Icma.az
close
up
RU
ÖLÜMDƏN QORXMAYAN INSANI KİM İDARƏ EDƏ BİLƏR?

ÖLÜMDƏN QORXMAYAN INSANI KİM İDARƏ EDƏ BİLƏR?

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Xaləddin İbrahimli,

professor

Qorxu insanın ən qədim hisslərindən biridir. İnsan təhlükənin mahiyyətini anlamağı öyrənməmişdən əvvəl ondan qorunmağı öyrənmişdi. Təhlükə qarşısında geri çəkilmək, özünü müdafiə etmək və həyatını qorumaq onun mövcudluğunu davam etdirməsinin başlıca şərtlərindən idi. Bu mənada qorxu insanın düşməni deyil, təbiətin ona verdiyi müdafiə mexanizmidir. Lakin insan cəmiyyət halında yaşamağa başladıqca bu hiss yalnız bioloji xüsusiyyət olaraq qalmamış, ictimai münasibətlərə və siyasi hakimiyyətin fəaliyyətinə də təsir göstərmişdir.

Bu məqamda mühüm bir sual meydana çıxır: qorxu insanı təhlükədən qoruyur, yoxsa onun idarə olunmasını da mümkün edir? İnsanın müxtəlif qorxuları arasında ölüm xüsusi yer tutur. İnsan həyatının bir gün sona çatacağını bilir, lakin, (elmə və sənət adamları nə qdərə baş sındırsalar da) ölümün mahiyyəti və ondan sonra nəyin baş verəcəyi haqqında qəti biliyə malik deyil. Ölümün qaçılmazlığı ilə onun doğurduğu qeyri-müəyyənlik birləşərək insan şüurunda dərin narahatlıq yaradır. Bəlkə də ölüm qorxusunun gücü yalnız həyatın sona çatmasında deyil, insanın bu sonluq qarşısında özünü aciz hiss etməsindədir.

Nikola Teslaya aid edilən bir fikirdə ölümün mövcud olmadığı və insan bunu dərk etdikdə ölüm qorxusunun aradan qalxacağı bildirilir. (Bu ifadənin Teslaya məxsusluğu etibarlı qaynaqlarla təsdiqlənmir). Bu fikri elmi həqiqət kimi deyil, fəlsəfi fərziyyə kimi qəbul edək.

Təsəvvür edək ki, insan yaşadığımız dünyadan başqa bir aləmin, yəni paralel dünyanın mövcudluğunu və fiziki ölümün onun şüurlu varlığının mütləq sonu olmadığını qəti şəkildə bilir. Başqa sözlə, ölüm onun üçün yoxluq deyil, mövcudluğun başqa formasına keçiddir. Belə bir bilik insanın insana, həyata və hakimiyyətə münasibətini necə dəyişərdi?

İndi bu fərziyyəni bütöv bir cəmiyyətə tətbiq edək. Ölümdən qorxmayan insanları ölüm təhdidi ilə itaətə məcbur etmək nə dərəcədə mümkün olardı? Fiziki məhvetmə təhlükəsi əvvəlki çəkindirici gücünü itirsəydi, dövlət öz hakimiyyətini hansı vasitələrlə həyata keçirərdi? Qanunun cəza mexanizmləri və dinin axirətlə bağlı təsəvvürləri insanların davranışına necə təsir göstərərdi?

İngilis filosofu Tomas Hobbs dövlətin meydana gəlməsini izah edərkən zorakı ölüm qorxusuna xüsusi əhəmiyyət verirdi. Onun fikrincə, insanlar qarşılıqlı məhvolma təhlükəsindən qorunmaq üçün ümumi hakimiyyətin zəruriliyini qəbul edirlər. İnsan müəyyən azadlıqlarını məhdudlaşdırmağa razı olur ki, həyatı, ailəsi, malı-mülkü qorunsun və ictimai nizam təmin edilsin.

Lakin burada diqqətəlayiq bir ziddiyyət yaranır. İnsan başqalarının zorakılığından qorunmaq üçün dövlətə sığınır, dövlət isə təhlükəsizliyi təmin etmək məqsədilə məcburetmə və cəzalandırma səlahiyyəti əldə edir. Yəni insan özünü ödülləndirmək hüququ ilə yanaşı özünü cəzalandırmaq haqqının önəmli bir qismini də dövlətə verir. Beləliklə, insanı siyasi hakimiyyəti qəbul etməyə sövq edən qorxu müəyyən şəraitdə həmin hakimiyyətin özünə münasibətdə yeni qorxu yaradır. Təhlükədən qorunmaq üçün yaradılmış institut insanın çəkinməli olduğu qüvvəyə də çevrilə bilir.

Bu proses ölüm qorxusunun birbaşa dövlət qorxusuna transformasiyası demək deyil. İnsan öz fiziki mövcudluğunu qorumaqla yanaşı, azadlığını, yaşayış imkanlarını, ictimai mövqeyini və yaxınlarının təhlükəsizliyini də itirmək istəmir. Siyasi hakimiyyət bu dəyərlərin itirilməsi ehtimalını cəza və məhdudiyyət vasitələri ilə əlaqələndirdikdə fərdi qorxular ictimai itaətin amillərindən birinə çevrilə bilir.

Bu mexanizm həmişə açıq zorakılıq tələb etmir. İnsan bəzən cəzalandırıldığı üçün deyil, cəzalandırıla biləcəyini düşündüyü üçün susur. Öz mövqeyini müdafiə etməkdən çəkinir, çünki mümkün nəticələri əvvəlcədən təsəvvür edir. Beləliklə, xarici məcburiyyət tədricən daxili məhdudiyyətə çevrilir. Artıq onun hər addımına nəzarət etmək lazım gəlmir; insan davranışını ehtimal etdiyi təhlükəyə uyğunlaşdırır. Belə şəraitdə ictimai sakitlik həqiqi razılığın deyil, ehtiyatlı susqunluğun ifadəsi ola bilər.

Din məsələsi də bu baxımdan maraqlıdır. Dinlər tarix boyu insanın ölüm qarşısındakı narahatlığına cavab verməyə çalışmış, həyatın mənası, ruhun sonrakı taleyi və axirət haqqında təsəvvürlər formalaşdırmışdır. Bu təsəvvürlər milyonlarla insan üçün mənəvi dayaq olmuş, eyni zamanda müəyyən tarixi şəraitdə ictimai davranışın tənzimlənməsi və hakimiyyətin əsaslandırılması üçün istifadə edilmişdir.

Lakin dini inamla qorxuya əsaslanan dini itaəti eyniləşdirmək olmaz. İnsan yaxşılığı mənəvi borc bildiyi üçün də edə bilər, cəzadan çəkindiyi üçün də. Hər iki halda əməl eyni görünsə də, onu doğuran səbəblər fərqlidir. Əgər ölümün arxasındakı sirr insan üçün tam aydın olsaydı, bu bilik dini inancı mütləq aradan qaldırmazdı. Əksinə, bəzi inancları gücləndirə də bilərdi. Ancaq ölüm haqqında qeyri-müəyyənlikdən doğan qorxunun dini nüfuz vasitəsi kimi istifadə imkanları dəyişərdi.

Bəs ölüm qorxusunun aradan qalxması insanı həqiqətən azad edərdimi? Yəqin ki, tamamilə yox. Çünki insan yalnız öz ölümündən qorxan varlıq deyil. O, ağrıdan, əzabdan, yaxınlarının taleyindən, azadlığını, şərəf və ləyaqətini itirməkdən də narahat olur. Buna görə ölümdən qorxmayan insanın heç bir hakimiyyətə tabe olmayacağını düşünmək əsassızdır. Üstəlik, ölümə laqeyd münasibət öz-özlüyündə insanı daha ədalətli və məsuliyyətli etmir. Bəzi hallarda belə münasibət fanatizmə, zorakılığa və başqalarının həyatına etinasızlığa da yol aça bilər.

Bununla belə, başlanğıcda irəli sürdüyümüz fərziyyə mühüm siyasi nəticəyə aparır. Əgər fiziki məhvetmə təhdidinin təsiri zəifləsəydi, məcburetməyə əsaslanan hakimiyyət ən sərt təsir vasitələrindən birinin əvvəlki gücünə arxalana bilməzdi. Lakin bu, dövlətin və hüququn yox olması demək olmazdı. İnsanlar yenə təhlükəsizliyə, münaqişələrin həllinə və birgəyaşayış qaydalarına ehtiyac duyacaqdılar. Deməli, dövlətin zəruriliyini onun qorxu yaratmaq imkanları ilə eyniləşdirmək doğru deyil.

Burada siyasi legitimlik məsələsi xüsusi əhəmiyyət qazanır. Legitimlik insanların siyasi hakimiyyəti yalnız məcburetmə gücünə görə deyil, onun mövcudluğunu və qərarlarını əsaslı hesab etdikləri üçün qəbul etməsidir. Qanunun ədalətli olduğuna inanan insan ona kənar nəzarət olmadıqda da əməl edə bilər. Çünki hüquqi qayda onun üçün sadəcə cəza təhlükəsi deyil, başqalarının hüquqları ilə öz azadlığı arasında tarazlıq yaradan ümumi prinsipdir.

Məhz bu fərq siyasi hakimiyyətin qarşısında mühüm məsələ qoyur. Dövlət ictimai nizamı təmin etmək üçün məcburetmə səlahiyyətinə malik ola bilər, lakin bu səlahiyyətin mövcudluğu onun hər qərarının haqlı olduğunu sübut etmir. Hakimiyyətin qanuni gücü ilə mənəvi əsaslandırılması fərqli məsələlərdir. Bu fərq nəzərə alınmadıqda vətəndaşla dövlət arasındakı münasibət qarşılıqlı məsuliyyətdən birtərəfli tabeliyə doğru dəyişə bilər.

Qorxunun insan azadlığı ilə əlaqəsi də burada aydınlaşır. Azadlıq yalnız xarici maneələrin olmaması demək deyil. İnsan öz qərarlarını hansı səbəblərlə verdiyini də dərk etməlidir. O, istədiyi üçün deyil, qorxduğu üçün susursa, zahirən seçim imkanı olsa belə, həmin seçim artıq psixoloji məhdudiyyət altında formalaşır. Cəsarət isə təhlükəni inkar etmək deyil, onun mümkün nəticələrini anlayaraq öz mövqeyini şüurlu şəkildə müəyyənləşdirməkdir.

Bütün bunlar bizi daha fundamental bir suala gətirir: İnsanların qorxmadıqları halda da könüllü şəkildə yaşatmaq istədikləri bir dövlət qurmaq mümkündürmü?

İnsan təhlükədən qorunmaq üçün qorxuya ehtiyac duya bilər. Lakin dövlətin yaşaması üçün vətəndaşın daim qorxu içində yaşamasına ehtiyac olmamalıdır.

Qorxu hakimiyyətə itaət qazandıra bilər, lakin ona legitimlik qazandıra bilməz. Siyasi hakimiyyətin əsl gücü insanları özündən qorxutmasında deyil, onların qorxmadıqları halda da həmin hakimiyyətin ədalətli və zəruri olduğuna inanmasındadır.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Noyabr 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri