Icma.az
close
up
RU
Prezident İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycan son 21 ildə yeni hədəflərə doğru inamla irəliləyir

Prezident İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycan son 21 ildə yeni hədəflərə doğru inamla irəliləyir

Tarix təsdiq edir ki, hər yüzillikdə xalqların taleyini dəyişən liderlər yetişir. Böyük mütəfəkkir Viktor Hüqo vaxtilə yazırdı: "Əsl Liderin ömrünün yarısı Vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir".

Bəli, Azərbaycanın müasir tarixi iki qüdrətli Liderin – müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Lider Heydər Əliyevin və Vətən müharibəsinin qalibi, Qarabağın xilaskarı Prezident, Ali Baş Komandan İlham Əliyevin müdriklik, qətiyyət və qəhrəmanlıq salnaməsidir. Ötən əsrlərdə itirə-itirə gəldiyimiz ərazilərimizi birləşdirmək, bütövləşdirmək, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqın 30 illik həsrətinə son qoyan Ali Baş Komandan İlham Əliyev yeni yüzilliyimizin xilaskar liderdir. Çünki məhz Ali Baş Komandan İlham Əliyevin Sərkərdəliyi ilə çoxlarının qeyri-mümkün hesab etdiyi Qarabağ münaqişəsi cəmi 44 günə həll olundu. Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü. Və ulu öndərin yarımçıq qalan arzularını gerçəkliyə çevirən cənab İlham Əliyev 21 illik müstəqil, qətiyyətli, prinsipial siyasəti və sərkərdəlik məharəti sayəsində Azərbaycanın bütün ərazisində suveren hüquqlarımız bərpa edildi, qalib dövlətə çevrildik, müzəffər xalq olduq, ölkəmiz bütün dünyaya yeni imicdə göründü, beynəlxalq aləm Azərbaycanı qüdrətli dövlət kimi yenidən kəşf etdi. Beləliklə də, alternativsiz Lider olduğunu təsdiqlədi. Çünki Prezident İlham Əliyev 21 il öncə verdiyi bütün vədləri yerinə yetirərək bir daha sözünün imzası qədər dəyərli olduğunu göstərdi. Qədim yunan filosofu Demokrit həmvətənlərini inandırırdı ki, söz əməlin kölgəsidir. Yəni dediyin sözün qiyməti görəcəyin əməldən asılıdır. Əlbəttə, qədim yunanlının bu kəlamı aksiomdur, yəni isbata ehtiyacı yoxdur. İnsanlar da həmişə sözlə əməlin üst-üstə düşməsinə qiymət verir, sözünün arxasında dayanan şəxsiyyəti alqışlayır və dəstəkləyirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyev də ölkənin rəhbəri kimi fəaliyyəti ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Şəxsi keyfiyyətləri, siyasi uzaqgörənliyi və reallığa uyğun çevik qərarlar qəbuletmə bacarığı sayəsində cəmiyyətin bütün zümrələrini ətrafında birləşdirən İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76,8 faiz səsini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Xalqın iradəsini əks etdirən seçkilər cənab İlham Əliyevə olan inamı, etimadı nümayiş etdirir. Ona görə də, 15 oktyabr 2003, 15 oktyabr 2008, 9 oktyabr 2013, 11 aprel 2018 və 2023-cü il 7 fevralda keçirilən prezident seçkilərində xalqımız ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısına, sabitliyə, əmin-amanlığa, tərəqqiyə, quruculuğa və sözünün üstündə həmişə dayanmış şəxsiyyətə, ən əsas, sözü ilə əməlinin üst-üstə düşdüyü qüdrətli liderə səs verdi. Əlbəttə, Prezident İlham Əliyevin 21 illik prezidentliyinin əsas məqsədi xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi bütün gücü ilə möhkəmləndirməkdir. Azərbaycan Prezidenti çıxışlarında da dəfələrlə qeyd edir ki, “Bizim sözümüz imzamız qədər keçərlidir”.

Son 21 ilin reallıqlarının təhlili hər bir vədin konkret əməli işdə öz təsdiqini tapdığını göstərir. Dövlət başçısı İlham Əliyev 2024-cü il 14 fevral tarixində Milli Məclisdə keçirilən andiçmə mərasimində «2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik» söyləyərək onu da əlavə etdi ki, indi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan həmişə hədəfimiz olub».

Cənab İlham Əliyev Azərbaycanın qazandığı uğurları geniş təhlil edərək onların fonunda böyük qürur hissi ilə qeyd etdi ki, bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Yeni dövr uğurla başlayır, uğurla da davam edəcək.

Bugünkü Azərbaycan reallıqları deməyə əsas verir ki, sabitlik, təhlükəsizlik və inkişaf 21 illik tariximizi xarakterizə edən əsas amillərdir. Prezident İlham Əliyev cənablarının "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah" konsepsiyası ilə Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında vurğulayıb ki, əldə edilmiş uğurların dünyada bərabəri yoxdur, bu danılmaz aksiomadır. Məhz ölkəmizin iqtisadiyyatın inkişaf tempinə görə regionda lider dövlətə çevrilməsi də təsadüfi deyil. Azərbaycan hökumətinin yürütdüyü müstəqil siyasət həmişə birmənalı olub: "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik".Azərbaycanın iqtisadi inkişaf tempi dinamikdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, müasir infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır. Bu uğurların təməlində qətiyyət, prinsipiallıq, milli maraqlara hesablanmış ardıcıl siyasət, liderlik yenilməzliyi və güclü Azərbaycan amili dayanır. İqtisadi sistemin formalaşdırılması və təkmilləşdirilməsi, daim nəzarətdə olan maliyyə sabitliyi, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin həllinə yönəldilən diqqət sayəsində cəmiyyətdə sabitlik və təhlükəsizlik üçün münbit şərait yaranıb, Azərbaycan siyasi sabitlik adası kimi nüfuz qazanıb. Artıq dünyada sözünə imzası qədər dəyər verilən qalib, bütövləşən Azərbaycanla bütün sahələrdə hasablaşırlar. Dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin uğurları davamlılığı ilə diqqətdədir. Cənab İlham Əliyev bütün çıxışlarında bu reallığı da diqqətə çatdırır ki, əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik. Bax, budur müasir Azərbaycan həqiqətləri. Bütün bunlar əlbəttə ki, bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil Prezident İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasıdır. Və bu uğura nail olunmasında Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət də müstəsna əhəmiyyət kəsb edir. Belə ki, Cənubi Qafqaz regionunda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Bu, o deməkdir ki, çoxvektorlu xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Və bu uğurların, qazanılan zəfərlərin arxasında xalq-ordu birliyi dayanır. Bəli, bu Ali Baş Komandanın apardığı diplomatik siyasəti düzgün siyasətdir, uğurlu siyasəti haqq işidir! Bu gün qürurla bütün dünyada sözümüz keçərli, başımız ucadır. Bu, Müzəffər Azərbaycan ordusunun gücüdür, potensialıdır. Ali Baş Komandanın rəhbərliyi ilə bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü Silahlı Qüvvələrinə çevrilib, regionun və dünyanın 50 güclü orduları sırasına yüksəlib. Bütün bu islahatlar onu deməyə əsas verir ki, Azərbaycan Silahlı Qüvvələri getdikcə daha da güclənir və dünyanın qüdrətli hərbi güclərindən birinə çevrilir. Əminliklə deyə bilərik ki, həyata keçirilən hərbi islahatlar nəticəsində Azərbaycan Ordusu qüdrətini daha da artıracaq, tam modern hərbi gücə çevriləcək və nə bu gün, nə də gələcəkdə heç bir düşmən əli bu torpaqlara uzana bilməz. Çünki Azərbaycan Ordusu məğlubedilməzdir, onun qarşısında düşmən çox aciz və zəifdir.

Bu reallığı da vurğulamaq istərdim ki, bu gün Azərbaycanın yenilməz gücü onun həmişə ədalətli davranması, haqq mövqeyindən çıxış etməsidir. Bu xüsusda, fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: «Mən hesab edirəm ki, gücümüzün əsas mənbəyi haqlı olmağımızdır. Çünki biz haqlıyıq və istənilən auditoriyada, istənilən tədbirdə öz haqlı olmağımızı sübut etmək üçün kifayət qədər əsaslarımız var. Qarabağ məsələsində biz tamamilə haqlıydıq və heç kim bizi bu haqdan məhrum edə bilməz. Müstəqillik ideyalarımızı rəhbər tutmağımızda da haqlı idik. Çünki biz müstəqil ölkəyik. Əgər biz müstəqil ölkəyiksə, nə üçün kiminsə sözü ilə oturub-durmalıyıq? Onda gəlin, müstəqil ölkə olmayaq. Əgər kimsə hesab edirsə ki, bizi idarə edəcək, səhv edir, yenə haqsız odur».

Bəli, biz ədalətimizlə gücümüzü, gücümüzlə ədalətimizi dünyaya nümayiş etdirmişik. Azərbaycanın müstəqilliyi real səciyyə daşıyır. Ölkəmizin müstəqilliyimizi bizim ən böyük nailiyyətimizdir və Azərbaycan dövlətinin müstəqilliyimizi qorumağa, əbədi etməyə gücü və qətiyyətli iradəsi var. Bizi güclü edən həm də xalqımızın həmrəyliyidir. Dövlət başçısı İlham Əliyev müsahibələrində də Azərbaycanın ədalətə, beynəlxalq hüquqa söykənən siyasətinə və uğurlu nəticələrinə yönəldərək bildirir ki, öz hədəfimizə doğru gedirdik. 44 günlük İkinci Qarabağ müharibəsi haqqın, ədalətin kimin tərəfində olduğunu bir daha təsdiqlədi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Vətən müharibəsi həqiqət anı oldu. 30 illik işğal dövründə ikili standartlara əsaslanan siyasətləri ilə diqqətdə olan dünya gücləri bu yanaşmanı istər 44 günlük İkinci Qarabağ müharibəsi dövründə, istərsə də tarixi Zəfərimizdən sonra nümayiş etdirdilər. Bütün bunların fonunda Azərbaycan ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti, öz missiyasını şərəflə yerinə yetirməyə qadir olan ordusunun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində tarixinin Zəfər səhifəsini yazdı. Dövlətimizin başçısının qeyd etdiyi kimi, müharibə gücümüzü, əyilməz iradəmizi, birliyimizi, qələbə rəmzinə çevrilən “dəmir yumruq” öz gücünü göstərdi. Bu, həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə birlik də var, ölkəmizin gücü də var və həmişə olacaq. Əgər kimsə Ermənistanda bu gün revanş hissi ilə yaşayırsa, böyük səhv edir. 44 günlük müharibəni onlar heç vaxt unutmasınlar. Bundan sonra əgər kimsə Azərbaycan xalqını təhqir etməyə çalışsa, elə dərsini alacaq ki, o 44 günlük müharibə onun yanında yalan olacaq. Tarixi Zəfərimizdən ötən dörd il ərzində Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu daha da artdı. Azərbaycan ən yüksək tribunalardan haqlı mövqeyini beynəlxalq ictimaiyyət çatdırdı. Tarixi Zəfərimizdən sonra əsas hədəf ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi idi. Cənab İlham Əliyev bütün çıxışlarında bildirir ki, biz bu məsələni sülh yolu ilə həll etmək istəyirdik. Ötən ilin sentyabr ayında lokal antiterror tədbirlərinin həyata keçirilməsini zərurətə çevirən səbəblər məlumdur. Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmək istəmirdi, mütamadi olaraq hərbi təxribatları ilə diqqətdə idi. Lakin dünya gücləri yenə də susmağa üstünlük verdi. Təbii ki, vəziyyət bu şəkildə davam edə bilməzdi. Azərbaycan Silahlı Qüvvələrinin ötən ilin 19 sentyabr tarixində həyata keçirdikləri birgünlük antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa edildi. Ən böyük reallıq Qarabağın tam azad olunması, Qarabağdan separatizmin, terrorizmin təmizlənməsi və cənab Prezidentin təbirincə desək, tarixin zibilliyinə atılmasıdır. Azərbaycan 2024-cü ilə böyük uğurlarla qədəm qoydu. Ötən 2023-cü il Azərbaycanın tarixinə növbəti uğurlu dövr kimi həkk olundu. Ən başlıcası isə Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Ağdərə, Əskəran və Xocavənddə Azərbaycanın Dövlət Bayrağı ucaltdı. Artıq bu gün güclü Azərbaycanla irəliyə doğru gedirik. Çünki bu inkişaf Prezident İlham Əliyev cənablarının düzgün qurulan, düşünülmüş və məqsədyönlu siyasəti nəticəsində əldə olunur. Dövlət başçımızın çağırışı da bu olub: «Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik».

Göründüyü kimi, Prezident İlham Əliyev bu çağırışı ilə Azərbaycanın keçdiyi inkişaf yolunun aydın mənzərəsini yaradır. Düzgün qurulan, düşünülmüş və məqsədyönlu siyasət daim ölkənin qarşısında yeni-yeni imkanlar yaradır. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, öz iqtisadi strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun müəyyənləşdirməsi, iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın üzləşdiyi hər bir iqtisadi çətinlikdən uğurla çıxmasını təmin edir. Qətiyyətlə deyə bilərik ki, ötən 21 il ərizində Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən ölkəsi kimi yüksək imicə sahibdir. Hazırkı dövrün əsas hədəfi olan hərbi gücümüzün artırılmasına gəldikdə, Azərbaycan İkinci Qarabağ münaqişəsində 30 ilin işğalına son qoyub ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməklə nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi. Son dörd ilin reallıqları bir daha təsdiqlədi ki, heç kim Azərbaycanın iradəsinə təsir edə bilməz. Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz və bundan sonra belə cəhdlər də olmayacaq. Və qloballaşma şəraitində sürətlə dəyişən dünyanın bütün predmetləri nəzərə alınmaqla, əminliklə deyə bilərik ki, Azərbaycan bu gün inamla inkişaf edən ölkələr sırasında olmaqla, müstəqil, güclü iqtisadiyyata və maliyyə resurslarına malik, özünü təmin edən və mövqeyini müdafiə etməyi bacaran ölkədir. Bütün bunlar Azərbaycanın müstəqil siyasətinin nəticəsi, hər bir sahədə zəngin təcrübəyə malik olmasının təsdiqidir.

Bax, budur müasir Azərbaycan həqiqətləri. Əlbəttə ki, bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil Prezident İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasıdır. Və yuxarıda deyilənlərdən hasil olan nəticə ondan ibarətdir ki, iqtisadi müstəqilliyin təmin edilməsi Azərbaycanın tarixi nailiyyətidir. Bu gün heç bir xarici dövlət, heç bir beynəlxalq təşkilat ölkəmizlə diktat dili ilə danışmır və danışa da bilməz. Məhz, son illər ərzində görülən işlər, açılan istehsal müəssisələri bir daha onu göstərir ki, Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatını düzgün əsaslar üzərində qurmaqla dayanıqlı inkişafı təmin edir, ən əsası dünyaya yeni iqtisadi modeli nümayiş etdirir. Artıq bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, dünya birliyində layiqli yer tutması, sözünün imzası qədər əhəmiyyəti, sabitlik diyarı kimi nüfuz qazanaraq bütün sahələrdə inkişafı, bir sözlə, yeniliyə əsaslanan inkişaf modeli liderlik amili ilə birbaşa bağlıdır. Və bu gün Azərbaycanın qalib Lideri, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edərək tarixi nailiyyətlər qazanır dünyada getdikcə nüfuzu artan Azərbaycan beynəlxalq münasibətlərdə önəmli rol oynayır, qlobal iqtisadi və humanitar layihələrdə liderlik keyfiyyətləri nümayiş etdirir. Xüsusilə də, son 21 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və Azərbaycan Prezidenti İlham Əliyev cənablarının qlobal miqyasda nüfuzunun göstəricisidir. Və bu gün Azərbaycan dünyada özünəməxsus milli inkişaf modeli ilə tanınır. Prezident İlham Əliyev bildirir ki, qarşımızda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş, rəqabətədavamlı ölkələri sırasına çıxarmaqdır. Bütün bunlar son 21 ildə Qalib Liderimiz Prezident İlham Əliyevin apardığı uğurla, qətiyyətlə Azərbaycanın haqq, ədalət tərəfdarı olduğunun göstəricisidir.

Bir sözlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş, yeni dünya sisteminin müasir çağırışlarına cavab verən siyasi kursu Azərbaycanı regionun lider dövlətinə çevirməklə yanaşı, beynəlxalq aləmdə ölkəmizi etibarlı tərəfdaş kimi tanıdıb. Belə ki, 2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatının üzv ölkələrinin yekdil qərarı ilə üç il müddətində gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə və təsisatın fəaliyyətinin genişləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımlara görə ölkəmizə etimadın göstəricisi kimi Hərəkata sədrliyimiz daha bir il uzadıldı. Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində ölkəmiz bu təsisata uğurla rəhbərlik etməklə onun beynəlxalq aləmdə nüfuzunu və rolunu gücləndirib, böyük uğura imza atıb. Və bu gün beynəlxalq aləmin hər bir üzvünün razılığı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi əlbəttə ki, səbəbsiz deyil. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində, onun prinsipial mövqeyi sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artır. Ölkə başçısının apardığı müstəqil siyasət, bütün qərar və addımların beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsi, əməkdaşlıq münasibətlərində dürüstlük, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası və digər amillər bütövlükdə Azərbaycana olan münasibəti müsbət mənada dəyişib. Beləliklə, bu gün cənab Prezident İlham Əliyevin hərtərəfli siyasəti sayəsində Azərbaycan təkcə regional iştirakçı deyil, həm də qlobal problemlərin həllinə təsir edə bilən bir ölkədir. Və bütün bu uğurlara Azərbaycan Liderinin artmaqda olan nüfuzu və hərtərəfli siyasəti sayəsində ölkəmiz təkcə regional iştirakçı deyil, həm də qlobal problemlərin həllinə təsir edə bilən bir ölkədir. Və bu gün böyük inam və qətiyyətlə ifadə edirik ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev yeni-yeni hədəflərə hesablanmış strategiyasına uyğun olaraq Azərbaycan inkişaf, tərəqqi yolunda daha da böyük addımlarla irəliləyəcək. Çünki Azərbaycanın yenilməz gücü onun həmişə ədalətli davranması, haqq mövqeyindən çıxış etməsidir. Və bu uğurların təməlində qətiyyət, prinsipiallıq, milli maraqlara hesablanmış ardıcıl siyasət, liderlik yenilməzliyi və güclü Azərbaycan amili dayanır. Bir sözlə, son 21 ilin uğurları bizə onu deməyə əsas verir ki, Prezident İlham Əliyev bundan sonra da Azərbaycan dövlətini və xalqını zəfərdən zəfərə, zirvədən zirvəyə aparacaq.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlaş Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyinin sədri

seeBaxış sayı:85
embedMənbə:https://sesqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri