir nöqtəyə zilləmiş, fikirli halıyla qalacaqdı. Əsas o idi ki, çox əzab çəkmədən, kimsəni incitmədən rahatlığına qovuşmuşdu. Hə, bir də uzun bir ömür yaşamışdı. Qəbiristanlıqda qundaq kimi toparlanmış təzə məzarla üz-üzə dayananda mollanın oxuduğu duaların arasında düşünürdü: “Əslində torpaq insanları udmaq üçündür… Bircə təsəlli odur ki, torpaq cismi zəbt edir, ruhsa azad olub səmalara yüksəlir, yüksəlir və haradasa göyün bir qatında özünə yer eləyir. Görəsən, dayısının azadə ruhu indi haralarda dolaşır? Bəlkə də elə buralardadır…” Qənşərində dayanmış Fateh kişinin şəkərdən bükülmüş belinə baxdıqca baxdı. “Öləni bildik. Bəs diri ikən ölü insanlar? Fiziki baxımdan mövcud olan, amma varlığı heç bir mahiyyət kəsb etməyən, bu dünyada gününü sayan…” Onlara öz aləmində “gəzən ölülər” deyirdi. “Azdır ki belələri? Ümidsiz narkoman, alüdəçi qumarbaz, ömrünün son akkordlarında olan ahıl, yataq xəstəsi... Boyunlarına ip salırlar, dərman içirlər, min hoqqadan çıxırlar həyatlarına son vermək üçün. Alınmır ki, alınmır. Heç bir şey kar eləmir. Elə bil Yuxarıdakı baxıb deyir, hara gedirsən, sənin yerin elə buradır, sürünməyində ol. Amma bir də görürsən, qəfil əcəl elə həyat dolu birini qamarlayır ki… Qalırsan yana-yana. Hə, amansızdır bu həyatın yazılmayan qanunları. İstəyirsən üsyan edəsən, bu gedişatın düzəninə qarğış tökəsən, bağırasan, çığırasan, axı niyə, niyə də qonşumuzdakı narkoman Asif dura-dura, avtomobil qəzası parlaq təbəssümlü Gülmirəni apardı? Vallah o gülümsəyəndə adamın içi açılırdı. Görəsən, Gülmirənin nə qədər işıqlı planları, arzuları havadan asılı qaldı, uçdu, buxarlandı... Amma narkoman Asif rəhmətə getsə idi, ağrılardan qovrulan canı da dincələrdi, bədbəxt ailəsi də rahatlıq tapardı. Ya da bir evin madar oğlu Hafiz şəhid olmasaydı, o evin çırağı ömürlük sönməsəydi pis olardı ki? Onun yerinə ailəsini içkinin badına vermiş alkaş Faiq getsəydi, nə dəyişərdi? Axı o Faiq içkili olanda arvadı Şölədə salamat qabırğa qoymur. Özü demiş, çoxdan ölmüş bir candır, basdıranı yoxdur... Ya da odur e, Asya xalanın rəssam oğlu Kamil. Gündə bir qızın həyatıyla oynayır. Rəsmlərini çəkəcəm adıyla qoluna taxıb gətirir zirzəmidə düzəltdiyi yarıqaranlıq emalatxanasına. O gün birinin ata-anası gəlib qırğın salmışdı: “Ay köpəkoğlu, Kamilsən, nə zibilsən, çıx bayıra! Mən də səni asacam. Heç kim əlimdən ala bilməyəcək! Eşidirsən? Gül kimi balam sənə görə torpağın altına getdi… Çıx ortaya, ay binamus...” İndi o Kamilin yerində o gün feysbukda gördüyü xərçəngdən dünyasını dəyişən Röya – 5 yaşlı məsum qızcığaz yaşasa dünya dağılardımı?..” Birdən gözləri axundun salavat verən əllərinə sataşdı. O da salavat çəkdi dayısının ruhuna.
Qohum-əqraba gedəndən sonra ağır-ağır tabutların arasıyla gəzişdi. Qara daşlardan boylanan gənc simalar imdad diləyirmiş kimi baxırdılar. Düşündü ki, nə qədər ağır olsa da, yaşlı adamların vəfatını yenə rahat həzm edə bilirsən. Amma hər kəs asan qəbul edə bilmir axı gənc yaşlarda olan əzizinin vaxtsız gedişini... Ayağına ilişən haça budağı qaldırdı. Sonra əyilib boz torpağı həmin haça budaqla qazıdı. “Kaş əlində bir sehrli çubuq olaydı, bu düzənləri elə dəyişərdi ki… Sürünən insanları atardı qabağa, qoy getsinlər, dünyanı pis niyyətləri ilə kor qoymasınlar. Sevgidolu insanları saxlayardı ki, yaşasınlar doya-doya, ətrafa müsbət enerjilərini, işıqlı baxışlarını saçsınlar. Həyat daha rəngli, dünya da yaşanılası yer olardı o zaman. Amma beyinlərin vara bilmədiyi həqiqətlər var. O həqiqətlərə görə kimlərsə sürünür, gününü sayır, kimlərsə doymamış, doyulmamış gedir. Hara gedir, niyə gedir, nə qalan bilir, nə gedən. Bircə deyirlər ki, yaxşı adamlar tez ölür. Yaxşı adamlar…” Dodaqlarına acı bir təbəssüm qondu. “O da yaxşıydı… Yəni birlikdə olduqları illər ərzində ondan ancaq yaxşılıq görmüşdü…” Dərhal göz ekranında uzun saçları, parlaq gözləri canlandı. Elə canlandı ki, sanki yanındaydı. Gözlərini açınca bunun bir xəyal olduğunu anladı və köksündən bıçaq sancılmış kimi bir ağrı qalxdı. O gün bir video ilə qarşılaşmışdı. Demə, insan sevdiyinə baxanda göz bəbəkləri genişlənib böyüyür. O zaman ürəyin dəyişən ritmi göz bəbəklərinə təsir edir və hər şey səndən xəbərsiz baş verir. Yalnız qarşında duran bunu duyur, görür, arif adamsa mənasını anlayır. “Görən gözlərim neçə dəfə bada verib, satıb məni? Amma onları bağışlamaq olar. Çünki qarşı tərəfin məcrasından çıxan sevgidolu bəbəklərini də onlar göstərib mənə. Sən demə, insanlar beyində bir-biri üçün öləndə baxışlardakı o sehr də itir. Və bəbəklər əvvəlki tək böyümür. Ya da böyüyür, amma başqa biri üçün… Eh, hər şey gözlə bitsə idi, nə varıydı ki. Əlini yelləyib deyərdi, gözündən uzaqdır, könlündən iraq. Vəziyyət daha ağır idi. Bunun sözü vardı, yalnız iki adama bəlli olan sözlər, ancaq onun üçün tarazlanmış pıçıltılar, yalnız bir nəfərə hesablanmış gülüş... Bütün dünya o gülüşün, o pıçıltıların, o baxışların ətrafında fırlanmırdımı, həyat onlara görə rənglənmirdimi bir zamanlar?”
İndi bu xatirələr yaddaşının künc-bucağında günbəgün soluxurdu. O da onlarla bərabər saralıb-solurdu son 365 gündə. Yeyirdi, içirdi, yatırdı, işləyirdi, telefonundakı fotolara baxırdı və susurdu. Hə, bir də əvvəlkindən fərqli olaraq həmişə üşüyürdü. Əynini nə qədər qalın geyinsə də donurdu. Kənardan heç kim duyuq düşmürdü ondakı dəyişiklikləri. Bir özü bilirdi ki, üşüyən ruhudur. Yarım qalmış ruhu... Susduqca ruhu kiçilirdi, kiçildikcə üşüyürdü. Üşüdükcə yeməklərin dadı qaçır, əyləncələrin mənası itirdi. O gün işdən sonra dostları ilə getdiyi klubda o gözəl, sarışın xanıma nə illah etsə də, yaxın dura bilməmişdi. Eləcə baxmışdı gözlərinə. O parıltını axtarmışdı və tapmamışdı. Dostları sorğu-sual edincə də susub qalmışdı.
“Axı niyə susmalıyam e. Susmaq acizlikdir…” Beynində siqnal verən bu ani fikirlə tələsik bir ad axtardı votsapda: Ölmüş. Profil fotosundan parlaq təbəssümü, işıq saçan siması boylanırdı “Ölmüş”ün. Özü də yaraşıqlı bir gəncin qolları arasından. Gənc də məmnunca gülümsünürdü. “Necə də bəxtəvər görüntü idi, İlahi?” Amma bu parıltının arxasındakı həqiqət tam başqaydı axı. Və bu həqiqət bir tək ona bəlli idi. Tez-tez yazmağa başladı: “Ay Ölmüş, bir gün mənim üçün öləcəkdinsə, niyə əlimi tuturdun?” Sonra sildi yazdığını. “Nə çətin olurmuş, “öldü” xəbəri gəlmədən sənin üçün ölənlə razılaşmaq... Nə torpağı var səni soyutsun, nə yası var, ağlayıb kiriyəsən. Dünyanın hansısa bir küncündə, bəlkə də elə lap burnunun dibində sənin üçün ölənin var olduğunu, nəfəs aldığını, yaşadığını, kimisə yaşatdığını, təbəssüm etdiyini, bir vaxt sənə söylədiyi isti sözlərin eynisini başqa qulaqlara pıçıldadığını düşünmək və bununla yaşamaq necə çətin imiş! Bilirsən ki, həm var, həm də yox… Bu gen dünyada bir tək sənin üçün qeybə çəkilib...”
Telefonunun qalereyasında bərabər boy verdikləri fotolara baxdı. “Axı Ölmüş üçün az zəhmət çəkməmişdi. Hər kəsi qarşısına almışdı. Ailəsini belə... Onunla bərabər addımlamaq üçün nə qədər risqə getmişdi. Evə günlərlə gəlməyəndə uşaqlarının üzünə də baxa bilmirdi. Amma Ölmüş getdi. Özü də onu sevə-sevə getdi. Əl boyda kağız parçasına satdı hər şeyi. Yaşaya-yaşaya ölməyi seçdi… Yox, ən salamatı qarşısına çıxmaqdır. Telefondakı fotoları gözünə soxub dişinin dibindən çıxanları üzünə püskürməkdir. Fərqi yoxdur, harda, necə, kimlərin yanında. Əsas ürəyindən daş kimi asılıb qalmış bu söz yuvasından qurtulmaqdır. Qoy bilsinlər ki, mələk sandıqlarının rəngarəng bir keçmişi olub. Sonra kim ölə, kim qala. Zatən ölmüş idi onun üçün. Ölən bir də ölməz ki…” Amma yox. Bunu etməkdən vaz keçdi. Artıq Ölmüşün sevgisiz baxan gözləriylə qarşılaşmaq istəmirdi. Onun baxışlarındakı riyakarlığa bulaşmaq istəmirdi. Telefonu söndürüb səhərdən qazdığı çalaya vızıldatdı. Sonra da ovuc-ovuc torpaqladı üstünü. Qəfil yağış yağmağa başladı. Üşüdü. Paltosunun yaxalığını qaldırıb qəbirlərin arasıyla çıxışa doğru addımladı. Qara “BMV”dən düşən sürücü tələsik maşının arxa qapısını açdı: “Allah rəhmət eləsin.”
11.03.2022.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 04 Avqust 2026 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















