Icma.az
close
up
RU
Pərakəndəlik və ailənin fəsadları Elmir Həsən

Pərakəndəlik və ailənin fəsadları Elmir Həsən

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Kulis.az Elmir Həsənin "Fransuaza Saqanın “Salam, kədər” romanında ailə və mənəviyyatın süqutu" yazısını təqdim edir.

Fransuaza Saqanın “Salam, kədər” (1954) romanı XX əsr dünya ədəbiyyatında gənc bir qadının psixoloji və mənəvi böhranlarını təsvir edən, ailə institutu və dəyərlərinin sarsıldığı bir məkanı mərkəzə alan mühüm əsərlərdən biridir. Müəllifin 18 yaşında qələmə aldığı bu əsər yalnız Fransa deyil, ümumilikdə Avropa ədəbiyyatında böyük rezonans doğurmuş və Jan Pol Sartr, Simona de Bovuar kimi tanınmış tənqidçilər tərəfindən müzakirəyə çıxarılmışdır.

ƏSƏRƏ MODERNİST, EKZİSTENSİAL VƏ FEMİNİST YANAŞMA

Fransuaza Saqanın “Salam, kədər” romanı modernist dünya baxışını əks etdirən əsərlərdən biridir. Burada hadisələrin xronoloji ardıcıllığından çox, fərdin daxilində baş verən psixoloji dəyişikliklər ön plandadır. Modernizmin əsas xüsusiyyəti olan daxili monoloq, fərdin daxili böhranı və sosial normalara qarşı münasibət bu əsərdə geniş yerə sahibdir.

Ekzistensializm baxımından isə, qəhrəmanlar – xüsusən Sesili – həyatın mənasını axtarma, azadlıqla məsuliyyət arasında tarazlıq qurmaqda çətinlik çəkirlər. Sesili nə tam mənada azaddır, nə də seçimlərinin məsuliyyətini daşımağa hazırdır. Bu da onun varlıq qarşısında yaşadığı absurdluğu göstərir.

Feminist baxış bucağından yanaşdıqda isə, əsər qadınların cəmiyyət içindəki mövqeyinə dair mühüm suallar doğurur. Sesilinin yaşadığı daxili ziddiyyətlər və atası ilə olan münasibətləri, qadınların yalnız ailə və ya sevgi kontekstində dəyərləndirilməsinin yaratdığı təzyiqlərə qarşı bir reaksiya kimi yozula bilər. Annanın obrazı isə klassik qadın fiqurunun – intizamlı, rasionallı, ailəyə bağlı – faciəvi sonluğunu göstərir.

VALİDEYN-ÖVLAD MÜNASİBƏTLƏRİ

Əsərdəki əsas konfliktlərdən biri valideyn-övlad münasibətinin qeyri-sabitliyidir. Raymond – yüngül həyat tərzi keçirən ata, qızına tərbiyəçi vəzifəsində deyil, bərabər yoldaş kimi yanaşır. Simona de Bovuar qadın psixologiyasına dair təhlillərində belə münasibətləri patriarxal sistemin dağılması kimi qiymətləndirir: “Ata artıq patriarxal güc fiquru deyil, bərabərhüquqlu oyun yoldaşıdır – bu isə qızın təkamülündə boşluq yaradır.”.

Fransuaza Saqanın “Salam, kədər” romanında ailənin pərakəndə olmasının ən əsas səbəblərindən biri ana fiqurunun yoxluğudur. Səsili anasız böyümüş, ana şəfqətindən, qayğısından və yönəldici emosional tərbiyədən məhrum qalmış bir qızdır. Onun formalaşmasında əsas təsir Raymond – məsuliyyətsiz və zövqpərəst atadır. Nəticədə, Sesili nə qadınlığı, nə də mənəvi sabitliyi dərk edə bilir.

Bu məsələni Erix Fromun insanın psixoloji ehtiyaclarına dair fikirləri ilə əsaslandırmaq mümkündür. Fromm “Sevmək sənəti” adlı əsərində qeyd edirdi ko, insan təbiəti etibarilə dərk edilmək və kök salmaq ehtiyacındadır. Ana sevgisi – şərtsiz, qoruyucu və şəfqətli sevgi – bu ehtiyacın təməlidir. Ana sevgisindən məhrum insan təməlsiz və mənəvi cəhətdən müdafiəsiz qalır.

Sesilinin davranışları – qısqanclıq, manipulyasiya, məsuliyyətdən yayınma – bu tərbiyəvi təməl halının olmamasının təzahürüdür. Ana obrazının yoxluğu onun həyatla və başqaları ilə sağlam münasibət qurmasına imkan vermir. Bu isə yalnız fərdi faciə deyil – ailə strukturunun dağılmasına da səbəb olur. Qadının tərbiyəvi gücü də məhz bu məqamlarda özünü göstərir. Sağlam ruha sahib olmayan qadının yoxluğu ailəni şikəst hala gətirir. Qadın ailənin, gələcək nəslin mənəvi və mədəni gücü, tərbiyəvi balansıdır. Lakin bu məqamda kişinin roluna kölgə salmaq olmaz. Hər iki cins bir-birindən ayrı 0-a bərabərdir.


Raymondun həyat tərzi də bu boşluğun nəticəsidir. O, ailəni sabit sistem kimi deyil, öz zövqlərinə uyğun dəyişən bir format kimi yaşayır. Ananın yoxluğu ailəni tarazlayan, empatiya və məsuliyyət gətirən əsas enerjinin yox olması deməkdir. Annanın ailəyə daxil olmağa çalışması bu boşluğu doldurmaq cəhdi idi.

Sesilinin həyatında ana fiqurunun olmaması onun emosional inkişafına ciddi təsir göstərmişdir. Uşaqlıqdan bəri analıq qayğısından və istiqamətləndirici tərbiyədən məhrum olan Sesili, ailə daxilində sağlam münasibət nümunəsi görə bilmir. Onun tərbiyəsi ilə məşğul olacaq sabit bir şəxs – nə ana, nə də ana yerinə keçən bir tərbiyəçi – yoxdur. Atası Raymond isə məsuliyyətsiz və dəyişkən münasibətləri olan bir insandır. Onun həyatında tez-tez müxtəlif qadınların peyda olub yox olması Sesilidə qarışıq və qeyri-sabit duyğular formalaşdırır.

Bu qeyri-müəyyən və dəyişkən mühit Sesilinin emosional sabitliyini sarsıdır. O, öz hisslərini düzgün tanıya, dərk edə və yönəldə bilmir. Qısqanclıq, qorxu, günahkarlıq və güc hissi bir-birinə qarışaraq onu manipulyativ davranışlara sürükləyir. Məhz bu mənəvi boşluq və daxili nizamsızlıq nəticəsində Sesili Annanın həyatını məhv edən hadisələrə səbəb olur. Yəni, Sesilinin ana sevgisindən və tərbiyəsindən məhrum böyüməsi – faciəyə aparan psixoloji zəminin əsasını təşkil edir.

PƏRAKƏNDƏLİK VƏ AİLƏNİN FƏSADLARI
Əsərdə ailə anlayışı yalnız bioloji çərçivədə mövcuddur. Klassik ailə modellərinin əksinə, burada ata-ana-qız üçbucağı tamamlanmamışdır. Annanın ailəyə daxil olması bu balanssız vəziyyəti dəyişmək cəhdi kimi təqdim olunur. Lakin Sesilinin sabotajı, atasının zəif xarakteri və duyğuların qeyri-müəyyənliyi nəticəsində bu cəhd faciə ilə bitir.

Əsərdə Siril obrazı Sesilinin yay tətilində tanış olduğu, ilk romantik yaxınlıq yaşadığı gəncdir. O, mehriban, sakit və romantik xasiyyətə malikdir. Siril Sesilinin həyatında sevgi və yaxınlıq ehtiyacını qarşılayan, lakin emosional sabitlik gətirməyən keçici bir fiqurdur. Bu münasibət Sesili üçün daha çox gənclik azadlığının, hiss və impulslarının ifadəsidir, nəinki dərin bağ və ya gələcəyi olan bir əlaqə.

Ədəbi baxımdan, Siril Sesilinin psixoloji durumunu – sevgi ilə məsuliyyət, azadlıqla bağlılıq arasındakı ziddiyyətini – simvolizə edir. Onunla münasibət, Sesilinin həyatdakı qeyri-sabit axtarışlarının və daxili boşluğunun əksidir. Siril obrazı həm də əsərdəki ümumi pərakəndəlik və dəyər böhranının bir hissəsini təmsil edir.

Bolqar-fransız tarixçisi və filosofu Tzvetan Todorov bu kimi əsərləri “etik xaos” əsərləri adlandırır və vurğulayır ki, belə mətndə qəhrəmanlar yaxşı ilə pisi ayırd edə bilmir, nəticədə pərakəndəlik faciəyə gətirib çıxarır. “Salam, kədər” də məhz bu tip əsərlərə aid edilə bilər.

KƏDƏRİN OBYEKTİV VƏ SUBYEKTİV İZAHI
Əsərin adındakı “kədər” anlayışı burada sadəcə emosional vəziyyət yox, məhv olmuş dəyərlərin simvoludur. Kədər – ailənin dağılması, günah hissi və məsuliyyətin qəbul edilməməsinin nəticəsi kimi çıxış edir. Sesili bu hissi əsərin sonunda qəbul edir, lakin bu qəbul artıq gecikmiş bir aydınlanmadır.

Albert Kamyü “absurd” fəlsəfəsində insanın öz varlığını anlamadan keçirdiyi dövrləri “boşluq” adlandırır. Sesilinin həyat tərzi və davranışları da bu boşluğun izahı kimi görünür. O, nə azaddır, nə də məsuliyyətlidir – sadəcə daxili boşluğun təsiri altında hərəkət edir.

“Salam, kədər” romanı ailə institutunun zəifləməsini və klassik ailə modelinin dağılmasını əks etdirən nümunəvi bir əsərdir. Ənənəvi ailə dəyərlərinin – sadiqlik, sabitlik, qarşılıqlı məsuliyyət – yerini emosional laqeydlik, fərdi zövqə əsaslanan münasibətlər və əlaqələrin səthiliyi tutur. Raymond ailənin başçısı kimi nə məsuliyyət daşıyır, nə də qızına qarşı ciddi tərbiyə verə bilir. Onun həyat tərzi və qadınlara münasibəti ailənin parçalanmasının ilkin səbəblərindəndir.

Anna ailəyə daxil olduqda bu balanssız sistemi dəyişmək istəyir, lakin Sesili bu nizamı qəbul etmir. Nəticədə, ailə institutunun yenidən bərpası cəhdi faciə ilə nəticələnir. Anna – ailə dəyərlərinin daşıyıcısı – ölümə sürüklənir. Bu hadisə ailənin birləşdirici rolunu itirməsini və fərdlərin bir-birindən uzaqlaşmasını göstərir.

Fransuaza Saqan ailəni bir istinad nöqtəsi olaraq deyil, artıq köhnəlmiş və zəifləyən bir struktur kimi təqdim edir. Bu kontekstdə əsər XX əsrin ailə böhranını və insanın yalnızlıqla üzləşməsini də təmsil edir.

Müəllifin “Salam, kədər” romanı yalnız bir ailənin faciəsini deyil, bütövlükdə müasir cəmiyyətin mənəvi uçuruma yuvarlanmasının simvolik tərzdə təqdim edir. Əsərdə ailə sabitlik, sevgi və qarşılıqlı məsuliyyət məkanı olmaqdan uzaqlaşır və şəxsiyyətlərin bir-birinə yad, laqeyd münasibətlərində parçalanır. Bu parçalanma yalnız fiziki uzaqlaşma deyil – ən böyük faciə mənəvi bağların itməsi, insanın insana ruhən yadlaşmasıdır.

Raymond və Sesilinin həyat tərzi sevgi və qayğı üzərində deyil, şəxsi həzz və zövq üzərində qurulub. Onların münasibətində nə qarşılıqlı məsuliyyət, nə də mənəvi bağlılıq vardır. Bu da cəmiyyətin təməl daşı olan ailənin içindən çürüdüyünü göstərir. Əgər ailə kimi kiçik bir birlikdə insanlar bir-birinə yadlaşırsa, bütöv cəmiyyətdə emosional əlaqələrin yoxa çıxması qaçılmazdır.

Bu yadlaşma müasir dövrdə də müşahidə olunur. İnsanlar texnologiyanın və fərdiyyətçiliyin təsiri altında bir-birindən uzaqlaşır, bütün münasibətlər utilitar xarakter daşımağa başlayır – kim nə qədər faydalıdır, nə qədər gərəklidir? Sevgi, bağlılıq, fədakarlıq kimi mənəvi anlayışlar isə artıq dəyərsiz görünür. Belə cəmiyyətlərdə isə insanlar bir-birinə qarşı soyuq, laqeyd və robotlaşmış olur.

Əsərdə Anna – sabitlik, ailə, nizam simvolu olan qadın – cəmiyyət tərəfindən qəbul edilmir, əksinə, rədd edilir. O, qadınlığın ənənəvi funksiyasını – yönləndirici, qoruyucu, mənəvi dayaq olma rolunu daşımağa çalışsa da, nə Raymond, nə də Sesili buna hazır deyil. Annanın faciəsi qadının qadınlığına görə deyil, qadın rolunu yaşamaq istədiyinə görə cəzalandırılmasıdır. Onun ölümü – cəmiyyətin qadını yalnız zahiri obyekt kimi dəyərləndirməsinin acı nəticəsidir.

Müasir dövrdə qadınlar cəmiyyətdə daha çox texniki funksiyalar yerinə yetirməyə yönəldilir: işləmək, qazanmaq, uyğunlaşmaq. Onlardan empatiya, ana instinkti, mənəvi dayaq kimi xüsusiyyətlər artıq gözlənilmir. Nəticədə qadın şəxsiyyətindən soyunaraq “təhlükəsiz obyektə” – sistemin bir elementinə çevrilir. Bu isə cəmiyyətin emosional enerjisinin tükənməsi deməkdir.

“Salam, kədər” romanı ailə institutunun deformasiyası, şəxsiyyətin inkişafında sabit emosional əlaqələrin olmamasının yaratdığı faciəvi nəticələri göstərən cəlbedici əsərdir. Fransuaza Saqan bu əsəri ilə həm gənc nəslin psixoloji gərginliklərini, həm də burjuaziyanın dağılmış dəyərlər sistemini ustalıqla təqdim edir.

Əsərin təhlili zamanı Bart, Lakan, Bovuar, Todorov, Kamyü kimi tanınmış nəzəriyyəçilərin baxış bucaqları əsərin müxtəlif qatlarını açmağa imkan verir. Valideyn-övlad münasibətləri, ailə strukturunun pozulması, pərakəndəliyin yaratdığı faciələr, romanın həm mövzu, həm də fəlsəfi qatını təşkil edir. Bu baxımdan “Salam, kədər” həm ədəbiyyatşünaslıq, həm də psixoloji və fəlsəfi analiz üçün zəngin materialdır.

İstifadə olunmuş ədəbiyyat:

Bart R. Image-Music-Text. London: Fontana Press, 1977. S. 38–52, 89–101.
Bovuar S. İkinci cins. Paris: Gallimard, 1949. S. 15–33, 245–263.
Fromm E. Sevgi sənəti. New York: Harper & Row, 1956. S. 1–18, 65–79.
Lakan J. Yazılar: Seçilmiş mətnlər. Paris: Seuil, 2006. S. 113–130, 211–223.
Kamyü A. Sisif haqqında mif. Paris: Gallimard, 1942. S. 5–27, 88–91.
Todorov T. Poetikaya giriş. Minneapolis: University of Minnesota Press, 1981. S. 7–22, 59–73.
Saqan F. Salam, kədər. Qanun Nəşriyyatı, Bakı: 2013, 120 s.

"Yaslarda yemək verməkdən imtina etmək lazımdır" - İlham Əziz "O oxuyanda yekə kişilər göz yaşı tökürdü" - Xan Şuşinskinin ən layiqli varisi Gənc şair Həsən Kür dünyasını dəyişdi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://kulis.az
archiveBu xəbər 02 Avqust 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see143

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri