Paşinyan niyə istefa verməyi düşünür? SƏBƏB
Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra vəzifəsini tərk edəcəyini bəyan edib. O, bu qərarın yeni Konstitusiya ilə bağlı keçiriləcək referendumun nəticəsindən asılı olmayacağını bildirib.
Paşinyan parlamentdə hökumət saatı zamanı müxalifət nümayəndələrinə müraciət edərkən bu barədə danışıb.
Ermənistan hökumətinin başçısı istefasını tələb edən müxalifət qüvvələrinə sadə bir razılaşma təklif etməyə hazır olduğunu bildirib.
Onun sözlərinə görə, vəzifədən getməsi hər iki halda mümkündür. Belə ki, vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs versələr, Paşinyan dərhal istefa verəcək. Konstitusiya layihəsi dəstəklənərsə, o, Azərbaycanla sülh müqaviləsi imzalanıb ratifikasiya edildikdən və sülh gündəliyinin bir sıra bəndləri həyata keçirildikdən sonra postunu tərk edəcək.
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında politoloq Asif Nərimanlı bildirib ki, Nikol Paşinyanın istefa ilə bağlı açıqlamasını onun həqiqətən də vəzifəsindən uzaqlaşmağa hazırlaşması kimi qiymətləndirmək doğru olmaz:
"Paşinyan hakimiyyətini qarşıdakı illərdə də davam etdirmək niyyətindədir. Bunun nümunəsi kimi Armen Qriqoryanın vəzifədən uzaqlaşdırılmasını göstərmək olar. O, Təhlükəsizlik Şurasının katibi kimi Paşinyanın komandasında yer alırdı. Lakin onun vəzifədən uzaqlaşdırılmasının səbəblərindən biri gələcəkdə Paşinyanın yerinə potensial namizəd kimi nəzərdən keçirilə bilməsi ehtimalı olub. Çünki Armen Qriqoryan ABŞ-la təmaslarını davam etdirən, eyni zamanda Avropada da müəyyən dəstəyə malik olan fiqur idi. Beləliklə, Qərb onu zərurət yaranacağı təqdirdə Paşinyanı əvəz edə biləcək namizəd kimi görə bilərdi. Düşünürəm ki, Qriqoryanın vəzifədən uzaqlaşdırılmasının əsas səbəblərindən biri də məhz bu ehtimalla bağlı ola bilər. Paşinyanın açıqlaması həm müxalifətə, həm də ictimaiyyətə ünvanlanmış mesaj kimi qiymətləndirilə bilər. Paşinyan müxalifətə mesaj verir ki, referendum keçirilərsə, bundan sonra sülh sazişini imzalayaraq vəzifəsindən gedə bilər”.
Politoloqun fikrincə, Paşinyan parlament müxalifətinə müəyyən mənada bir çağırış edir:
"Əgər onun hakimiyyətdən getməsini istəyirlərsə, referendumun keçirilməsi ilə bağlı qərarın qəbuluna dəstək verməlidirlər. Çünki Paşinyan parlamentdə mütləq çoxluğa malik deyil və referendumun keçirilməsi ilə bağlı qərarın qəbul olunması üçün müxalifətin dəstəyinə ehtiyac var. Hazırda isə o, bu dəstəyi əldə etməkdə çətinlik çəkir. Paşinyan göstərmək istəyir ki, onun əsas məqsədi hakimiyyətdə qalmaq deyil, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasıdır. O, özünü Ermənistanda sülhün əldə olunmasının əsas təminatçısı kimi təqdim etməyə çalışır. Bu açıqlama həm də yeni Konstitusiyanın qəbulu ilə bağlı referendum məsələsində ictimai dəstəyi artırmağa hesablanıb. Paşinyan cəmiyyətə belə bir mesaj verir ki, referendum keçirilməsə və yeni Konstitusiya qəbul olunmasa, sülh prosesində də problemlər yarana bilər. Başqa sözlə, o, yeni Konstitusiyanın qəbulunu sülh sazişinin imzalanması ilə əlaqələndirərək bu prosesə ictimai dəstəyi gücləndirməyə çalışır”.
Aynur Babazadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 19 Noyabr 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















