Paşinyan Konstitusiyanı dəyişir: Azərbaycanla sülh yaxınlaşır?
Azxeber.com saytına istinadən Icma.az xəbər verir.
Ermənistanın yeni konstitusiyasının mətninin noyabr ayında dərc olunması planlaşdırılır. Bu barədə ölkənin ədliyyə naziri Srbuhi Qalyan jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, gözlənilməz hal baş verməsə, layihə gələn ay ictimaiyyətə təqdim ediləcək.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə konstitusiya dəyişikliklərini sülh prosesi ilə əlaqələndirib. O bildirib ki, konstitusiya dəyişikliyinin əleyhinə səs vermək sülhə qarşı çıxmaq deməkdir.
Paşinyan, həmçinin Ermənistan Konstitusiyasında Müstəqillik haqqında Bəyannaməyə edilən istinadın aradan qaldırılmalı olduğunu vurğulayıb. Həmin bəyannamədə Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəa yer alır ki, Azərbaycan bunu ölkəmizə qarşı ərazi iddiası kimi qiymətləndirir.
Konstitusiya dəyişikliklərindən sonra Azərbaycanla sülh sazişinin imzalanacağına zəmanət verilib-verilmədiyi barədə suala cavabında Paşinyan bildirib ki, bu məsələyə həmin prizmadan yanaşmayıb və siyasi etibarlılığını, eləcə də mandatını ortaya qoymağa hazır olmalıdır.
Bəs Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi Azərbaycanla sülhü yaxınlaşdıra bilərmi?
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında politoloq Xəyal Bəşirov bildirib ki, Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik haqqında Bəyannaməyə edilən istinad, həmin bəyannamədə Azərbaycana qarşı ərazi iddialarının əks olunması səbəbindən, Azərbaycan tərəfinin haqlı etirazına və qınağına səbəb olub:
"Sülh prosesi dövründə də biz bu məsələni birmənalı şəkildə gündəmdə saxlamağa çalışmışıq. Çünki Ermənistanın qanunvericiliyində, ümumiyyətlə, Azərbaycana qarşı ərazi iddiaları ehtiva olunursa, həmin dövlətlə sülh sazişi imzalamağımız absurd görünür. Bir dövlətin konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları irəli sürülürsə, biz onunla necə sülh sazişi imzalaya bilərik? Başqa sözlə, həmin dövlətin ana qanunu Azərbaycana qarşı düşmənçiliyi və ərazi iddialarını təşviq edirsə, bu, sülh prosesinə ciddi maneə yaradır. Ermənistan tərəfi bunu çox yaxşı anlayır. Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi və daha sonra yeni konstitusiya layihəsinin hazırlanması ilə bağlı mövqe bildirilərkən Ermənistanın baş naziri dəfələrlə bu məsələyə toxunub. Bu gün də Ermənistan baş nazirinin Konstitusiyanın preambulasındakı həmin müddəanın Ermənistan dövlətçiliyinin maraqlarına zidd olduğunu açıq şəkildə bəyan etməsi ilə bağlı məlumat yayıldı. Burada sual yaranır: Ermənistan tərəfi dövlətçilik maraqlarına hansı prizmadan yanaşır? O, bunu tam dərk etməyə bilər, amma hər bir halda Ermənistan tərəfi çox yaxşı anlayır ki, Azərbaycanla münasibətləri normallaşdırmaq istəyirsə, bu cür xoşagəlməz və mənfi meyillərdən əl çəkməlidir”.
Analitik əlavə edib ki, Ermənistan tərəfi Konstitusiyanın preambulasında Müstəqillik haqqında Bəyannaməyə edilən istinadı aradan qaldırmaqla yanaşı, həmin bəyannamənin özündə də dəyişikliklər etməlidir:
"Hər bir dövlətin müstəqillik haqqında bəyannaməsi onun yaranmasını təsbit edən mühüm sənədlərdən biridir. Buna görə də Konstitusiyaya dəyişiklik edilməsi vacib və prioritet məsələdir. Lakin bununla yanaşı, Ermənistanın Müstəqillik haqqında Bəyannaməsində Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəa da birmənalı şəkildə çıxarılmalıdır. Bu, Ermənistanın Azərbaycanla sülh prosesində səmimi mövqe nümayiş etdirdiyinə əmin olmağımız üçün vacibdir. Eyni zamanda, Ermənistan Azərbaycana qarşı düşmənçilik məqsədlərindən əl çəkməli və münasibətlərin normallaşmasına real töhfə verməlidir. Ümid edirəm ki, Ermənistan tərəfi bu addımları atacaq. Sülhə mane olan məsələlər tam aradan qaldırıldıqdan sonra isə Ermənistanla paraflanmış sülh sazişini imzalamaq mümkün olacaq”.
Aynur Babazadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 30 Oktyabr 2026 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















