Prezidentdən beynəlxalq forumda mühüm mesajlar: Sülh sazişinə gəldikdə, top ermənilərin tərəfindədir və... TAM MƏTN + VİDEO (YENİLƏNİB)
Icma.az, Mia.az saytına istinadən bildirir.
Aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib.
Mia.az xəbər verir ki, dövlətimizin başçısı forum iştirakçılarının suallarını cavablandırıb.
Forumu açan ADA Universitetinin rektoru Hafiz Paşayev dedi: Zati-aliləri cənab Prezident, dəyərli konfrans iştirakçıları. Sizi və bütün iştirakçıları ADA Universitetində qəbul etməkdən məmnunluq duyur və şərəf hissi keçirirəm. Beynəlxalq siyasətin müzakirəsinə həsr olunan bu tədbiri yeddinci dəfə keçirməkdən böyük fəxarət hissi duyuruq və bu konfransların hər birinə verdiyi dəstəyə, onlarda iştirak etdiyinə görə Prezident Əliyevə dərindən minnətdarıq. Ötən illərdə altmış ölkədən iki yüzdən artıq ekspert və alim Bakıda və azad edilmiş Qarabağın dörd şəhərində keçirilmiş bu müzakirələrdə iştirak etmiş, sonradan regional və qlobal məsələlərlə bağlı bir çox məqalələr dərc etmişdir. Bu il ADA Universitetinin beynəlxalq konfransına rekord sayda - 80 əcnəbi iştirakçı qatılıb. İştirakçıların 50 faizindən çoxu konfransımızda ilk dəfədir ki, iştirak edir. Konfransın mövzusu qlobal gündəmin cari vəziyyətinə çox uyğundur. Dünya tektonik dəyişikliklərə, regional və qlobal münaqişələrə, siyasi səhnələrin radikallaşdırılmasına, millətçiliyin baş qaldırmasına və çoxtərəfliyə edilən hücumlara, beynəlxalq hüququn zəifləməsinə, güc, qüvvə və zorakılığın dominantlığına məruz qalır. Bunlar bugünkü dünyanın ortaq xüsusiyyətləridir və biz bu mövzulara iqlim məsələlərini, miqrasiya problemlərini, proteksionizmi və ticarət müharibələrini əlavə edəcəyik. Bizi hansı gələcək gözləyir? Yeni dünya düzəni necə olacaq? Azərbaycan kimi ölkələrin cərəyan edən belə hadisələrdə və meyillərdə rolu nədir?
Cənab Prezident, dünən tikinti və yenidənqurma işlərinin bizə böyük təsir bağışladığı Qarabağa və Xankəndiyə səfərimizdən sonra bu gün bu qlobal və regional məsələlərlə bağlı dünyanın ən təcrübəli liderlərindən biri olaraq Sizin fikirlərinizi eşitmək bizim üçün şərəf olardı. İnanırıq ki, Sizin iştirakçılarla apardığınız qarşılıqlı müzakirələr və sonra da davam edən panellər bu regionla bağlı və dünya miqyasında sülh üçün baxışın daha da yaxşı formalaşmasına və çatdırılmasına kömək edəcək. İnanıram ki, qonaqlarımız Azərbaycanın sürətli transformasiyası və inkişafı ilə bağlı Bakını daha çox biliklərlə və müsbət təəssüratlarla tərk edəcəklər. Cənab Prezident, bizə vaxt ayırdığınız üçün Sizə bir daha təşəkkür edirik və çıxışınızı səbirsizliklə gözləyirik. Buyurun, cənab Prezident, söz Sizindir.
Prezident İlham Əliyev: Sabahınız xeyir, xanımlar və cənablar. Əvvəlcə hamınızı Azərbaycanda salamlamaq və ADA Universitetinə, onun rəhbərliyinə və rektoruna, professor Paşayevə belə bir prosesin başladılması təşəbbüsünü irəli sürdüyünə görə minnətdarlığımı bildirmək istəyirəm.
Artıq qeyd edildiyi kimi, müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərin böyük bir qrupu qlobal gündəlikdə duran mühüm məsələləri müzakirə etmək üçün Azərbaycanı yeddinci dəfədir ki, ziyarət edir. Eyni zamanda, bütün bu səfərlər Azərbaycanı daha da yaxşı tanımağa, ölkənin nəbzini tutmağa xidmət edir.
Azərbaycanın tarixi ərazilərinin azad edilməsindən sonra beynəlxalq ekspertlərin həmin ərazilərə müntəzəm səfərləri onlara ölkəmizin tarixi haqqında daha dolğun məlumat verir. Onlara münaqişənin tarixi və İkinci Qarabağ müharibəsində şanlı Zəfərimizdən ayrılması mümkün olmayan Azərbaycanın bugünkü reallığı və beynəlxalq dəstək olmadan ölkənin ərazi bütövlüyünün öz gücü və siyasi-hərbi yolla bərpası ilə bağlı unikal presedent haqqında məlumat verir. Rektor Paşayev qeyd etdiyi kimi, siz dünən əfsuslar olsun ki, bir çox illər ərzində - otuz ildən artıq müddətdə erməni separatizminin mərkəzi olan Xankəndi şəhərini ziyarət etdiniz. Əslində, Ermənistanın dəstəklədiyi və maliyyələşdirdiyi separatçı hərəkat bu şəhərdə, Azərbaycanın əzəli torpağında başlamışdır. Xankəndi adının özü onun Azərbaycan mənşəyini və kökünü, Xanın kəndi olduğunu nümayiş etdirir.
Lakin Azərbaycanın Qarabağ bölgəsində sovet hökumətinin siyasi, tarixi, iqtisadi və mədəni nöqteyi-nəzərdən qeyri-qanuni və tamamilə əsassız olan Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması qərarından sonra təəssüf ki, təcavüzkar separatizmə aparan bu prosesə start verildi.
1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, əslində, zaman bombası idi və bu bomba separatçılara, onların sponsorlarına və münaqişəni öz siyasi məqsədləri üçün istifadə edən müxtəlif tərəflərə lazım olan anda partladı.
Biz buna, əslində, suverenliyimiz uğrunda döyüşdə son nöqtə olan, 24 saatdan az davam edən hərbi əməliyyatla bir il yarım bundan əvvəl son qoyduq. Siz orada olmusunuz. Siz nələrin baş verdiklərinin şahidi olmusunuz. Hesab edirəm ki, bu gün Azərbaycanın reallığını rayonlara səfər ən yaxşı nümayiş etdirir. Xüsusilə dağıdılmış və ermənilərin işğal etdiyi rayonları nəzərdə tuturam. İndi mən müzakirələrin aparılmasına daha çox vaxtın ayrılması üçün giriş nitqimi yekunlaşdıracağam. Əminəm ki, dünənki və bugünkü müzakirələr və ekspertlər arasında qarşılıqlı əlaqələr bizə birgə yanaşmaları hazırlamağa və keçən dəfə, ötən il görüşdüyümüzdən bəri tamamilə fərqli olan sürətlə dəyişən dünya ilə bağlı fikirlərimizin mübadiləsinə kömək edəcək.
Bir daha bizimlə birlikdə olduğunuza görə çox sağ olun. Sizə Azərbaycanda yaxşı vaxt keçirməyi arzulayıram.
Prezidentin köməkçisi Hikmət Hacıyev: Təşəkkür edirik, cənab Prezident. İcazənizlə, müzakirələrimizə başlamaq istərdik və Sizə sual ünvanlamaq üçün kifayət qədər çox iştirakçı yazılıb. Birinci, İsveçdən olan Svante Kornell ilə başlamaq istərdik.
Svante Kornell: Çox sağ olun, cənab Prezident, Sizi yenidən görmək necə də xoşdur. Son zamanlarda Azərbaycanın həm Mərkəzi Asiyada, həm də Yaxın Şərqdə cərəyan edən proseslərdə əhəmiyyətli iqtisadi və siyasi münasibətlərə malik iştirakçı qismində güclü cəlb edildiyinin şahidi olmuşuq. Azərbaycanın, eyni zamanda, Avropa, Mərkəzi Asiya və Yaxın Şərqin bir hissəsi kimi özünü necə görməsi və dünyanın bu üç hissəsini bir araya gətirmək üçün oynaya biləcəyi rolu barədə bizə məlumat verə bilərsinizmi? Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Bu məsələ qismən bizim yerləşdiyimiz coğrafiya və Azərbaycan xalqının tarixi, Azərbaycanın, eyni zamanda, Şərqi və Qərbi coğrafiyanın bir hissəsi olaraq əsrlər boyunca necə inkişaf etməsi ilə bağlıdır. Əlbəttə ki, coğrafiya hər bir ölkə üçün mühüm amildir. Lakin o, siyasətimizdə dominantlıq edən yeganə amil deyil. Beləliklə, biz siyasətimizi həmin coğrafiya əsasında qurmuşuq. Hesab edirəm ki, Xəzər dənizinin o tayındakı və Azərbaycanın cənubundakı qonşularımızla, xüsusilə Yaxın Şərq ölkələri ilə çox güclü münasibətlər qurmuşuq. Avropa ölkələri ilə uzunmüddətli əməkdaşlığa gəldikdə, bu ölkələrin bir çoxu ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb və ya qəbul edib. Beləliklə, artıq qurulmuş bu platforma bizə Mərkəzi Asiya və Avropa regionu arasında coğrafi, siyasi, iqtisadi və nəqliyyat körpüsü olaraq önəmli rol oynamağa imkan verir. Biz indi istər Avropa İttifaqı və ya Amerika Birləşmiş Ştatları olsun, istərsə də digər beynəlxalq təşkilatlar olsun, Qərbdən Mərkəzi Asiyaya və əlbəttə ki, həmin regionla uzunmüddətli əməkdaşlığın qurulmasının planlaşdırılmasına böyük marağın olduğunu bilirik. Azərbaycanın nəzərə alınmamasının mümkünsüz olduğunu anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayət edər. Baxmayaraq ki, Avropada Azərbaycanı nəinki bu prosesdən ayırmağı, eyni zamanda, Qafqazda, xüsusilə Cənubi Qafqazda ayırıcı xətlər yaratmaq istəyən bəzi qüvvələr var. Lakin bu səylər əlbəttə ki, uğurla nəticələnməyəcək. Çünki Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında nəinki coğrafiya, eyni zamanda, siyasi, iqtisadi, mədəni əlaqələr tərəfdaşlığın bu unikal ab-havasını yaradır. Beləliklə, Azərbaycan geosiyasi cəhətdən Cənubi Qafqazda, Xəzər dənizinin sahilində yerləşən bir ölkədir, lakin, eyni zamanda, biz Mərkəzi Asiyaya yaxınıq. Yalnız Xəzər dənizi bizi ayırır. Beləliklə, praktiki əməkdaşlıq, nəqliyyat, Orta Dəhliz nöqteyi-nəzərdən biz körpülər qurmaq və yükdaşımaların həcmini artırmaq məqsədilə çoxlu işlər görmüşük. Çünki Azərbaycanın nəqliyyat infrastrukturuna, xüsusilə dəniz limanına, gəmiqayırma zavoduna, dəmir yolu müəssisələrinə və bu gün yaratdığımız digər logistik infrastrukturumuza yatırılan böyük investisiyalar önəmlidir və ildən-ilə biz təkcə Mərkəzi Asiyadan yox, həmçinin Azərbaycanın ərazisindən keçməklə Çindən gedən və Avropadan Çinə gedən yüklərin həcminin artdığını görürük. Hesab edirəm ki, bu, vacib bir aktivdir və Mərkəzi Asiya ölkələri ilə münasibətlərini yaxından qurmaq istəyən istənilən beynəlxalq aktor üçün yenə də xəritəyə və Azərbaycan ilə Mərkəzi Asiya ölkələri liderləri arasında siyasi müstəvidə qarşılıqlı əlaqələrə nəzər salmaq kifayətdir.
Eyni sözləri biz Yaxın Şərq ölkələri və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrlə olan güclü əlaqələrimizə də şamil edə bilərik. Azərbaycan qarşılıqlı hörmət və maraq əsasında çox güclü əlaqələr qurmuşdur. Biz artıq müxtəlif investisiya layihələri üzərində fəal işləyirik. Eyni sözləri Mərkəzi Asiya ölkələri haqqında da söyləmək olar. Biz bəzi Mərkəzi Asiya ölkələri və Körfəz Əməkdaşlığı Şurasına üzv ölkələrin bəziləri ilə bir neçə birgə investisiya fondunu yaratmışıq. Beləliklə, bu sinerjinin yaradılması əlbəttə ki, bizim hamımıza fayda verəcək. Bu yaxınlarda - altı ay bundan əvvəl biz Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə gedəcək yaşıl enerji kabelinə dair mühüm bir müqavilə imzaladıq. Beləliklə, bu müqavilə Mərkəzi Asiyanın artıq mövcud olan və bəzilərinin üzərində iş gedən geniş enerji resurslarını buraya gətirəcək və Azərbaycanın geniş enerji resurslarına əlavə edəcək, enerji təhlükəsizliyi ilə bağlı Avropa ölkələrinə dəstək olacaq. Hələ ki, söhbət neft və qazdan gedir. Lakin yaşıl enerjidən elektrik enerjisi yaradılacaq. Bir neçə gün bundan əvvəl Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının ənənəvi iclası keçirilmişdir. Onun gündəliyinin bir qismi yaşıl enerjiyə həsr olunmuşdur. Beləliklə, daşımalar, yaşıl enerji, təhlükəsizlik, sabitlik və əlbəttə ki, regionumuzun dövlətçiliyi və müstəqilliyini qorumaq üçün birgə səylər mühüm beynəlxalq amildir.
Hikmət Hacıyev: İkinci sual, Stefani Fenkart, Avstriya.
Stefani Fenkart: Bizi qəbul etdiyiniz üçün çox sağ olun, cənab Prezident. Mən Vyanadakı Beynəlxalq Sülh İnstitutunda çalışıram. Mən keçən dəfə də burada idim və Ermənistanla Azərbaycan arasında barışıq, vasitəçilik barədə sual vermişdim. Bu dəfə isə daha uzunmüddətli perspektivə yönəlmiş sual vermək istəyirəm. İstərdim ki, yeni dünya düzəni mövzusunu nəzərə alaraq, Cənubi Qafqaz ölkələri üçün uzunmüddətli baxışınız haqqında bizə məlumat verəsiniz və yəqin Ermənistan ilə Azərbaycan arasında sülhün uzun çəkəcəyini görürsünüz. Bir-biri ilə razılaşma, sülh sazişinə nail olma nöqteyi-nəzərindən bu proses hələ də uzun çəkəcək. Lakin əngəlləri aşmaq olar. Bütün bunlara baxmayaraq, düşünürəm ki, bir Avropa dövləti kimi gələcəkdə müharibələrin aparılmasının necə mümkünsüz edilməsinə və sonra da Avropa İttifaqı kimi institusional formanın alınmasına dair baxış kimi bir fikrə malik olmaq vacibdir. Mən Sizə bu yolla irəliləməyi təklif etmirəm. Lakin, Sizin də əvvəl qeyd etdiyiniz kimi mövcud coğrafiyanı nəzərə alaraq, azərbaycanlılar, ermənilər və gürcülərin bəhrələnəcəyi Cənubi Qafqaz üçün uzunmüddətli baxışınız nə olardı? Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Bəli, hesab edirəm ki, biz nail olunması mümkün olan orta perspektivli hədəflər haqqında da danışa bilərik. Əfsuslar olsun ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı Cənubi Qafqaza nisbətən inteqrasiya olunmuş region kimi inkişaf etməyə imkan vermədi. Bizim hamımızın buna imkanı var idi. Lakin Azərbaycan xalqına qarşı təcavüz və onun iztirabı bunun reallaşmasına imkan vermədi. Beləliklə, Cənubi Qafqaz inteqrasiya olunmamışdı. Buna baxmayaraq, iqtisadi və nəqliyyat marşrutları və əlbəttə ki, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən bu, baş verə bilərdi. Azərbaycanla Gürcüstan arasındakı münasibətlərə baxsaq, indicə qeyd etdiyim enerji təhlükəsizliyi, daşımalar, siyasi dialoq, investisiyalar, iqtisadi üstünlüklər kimi bütün bu seqmentləri görə bilərik. Beləliklə, Ermənistan, əslində, özünü bütün bunlardan məhrum etdi, işğal və təcavüz nəticəsində özünü tranzit ölkəsi, Azərbaycanın enerji resursları və nəqliyyat marşrutları üçün önəmli tranzit ölkəsi olmaqdan məhrum etdi. Neft, qaz və ya yük daşımaları olmasından asılı olmayaraq, Azərbaycandan gələn bütün tranzit Gürcüstandan keçir. Beləliklə, Ermənistan bu prosesin bir hissəsi ola bilərdi. Gələcəkdə cərəyan edəcək hadisələrin düzgün hesablanılmaması və gələcək iqtisadiyyatını, “böyük Ermənistan” arzusu olan həqiqi müstəqilliyini qurban verməsi onların təqsiridir. Azərbaycan və Ermənistan arasında saziş imzalananda və imzalandığı təqdirdə əlbəttə ki, əməkdaşlığın başlanılmasına heç bir maneə qalmayacaq. Hesab edirəm ki, biz vaxt itirməməliyik, çünki yenə də sülh sazişinə gəldikdə, top Ermənistandadır. Mən bir çox hallarda Ermənistandan ərazi bütövlüyümüz və onların konstitusiyası ilə bağlı gözlədiklərimizi dəfələrlə açıq şəkildə bildirmişəm. Bunlar məlumdur. Beləliklə, bütün bu işlər tamamlanan və sülh sazişi imzalanan kimi Cənubi Qafqazı inteqrasiya olunmuş regiona çevirməyə cəhd etmək üçün heç bir maneə qalmayacaq. Hesab edirəm ki, bu vəziyyət Cənubi Qafqazın üç ölkəsinin xeyrinədir. Realist olduğum üçün biz dərhal Ermənistanla dost olacağımızı təsəvvür edə bilmərik. Bu, real deyil və hətta belə bir iqtisadi inteqrasiya haqqında danışmaq hələ tezdir. Lakin biz etimadın artırılması üçün kiçik addımların atılmasına hazırıq. Bu yaxınlarda gürcü dostlarımız tərəfindən atılmış müəyyən təşəbbüslər var idi və biz onlara müsbət cavab verdik. Beləliklə, biz Ermənistan tərəfinin mövqeyini gözləyəcəyik. Bu baş versə, jurnalistlər və ziyalıların mübadilə səfərləri, transsərhəd çaylarla bağlı sessiyalar kimi kiçik addımlar atıla bilər, çünki bu məsələ Azərbaycanı ciddi narahat edir. Çünki Ermənistan Araz çayını çirkləndirir və yeri gəlmişkən, Azərbaycan istiqamətində Kür çayı məsələsi müvafiq şəkildə müzakirə olunmalıdır. Beləliklə, bütün bunların praktiki təsiri ola bilər. Bu kiçik addımlarla biz etimadsızlığı azaltmağa çalışa bilərik. Etimadı qurmaq üçün illər tələb olunur, lakin ən azından etimadsızlığı azaltmaq olar, biz buna hazırıq.
Hikmət Hacıyev: Brenda Şaffer, Amerika Birləşmiş Ştatları və İsrail.
Brenda Şaffer: Sabahınız xeyir, Prezident Əliyev.
Prezident İlham Əliyev: Sabahınız xeyir.
Brenda Şaffer: Biz 2025-ci ili yaşayırıq, 44 günlük müharibədən demək olar ki, beş il ötüb. Həlak olmuş şəhidləri, xüsusilə ölkəsini müdafiə edən gəncləri və həyatının hər günü mübarizəyə çevrilmiş yaralananları xatırlamaq yerinə düşərdi. Lakin bu həm də Ali Baş Komandandan, Azərbaycanın və onun Ordusunun müharibəyə hazırlaşma prosesinə rəhbərlik etmiş Prezidentdən soruşmaq fürsətidir. Beş ildən sonra hansı qənaətə gəlmisiniz? Deyə bilərik ki, İkinci Dünya müharibəsindən sonra çox az sayda müharibənin real sonu olmuşdur. Tərəflər davam edən münaqişəni, sadəcə, süründürürlər. Ermənistan-Azərbaycan müharibəsi 2023-cü ilin antiterror əməliyyatı da daxil olmaqla sona çatmış yeganə müharibədir. Beləliklə, Siz özünüz üçün hansı nəticələr çıxarmısınız? Ali Baş Komandan olaraq müharibədən beş il sonra urban müharibə, mülki şəxslər arasında itkilərin və mülki infrastruktura dəymiş ziyanın azalması. Biz burada əyləşərkən əfsuslar olsun ki, hələ də davam edən müasir müharibələrdən çıxardığınız nəticələr nədir?
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Əlbəttə ki, bu suala cavab vermək üçün müxtəlif seqmentlər mövcuddur. Birincisi, müdafiə qabiliyyətidir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan öz Silahlı Qüvvələrində islahatları davam etdirmişdir. Bu ona görə olmuşdur ki, ərazimizdə hələ separatçılar var idi və biz istənilən təxribatlara hazır olmalı idik. 2020-ci il müharibəsindən suverenliyimizi tam bərpa etdiyimiz 2023-cü ilə qədər müəyyən hərbi qarşıdurmalar var idi. İkinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatların tərəfimizdən aparılması tərzi Azərbaycan hərbi qüvvələrinin yüksəksəviyyəli bacarığını, nizam-intizamını və Azərbaycan hökumətinin siyasi iradəsini nümayiş etdirdi.
Biz intiqam almadıq. Lakin xüsusilə Qarabağa qayıdanda və barbarlığı, vəhşiliyi gördükdə bizim işğal illərində hansı hissləri keçirdiyimizi təsəvvürünüzə gətirə bilərsiniz. Beləliklə biz dedik ki, - və mən bunu dəfələrlə demişəm, - intiqamımızı döyüş meydanında alacağıq. Biz normal insan davranışından və özümüzün sadiq olduğumuz müharibə qaydalarından kənara çıxan bir hərəkət etməyəcəyik. Bu, belə də oldu. Biz müharibəni bütün beynəlxalq qaydalara və dəyərlərə dair anlayışımıza uyğun apardıq. Bu, 44 günlük müharibənin hər bir gününü diqqətlə nəzərdən keçirən bütün ekspertlər tərəfindən yüksək qiymətləndirildi. Beləliklə, müharibə bitdikdən sonra, əlbəttə ki, vəziyyəti tamamilə sabit olan bir vəziyyət kimi qiymətləndirmək olmazdı. 2023-cü ilin sentyabrına qədər bu belə deyildi, bizim itkilərimiz olurdu. Əfsuslar olsun ki, Ermənistan və onun arxasında duran bəzi xarici qüvvələr onlara çox pis məsləhətlər verirdilər. Əslində, 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktına imza atdı və tarixdən hamımız bilirik ki, bir ölkə kapitulyasiya edəndə onun başına nə gəlir. Lakin bu, baş vermədi. Beləliklə, Ermənistan sanki Azərbaycan xalqının 30 illik işğal iztirabı olmamış, 44 günlük müharibə olmamış kimi davranmağa davam etdi və öz dırnaqarası dostlarından pis məsləhətlər aldı. Yeri gəlmişkən, bu proses hələ də davam edir. Baxmayaraq, biz dəfələrlə onlara xəbərdarlıq etmişik ki, onlar istər köhnə, istərsə də yeni dostları hesab etdikləri dairələrə bel bağlamamalıdırlar. Çünki onlar burada bizimlə üz-üzə qalacaqlar. Bizim maraqlarımızı, beynəlxalq arenada olan siyasi maraqlarımızı müdafiə etmək üçün kifayət qədər siyasi iradəmiz var və bizi siyasətimizdən döndərəcək hər hansı bir beynəlxalq təzyiqə məruz qoymaq mümkün deyil. Beləliklə, hərbi nöqteyi-nəzərdən istər İkinci Qarabağ müharibəsi olsun, istərsə də 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatı olsun, bundan sonra hərbi potensialımızı gücləndirmək üçün etdiklərimiz tamamilə anlaşılandır. Xüsusilə həqiqi sülhə və sabitliyə gətirib çıxarmayacaq, Ermənistanda geniş vüsət almış militarizasiya prosesini, Ermənistanın yeni dostları tərəfindən təchiz edilmiş ölümcül silahları nəzərə alaraq. Bu yalnız gələcəkdə potensial gərginliyə aparıb çıxaracaqdır.
Biz Ermənistanda kifayət qədər güclü revanşist qrupların olduğunu bilirik. Mən onları iki qrupa bölərdim: 30 illik işğala görə məsuliyyət daşıyan fəal revanşistlər və guya konstruktiv yanaşma sərgiləməyə cəhd göstərən, lakin, əslində, eyni revanş və intiqam hissi ilə yaşayan bugünkü hökumət olan passiv revanşistlər. Onların ölümcül silahları almasının səbəbi də budur. Onlar bəzi silahları pulsuz əldə edirlər. Bu, onların Azərbaycana qarşı yeni hərbi əməliyyatları planlaşdırmalarının səbəbidir. Bu səbəbdən onlar ATƏT-in Minsk qrupunun buraxılmasına dair bizim legitim təklifimizi qəbul etmək istəmirlər. Çünki bizim hamımızın bildiyi kimi, Minsk qrupu Qarabağ münaqişəsi ilə bağlı olan məsələləri həll etmək üçün yaradılmışdır. Əgər Ermənistan hökuməti bəyan etdikləri kimi münaqişənin bitdiyini və Qarabağın Azərbaycanın bir hissəsi olduğunu hesab edirsə, Minsk qrupunun hüquqi olaraq buraxılmaması üçün heç bir səbəb yoxdur. De-fakto olaraq qrup fəaliyyət göstərmir, lakin rəsmi olaraq Minsk qrupunun buraxılması üçün Azərbaycanla birlikdə birgə müraciəti imzalamaqdan imtina etmək onların öz vaxtını gözləməsinə işarə edir. Ola bilsin onlar bəzi dəyişiklikləri, onlara üstünlüklər verən müəyyən beynəlxalq vəziyyəti gözləyirlər. Onlar Amerikada seçkilərdən sonra demokratların administrasiyada qalacaqlarına çox güvənirdilər. Lakin Prezident Trampın qələbəsi onları çox məyus etdi. Biz hamımız bunu bilirik. Buna baxmayaraq, Ermənistanın siyasi isteblişmenti Azərbaycan məsələsində parçalanmayıb. Onlar konsolidasiyalı mövqeyə malikdirlər. Bu, sadəcə, terminologiya, davranış və taktikadan asılı olan bir məsələdir. Beləliklə, biz buna hazır olmalıyıq, həm hərbi nöqteyi-nəzərdən, həm də siyasi nöqteyi-nəzərdən. Beləliklə, sülh sazişi imzalanana və Ermənistan da onların konstitusiyasında hələ də mövcud olan Azərbaycana qarşı bütün ərazi iddialarından imtina edənə və Azərbaycanla münasibətlərin normallaşması üçün səmimi davranış sərgiləyənə qədər onlar həmişə yeni hərbi qarşıdurma təhlükəsini törədəcəklər. Burada sonuncu məqam odur ki, 2020-ci ildən bəri artıq beş il ötüb, biz hələ də Azərbaycanın Ermənistana qarşı yeni təcavüz planlaşdırdığına dair tamamilə əsassız olan mülahizə və ittihamlarla üzləşirik. Beləliklə, artıq beş il ötüb, lakin hələ də əsasən Fransa hökuməti və Avropa İttifaqında onların siyasətinə əməl edənlər və Blinken vəzifədə olarkən Dövlət Departamenti tərəfindən yaradılmış qara propaqanda davam edir. Bu qara propaqanda davam edir və bir çox hallarda bağlı qapılar arxasında mən deyirdim: “Baxın, əgər biz 2020-ci ilin noyabrında müharibəni davam etdirmək istəsəydik, onu davam etdirərdik. Biz hərbi əməliyyatlarımızı Xankəndinin həndəvərində dayandırdıq. Biz insanların ölməsini istəmədiyimizə görə müharibənin davam etməsini istəmirdik. Biz bunu sülh yolu ilə etmək istəyirdik. Biz bunu davam etdirmək istəsəydik, düz Ermənistanla sərhəddə hər yerdə - Zəngilanda, Kəlbəcərdə, digər istiqamətlərdə idik, Ermənistanın ordusu tamamilə demoralizə olunmuşdu”. Ermənistan hökumətinin özünün təsdiq etdiyi kimi orduda 12 min fərari var idi. Beləliklə, heç kim bizim qarşımızı ala bilməzdi ki, biz indi yanlış olaraq ittiham olunduqlarımızı etməyək. Amma bizim belə bir niyyətimiz yox idi və indi də belə niyyətimiz yoxdur. Lakin biz, eyni zamanda, ayıq-sayıq olmalıyıq. Biz 30 illik işğalı unutmamalıyıq. Biz təkcə diasporda, Fransa və Amerika Birləşmiş Ştatlarında yox, Ermənistan hökumətində və bütün siyasi dairələrdə hələ də dövriyyə edən “böyük Ermənistan” xəyallarını unutmamalıyıq. Qarabağın yenidən geri alınmasını xəyal etməyən bir erməni siyasətçisini demək olar ki, tapa bilməzsiniz. Bu, reallıqdır. Biz bu reallığı müxtəlif informasiya mənbələrindən bilirik və biz bununla yaşamalıyıq. Odur ki, ola bilsin, bunlar bizim müharibədən, postmüharibə vəziyyətindən çıxardığımız nəticələrdir və postmüharibə vəziyyətinin necə inkişaf edəcəyi əsasən Ermənistandan asılıdır. Biz tamamilə legitim olanları etmişik. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, separatizmə son qoymuşuq və sərhədlərimizi nəzarətimiz altına almışıq. Bizim üçün bu məsələ bitib. Lakin bu, bizim potensial təhdidləri və potensial təhlükəni, sadəcə, nəzərə almayacağımız demək deyil. Biz həmişə onları yerinə otuzdurmağa hazır olmalıyıq. Bu səbəbdən biz ordu quruculuğuna külli miqdarda vəsait xərcləməyə davam edirik. Bu, bizim dırnaqarası təcavüzü planlaşdırdığımız üçün deyil. Bu onun üçündür ki, biz təcavüzün qurbanı olaraq özümüzü müdafiə etmək və bir də bizə ziyan verməyə qərarlaşdırdığı halda Ermənistanı cəzalandırmaq iqtidarında olmaq istəyirik.
Hikmət Hacıyev: Daria İsaçenko, Almaniya.
Daria İsaçenko: Hörmətli cənab Prezident, bu imkana görə çox təşəkkür edirəm. Mən Almaniyanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri üzrə İnstitutunda fəaliyyət göstərirəm. Sualım Türkiyə və İsraillə bağlıdır. Azərbaycanın hər iki ölkə ilə yaxşı və yaxın münasibətləri var. Bu iki ölkə arasında hazırkı gərginliyi nəzərə alsaq, bu, Azərbaycana necə təsir göstərir və Azərbaycan Türkiyə ilə İsrail arasında gərginliyin azaldılması istiqamətində hər hansı bir fəaliyyətdə rol oynayırmı? Təşəkkür.
Prezident İlham Əliyev: Bəli, haqlısınız. Hər iki ölkə Azərbaycanın yaxın dostudur. Biz Türkiyə ilə müttəfiqik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi surətdə müttəfiq olmuşuq. Baxmayaraq ki, bizim müttəfiqlik münasibətlərimiz de-fakto bu formal prosedurdan uzun müddət əvvəl mövcud olub.
İsrail Azərbaycana dost ölkədir. Uzun illər ərzində hər ikimiz üçün çətin zamanlarda qarşılıqlı dostluq nümayiş olunub. Ona görə də, əlbəttə ki, bu iki ölkə arasındakı gərginlik bizim üçün çox narahatlıq doğurur. Artıq məlum olduğu kimi, - baxmayaraq ki, biz özümüz bunu açıq şəkildə heç vaxt bəyan etməmişik, bu, artıq kifayət qədər geniş şəkildə yayılıb, - Türkiyə ilə İsrail arasında ilk uğurlu barışıq müəyyən dərəcədə Azərbaycanın vasitəçiliyi ilə əldə olunub. Çünki indi iki ölkə arasında baş verənlər ilk böhran deyil, yaxın keçmişdə ikincidir. İlk böhran zamanı biz ölkələri yaxınlaşdırmağa çalışmaq üçün fəal rol oynadıq. Bu, təkcə Azərbaycan deyildi, lakin deyərdim ki, Azərbaycan bu prosesdə birinci yerdə idi. Yenə də bu, bağlı qapılar arxasında baş verdi. Biz bunu heç vaxt ictimailəşdirmədik. Biz buna görə heç vaxt özümüzü tərifləməyə çalışmadıq. Biz, sadəcə olaraq, müttəfiqimiz və qardaşımız olan Türkiyəyə, dostumuz İsrailə öz əlaqələrini yenidən qurmaq üçün yardım etmək istədik. Bəlkə də bilirsiniz ki, bu normallaşmanın nəzərəçarpan əlamətləri də var idi, məsələn, İsrail Prezidenti cənab Hersoqun Türkiyəyə səfəri və Prezident Ərdoğanla görüşü, Prezident Ərdoğanla Baş nazir Netanyahu arasında Nyu-Yorkda görüş. Bu, iki il bundan əvvəl baş vermişdi. İndi biz bir növ dejavü yaşayırıq. Biz addımlarımızın alqoritmini bilirik. Mən sizi əmin edə bilərəm ki, yardım etməyə çalışmaq üçün səy göstəririk. Ola bilsin ki, hazırkı mərhələdə bundan daha çox söz demək doğru olmaz, çünki yenə də bu, iki ölkə arasındakı münasibətlərdir. Aramızdakı hər hansı prosesi, - əgər, ümumiyyətlə, belə bir proses varsa, - nə dərəcədə ictimailəşdirmək istəmələrinə onlar özləri qərar verməlidirlər. Normallaşmanın birinci raundu zamanı biz tamamilə sakit idik. Biz bağlı qapılar arxasında işləyirdik. Təsəvvür edə bilərsiniz ki, biz indi eyni işi görürük. Ümidvarıq ki, bu proses normallaşmaya aparacaq. Dostlarınız arasında pis münasibətlərin olması hər zaman pisdir. Bu, onlar üçün pisdir, bizim üçün pisdir və dünya üçün pisdir. Çünki düşünürəm ki, legitim narahatlıqlara, kifayət qədər yüksək səviyyədə etimadsızlığa baxmayaraq, hələ də normallaşma və qarşılıqlı maraq doğuran sahələr üçün əsas tapmaq olar. Zənnimcə, proses dayanmamalıdır. Azərbaycan prosesə kömək etmək üçün əlində olan hər şeyi edir.
Hikmət Hacıyev: Ramiz Yunus, ABŞ.
Ramiz Yunus: Möhtərəm cənab Prezident, bu gün burada olmaq mənim üçün böyük şərəfdir. Sizinlə yenidən görüşməyə çox şadam. Bu imkana görə təşəkkür edirəm. Dəvətə görə təşəkkür edirəm. Mənim üçün bu, böyük imkandır. Sizin iştirakınızla keçirilən çox mühüm beynəlxalq tədbirlər üçün Vətənimə, xüsusilə Qarabağa, Azərbaycanın Qarabağ bölgəsinə gəlmək bir ənənəyə çevrilib. Keçən dəfə bu, Şuşada idi, indi Xankəndidə, Bakıda. Eyni zamanda, dünyadakı və regiondakı ciddi geosiyasi məsələlərlə bağlı Sizə sual ünvanlamaq imkanını yüksək qiymətləndirirəm. Möhtərəm cənab Prezident, keçən dəfə ABŞ-dakı seçkilərdən əvvəl mənim sualıma cavab verərkən Siz həm demokratlarla, həm də respublikaçılarla təmasda olmaqla bağlı mükəmməl təcrübənizi paylaşdınız. Xatırlayıram, Siz söylədiniz ki, respublikaçıların administrasiyası ilə işləmək Sizin üçün hər zaman daha asandır. Möhtərəm cənab Prezident, Sizə sualım var. Ağ evdə hakimiyyətin dəyişməyindən sonra Sizin gözləntiniz özünü doğrultdumu, yoxsa bu barədə danışmaq hələ tezdir? Bu gün Azərbaycan və regionumuz üçün əsas riski nədə görürsünüz? Bir daha təşəkkür edirəm, möhtərəm cənab Prezident.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Mənim şəxsi təcrübəm nöqteyi-nəzərindən, - mən bunu dəfələrlə bölüşmüşəm, - sözsüz ki, respublikaçıların administrasiyası ilə işləmək demokratların administrasiyası ilə işləməkdən daha rahat olub. Mən prezident kimi fəaliyyətə 2003-cü ildə, Prezident Corc Buşun dövründə başlamışam və iki ölkə arasında münasibətlər çox yaxşı idi. Hər ikimiz qarşılıqlı dəstəyi yüksək qiymətləndirirdik və ikitərəfli əlaqələrimizin strateji əhəmiyyətini açıq şəkildə bəyan edirdik. Azərbaycan Əfqanıstanda və İraqda əməliyyatlara qoşulan ilk qeyri-NATO ölkələri arasında idi. Bu, ABŞ administrasiyasının müraciətinə əsasən olmuşdu. Əks halda, biz orada olmazdıq. Biz təkcə çox sayda hərbçilərimiz vasitəsilə fiziki dəstəyi deyil, həm də istər hava yolu ilə və ya yerüstü vasitələr və Xəzər dənizi vasitəsilə Əfqanıstana mühüm nəqliyyat əlaqəsini təmin etdik. Bu, Prezident Buş administrasiyası dövründə ABŞ hökuməti tərəfindən yüksək qiymətləndirildi. Prezident Buşun səlahiyyət müddəti başa çatandan sonra vəziyyət ciddi şəkildə olmasa da bir qədər dəyişdi. Lakin Bayden-Blinken administrasiyası dövründə ABŞ ilə Azərbaycan arasında münasibətlər böhran vəziyyətində olan münasibətlər kimi səciyyələndirilə bilər. Bunun səbəbkarı biz deyildik. Biz dünyanın ən güclü ölkəsi olan ABŞ ilə hər zaman yaxşı münasibətlərimizin olmasını istəmişik. Bu, cənab Blinkenin rəhbərlik etdiyi Dövlət Departamentinin yürütdüyü anti-Azərbaycan siyasəti və Prezident Bayden administrasiyasında olan anti-Azərbaycan mövqeli bir çox şəxslər üzündən baş verdi. Mən Azərbaycanda məyusluğa səbəb olmuş müxtəlif faktları qeyd edə bilərəm. Düşünürəm ki, cəmi birini - Azərbaycana qarşı sanksiyaların yenidən necə tətbiq olunmasını söyləmək kifayətdir. ABŞ-ın Azərbaycana ehtiyacı olanda Azərbaycana münasibətdə ayrı-seçkiliyi nümayiş etdirən Azadlığa Dəstək Aktına “907-ci düzəliş” müvəqqəti olaraq dayandırılırdı. ABŞ-ın hər bir prezidenti hər il bunu dayandırırdı. Lakin Bayden-Blinken administrasiyası Əfqanıstandan qaçan kimi,- bunu onların necə etdiyini hamımız gördük, - onlar bizə qarşı bu düzəlişi yenidən tətbiq etdilər. Belə nankor olmaq administrasiyanın özünə də ziyan verir. Çünki bundan sonra onlara kim etimad edəcəkdi? Bizim Bayden-Blinken komandasına etimad səviyyəmiz sıfra bərabər idi. Münasibətlərimiz dərin böhran içərisində idi.
Bayden-Blinken komandasının rəhbərliyi dövründə ABŞ Ermənistana münasibətdə birtərəfli mövqe tutdu. Bu, Ermənistan-Azərbaycan münaqişəsi başlayandan bəri ilk dəfə idi ki, rəsmi şəkildə baş verirdi. Bəli, demokratların hakimiyyətdə olduğu bütün administrasiyalar dövründə Ermənistanın necə dəstəkləndiyini biz hamımız bilirdik. Lakin buna baxmayaraq, Amerikanın prosesdə vasitəçilik tarixində heç vaxt onlar Ermənistana münasibətdə birtərəfli mövqe tutmamışdılar. Ötən il aprelin 5-də cənab Blinken, xanım Ursula Fon der Lyayen, cənab Borell və cənab Paşinyanın iştirakı ilə Brüsseldə keçirilmiş çox qəribə görüşü xatırlamaq kifayətdir - ABŞ və Avropa siyasətçilərindən ibarət komandanın nəinki postsovet məkanının, dünyanın heç bir ölkəsi ilə indiyədək keçirmədiyi bir görüş. Bizdə kifayət qədər etibarlı məlumat var ki, razılaşdırılmış protokolun bir hissəsi hərbi potensialın artırılmasına həsr olunmuşdu. Biz bunun qarşısını almaq üçün bu məsələni əvvəlcədən qaldırmışdıq. Sonradan bu, sənədin mətnindən çıxarılmışdı. Lakin de-fakto bu mövcud idi. Buna əsaslanaraq qondarma “Avropa Sülh Fondu” silah almaq üçün Ermənistana ilk tranşını ayırdı. Blinkenin dövründə ABŞ-Azərbaycan münasibətlərinin pisləşməsində başqa mühüm bir amil Prezident Trampın səlahiyyətlərinin icrasına başlamazdan 5 gün əvvəl imzalanmış strateji tərəfdaşlıq bəyannaməsi oldu. Bu il yanvarın 14-də Vaşinqtonda Dövlət katibi Blinken və Ermənistanın xarici işlər naziri strateji tərəfdaşlığa dair bəyannamə imzaladılar - oğrular kimi tələsik. Yeni komandanın gəlişinə cəmi 5 gün qalmış, - siyasəti Prezident Tramp müəyyənləşdirəcəkdi, - bu nəyə lazım idi? Bu, cənab Blinkenin növbəti anti-Azərbaycan addımı idi. Mən buna çox təəssüflənirəm, çünki təmaslarımızın əvvəlində mən ona çox etimad edirdim. Lakin əfsuslar olsun ki, mən yanılmışdım. Qafqazda ayırıcı xətlər çəkmək, Azərbaycanı təcrid etmək, bizə qarşı ayrı-seçkilik etmək, Azərbaycan haqqında şayiələr yaymaq cəhdləri oldu. Bayden-Blinken komandası hakimiyyətdən gedən kimi, Azərbaycana qarşı bütün bu insinuasiyalar dərhal dayandırıldı. Onların “Washington Post”, “New York Times”, “Politico” və s. kimi bizə qarşı çox aqressiv olan, Prezident Trampın “feyk xəbərlər” adlandırdığı mediası Azərbaycan haqqında çirkin məqalələr dərc etməyi dərhal dayandırdı. Biz bilirdik ki, bu məqalələrin mənbəyi Dövlət Departamentidir. USAID-lə də bağlı vəziyyət eyni idi. İndi, yeri gəlmişkən, bizim Baş prokuror USAID-in qanunsuz fəaliyyətini araşdırır. Mənə ilkin araşdırma ilə bağlı artıq məlumat verilmişdir. Bu, anti-Azərbaycan fəaliyyətinin miqyasını, hökumətimizə xələl gətirmək, daxili işlərimizə müdaxilə etmək və qarışmaq səylərini nümayiş etdirir. Sənədlər hazır olan kimi biz onu Prezident Tramp administrasiyasına təqdim edəcəyik ki, onlar bu korrupsiyaya uğramış USAID və onun korrupsiyalaşmış rəhbərləri barəsində ciddi tədbirlər görə bilsin. Beləliklə, bu tarixdir və mən bu tarix barədə bəlkə də saatlarla danışa bilərəm, lakin indi ən mühüm olan odur ki, bəli, biz gözlədiyimizi artıq əldə etmişik ya yox? Mən deyərdim, bəli. Çünki, birincisi, ABŞ siyasətində anti-Azərbaycan trendi dayandırıldı və bu, artıq müsbət məqamdır. İkincisi, artıq Tramp administrasiyasının üzvləri ilə Azərbaycan nümayəndə heyəti arasında müxtəlif səviyyələrdə yüksəksəviyyəli təmaslar baş tutub, gündəlik çox səmərəli və qarşılıqlı şəkildə məqbul olub. Üçüncüsü, Tramp administrasiyasının gündəliyini nəzərə alsaq, biz münasibətlərimizdə bu dövrün tərəfdaşlığımızı gücləndirmək üçün çox yaxşı imkan olacağını gözləyə bilərik, həmçinin bizim birinci prezidentlik dövründə Tramp administrasiyası ilə işləməklə bağlı çox müsbət təcrübəmiz var. Bizim münasibətlərimizdə heç bir böhran yox idi. Bəli, münasibətlərimiz istədiyimiz kimi fəal deyildi, lakin bu, birinci prezidentlik dövrü idi. İndi Prezident Tramp və komandası Avropa İttifaqının ona qarşı riyakarlığını gördü, Avropa liderlərinin xanım Harrisi dəstəkləməklə ona qarşı sövdələşmənin arxasında necə durduğunu gördü, beləliklə, o, bunu öz üzərində hiss etdi. Ona görə də ikinci prezidentliyi dövrü, - əlbəttə ki, bu, mənim qiymətləndirməmdir, - birinci dövrlə müqayisədə daha fəal olacaq və daha çox diqqəti amerikalıların milli maraqlarına yönəldəcək. Amerikanın milli maraqları baxımından, bunu tam əminliklə deyə bilərəm: Azərbaycanla güclü əlaqələrin olması bu region üçün çox mühümdür. Çünki Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir. Qlobal Cənubun bir hissəsi olan, 4 il uğurlu sədrlik etdiyimiz Qoşulmama Hərəkatında güclü mövqeyə, artıq müzakirə etdiyimiz kimi Mərkəzi Asiya regionu ilə güclü əlaqələrə malik olan, imkanları, iqtisadi potensialı, enerji ehtiyatları olan, gücünü paradlarda deyil, döyüş meydanında nümayiş etdirmiş Ordusu olan və hər kəslə siyasi əlaqələri olan Azərbaycan ABŞ üçün çox mühüm tərəfdaş ola bilər. Biz bunun olmasını istəyirik. Biz bunun baş verdiyini görürük, eyni zamanda, başa düşürük ki, indi Prezident Tramp və komandası qlobal gündəlikdə duran daha aktual və mühüm məsələlərlə məşğuldur. Ona görə də biz yeni administrasiya ilə çox güclü, proqnozlaşdırılabilən, uzunmüddətli strateji əlaqələrə başlayacağımız və ya ola bilsin ki, yenidən başlayacağımız vaxtı gözləyirik.
Hikmət Hacıyev: Thembisa Fakude, Cənubi Afrika.
Thembisa Fakude: Təşəkkür edirəm. Sabahınız xeyir, cənab Prezident, bizi qəbul etdiyinizə görə təşəkkür edirəm. Bu, mənim Azərbaycana ikinci səfərimdir. Keçən dəfə Sizinlə Şuşada Qlobal Media Forumunda görüşmüşdük. Dəvətə görə bir daha təşəkkür edirəm. Ən azı Afrika nöqteyi-nəzərindən biz Azərbaycanın geosiyasi gücünü və Qoşulmama Hərəkatının rəhbərliyində iştirakını müşahidə edirik. Bu il Siz, həmçinin COP29-a rəhbərlik edirsiniz, biz hamımız bunu maraqla izləyirik. Lakin mühüm olan odur ki, Azərbaycan həm də Afrikadakı sosial, təhsil layihələrinə investisiya yatırır, sözsüz ki, bir çox afrikalılar buna çox sevinir. Bizim Afrikadan gələrək Azərbaycanda təhsil alan daha çox tələbəmiz var. Siz, həmçinin bəzi dövlət xidmətlərinin öyrədilməsi və peşəkarlaşdırılması baxımından təcrübənizi bölüşürsünüz. Bu, yüksək qiymətləndirilir. Lakin afrikalılar, - həm də xüsusilə mənim gəldiyim Afrikanın cənub hissəsində, - Azərbaycanın daha yaxından iştirakını istəyirlər. Sualım belədir və mən bu cavabı öz ölkəmə çatdırmalıyam. Sizin xüsusilə Cənubi Afrikada sosial, təhsil və digər akademik fəaliyyətinizi genişləndirməklə bağlı planlarınız varmı? Əgər varsa, bu hansı planlardır? Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. İlk növbədə, demək istərdim ki, Cənubi Afrika Afrika qitəsində bizim uzun illərdir səfirliyimizin olduğu az sayda ölkədən biridir. Bizim Afrikada çox səfirliyimiz yoxdur. Lakin səfirliklərin sayı artmaqdadır. Düşünürəm ki, Cənubi Afrika ilklərdən biri olub. Beləliklə, bu, bizim sizin ölkənizlə müxtəlif sahələrdə işləməyə olan böyük marağımızı nümayiş etdirir. Bəli, biz dəstəyimizə ehtiyacı olan Afrikadakı dostlarımızı hər zaman dəstəkləmişik. COVID pandemiyası zamanı biz 80-dən çox ölkəyə maddi və humanitar dəstək göstərmişik, həmin ölkələrin əksəriyyəti Afrika qitəsində olub. Biz müxtəlif vasitələrlə təhsil proqramlarını, tibbi proqramları dəstəkləmişik. Biz Afrikadan olan tələbələrə təqaüdlər veririk. Biz bunu dövlət vəsaiti hesabına, QHT-lər vasitəsilə, Azərbaycanın Xarici İşlər Nazirliyinin tərkibində olan beynəlxalq yardım üzrə agentliyi vasitəsilə edirik. Beləliklə, bütün bunlar həyata keçirilir. Bəli, biz daha fəal qarşılıqlı əlaqələrin olmasını istərdik. Düşünürəm ki, Afrika liderlərinin Azərbaycana builki səfərləri bu böyük qarşılıqlı marağı nümayiş etdirir.
Qoşulmama Hərəkatına gəlincə, biz dörd il ərzində bütün üzv ölkələrə çox yardım etdik. Biz Qoşulmama Hərəkatında yaxşı irs qoyduq. Çünki müəyyən mərhələdə bu hərəkat bir qədər zəifləməyə başlamışdı. Beləliklə, biz yeni dinamika gətirdik. Biz uğurla yaradılmış Parlament Platforması və Gənclər Platforması yaradılması təşəbbüsü ilə çıxış etdik. Beləliklə, bu, Azərbaycanın iki mühüm irsidir və biz Qoşulmama Hərəkatının institusional inkişafı və onun təşkilata potensial transformasiyası istiqamətində fəal işlədik. Bizim sədrliyimiz yekdilliklə dəstəkləndi. Biz 3 il müddətinə seçilmişdik, lakin sonra üzv dövlətlər sədrliyimizi daha bir il müddətinə uzatmağı qərara aldılar ki, bu da hərəkatın tarixində görünməmiş hadisədir. Beləliklə, yenidən yekdil qərarla Azərbaycanın sədrliyi uzadıldı. Bu onu göstərir ki, üzv dövlətlər arasında müəyyən ikitərəfli və ya çoxtərəfli anlaşılmazlıqların olmasına baxmayaraq, - hansı ki, başadüşüləndir – çünki 120 ölkə var, - Azərbaycana münasibətdə onların hamısı bizim rolumuzun qiymətləndirilməsində vahid mövqedən çıxış etmişdi. COP zamanı biz açıq şəkildə bəyan etdik ki, əsas hədəfimiz az inkişaf etmiş ölkələri, ekzistensial təhdidlə üzləşmiş ölkələri dəstəkləmək olacaq. Biz bunu etdik. COP-un nəticələrinə gəldikdə, - baxmayaraq ki, bilirəm məqsədi Azərbaycanın sədrliyini nüfuzdan salmaq olan bəzi qondarma ekspertlər deyirdilər ki, maliyyələşməyə nail olunmadı, - biz maliyyələşməni 100 milyard ABŞ dollarından qaldırdıq. Bütün COP-larda, COP28-də əldə olunan səviyyə 100 milyard idi. Ölkəmizdə keçirilmiş COP-da biz bunu 300-ə qaldırdıq. Beləliklə, bu, nailiyyət deyil? Əlbəttə ki, nailiyyətdir. Biz maliyyələşməni 3 dəfə artırdıq. Biz İnkişaf Etməkdə Olan Kiçik Ada Dövlətləri üçün xüsusi proqrama start verdik. Ekzistensial təhdidlərlə əlaqədar İnkişaf Etməkdə Olan Kiçik Ada Dövlətlərinə birbaşa dəstək məqsədilə Azərbaycan 10 milyon ABŞ dolları ayırdı, çünki iqlim dəyişikliyi hər kəs üçün problemdir, lakin onlar üçün söhbət onların həyatından gedir, söhbət onların gələcəyindən gedir. COP zamanı əldə olunmuş başqa mühüm bir nailiyyət karbon bazarının fəaliyyət göstərməsi ilə bağlı razılıq idi. Bu məsələ azı 10 il razılaşdırılmamışdı. Beləliklə, bizim sədrliyimiz sayəsində, bizə olan etimad sayəsində bu məsələ Azərbaycanda razılaşdırıldı. Həmçinin sözsüz ki, biz Qlobal Cənubla Qlobal Şimal arasında körpülərin qurulmasında mühüm rol oynadıq. Bu, bizim qarşımıza qoyduğumuz mühüm tapşırıqlardan biri idi. Bizim COVID-lə apardığımız mübarizə, COP-a ev sahibliyi etməyimiz, - yeri gəlmişkən, ilin sonuna qədər biz prezident olacağıq, - beləliklə, Afrika ölkələri ilə ikitərəfli təmaslar bizim gündəliyimizi aydın şəkildə nümayiş etdirir. Biz bir çox Afrika ölkəsində səylərimizə çox müsbət reaksiya müşahidə edirik. Bizim Afrika ölkələri ilə daha güclü əlaqələr qurulması istiqamətində xarici siyasətimiz artıq mənim tərəfimdən müəyyən edilib və təsdiqlənib. Faktiki olaraq, bu təşəbbüslə mən çıxış etdim. Bu mərhələdə biz daha fəal olmalıyıq.
İşğal və Ermənistanla münasibətlərimizlə bağlı artıq müzakirə etdiklərimizə gəldikdə, bütün işğal illəri ərzində bizim əsas xarici siyasət prioritetimiz ərazi bütövlüyünün bərpası olub. Bütün səylərimizin yekun hədəfi var idi - suverenliyin və ərazi bütövlüyünün bərpası. Ona görə də potensial xarici siyasət gündəliyimizdəki bir çox digər mühüm məsələlər arxa plana keçmişdi və bu, başadüşüləndir, çünki bu, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli ideyası idi. İndi bu məsələ həll olunduğuna görə, bizim dost hesab etdiyimiz, bəzi başqa qitələrdəki bəzi digər ölkələrdən fərqli olaraq Azərbaycana heç bir zərər verməmiş, dostluğu qiymətləndirən ölkələrlə daha güclü əlaqələrin qurulması üçün daha çox vaxtımız və daha çox imkanımız var. Biz sizin qeyd etdiyiniz həmin məsələlər, eləcə də digər məsələlər üzərində işləməyə hazırıq. Biz artıq mühüm məsələləri həll etmələri üçün Afrikadakı bəzi ölkələrə aşağıfaizli kreditlər vermək üzrəyik. Biz artıq Afrikada yaxın əlaqələrimizin olduğu bəzi ölkələr üçün investisiya portfelini hazırlayırıq. Beləliklə, bu, təkcə humanitar deyil, həm də biznes əlaqələri, investisiyalar və əlbəttə ki, siyasi münasibətlər olacaq.
Hikmət Hacıyev: Anton Deymoviç, Xorvatiya.
Anton Deymoviç: Sağ olun, cənab Prezident. Burada olmaqdan şərəf hissi duyuram. Mən Xorvatiyadanam.
İqtisadiyyat naziri cənab Cabbarovun Xorvatiyaya uğurlu səfəri oldu. Biz Azərbaycanı dəstəkləyən dost ölkəyik, çünki bizim də ərazimiz işğal altında olub. Biz sizi, xüsusən də indi, yəni uğurlu əməliyyatlardan sonra qəti şəkildə dəstəkləyirik ki, cəzasızlıq olmasın, Gəncə kimi şəhərə hücum etmiş hər bir hərbi cinayətkar mühakimə edilsin. Beləliklə, sualım mənim regionuma aiddir. Hazırda Albaniya qazlaşdırmaya milyardlarla sərmayənin yatırılmasını arzulayır. Çünki onlarda TAP boru kəməri var, lakin ölkə qazlaşdırılmayıb. Hazırda Xorvatiya öz qaz boru kəmərinin uzadılması məqsədilə Avropanın vəsaitlərini istifadə edir. Sizin fikrinizcə, Brüsselə Balkanlar üçün sərmayə planında həmin qazlaşdırma layihələrində iştirak etməyin vaxtının yetişməsi barədə danışmaq, Azərbaycanı, sadəcə, faydalı qazıntı və qaz platforması kimi deyil, o cümlədən tərəfdaş ölkə kimi qəbul etmək, onun yaşıl enerjisinə qapıları açmaq, regionla əməkdaşlıq etmək, eləcə də Azərbaycanın yenidənqurma və süni zəka layihələrində və digər işlərdə iştirak etmək fürsəti görünürmü? Sağ olun, cənab Prezident.
Prezident İlham Əliyev: Sağ olun. Elə indicə artıq qeyd etdiyim kimi, beş gün əvvəl Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü iclaslarını keçirdik. Bunlar bir neçə il öncə Azərbaycan və Avropa Komissiyasının himayəsi ilə irəli sürdüyümüz bizim təşəbbüs idi. Giriş nitqimdə ötən il Avropanın qaz bazarında nəyi etdiyimiz barədə məlumat verməklə yanaşı mən qeyd etdim ki, əgər Avropa maliyyə təsisatları və Avropa Komissiyası böyük həcmdə qazı almağı davam etmək və Azərbaycandan qaz təchizatını artırmaq istəyirlərsə, onda onlar iki mühüm məsələni həll etməlidirlər. Birincisi, təsisatların maliyyə siyasətidir. Bütün enerji layihələrimizdə, - istər neft, istər qaz olsun, - eləcə də hasilat və nəqlolunmada, korporativ maliyyələşmə ilə kreditə götürülən pul vəsaitləri arasında razılaşdırılmış nisbət var idi. Adətən 70 faiz kredit, 30 faiz isə korporativ pul vəsaitləri idi. Beləliklə, indi Avropa İttifaqı Azərbaycandan daha çox qaz istəyir və bu səbəbdən Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen 2022-ci ilin iyulunda Azərbaycana səfər etdi. O vaxt Avropa İttifaqı qaz təchizatından çox narahat idi və biz energetika sahəsində Strateji Tərəfdaşlıq haqqında Bəyannaməyə imza atdıq. Həmin vaxtdan etibarən, Avropa Komissiyasının müraciəti əsasında, biz Avropaya qaz təchizatını təxminən 60 faiz artırmışıq və bu, 2021-ci ildə 8 milyard kubmetrdən 2024-cü ildə 13 milyard kubmetrə çatdı. Beləliklə, bir çox Avropa ölkəsi, o cümlədən Xorvatiya Azərbaycan qazının alıcısına çevrildi. Hazırda mövcud yataqlardan ixrac üçün daha çox qazımız var və həmin yataqlarda işlənilmənin yeni fazasındayıq. Qaz hasil edilən yataqlar ilkin mərhələdədir. Əlavə bir neçə milyard kubmetr qazımız da olacaq, çünki biz yaşıl enerji stansiyalarını quracağıq və beləliklə, bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz qaza qənaət edəcəyik. Bir sözlə, bütün bu addımlar qaz təchizatımızı minimum 10 milyard kubmetrə qədər artırmaq potensialımızı formalaşdırır.
Daha çox təfərrüatlara varmaq istəməzdim. Lakin minimum dedikdə, mən hər qiymətləndirməm zamanı daha çox mühafizəkar olmağa çalışıram. Yəni, bu, ən kiçik minimumu təşkil edir. Nəqletmə infrastrukturu olan Cənub Qaz Dəhlizinin buraxma qabiliyyəti tam dolub, əlavə yer yoxdur, o genişləndirilməlidir. Lakin yenə sual yaranır: necə? Kredit vəsaitləri və korporativ vəsaitlər hesabına. Burada biz belə bir nöqtəyə gəlib çıxırıq: Avropa İnvestisiya Bankı faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini tam dayandırıb. Bu, strategiyadır və hamımız bilirik ki, həmin Bank Avropa Komissiyasına tam inteqrasiya olunub. Özünün faydalı qazıntı səhifəsini rəsmən tam bağlamasa da, Avropa Yenidənqurma və İnkişaf Bankı həmin sahə üçün çox kiçik hissə saxlayır. Bu ilin yanvarında Davosda bu bankın prezidenti ilə söhbət zamanı mən həmin məsələni qaldırdım. Mən bir neçə gün əvvəl, Almaniya Prezidentinin səfəri zamanı da bu məsələni qaldırdım, çünki Avropanın aparıcı ölkəsi kimi Almaniya həmin siyasətə təsir etmək üçün bir çox vasitələrə malikdir. Aprelin 4-də Məşvərət Şurasında çıxışım zamanı bu məsələni açıq qeyd etdim. Sonra Avropanın enerji komissarı ilə də görüş zamanı bu məsələni qaldırdım. Bir sözlə, bu, bir nömrəli məsələdir. Faydalı qazıntıya tətbiq edilən embarqo aradan qaldırılmalıdır. Onların yubanmaması üçün bir baxsınlar ki, Prezident Tramp faydalı qazıntı ilə bağlı nə edir!
İkinci mühüm meyar uzunmüddətli müqavilələrdir. Avropa İttifaqı bir tərəfdən bəyan edir ki, 2050-ci ildə onlar karbon baxımından neytral olacaq, digər tərəfdən isə məndən sərmayə qoymağı və daha çox qaz hasil etməyi xahiş edir. Beləliklə, həmin qaz nə vaxt və haraya nəql olunacaq? Əgər qazı bizdən əldə etməsəniz, onda mən niyə sərmayə yatırmalıyam və ya nəyə görə sizin bazarınıza əsas bazar kimi baxmalıyam? Bəli, qanunvericilik, qaydalar, prosedurlar, qarşılıqlı bağlantılar və bütövlükdə, qiymət baxımından, Avropa İttifaqının bazarı premium hesab edilir. Lakin başqa bazarlara nəzər salsaq, qonşuluğumuzda Azərbaycan qazına tələbat var. Biz təkcə Qərbə deyil, həmçinin Şərqə və Cənuba baxa bilərik. Beləliklə, bu, Azərbaycanın qaz sənayesinin gələcək inkişafı, Avropanın enerji təhlükəsizliyi üçün vacibdir.
Avropanın enerji təhlükəsizliyi problemləri bizə məlumdur. Hazırda onların təhlükəsiz şəraitdə olmasına baxmayaraq, orada sənayenin tələbatları bizə bəllidir. Hətta yaşıl enerjiyə olan tələbatı da bilirik. Yaşıl enerjiyə böyük sərmayələrin yatırılmasına baxmayaraq, Avropa İttifaqında yenə də elektrik enerjisi çatışmır və bu məqsədlə hazırda Azərbaycandan Qara dənizin dibi ilə Rumıniyaya çəkiləcək yaşıl enerji kabeli üzərində işləyirik. Yeri gəlmişkən, dörd qiqavat yalnız başlanğıcdır. Beləliklə, Avropa Komissiyasında əyləşənlər gözlərindən eynəyi çıxarsınlar və dünyaya realist nöqteyi-nəzərdən baxsınlar, Azərbaycan kimi ölkələri dəyərləndirsinlər və Qafqazı sevdikləri ilə sevmədiklərinə bölməyə cəhd etməsinlər, yaxşı tərəfdaş kimi davransınlar. Biz buna hazırıq.
Xorvatiyaya gəldikdə, biz ötən il həmin ölkəyə qazı təchiz etməyə başladıq. Hazırda qaz təchizatımız 12 ölkəni əhatə edir, onlardan 10-u Avropa ölkəsidir, sonunculardan 8-i isə Avropa İttifaqının üzvüdür. Siz, həmçinin Albaniyanın qazlaşdırılmasını qeyd etdiniz. Sadəcə, sizi məlumatlandırmaq istərdim ki, Albaniyanın Korça şəhərində qazlaşdırma layihəsi Azərbaycan sərmayələri sayəsində həyata keçiriləcək. Beləliklə, o, artıq razılaşdırılıb. Alban hökuməti həmin şəhəri seçdi və düşünürəm ki, bu il biz qazlaşdırmağa sərmayə yatırmağa başlayacağıq. Bu sahədə təcrübəmiz var. Biz Gürcüstanın qazlaşdırılmasına artıq böyük sərmayələr yatırmışıq, düşünürəm ki, indi orada qazlaşdırmanın səviyyəsi təxminən 80 faiz təşkil edir. Biz öz vəsaitlərimizlə başladığımız zaman həmin səviyyə 30 faiz təşkil edirdi. Hazırda Bolqarıstanda qazlaşdırma layihəsini müzakirə edirik. Əslində, həmin ölkədə qazlaşdırma var, lakin məhduddur. Bu gün Bolqarıstan öz qaz istehlakının təxminən 50 faizini Azərbaycandan təmin edir və biz digər ölkələrdə də eyni addımı atmağa hazırıq. Yeri gəlmişkən, Xorvatiyaya gəldikdə, işimiz yalnız qazlaşdırmanın və ya qaz təchizatının müzakirəsi ilə məhdudlaşmır. Energetikaya aid digər məsələlər də var. Sağ olun. Bu suala görə minnətdaram, çünki mən həmin mühüm məsələni Avropadakı tərəfdaşlarımızın diqqətinə bir daha gətirə bildim.
Hikmət Hacıyev: Ömər Aşur, Qətər və Birləşmiş Krallıq.
Ömər Aşur: Çox sağ olun, cənab Prezidenti. Burada olmaqdan məmnunam və mənim üçün şərəfdir. Bizi qəbul etdiyinizə görə təşəkkür edirəm. Mən Sizi həm ərazilərin azad edilməsi, həm dünən gördüyümüz yenidənqurma işləri ilə bağlı bir daha təbrik edirəm. Mən Qətərdəki Doha İnstitutunu və eyni zamanda, Birləşmiş Krallığın Ekseter Universitetini təmsil edirəm. Sualım Ukrayna ilə bağlıdır. Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı Azərbaycanın mövqeyi nədən ibarətdir? Hazırda müharibə vəziyyəti demək olar ki, 12 ildir davam edir. Müharibə həm qlobal, həm regional məsələlərə, o cümlədən Qafqaz, Avropa, Orta Şərq, hətta Hind və Sakit okean regionlarına təsir göstərir. Böyük hərbi və diplomatik nailiyyətləri əldə etmiş ölkənin Prezidenti kimi həmin müharibənin sonunu necə görürsünüz? Sağ olun.
Prezident İlham Əliyev: Birincisi, Rusiya ilə Ukrayna arasında müharibə ilə bağlı mövqeyimizə gəldikdə, biz hər zaman Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməkdə davam edəcəyik. İşğaldan və öz ərazi bütövlüyünün pozulmasından əziyyət çəkmiş ölkə kimi, biz, əlbəttə, həmin vəziyyəti tam anlayırıq. Bir sözlə, kimdən soruşsanız, deyəcək: “Biz istəyirik ki, müharibə dərhal dayansın”. Bəli, biz də istəyirik. Lakin əsas sual ondan ibarətdir ki, həmin atəşkəs, daha doğrusu, potensial atəşkəs və əgər belə demək olarsa, müvəqqəti atəşkəs dayanıqlı olacaqmı? İki açıq müharibədən keçmiş və onların arasında olan dövrü görmüş ölkə kimi deyə bilərəm ki, atəşkəs heç zaman müharibəni dayandırmır. Heç vaxt. Bizim məsələdə də bu, baş vermədi. Bu, ölkələrə, sadəcə, yenidən qruplaşmaq, səfərbər olunmaq və yenidən başlamaq üçün müvəqqəti fürsətdir. İkincisi, atəşkəs hansı mənada olacaq? O da vacibdir, çünki onun şərtləri müharibəni dayandırmaq arzusunda olanlar üçün çox vacibdir ki, onlar nə haqda danışıldığını aydın anlasınlar. Hamı deyir, mən istəyirəm müharibə dayansın. Bəli, gəlin bunu alqışlayaq. Bəs sonra necə? Dayandırmaq – hansı mənada? Yəni, topdan atəş, hava bombardmanı, snayper atəşi, təxribat qrupları olmayacaq? O, hansı mənada olacaq? Rusiya ilə Ukrayna qoşunları arasında təmas xətti bizimki ilə müqayisədə xeyli uzundur. Bəli, bu gün fərqli görünür. Bizə gəldikdə, təmas xətti Ermənistanın xeyli xeyrinə idi, çünki təbiətin relyefi onlara üstünlük verərək onları qoruyurdu və əslində, işğalı davam etdirməyə şərait yaradırdı. Üstəgəl, 26 illik atəşkəs dövründə, onlar bəzən beş, bəzən altı və hətta ondan çox səngər, tikanlı məftil və mina zolaqları kimi istehkam xətlərini yaratmışlar. Hər həftə mina partlayışına görə bizim itkilərimiz olur. Təxminən 400 şəxs minaya düşüb. Onlardan 70-dən çoxu həyatını itirib, qalanları ciddi bədən xəsarəti alıb. İnsanlar Ukraynada atəşkəs və ya sülh haqqında danışanda onlar qoşunlara nəzarət etməyin nə dərəcədə çətin olduğunu anlayırlarmı? Ukrayna və Rusiya ordularında nizam-intizam səviyyəsi nə yerdədir? Bilmirəm. Bəlkə də bilirəm, lakin şərh vermək istəmirəm. Azərbaycan Ordusunda nizam-intizam səviyyəsi yaxşı məlumdur. Biz Ali Baş Komandanın bircə əmri ilə Xankəndinin yaxınlığında dayandıq. Digər tərəfdən, həmin təmas xətti təhlükəsiz və etibarlı olacaqmı? Vasitəçi olmağı arzulayan dairələr həmin təmas xəttində beynəlxalq sülhməramlıları tələb edəcəklərmi? Onlar işğal illəri ərzində bunu bizdən tələb etdilər. Birləşmiş Ştatlar, Rusiya və Fransanın ümumi mesajlarından biri təmas xəttinə, belə demək olarsa, sülhməramlıların gətirilməsi idi. Bu, nə deməkdir? Bu o deməkdir ki, onlar bizdən işğal ilə barışmağı istəyirdilər. Əgər işğal olunmuş yerlərdə sülhməramlı təmas xəttinə gəlirsə, bu o deməkdir ki, siz öz ərazinizlə vidalaşmalısınız və ən azı, mən bildiyimə görə, heç bir ölkə ərazi bütövlüyü ilə güzəştə getməyi və sülh müqabilində özünün beynəlxalq səviyyədə tanınmış ərazisini qurban verməyi Ukraynadan gözləməyi razılaşmayacaq. Düşünürəm ki, bu, ədalətli və realist görünmür, çünki “gəlin müharibəni dayandıraq” kimi yaxşı sözləri söyləmək işin bir hissəsidir. Onun digər hissəsi, daha dərinə baxmaq və yaxın vaxtlarda müharibədən çıxmış ölkələrdən soruşmaq ki, dayanıqlı sülhü qurmaq üçün hansı razılaşmalar lazımdır? 1994-cü ilin mayından Ermənistanla atəşkəs olduqdan sonra müharibə heç zaman dayanmamışdır. Müxtəlif toqquşmalar olmuşdur. Daha sonra, 2016-cı ilin aprelində biz ermənilərə göstərdik ki, onlar ərazilərimizdən çıxmalıdır və biz genişmiqyaslı hərbi əməliyyatlara girmək istəmədik. Bu səbəbdən, o, cəmi üç gün çəkdi. Lakin biz onlara göstərdik ki, ərazilərimizi azad edə bilərik və kiçik də olsa azad etdik. Lakin onlar bundan dərs çıxarmadılar. Sonra isə digər bir neçə hadisə oldu. 26 il ərzində snayper müharibəsi heç zaman dayanmadı və hətta indi Ermənistan tərəfindən sərhədimizdə çoxsaylı atəşləri görə bilərsiniz və bizimkilər atəş açanda, bu, yalnız cavab atəşi olur. Ermənistan ordusunda nizam-intizam çox aşağıdır. Onlar orduda heç zaman xidmət keçməmiş şəxsləri və ya 30 il əvvəl xidmət keçmiş şəxsləri çağırırdılar. Mülki şəxslərdən ibarət yaraqlı qruplarını, veteran qruplarını yaradırdılar. Adi orduda xidmət keçməmiş şəxsləri cəlb edirdilər, çünki Ermənistanda insan ehtiyatları çatışmırdı. Bir sözlə, bütün bu suallar, əlbəttə ki, böyük mövzuya aiddir və bu haqda biz saatlarla danışa bilərik. Lakin əsas məsələ yenə də həll olunmasa, bunun nəticəsi olmayacaq. Şəxsən mən realist olaraq, yaxın gələcəkdə Ukrayna ilə Rusiya arasında sülh üçün hər hansı perspektivi görmürəm. Rusiya işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi bəyan edib. Onlar bundan necə geri çəkilə bilərlər? Ukrayna, o cümlədən bütün dünya həmin işğal olunmuş əraziləri Ukraynanın hissəsi hesab edir. Azərbaycan da onları Ukraynanın hissəsi hesab edir. Onda necə qurban verə bilər və deyə bilər ki, ərazilər Ukraynanın deyil? Əgər bu baş verərsə, onda belə çıxır ki, mən beynəlxalq siyasətdə nəyi isə başa düşmürəm. Əfsuslar olsun ki, müharibələr yekun kapitulyasiya aktı olanda bitir. Bizim Xorvatiyadan olan dostumuz qeyd etdiyi kimi, onlar öz ərazisini azad etdi, sərhədə çıxdı və dayandı. Biz də eyni addımı atdıq. Öz sərhədimizə çıxıb dayandıq. Real dünyada müharibə bu cür bitir.
Hikmət Hacıyev: Səfir Hulusi Kılıç, Türkiyə.
Hulusi Kılıç: Çox sağ olun cənab Hacıyev. Zati-aliləri, cənab Prezident, Sizin mühüm iştirakınızla bu konfransda olmaq böyük şərəfdir. Mən Zati-aliləri səfir Paşayevə və onun dəyərli komandasına bu cür mühüm konfransa məni dəvət etdiklərinə görə minnətdaram. ADA Universiteti hazırkı mövzuya həsr olunmuş mühüm beynəlxalq konfransı bu regionda təşkil edən yeganə təsisatdır. Cənab Prezident, fəxr edirəm ki, müharibədə tarixi Zəfəriniz və 23 saatlıq antiterror əməliyyatı ilə Siz nəsillər üçün tarix yazdınız. Onlar Sizi və Sizin irsini Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.


