Prezidentin BMT yə tarixi səfəri
525.az saytına istinadən Icma.az xəbər verir.
Pərvanə SULTANOVA
[email protected]
Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 80-ci yubiley sessiyası davam edir. "Birlikdə işləmək: sülh, inkişaf və insan hüquqları naminə 80 illik birgə iş və gələcəyə gedən yol" mövzusuna həsr olunmuş sessiya dünya gündəminin əsas hadisəsi olaraq qalır. Azərbaycan Prezidenti İlham Əliyev yubiley iclasında iştirak edir.
Azərbaycan 2 mart 1992-ci il tarixində BMT-yə üzv qəbul olunub və daim təşkilatın Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirib, BMT-nin əsas istiqamətlərindən olan Dayanıqlı İnkişaf Məqsədlərinin irəlilədilməsi, beynəlxalq sülh və təhlükəsizliyə öz töhfəsini verib, BMT Baş Assambleyasının illik ümumi müzakirələrində ən yüksək səviyyədə iştirak edib.
Ümummilli lider Heydər Əliyev ilk dəfə 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında çıxış edib, daha sonra 1995-ci ilin oktyabr ayında BMT-nin 50 illiyinə həsr olunmuş xüsusi iclasda, 2000-ci ilin sentyabr ayında BMT-nin Minillik Zirvə toplantısında çıxış edib.
Prezident İlham Əliyev bundan əvvəl 2003-cü ildə Azərbaycanın Baş naziri qismində, 2004, 2010 və 2017-ci illərdə isə Azərbaycan Prezidenti kimi Baş Assambleyada çıxış edib. Bununla yanaşı, İlham Əliyev 2020-ci ildə BMT Baş Assambleyasının 75-ci və 2021-ci ildə 76-cı sessiyasında onlayn formatda nitq söyləyib.
2012-2013-cü illərdə ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzvlüyü çərçivəsində 2012-ci ilin may ayında İlham Əliyev Təhlükəsizlik Şurasının iclasına sədrlik edib.
2013-cü ilin oktyabr ayında Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi çərçivəsində, BMT ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında əməkdaşlığın təşviqinə həsr olunmuş yüksək səviyyəli iclası keçirilib ki, bu da Təhlükəsizlik Şurasının tarixində İƏT-ə həsr olunmuş ilk iclas olub.
Azərbaycanın BMT-nin bir sıra mühüm tədbirlərinə ev sahibliyi edib, 2016-cı ildə Sivilizasiyalar Alyansı üzrə Qlobal Forum və ötən il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29 Bakıda keçirilib.
Dövlət başçısının budəfəki sessiya çərçivəsində dünyanın siyasi liderləri, eyni zamanda nəhəng maliyyə qurumlarının rəhbərləri ilə qarşı tərəfin müraciətləri əsasında keçirdiyi çoxsaylı görüşləri Azərbaycanın beynəlxalq arenadakı artan rolunun, nüfuzunun göstəricisidir. Bu görüşlər yalnız adi diplomatik protokol yox, ölkəmizin regiondakı imici və yeri, irəli sürdüyü sülh təşəbbüsləri, iqtisadi əhəmiyyəti və qlobal tərəfdaşlıq potensialının beynəlxalq səviyyədə təsdiqidir. Sessiya çərçivəsində çıxış edən liderlər Cənubi Qafqazda sülhün əldə olunmasını alqışlayırlar ki, bu da birbaşa Azərbaycanın səylərinin nəticəsidir. Çünki ölkəmiz müharibənin başa çatdığı təxminən beş ilə ərzində sülh təşəbbüsləri ilə çıxış edib, sülh sazişi layihəsini hazırlayıb və onun irəli aparılmasında mühüm addımlar atıb. Əgər Azərbaycanın səyləri, qətiyyəti olmasaydı, bu gün indiki nəticələri əldə etmək mümkün olmayacaqdır. Bakı 8 avqust tarixində Vaşinqtonda əldə edilmiş razılaşmalara sadiqliyini dəfələrlə bəyan edib. Bu mənada səfər zamanı prezidentlər İlham Əliyevlə Donald Trampın səmimi dialoqu da diqqətçəkən məqamlardan biri olub. Bu dialoq bir daha ABŞ liderinin Prezident İlham Əliyevə münasibətini, Azərbaycanla əməkdaşlığa verdiyi əhəmiyyəti göstərmiş oldu. Söhbət zamanı ABŞ lideri bölgədəki vəziyyətlə maraqlanıb və Azərbaycan Prezidenti İlham Əliyevlə fəxr etdiyini deyib: "Mən Sizinlə, həqiqətən, fəxr edirəm. Siz çox gözəl insansınız".
Prezident İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı deyib ki, Vaşinqton sammiti, həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir: "Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunu Prezident Donald Tramp ilə birgə imzaladıq. Bu, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır".
Azərbaycan lideri səfər zamanı Finlandiya, Yunanıstan, Keniya, Portuqaliya, Bolqarıstan liderləri, Avropa Şurasının baş katibi ilə görüşlər keçirib, bütün bunlar Cənubi Qafqazda sülh və sabitlik təşəbbüskarı kimi mövqeyini daha da gücləndirmiş Azərbaycana olan marağın göstəricisidir. Azərbaycan regionun əsas dövlətidir, gücüdür, dünya dövlətləri bunu yaxşı anlayır, ölkəmizin yaratdığı yeni reallıqları qəbul edirlər.
Prezidentin beynəlxalq təşkilatlar və ABŞ-nın böyük investisiya şirkətlərinin rəhbərləri ilə görüşləri Azərbaycanın enerji və investisiya potensialına marağı ortaya qoyur.
Prezident İlham Əliyev "Brookfield Asset Management"in baş icraçı direktoru Brüs Flətt, "Neuberger Berman" şirkətinin rəhbəri Corc Volker və "Blackstone" şirkətinin prezidenti Conatan Qreylə ayrı-ayrılıqda danışıqlar aparıb. Bu şirkətlər dünyanın aparıcı qurumlarından hesab olunurlar. Aparıcı şirkətlərin Azərbaycana sərmayə qoyuluşuna marağının artması böyük əhəmiyyət kəsb edir, eyni zamanda Azərbaycanla əməkdaşlıqda maraqlarını göstərir.
Qlobal infrastruktur investisiya idarəetmə şirkəti "Global Infrastructure Partners"in təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə görüşdə isə infrastruktur sahəsində beynəlxalq tərəfdaşlıq imkanları və bu sahəyə yönələn birgə investisiyaların regional iqtisadi əlaqələrin genişləndirilməsində rolu müzakirə edilib.
Qeyd edək ki, "Global Infrastructure Partners" şirkəti 2006-cı ildə ABŞ-də təsis edilib. Hazırda təxminən 170 milyard ABŞ dolları məbləğində aktivləri idarə edən şirkətin Nyu-York, London, Sinqapur, Sidney və digər qlobal maliyyə mərkəzlərində ofisləri fəaliyyət göstərir. "Global Infrastructure Partners"in nəzarət etdiyi bərpaolunan enerji sahəsindəki şirkət ABŞ-də bu sahədə aparıcı şirkətlərdən biridir.
Nyu-Yorkda İlham Əliyev, həmçinin dünyanın ən iri və nüfuzlu qlobal investisiya menecerlərindən biri olan "Franklin Templeton" şirkətinin baş icraçı direktoru və prezidenti Cenni Conson ilə görüşüb. 1947-ci ildə ABŞ-də təsis edilən "Franklin Templeton" hazırda təxminən 1,6 trilyon ABŞ dolları həcmində aktivləri idarə edir. Şirkətin 30-dan çox ölkədə 70-ə yaxın ofisi var və 170-dən çox ölkədə 1000-dən artıq müştərək fond və genişçeşidli investisiya məhsullarını idarə edir.
Prezident İlham Əliyev Nyu-Yorkda "Ares Management" qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Maykl Aruqeti ilə də görüşüb. Bu şirkət də kredit, daşınmaz əmlak, özəl səhm və infrastruktur sahələrində fəaliyyət göstərir.
Dövlət başçısının siyasi liderlərlə görüşlərində Azərbaycan-Ermənistan arasındakı sülh müqaviləsi təqdir olunub, sülh gündəliyinin təşəbbüskarı olan Prezident İlham Əliyevin mövqeyini və qlobal təhlükəsizlikə töhfəsi vurğulanıb.
Onu da qeyd edək ki, Azərbaycan BMT çərçivəsində humanitar, insan hüquqları, iqtisadi və mədəni məsələlərlə bağlı qəbul olunmuş bir sıra mühüm qətnamələrin əsas müəllifidir, COVID-19 pandemiyasına qarşı qlobal fəaliyyətin səfərbər olunması və peyvəndlərə ədalətli və bərabər çıxışın təmin edilməsi istiqamətində ölkəmiz ön sırada yer almışdı.
Azərbaycanın BMT-nin humanitar fəaliyyətinə hər zaman öz töhfələrini verib, müxtəlif münaqişə zonalarına humanitar yardımlar, təbii fəlakətlərin aradan qaldırılmasına maliyyə vəsaiti ayırıb. Donor ölkə kimi indiyədək 140-dan artıq xarici ölkəyə humanitar yardım göstərib. COVID-19 pandemiyası dövründə Azərbaycan 80-dən çox ölkəyə maliyyə və humanitar dəstək verib.
BMT-Azərbaycan münasibətlərindən danışanda, Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar qəbul etdiyi 4 qətnamə, 7 dəfə sədrin bəyanatı, Baş Assambleya "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı iki qətnaməsi xatırlanır. Təəssüf ki, TŞ-nın bu qətnamələri BMT, habelə Təhlükəsizlik Şurasının daimi üzvləri tərəfindən deyil, Azərbaycanın özü tərəfindən icra edildi.
Prezident BMT Baş Assambleyasındakı çıxışında bununla bağlı deyib: "Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olundu. Təəssüf ki, bu qətnamələr heç vaxt icra edilmədi. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadı... Otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. Biz mülki şəxslərin mühafizəsini təmin etdik, qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi.
2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü.
Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi. Biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi".
Onu da qeyd edək ki, BMT Baş katibinin 9 avqust 2025-ci il tarixli bəyanatında ABŞ Prezidentinin şahidliyi ilə Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasında imzalanmış çərçivə sazişini Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm bir mərhələ kimi alqışlayıb.
Dövlət başçısının bu səfəri bir daha onu nümayiş etdirdi ki, Azərbaycana beynəlxalq miqyasda böyük maraq, rəğbət var. Ölkəmizlə əməkdaşlıq etmək istəyən dairələrin sayı günü-gündən artmaqdadır. Təbii ki, bütün bunlar beynəlxalq müstəvidə Azərbaycan liderinin nüfuzunun təsdiqidir.


