Professor Kəmran İmanovdan erməni saxtakarlıqları ilə bağlı sərt açıqlama
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Xalqın maddi-mədəni irsinin qorunması məsələləri dövlət sərhədlərinin müdafiəsi, dövlət atributlarına hörmət qədər əhəmiyyətlidir. Bu istiqamətdə əsas vəzifələrdən biri əsrlər boyu yaradılmış mədəniyyət abidələrinin, arxivlərin, incəsənət əsərlərinin sırf fiziki qorunması ilə yanaşı, onların digər xalqlar tərəfindən məqsədyönlü şəkildə mənimsənilməsinin qarşısının alınmasıdır. Bununla yanaşı, təkcə xalqımızın mədəniyyətinin konkret elementləri deyil, bütöv tarix təbəqələri də saxtalaşdırılır. Məqsəd birdir - uydurma tarix hesabına bütün dünyaya öz seçilmişliyindən danışmaq, başqa xalqın əməyini, əsərlərini mənimsəmək.
Azərbaycan alimləri konkret tarixi faktlar əsasında apardıqları tədqiqatlarda Ermənistanın uydurma tarix salnaməçilərinin cəhdlərinə hər zaman layiqli cavab veriblər. Bu istiqamətdə Azərbaycan Əqli Mülkiyyət Agentliyi də böyük iş aparır. Agentliyin İdarə Heyətinin sədri, professor Kəmran İmanov beynəlxalq konfranslarda, təqdimatlarda və bu mövzuda yazdığı kitablarda Qafqazda ermənilərin avtoxtonluğu barədə çoxdankı arzularına cavab verən ölkə tarixini yaratmağa çalışan erməni alimlərinin fəaliyyətini inandırıcı şəkildə ifşa edir.
Professor Kəmran İmanovun intellektual oğurluqların ifşasına həsr olunmuş tədqiqatlarının səciyyəvi xüsusiyyəti hüquqi və linqvistik-etimoloji əsaslandırma ilə yanaşı, etnotarix və etnomədəniyyətə geniş ekskurs etməsidir. Alim dünyanı uydurmalarla dolduran erməni mifologiyasına xüsusi diqqət yetirir.
AZƏRTAC-ın müxbiri ilə söhbətində professor maddi-mədəni irsin, xalqın intellektual nailiyyətlərinin qorunmasının əhəmiyyətindən danışaraq deyib: "Əqli mülkiyyət hüquq, mədəniyyət, elm və texnologiyalar, o cümlədən informasiya texnologiyalarının kəsişməsində yerləşən fənlərarası sahədir.
Tarixi, etno-coğrafi hadisələr geniş mənada başa düşülən bu və ya digər mədəniyyətin qoyub getdiyi izlərdir. Bu, hər bir xalqa, şübhəsiz ki, bizim Azərbaycan xalqına da aiddir. Bizə gəlib çatmış mədəniyyət izləri, keçmişin faktları, hadisələri, narrativləri və şəhadətləri mədəni ənənələrin tərkib hissələridir. Yəni elə bir keçmişdir ki, onsuz bu günün gələcəyi yoxdur. Azərbaycanlı əcdadlarımızın keçmişdə yaşadıqları hər şey Azərbaycan xalqına məxsusdur və onun mədəni mülkiyyətidir. Məhz bu mənbələrdən əqli mülkiyyət kimi qorunaraq dastanlarımız, folklorumuz, ənənəvi biliklərimiz və digər irsimiz yaranıb. Mədəni ənənələrin müxtəlif formalarının xüsusiyyəti ondan ibarətdir ki, onlar keçmişdə tərəqqi idi, eynilə bugünkü tərəqqi gələcəyin ənənəsinə çevriləcək.
Hay-erməni saxtakarlıqlarının, yəni uydurmaların, fərziyyələrin, saxtalaşdırmaların və saxta nümunələrin, eləcə də onların müşayiət etdiyi özgə əqli mülkiyyətinin mənimsənilməsi ənənəsinin genezisinə gəldikdə isə qeyd edim ki, bunlar, bir qayda olaraq, müxtəlif yalançı mifologemlərə əsaslanır və intellektual oğurluqlarla sıx qarşılıqlı əlaqədə olan hay-erməni mifomaniyasını doğurub. Belə ki, mifologemlər uydurma süjetlər vasitəsilə adətən hay-ermənilərin əzəmətini şişirdir və mövcud olmayan keçmişi yalançı reallıqla əvəz edir, eyni zamanda yeni mifik "reallıqların" yaradılmasına xidmət edir. Əqli və mədəni oğurluqlar isə qeyri-maddi və maddi obyektlərdən hay-erməni mifologemlərinin "reallığının" "sübutu" kimi istifadə edilməsinə xidmət etməlidir. Bildiyiniz kimi, "bəziləri bilərəkdən və qəsdən yalan danışır, digərləri isə aldadılaraq bu yalanı yayırlar". Bununla da əsrlər boyu formalaşmış hay-erməni plagiat və qonşuların mədəni irsinin intellektual oğurlanması sxemi regionun tarixi fantomları və tarixinin qəsdən təhrif edilməsi ilə sıx bağlıdır və nəticədə bunların hamısı hay-ermənilərin Qafqazda heç vaxt mövcud olmayan avtoxtonluğunun "sübut edilməsinə" və bunun nəticəsi kimi "çox əziyyət çəkmiş" etnosun "itirilmiş ərazilərlə" bağlı ərazi iddialarına gedib çıxır.
Buna görə də bizim irsimiz əqli mülkiyyət hüququnun səlahiyyət və nüfuzu, eləcə də vətəndaşlıq borcumuzla qorunmalıdır, qorunur və qorunacaq".
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Ermənistanın yalançı təbliğatına qarşı informasiya hücumuna keçməliyik".
Bu sözlərə uyğun olaraq, hay-erməni mifologemlərinə, saxtakarlıqlarına, uydurmalarına və intellektual oğurluqlarına qarşı mübarizədə müdafiə mövqeyindən imtina edərək hücum mövqeyi tuturuq".
AZƏRTAC professor Kəmran İmanovun üzərində işini bir neçə gün əvvəl başa çatdırdığı "Qafqaz Albaniyası sakinlərinin etnotarixinə dair" kitabının dərcinə başlayır.
Х Х Х
I FƏSİL
Giriş: Qafqaz Albaniyası haqqında tarixşünaslıq və bəzi mənbələr
Girişdə Qafqaz Albaniyasının əhalisi və onun mədəni irsinin mənsubiyyəti ilə bağlı təsəvvürlərin hansı şəhadətlərə əsaslandığı məsələsi qoyulur. Müəllif Aqafangel, Yegişe və Movses Xorenatsinin əsərləri, eləcə də "Erməni coğrafiyası" ("Aşxaratsuyts") nümunəsində qorunub saxlanmış siyahıların tarixləndirilməsinin, mətnlərin mübahisəli müəllifliyinin və tərcümələr arasındakı fərqlərin hadisələrin şərhinə və qədim ərazilərin lokalizasiyasına necə təsir etdiyini araşdırır. A.Akopyanın əsərinin iki nəşrini müqayisə edərək müəllif Artsax və Utikdə alban özünüdərkinin bu ərazilərin inzibati və kilsə baxımından ayrılması nəticəsində "yerli" hay-erməni əhali arasında formalaşması barədə nəticəni mübahisələndirir. Musa (Movses) Kalankatuklunun (Kalankatuklu) yepiskop İsrailin hunları xristianlaşdırmaq məqsədilə onların yanına missionerlik səfəri haqqında məlumatında müəllif alban katolikosunun hakimiyyətinin və müstəqilliyinin hüdudlarına, onun erməni katolikosuna tabe olmamasına, Qarabağ məliklərinin Rusiya sarayına yazdıqları, son orta əsrlərə aid məktublarda isə "Aqvan" adının işlədilməsinin davam etməsinə diqqət çəkir. Siyasi, kilsə və etnik mənsubiyyəti fərqləndirən müəllif alban tarixi ənənəsinin müstəqilliyini və onun Azərbaycan tarixi üçün əhəmiyyətini müdafiə edir.
Ermənilərin qonşulara qarşı ərazi iddiaları hay-ermənilərin Qafqazda avtoxtonluğunu sübut etmək və bunun nəticəsi olaraq onların maddi və qeyri-maddi mədəni irsini "sübut bazası" kimi mənimsəmək istəyindən irəli gəlir. Hay-ermənilər tərəfindən alban dövlətçiliyinin ümumiyyətlə mövcudluğunun inkar edilməsi, son nəticədə isə VII-XII əsrlərdə alban etnosunun deetnikləşdirilməsi və hay-ermənilərə reduksiya olunması, nəhayət, maksimum proqram kimi bu etnosun hay-ermənilərlə əvəzlənməsi yolu ilə mövcudluğunun inkar edilməsi - hay-erməni milli tarix elminin təsəvvürlərinin spektri belədir. Bu məqsədlə hay-erməni ənənəsində özgə mədəni ənənələrinin mənimsənilməsi yalan məlumatlar, hadisələrin və tarixi faktların saxtalaşdırılması, dəyişdirilməsi və təhrif edilməsi və s. ilə zənginləşdirilir.
Ermənişünaslığın ən böyük nümayəndələrindən biri, erməni mənşəli tanınmış alim, Miçiqan və Çikaqo universitetlərinin professoru Ronald Qriqor Süninin "Ararata baxış. Müasir tarixdə Ermənistan" ("Looking Toward Ararat. Armenia in Modern History", Indian University Press, 1993) adlı tədqiqatında dediyi kimi: "Ermənilər xüsusi xalqdır, ilk növbədə ona görə ki, onlar başqa bir millətin daxilində yaşayan millətdir (və ya ən azı xalqdır), ikincisi isə bu xalq adətən haqqında aydın təsəvvürə malik olmadığı irslə fəxr edir". Erməni tarixçisi Armen Ayvazyan "Amerikanın tarixi coğrafiyasında Ermənistan tarixinin işıqlandırılması (tənqidi icmal)" kitabında qeyd edir ki, hay-erməni alim-tarixçilər Qərbin tanınmış ermənişünaslarını və Qafqazşünaslarını, o cümlədən erməni milliyyətindən olan professorlar Ronald Qriqor Sünini, Robert Tomsonu, Ceyms Rasseli, Riçard Hovannisianı Ermənistan tarixini qəsdən saxtalaşdırmaqda ittiham edirlər.
Vurğulanır ki, onların əsas məqsədi "müasir tarix və elm tərəfindən əsaslandırılan (müasir erməni tarixçilərinin əsərlərində oxu - red.) Ermənistan yaylasının erməni xalqının formalaşma arealı olması müddəasını şübhə altına almaq və bunun əvəzinə ermənilərin gəlmə olduğu, Azərbaycan və Türkiyə alimlərinin yanaşmasına uyğun gələn elmdə rədd edilmiş versiyanı israrla yenidən gündəmə gətirməkdir". Qeyd olunur ki, "sadalalan Qərb müəlliflərinin əsərlərində erməni mədəniyyəti Bizans, Assuriya, ərəb və digər mədəniyyətlərin davamı və mənimsənilməsi kimi təqdim olunur. Tarixi Ermənistan İran və Roma imperiyaları tərəfindən idarə olunan vasitəyə çevrilmiş mərkəzsizləşmiş zəif ölkə kimi göstərilir". Bununla da "5 min illik erməni tarixi kiçildilir, halbuki Hayasa, Urartu və Yervanduni [Orontidlər] çarlıqları dövründə erməni hərbi qüvvələrinin sayı bir neçə on minlərlə, Artashesidlər, Arşakuni və Baqratuni dövründə isə 100 mindən 200 minədək döyüşçü təşkil edirdi".
Buna cavab olaraq 4-6 oktyabr 2003-cü ildə (Harvard, Kembric və Massaçusets) "Ermənişünaslığın yenidən nəzərdən keçirilməsi: dünən, bu gün və sabah" mövzusunda keçirilən konfransda əsasən Qərb ölkələrindən olan bir sıra alimlər hay-erməni şovinist və millətçi elminə tutarlı cavablar verdilər. Belə ki, professorlar Bardakçiyan, Rassel, Robert Hüseni qeyd edirdilər ki, Ermənistan Respublikasının ermənişünaslığında "ksenofobiya və ultramillətçiliklə dolu elm aparıcı tendensiyaya çevrilərək özünü məhv etməyə doğru gedir".
Professor Corc Burntyan isə qeyd edirdi ki, "ermənilərin Qərb alimlərinə qarşı iddialarının əsasında erməni-amerikalı tədqiqatçıların araşdırmaları ilə ermənilərin Qarabağ, Kilikiya, Naxçıvan, Gəncə və Türkiyə Ermənistanına dair iddialarına zərər vurması, mədəniyyətin incə məsələlərini, o cümlədən Ermənistanın xristianlığı qəbul etməsini şübhə altına alması dayanır. Beləliklə, Qərb alimlərinin vicdanlı və zəhmət tələb edən elmi nəticələri heç bir əsas olmadan rədd edilir".
Məhz buna görə professor Robert Qriqor Süni fikirlərini belə yekunlaşdırır: "Erməni alimləri millətçi düşüncə bataqlığında ilişib qalıblar". Görkəmli alimin qeyd etdiyi kimi, bunun səbəbləri "ermənilər arasında qabarıq şəkildə mövcud olan millətçiliyin, köklərin olmamasının və tarixi biliklərin uydurma ilə əvəz edilməsinin nəticəsidir".
Ermənilərin belə həvəslə istinad etdikləri qədim erməni mətnlərinin əlyazmaları və orijinalları, bir qayda olaraq, aşkar edilmir və ya daha sonrakı dövrlərə aid çoxsaylı surətlər şəklində təqdim olunur. Bütün bunların əsasında ermənilərin saxtalaşdırıcı fəaliyyəti dayanır. Lakin məşhur Servantesin dediyi kimi, "Geyim həm bəzəyir, həm də ifşa edir".
Məsələn, dünyanın ən zəngin arxivlərindən biri hesab olunan Sankt-Peterburq arxivində qədim erməni müəlliflərinin əlyazmalarını aşkar etmək olduqca çətin məsələdir. 2003-cü ildə Sankt-Peterburqun 300 illiyi münasibətilə "Sankt-Peterburqun akademik kolleksiyalarının xəzinələri" kitabı nəşr olunub. Kitabın tərtibçilər kollektivinin rəhbəri, milliyyətcə erməni olan professor Yuri Petrosyanın qeyd etdiyi kimi, burada saxlanılan minlərlə erməni əlyazması arasında bir dənə də olsun orijinal yoxdur: onların əksəriyyəti, təxminən 80 faizi XVII-XVIII əsrlərin surətləridir, bir neçə əlyazma XIV-XV əsrlərin surətlərinə aiddir və ola bilsin ki, onlardan biri XII əsrə aid edilsin. Digər erməni aliminin etirafına görə, bu arxivdə saxlanılan VII-XI əsrlərə aid türk orijinallarının sayı minlərlədir.
Orijinal əlyazmaları tapılmayan, daha sonrakı dövrlərə aid köçürülmüş surətləri mövcud olan qədim erməni mətnlərinə gəldikdə isə bu surətlərdə "əvəzində" ənənəvi, formalaşmış saxtakarlıqlar, saxtalaşdırmalar və uydurmalar mövcuddur.
Erməni saxtakarlıqları və uydurmalarının dərin qədimliyə gedib çıxan ənənəsi var. Məsələn, III-IV əsrlərlə bağlı hadisələrə, xristianlığın qəbul edilməsinə həsr olunmuş ilk erməni tarixçisi Aqafangeldən (Aqatangelos) və onun "Ermənilərin tarixi" əsərindən başlayaq.
Erməni tarixçilərinə görə, Aqafangel xristianlığın qəbul edildiyi dövrdə erməni çarı Trdatın şəxsi katibi olub. Erməni alimlərinin akademik nəşrində bu əsər belə xarakterizə olunur: "...müəllif həqiqi tarixi faktları aqioqrafik material, ...əfsanələr..., eləcə də xalq rəvayətləri ilə birləşdirərək vahid və bütöv əsər yaradıb" ("Erməni orta əsr ədəbiyyatı", Ermənistan SSR Elmlər Akademiyası, İrəvan, 1986).
Qərbin tanınmış alimlərindən biri R.Tomsonun fikri isə belədir: "Bu əsər yalnız yaddaşlarda qalmış qeyri-müəyyən rəvayətlərlə uydurma əfsanələrin qarışığından ibarət olduğu üçün deyil, həm də bir neçə dildə və müxtəlif redaksiyalarda mövcud olduğu halda, onların bir çoxunun mövcud erməni versiyasına uyğun gəlmədiyi üçün müəmmalı görünür" [R. W. Thomson, "Introduction to Agathangelos: History of the Armenians", London, Harvard University Press, 1978].
Xüsusilə qeyd edilməlidir ki, Aqafangelin əsəri (IV əsrin əvvəlləri) müasir erməni tarixşünaslığının Van gölü ətrafındakı Ayraarat bölgəsini müasir Cənubi Qafqazdakı Ararat vadisi ilə, Bibliyadakı Araratı isə indiki Ağrı dağı (Masis dağı) ilə eyniləşdirməsinin ilk və əsas yazılı mənbəyidir. Bununla da Yuxarı Mesopotamiya ilə həmsərhəd olan Tavr dağ silsiləsi ətrafındakı Anadolu ərazisi coğrafi baxımdan Cənubi Qafqaza köçürülüb. Sonradan bu saxtakarlıq və uydurma VII əsrin erməni tarixçiləri Sebeos və Ananiya Şirakatsinin səyləri və istinadları sayəsində daha da inkişaf etdirilib. Bu uydurmanın açıq və konkret məqsədi hay-ermənilərin Cənubi Qafqaz, xüsusilə də Qərbi Azərbaycan ərazisində avtoxtonluğunu "əsaslandırmaq", eləcə də ilk erməni kilsəsi hesab edilən Eçmiədzinin Van gölü ətrafında deyil, müasir Ayraarat vilayətinin ərazisində yerləşdiyini "sübut etmək" idi.
Bu "tarixi əsərdən" belə çıxır ki, qriqoryan kilsəsinin banisi "Maarifçi Qriqori" ilk erməni xristian mərkəzlərini - Eçmiədzini - guya ilk xristian müqəddəs-şəhidlərinin məzarlarının yerləşdiyi müasir İrəvan (Yerevan) ətrafında yaradıb. Lakin bu tarixi yalanı başqa bir qədim erməni tarixçisi - Bizanslı Favstos (Buzand Favstos) təkzib edir. Favstosun əsərinə görə, ilk xristianlıq şəhidlərinin məzarları İrəvan xanlığının ərazisində deyil, Van gölünün cənub və qərbində yerləşən Taron vilayətinin Aştışat ərazisi, yəni Korduk-Korduena bölgəsində olub. Bundan əlavə, xristian ayininə görə bu dini qəbul edənlər vəftiz edilməli idilər və bu mərasim Fərat çayında həyata keçirilib. Dəfələrlə qeyd etdiyimiz kimi, əgər Eçmiədzin indiki yerində salınıbsa, Kiçik Asiyada Fəratın sahillərinə həftələrlə yol getməyin nə mənası var idi? Halbuki yaxınlıqda yerləşən Arazın sularında vəftiz olmaq mümkün idi. Bundan əlavə, əsas kilsə Cənubi Qafqazda yerləşirdisə, kilsə yeparxiyalarının necə olub ki, yalnız Kiçik Asiyada yerləşməsi mümkün idi?
Taron vilayəti
Mənbə:
Növbəti tarixi saxtakarlığa keçərək V-VI əsrlərə aid edilən erməni tarixçisi Yegişenin (Elişey) "Vardan və erməni müharibəsi haqqında" əsərinə müraciət edək.
Bu əsərdə V əsrdə Sasani hakimiyyətinə qarşı Vardan Mamikonyanın rəhbərliyi ilə baş vermiş üsyandan bəhs edilir.
İlk növbədə bu əsərin erməni institusional mənbələrində təqdim edilən qiymətləndirməsinə müraciət edək: "Yegişenin əsəri hadisələrin müasiri və şahidi tərəfindən yaradılmış, inandırıcı tarixi ilkin mənbədir; hadisələr burada məntiqi, ardıcıl səbəb-nəticə əlaqəsi ilə təqdim olunub..." ("Erməni orta əsr ədəbiyyatı", Ermənistan SSR Elmlər Akademiyası, İrəvan, 1986).
Qərb alimlərinin mövqeyi isə belədir: "Yegişe öz nəqlinin Ermənistandakı hadisələrin şahidi tərəfindən yazıldığını iddia edir... Lakin bu iddianın özü qəbul edilə bilməz. Məsələ burasındadır ki, özlərini hadisələrin şahidi kimi təqdim edən digər müəlliflərin tarixi əsərləri də daha sonrakı əsərlər hesab olunur... Yegişenin tarixinin VI əsrdən əvvəl yaradıldığı ehtimalı inandırıcı deyil..." (Elishe. "History of Vardan and the Armenian War". Robert U. Thomsonun tərcüməsi. Kembric: Harvard University Press, 1982).
Qeyd etmək lazımdır ki, bu kitabın rus dilində iki variantı mövcuddur: birinci tərcümə P. Şanşiyev tərəfindən hazırlanıb və 1853-cü ildə nəşr olunub, ikinci tərcümə Orbeliyə məxsusdur və 1957-ci ildə nəşr edilib. Lakin bu nəşrlərin müqayisəsi göstərir ki, qarşımızda vahid orijinalın müxtəlif tərcümələri deyil, bir-birindən əhəmiyyətli dərəcədə fərqlənən iki əsər dayanır. Belə şəraitdə təqdim edilən məlumatların hər hansı etibarlılığından danışmaq mənasızdır: bütün bunlar orta əsrlərin sonunda saxtalaşdırılmış uydurmalardır.
Növbəti "qədim erməni mənbəyi" "Erməni coğrafiyası", yaxud "Aşxaratsuyts"dır.
Mənbə:
http://www.bvahan.com/armenianway/great_armenia/main_rus/maps_rus/map_rus.htm
Əslində bu, yaradılması ehtimalən VII əsrə aid edilən anonim əsərdir. Əvvəlcə tanınmış erməni tarixçisi Patkanov və digər tədqiqatçılar bu əsərin müəllifliyini M.Xorenatsiyə aid edirdilər. Hazırda ermənişünaslar bu əsərin Ananiya Şirakatsiyə məxsus olması ehtimalını nəzərdən keçirirlər.
Bir neçə səbəbə görə kompilyativ xarakter daşıyan bu əsər XIV əsrdən əvvəlki dövrə aid edilə bilməz. İlk növbədə bu, onun ən erkən əlyazmalarının XVII əsrin ikinci yarısına aid olması ilə izah edilir. Saxtakarlıq Ermənistan ərazisinə daxil olmayan torpaqların erməni torpaqları kimi təqdim edilməsindədir və nəticədə tarixi Ermənistanın ərazisi hətta Sasani İranının ərazisindən də daha geniş göstərilib.
Bu uydurmanın yaradılmasının əsas səbəbi qədim Ayraarat bölgəsinin müasir Ararat vadisi ərazisində yerləşdirilməsidir. Məkrli məqsəd dəyişməz qalır - hay-erməniləri Cənubi Qafqazın avtoxton əhalisi kimi təqdim etmək cəhdi.
Böyük ehtimalla, saxtakarlıq XVII-XVIII əsrlərdə mxitaristlər dövründə meydana çıxıb və bu əsərdə göstərilən ərazi ötən əsrin əvvəllərində yaradılması erməni tərəfinin məqsədlərindən biri olan Ararat Respublikasının hipotetik sərhədləri ilə üst-üstə düşür. Bu cür saxta "tarixi sənədlər" ermənilərin Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını əsaslandırmaq məqsədilə yaradılıb. Yenə də son məqsəd dəyişməz qalır - hay-erməniləri qədimdən Cənubi Qafqazda yaşayan xalq kimi təqdim etmək cəhdi.
Müraciət edəcəyimiz növbəti "qədim erməni tarixçisi" Sebeosdur.
Erməni tarixşünaslığında Sebeos VII əsrin müəllifi kimi qəbul edilir. Öz əsərində müəllif Mamikonyan nəslinin (əslində - Mamqunlu) Şərqi Türküstandan (Çenistandan) Ermənistana gəlişindən bəhs edir, lakin bu tarixi M.Xorenatsinin versiyasından fərqli redaksiyada təqdim edir. Bu fərqin üzərində dayanmadan, bizə daha vacib görünən başqa məsələyə diqqət yetirək.
Kitabda iki uydurma rəvayət yer alır. Birincisi Qarabağdakı Tiqranakert şəhərinə, ikincisi isə Ərəb xilafəti dövründə İrəvanın xatırlanmasına aiddir. Sonrakı kompilyativ əsərdə orta əsr tarixçilərinin bu saxtalaşdırılmış hadisələrə müraciət etməsini və onlara istinad etməsini nəzərə alaraq, bu kitabın gözlənilmədən ortaya çıxması ilə bağlı fikirlərimizi bölüşmək istərdik.
Əvvəla, bu əsərin yeganə əlyazması 1840-cı ildə erməni yepiskopu O. Şahatuni tərəfindən gözlənilmədən aşkar edilib və əlyazmanın özündə onun Sebeos tərəfindən yazıldığına dair heç bir məlumat yoxdur. Əlyazmanı araşdıran Şahatuni belə nəticəyə gəlib ki, bu "əsər" Sebeosun itirilmiş əlyazmalarına aiddir. Əsərin Sebeosa məxsusluğu çoxsaylı şübhələr doğurur. İlk növbədə onun məzmunu nə M.Xorenatsinin əsərlərinə, nə də Bizanslı Favstosun əsərinə uyğun gəlir. Ən mühüm məsələ isə ondan ibarətdir ki, Mamikon (Mamqun) nəslinin əcdadları Çen çarına qarşı müharibə aparmayıblar. Bunu M.Xorenatsi təsdiqləyir. Öz növbəsində Favstos Mamikonyanın Çen ölkəsindən getməsini onun Arşakilər çarı ilə qardaş qırğını xarakterli müharibədən yayınmaq istəyi ilə izah edir. Beləliklə, Sebeosun Mamikin və Konakın, eləcə də Çenistanda baş vermiş müharibənin haqqında rəvayəti sonrakı dövrün uydurmasıdır.
Eyni nəticəyə erməni tədqiqatçıları da gəliblər. Belə ki, erməni mütəxəssis Q.Abgaryan Sebeosun müəllifliyini şübhə altına alaraq qeyd edib ki, anonim əsərin əhəmiyyətli hissələri XI əsrdə digər əsərlərdən kompilyativ mənimsəmə yolu ilə tərtib edilib (Q.V.Abgaryan. "Sebeosun tarixi" və anonim problemi. Ermənistan SSR Elmlər Akademiyasının nəşriyyatı, İrəvan, 1965).
Bu saxta əsər, bundan əlavə, tarix sahəsində kifayət qədər biliyə malik olmayan şəxslər tərəfindən irəli sürülüb. Belə ki, mətndə "Ermənistan" toponimi "Hayastan" formasında işlədilir, halbuki "Ermənistan"ın bu formada ifadəsi ermənidilli ədəbiyyatda yalnız XVII-XVIII əsrlərdən etibarən işlənməyə başlayıb. Həmçinin məlumdur ki, erkən müəlliflər bu ərazini ifadə etmək üçün "Hayk" toponimindən istifadə ediblər. Digər saxtakarlıqları və xronoloji uyğunsuzluqları bir kənara qoyaraq, məqsədli şəkildə yanlış məlumat vermənin iki halı üzərində daha ətraflı dayanaq.
646-cı il ərəb istilası ilə əlaqədar mətndə Ayraarat bölgəsinin guya İrəvan şəhərinin yaxınlığında yerləşdiyi iddia olunur. Halbuki nəzərdən keçirilən müəllif versiyasına görə Azərbaycan şəhəri İrəvan 1520-ci ildə yaranıb və onun adı Rəvan xanla bağlıdır. Həmin vaxta qədər şəhərin adı heç bir tarixi mənbədə çəkilmir. Bundan əlavə, bu, digər qədim erməni yazılı abidələri ilə də təsdiqlənir. Belə ki, daha etibarlı erməni mənbəyi hesab edilən Levondun (VIII əsr) əsərində ərəb yürüşü təsvir edilərkən nə Ayraarat bölgəsinin, nə də İrəvanın adı çəkilir; yalnız ərəblərin Naxçıvanı fəth etməsindən söhbət gedir.
Digər yanlış yönləndirmə halı Qarabağ Tiqranakerti ilə bağlıdır və saxtalaşdırılmış mətndə bu Tiqranakert "digər Tiqranakert" kimi təqdim olunur. Müasir Qarabağ Tiqranakerti ətrafında yaranan səs-küy məhz bu saxta mənbədən başlayır.
Lakin ərəb hadisələrinin qeydə alındığı geniş Bizans mənbələrində Girdimanda Tiqranakert barədə heç bir məlumat yoxdur. Bundan əlavə, qədim erməni mənbələrinin heç birində "Qarabağ Tiqranakerti" adlandırılan şəhər haqqında məlumat yoxdur. Ən diqqətçəkən ifadə "digər Tiqranakert"dir. Məsələ burasındadır ki, əslində Fərat çayının yaxınlığında yerləşən Tiqranakert Sebeosun dövrünə qədər artıq yer üzündən silinmişdi. Bu şəhər uzun müddət mövcud olmayıb və eramızdan əvvəl Tiqran dövrünə aid olub. Bir neçə əsr sonra onun haqqında məlumatlar hay-ermənilərin yaddaşından silinib və buna görə də bizim eranın qrapar mətnlərində bu şəhər barədə heç bir məlumat qorunub saxlanmayıb.
Bir sözlə, yalançı Sebeosun anonim müəllif tərəfindən yazılmış əsərindəki uydurmalar sonrakı illərdə yaradılmış saxtakarlıqdır. Nəticə etibarilə onun məqsədi yenə də hay-erməniləri Qafqazın avtoxton əhalisi kimi təqdim etmək cəhdindən ibarətdir.
Və sonda Movses Xorenatsi haqqında bir neçə söz.
Çıxış və nəşrlərimizdə dəfələrlə qeyd etdiyimiz kimi, M.Xorenatsinin erməni tarixinin xrestomatiyasına çevrilmiş "Hayların tarixi" əsəri erməni tarixşünaslığı tərəfindən şəksiz həqiqət kimi qəbul edilir və eramızın V əsrinə aid edilir. "Erməni tarixinin atası" hesab edilən müəllifin özü isə bu əsərin uydurma xarakteri baxımından olduqca maraqlı tarixə malikdir. Bu əsərlə bağlı manipulyasiya və saxtakarlıqlar onun adına, yazılma tarixinə, müəllifliyinə və hətta tərcüməsinə aiddir. Əsərin orijinalı yoxdur və onun hansı dildə yazıldığı - Suriya-arami, yunan, yaxud qrapar dilində - məlum deyil. Bu əsərə istinadlar əsasən müasir erməni müəlliflərinə məxsusdur; X əsrə qədər erməni tarixşünaslığında Xorenatsinin adı çəkilmir.
Bir sıra alimlərin fikrincə, Xorenatsi adı altında anonim keşiş-tarixçi çıxış edir, çünki onun bioqrafiyası məlum deyil və yalnız erməni mənşəli tərcüməçi N.Emin tərəfindən 1858-ci ildə rus nəşri üçün etibarsız mənbələr əsasında tərtib edilib. 1809-cu ildə rus dilinə tərcümə edilmiş nəşrdə (latın nəşri 1736-cı ildə Londonda çıxıb) "Ermənilərin tarixi" əsərinin adı 1858-ci il nəşrində "Ermənistanın tarixi" kimi dəyişdirilib. Beləliklə, haylar - ermənilər haqqında tarix Ermənistan ölkəsinin tarixinə çevrilib və iddiaya görə onun tarixi keçmişi uydurulub.
Bununla yanaşı, M.Xorenatsinin əsas saxtakarlığı Bibliyaya dəyişikliklər etməsi və bununla da onun erməni variantını təqdim etməsidir. Bu saxtakarlığın məkrli məqsədi "Xalqlar cədvəli"nə daxil edilmiş uydurma Hayk və Armenak personajları, eləcə də bu cədvəldə olmayan şəcərə budaqlarının əlavə edilməsi vasitəsilə hayları armenlərin əcdadları kimi təqdim etmək və daha da irəli gedərək onları saklarla - qədim türklərlə "qohum" göstərmək idi. Bu saxtakarlığı inandırıcı göstərmək üçün sak-prototürklərin yaddaşında rəvayətlər şəklində qorunan tarixlər (məsələn, Tomris haqqında) uydurma hay-erməni adları ilə plagiat yolu ilə mənimsənilib. Bu barədə çıxışlarımızda və mətbuatda dəfələrlə qeyd etmişik. Nəticədə məqsəd digər xalqların tarixini hay-ermənilərin xeyrinə mənimsəmək və bununla da onların yaşadıqları əraziləri mənimsəmək olub.
Təsadüfi deyil ki, XVIII əsrin ən görkəmli tarixçilərindən biri Gibbon yazırdı: "Xorenatsidən yalnız digər qədim tarixçilərdə də rast gəlinən məlumatları götürmək olar...".
Beləliklə, ermənilərin ən "fundamental" tarixi əsəri açıq-aşkar saxtalaşdırma əlamətləri olan mənbə kimi çıxış edərək digər uydurma əsərlərə "yaşıl işıq" yandırıb.
İntellektual oğurluq ənənəsi davam edir və folklorun növlərindən biri olan miflərin yaradılmasında xüsusi ustalıq göstərən ermənilər digər xalqların, xüsusilə də bizim - azərbaycanlıların maddi və qeyri-maddi irsinə, torpaqlarına və mədəniyyətinə toxunmaqdan əl çəkmirlər. Onlar özgə olanı mənimsəmək, başqasının sərvətinə sahib çıxmaq, intellektual oğurluq, saxtakarlıq və uydurmalarla öz arsenalını "zənginləşdirirlər". Bütün bunlar həm real siyasi həyatımıza, həm də keçmişə, tarixi hadisələrə aiddir.
Mifologiyaya əsaslanan "böyük torpaqlar" stereotipi, qonşulara qarşı ərazi iddiaları, eləcə də "böyük erməni mədəniyyəti" və "erməni sivilizasiyasının ilk beşiyi" kimi müxtəlif mifologemlərdən irəli gələn mədəni mənimsəmələr ermənilərin düşüncəsində "təbii" və "legitim" xarakter alır. Buna görə də nə bizim tələblərimiz, nə də Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinin zəruriliyinə dair BMT qətnamələri, nə də beynəlxalq normalara riayət olunmasının vacibliyi nəzərə alınırdı. Buna görə də Azərbaycan Respublikasının maddi və qeyri-maddi irsinin, eləcə də onun mədəni ənənələrinin erməni tərəfi tərəfindən mənimsənilməsi ənənəsi davam edir. Bundan əlavə, ermənilərin "müstəsnalığı", "məşəqqəti" və "xüsusi missiyası" barədə uydurmalardan doğan stereotiplər müasir erməni identikliyini formalaşdırır. Yaradılmış mifologemlər erməni siyasətçilərinin, ictimai xadimlərinin, alimlərinin, o cümlədən geniş ictimaiyyətin mənəvi-etik mövqelərinə təsir göstərir və müasir dünya düzəninin təməl daşı olan beynəlxalq hüququn tanınmasına maneələr yaradır.
Erməni xalqı da daxil olmaqla hər bir xalqın özünəməxsus tarixi var. Millətin keçmişində baş vermiş hadisələr və proseslər, onun nailiyyətləri, uğursuzluqları və kədərləri tarixi gerçəkliyin ayrılmaz hissəsidir. Biz erməni xalqına qarşı deyil, qonşularımızın millətçi düşüncəli müəllifləri tərəfindən yazılmış, yalan, uydurma və böhtanla dolu kitablara və digər nəşrlərə qarşı çıxırıq. Bu müəlliflər qeyri-sağlam dünyagörüşünü dəstəkləyir, eləcə də xarici sifarişlə fəaliyyət göstərən muzdlu müəlliflərdir. Xüsusilə də bu əsərlərin tarixə dair əsas leytmotivinə - ermənilərin Cənubi Qafqazın gəlmə deyil, avtoxton xalqı olması və bunun əsasında "itirilmiş torpaqlar"la bağlı ərazi iddialarının irəli sürülməsinə qarşı çıxırıq.
Ermənilərin tarixinə müraciət etsək, dəfələrlə qeyd etdiyimiz kimi, millətçi hay-ermənilərin ölkə tarixini etnos tarixi ilə əvəz etməsi təsadüfi deyil. Səbəb yalnız keçmişdə "Ermənistan"ın sabit siyasi anlayışının mövcud olmaması deyil. "Ermənistan"ın sabit coğrafi anlayışı ermənilərin iştahını heç cür təmin edə bilməz. Çünki bu coğrafi ərazi türkdilli etnoslar da daxil olmaqla bir çox xalqların yaşayış yeri olub. Əgər M.Xorenatsidə "Ermənistan" anlayışının qeydə alınması bir neçə vahidlə ölçülürdüsə, müasir erməni tarixçilərində belə "Ermənistan"ların sayı onlarla ölçülür. Bunlara onların xüsusi israrla "erməni dövlətçiliyinin eçmiədzin dövrü" adlandırdıqları qondarma "Şərqi Ermənistan" da daxildir. Aydındır ki, söhbət Azərbaycanın tarixi torpaqlarından - Qərbi Azərbaycandan gedir və bu ərazilər erməni dövlətçiliyinin formalaşdığı əraziyə çevrilib. Millətçi erməni müəlliflərinin əsərlərində miqrant olan ermənilərin yaşadıqları bütün ərazilərdə avtoxton, aborigen əhali olduğu iddia edilir. Buna görə də müəlliflər hay-ermənilərin miqrasiya marşrutlarının keçdiyi ərazilərin tarixini təsvir etməli, sonradan miqrasiya nəticəsində məskunlaşdıqları bütün coğrafi məkanları bu tarixə daxil etməli olurlar. Məhz buna görə onların yazdığı tarix "Ermənistan tarixi" kimi deyil, "erməni xalqının tarixi" kimi təqdim olunur.
Lakin ermənilər bir məqamı nəzərdən qaçırırlar. Belə gəlmə etnosun tarixini onun nəsilləri - alloxtonlar yazır, ərazinin yerli sakinləri - avtoxtonlar isə onu öz tarixi vətənləri, əcdadlarının torpağı kimi təsvir edir və ölkənin tarixini yazırlar.
Eduard Errionun sözlərinə görə, "ənənə keçmişin nailiyyətləri və tərəqqisidir, bu günün tərəqqisi isə zaman keçdikcə sabahın ənənəsinə, gələcəyin ənənəsinə çevrilir". Bu, həqiqətən də belədir, lakin erməni tərəfinin Azərbaycan mədəni ənənələrini mənimsəməsi ilə bu məşhur fikrin heç bir əlaqəsi yoxdur.
M.Xorenatsidən başlayaraq "çox əziyyət çəkmiş xalqın itirilmiş əraziləri" barədə mifologemlər ermənilərin qonşuların torpaqlarına qarşı ərazi iddialarının revanşist əsasını təşkil edir. Uydurma "böyük Ermənistan" haqqında millətçi fantaziyalar daim öz saxtalaşdırılmış tarixlərinin formalaşmasına və qonşu xalqların tarixinin təhrif edilməsinə xidmət edir. Nəzərdən keçirdiyimiz mifologemlər yalanın yayılması kimi praqmatik funksiyadan əlavə, erməni cəmiyyətində daha mühüm məqsəd də güdür - növbəti mifik materialın yaranması üçün ilkin şərtlər yaratmaq.
Qədim erməni mətnlərinin bir xüsusiyyətinə diqqət yetirək.
Məlumdur ki, burada müəyyən "şablon"dan istifadə olunur - "qəhrəmanlıq xristian keçmişinə malik qədim xalq" və "düşmənlərin əhatəsində qalan və təzyiqlərə məruz qalan qədim xalq". Dərsliklər və akademik nəşrlər vasitəsilə bu şablon yazılı erməni narrativlərindən institusionallaşdırılmış tarixə çevrilir, erməni etnosunun kollektiv yaddaşında möhkəmlənir və bununla da hay-ermənilərin dünya etnik mənzərəsini qavraması zamanı müasir düşüncə tərzini müəyyənləşdirir.
Tanınmış amerikalı mütəxəssis, Harvard Universitetinin professoru R.Tomsonun fikri diqqətəlayiqdir. Erməni narrativlərini dərindən araşdıran bu alim yazır: "Birincisi, erməni tarixi narrativlərinin müəllifləri, bir qayda olaraq, kilsə ruhanilərinin nümayəndələridir və onların əsərləri kilsənin sifarişi ilə yaradılıb və kilsə sayəsində qorunub saxlanılıb. İkincisi, erməni tarixi əsərlərində hadisələrin təsvirindən daha çox onların xüsusi, seçmə şəkildə düzülüşü təqdim olunur. Üçüncüsü, bu əsərlər elan edilən yaradılma tarixindən xeyli sonra meydana gəlib və əsrlər boyu, XIX əsrə qədər, hay-ermənilərin xeyrinə əlavələrə və dəyişikliklərə məruz qalıb".
Tanınmış rus etnoloqu V.Şnirelmanın "Yaddaş müharibələri" adlı tədqiqatında qeyd etdiyi kimi: "Müasir hay-erməni tarixşünaslığı "şanlı keçmiş"in yazılı şablon və obrazlarına əsaslanır".
Digər tanınmış rus politoloqu S.Lurye "Erməni siyasi mifologiyası və onun Ermənistanın və Dağlıq Qarabağın xarici siyasətinin formalaşmasına təsiri" əsərində yazır ki, ermənilərin siyasi mifologiyası "etnik dünya mənzərəsinin bir hissəsidir və vurğulayıram ki, dərk edilməyən dünya mənzərəsidir və etnosun reallığı, gerçəkliyi qavramasını, eləcə də bu reallığa münasibətdə davranış modellərini müəyyən edir".
Bununla yanaşı, şüursuzluğun məhsulu olan erməni etnik dünya mənzərəsindən fərqli olaraq, erməni xalqının tarixi ilə bağlı həm keçmişdə, həm də indiki dövrdə yaradılan əfsanələr konkret müəlliflər, o cümlədən Qriqor Artsruni, Raffi, Leo, Mkrtiç Xrimyan tərəfindən şüurlu şəkildə qələmə alınıb. Dərin tarixi biliyə malik olmayan bu yazıçılar və publisistlər XIX əsrin sonunda bir sıra tarixi mif və əfsanələr yaradaraq uydurma qəhrəmanlığı ön plana çıxarıblar.
Buna görə də tanınmış rus yazıçısı Yuri Pompeyev haqlı olaraq qeyd edir ki, bu cür əsərlərə erməni zadəganlarının ilahi mənşəyi haqqında opuslar, əsərləri minlərlə tirajla nəşr olunan Artaşes Artsruni kimi müəlliflərin yazıları, eləcə də Suren Ayvazyanın saxta tarixi əsərləri daxildir. Nəticədə "etnosun kollektiv yaddaşı süni şəkildə yaradılmış illüziyalı keçmişin əsirinə çevrilir, gələcək isə gələcəyin özü naminə deyil, əksinə, keçmiş naminə təsəvvür edilir".
Bəli, məşhur yazıçı Floberin dediyi kimi: "...keçmiş bizi saxlayır və buraxmır, buna görə də indiki zaman yanımızdan ötüb keçir".
Xüsusilə qeyd etmək lazımdır ki, erməni müəlliflərinin qədim mətnlərinə, eləcə də tarixə dair çoxsaylı müasir əsərlərə erməni və Qərb, o cümlədən xarici tarixşünaslığın verdiyi qiymətlər bir-birindən kəskin şəkildə fərqlənir. Bu məsələyə biz hələ dəfələrlə qayıdacağıq.
Hələlik "erməni tarixinin atası" hesab edilən M.Xorenatsi haqqında iki fikirlə kifayətlənək. Bu sitat Ermənistan Elmlər Akademiyasının 1986-cı ildə nəşr etdiyi rusdilli "Erməni orta əsr ədəbiyyatı" nəşrindən götürülüb: "...Xorenatsinin əsəri ermənilərin ilk tənqidi tarixi və milli elmi-tarixi düşüncənin incisi, şedevri hesab olunur...".
Bu isə tanınmış tarixçi Avqust Karryenin 1896-cı ildə dediyi sözlərdir: "Onun [Xorenatsinin] verdiyi məlumatlara inanmaq - cəhalət göstərmək deməkdir. Onun verdiyi məlumatların böyük hissəsi uydurmadır".
Sonda böyük etnoloq Lev Qumilyovun gözəl sözlərini xatırlatmaq istərdim: "...Etnik tarix nə "başlanğıcı və sonu olmayan" (A.Blok) məlumatlar toplusudur, nə də sadəcə "keçmiş günlərin lətifələri"dir (Puşkin), əksinə, səbəb-nəticə əlaqələrinin mürəkkəb zənciridir...". "Fərdi səviyyədə yalan yalnız qeyri-simmetrik davranış stereotipi deyil, həm də ətraf mühitə, etnik və landşaft mühitinə təsir vasitəsidir. Populyasiya səviyyəsində isə bu, sosial və mədəni mühitə təsir edən antisistemlərdə kütləvi dezinformasiyadır".
Əminəm ki, yalan üzərində qurulmuş erməni mifləri və digər saxtakarlıqlar və uydurmalar bundan sonra da ifşa ediləcək. Və bir daha xatırladaq: böyük ispan Servantesin dediyi kimi, "geyim həm geyindirir, həm də ifşa edir".
Tamamilə aydındır ki, əcdadlarımızdan biri olmuş albanlar və müasir Azərbaycan torpaqlarında dövlət qurumu kimi mövcud olmuş Qafqaz Albaniyası erməni tarixi dairələrinin diqqət mərkəzində olub.
Alban dövlətçiliyinin mövcudluğu barədə elmi və peşəkar dairələrdə qəbul olunmuş baxışdan fərqli olaraq, hay-erməni tarixçiləri adətən özlərinin uydurduqları "Albaniya - Ermənistanın şərq ucqarı" terminindən istifadə edir və bununla da Alban dövlətçiliyini inkar edirlər. Bununla yanaşı, onların hamısı, o cümlədən Albaniyanın mövcudluğunu qəbul edənlər də eyni tezisə əsaslanırlar - Albaniya əhalisi VII əsrdən XI əsrə, yaxud türklərin-səlcuqların meydana çıxmasına qədər tamamilə qriqoryanlaşdırılıb və erməniləşdirilib. Bununla yanaşı vurğulanır ki, alban etnosu ümumiyyətlə XIV əsrə, Həsən Cəlal knyazlığının dağılmasına qədər deetnikləşərək hay-erməni etnosunun bir hissəsinə çevrilib. Buna nümunə kimi Ermənistan Elmlər Akademiyasının Tarix İnstitutunun professoru, tarixçi Genrik Svazyanın "Aluank ölkəsinin tarixi" (qədim dövrlərdən VIII əsrə qədər) monoqrafiyasını və onun sonrakı əsərlərini göstərmək olar. Bu əsərin rusdilli nəşri 2009-cu ildə İrəvanda yayımlanıb və sonrakı işlərində, o cümlədən Utik və Artsaxın tarixən Ermənistana məxsus olduğu, eləcə də "Aluank" adının Qafqaz Albaniyası əhalisinin irsindəki əhəmiyyəti barədə uydurma iddialar irəli sürülüb.
Lakin hazırda alban etnosunun ümumiyyətlə mövcudluğunu inkar edən, onu "orijinal" şəkildə sonradan alban adlandırılan hay-erməni etnosu ilə əvəz edən əsərlər meydana çıxır.
Qafqaz Albaniyasının ərazisinə, o cümlədən Qərbi Azərbaycan torpaqlarına və Şərqi Anadoludakı Karsa iddia edən, sonuncuları Şərqi Ermənistan adlandıran hay-ermənilər bu torpaqlarda "qədimdən" yaşadıqları barədə mifi inkişaf etdirməkdə davam edirlər. Bu isə bir çox tədqiqatçının belə saxtakarlığın mahiyyətini inandırıcı şəkildə sübut etməsinə baxmayaraq baş verir.
Bu mifdən, daha doğrusu, hay-erməni etnosunun hələ formalaşmadığı dövrdən - qüdrətli Urartu dövlətinin mövcud olduğu dövrdən başlayaq.
Hazırda ümumi qəbul olunmuş fikrə görə, alarodların dili kimi də adlandırılan urartu dili hay-erməni hind-Avropa dili ilə heç bir əlaqəyə malik olmayıb və hurri dilinə (Bibliyada horeylər) və ehtimal ki, qədim hetlərin (xatların) dilinə çox yaxın aqqlütinativ tipli dil olub.
Ermənistanın akademik dairələrinin həmin dövrün etnosiyasi vəziyyətini son tədqiqatlar nümunəsində necə şərh etdiyinə baxaq. Qarşımızda tarix elmləri doktoru, Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı Aleksan A.Akopyanın "Yunan-latın və qədim erməni mənbələrində Albaniya-Aluank" adlı tədqiqatının ikinci, işlənmiş nəşri dayanır ("Qitunyun" nəşriyyatı, Ermənistan Milli Elmlər Akademiyası, İrəvan, 2022).
Müəllif "alban dünyagörüşünün" üç tərəfinin olduğunu iddia edir. Onlardan ikisini kənara qoyaraq, müəllifin ardınca üçüncünü - onun yazdığı kimi, "bir sıra epizodlarda "alban"ın "erməni"yə qarşı qoyulmasını, birincinin yüksəldilməsi və təriflənməsini" - seçəcəyik.
Lakin A.Akopyan "alban"ın təriflənməsi dedikdə Albaniyanın albanlarını deyil, Albaniyanın ermənilərini nəzərdə tutur və hay-ermənilərin albana çevrilməsi kimi absurd fikri "sübut etməyə" çalışır.
Ermənilərin "alban dünyagörüşünün" "sübutu" kimi müəllif M.Kalankatuklunun (M.Dasxurantsinin) Albaniyada xristianlığın ermənilərdən daha əvvəl başlaması və yalnız Albaniyanın apostol taxtına malik olması barədə məlumatlarına tənqidi yanaşır və buna görə M.Kalankatuklu (M.Dasxurantsi) mənbələri təhrif etməkdə və qanunsuz əlavələr etməkdə ittiham olunur.
Buraya M.Kalankatuklunun (M.Dasxurantsinin) subar (sabir) türk mənşəli alban Səhhak Sevadının erməni çarı Smbat Baqratuniyə qarşı mübarizəsi barədə məlumatı da daxil edilir. Eyni zamanda "Albaniya tarixi"nin yazılması da A.Akopyanın fikrincə, qədim alban müəllifinin "Ermənistan tarixi"ni yazmış Movses Xorenatsiyə bənzəməyə çalışması kimi təqdim olunur.
Müəllif qeyd edir ki, M.Kalankatukluda (Dasxurantsidə) albanların mənşəyi göstərilib və "şimal ölkələrində yaşayanlar - ketureylərin [başqa tərcümədə kittilərin (K.İmanov)] soydaşlarıdır, albanlar da oradan [mənşə etibarilə] gəlirlər" ifadəsinə belə şərh verilir [səh. 238]. "Roma Hippolitinin şəcərəsinə görə, Piylon Tirakatsinin əsaslandığı mənbədə "ermənilər Yafətin nəvəsi Torqomdan (Hippolitdə Toqarmadan) törəyirlər. Kürün sağ sahilində yaşayan erməni əhalisinin "alban dünyagörüşünün" (və ya artıq "özünüdərk"inin, ən azı hakim təbəqələrin müəyyən qruplarında) inkişaf dərəcəsini müəyyən etmək üçün Movses Dasxurantsinin "albanları" Yafətin başqa nəvəsi Kitiyə (Albaniya tarixində - Ketura, red.) bağlamasını qeyd etmək çox vacibdir. Bu əcdad namizədinin seçilməsinin səbəbi, görünür, onun haqqında "şimal ölkələri" ifadəsinin işlədilməsidir. Ola bilsin, müəllifin "Albaniya tarixi" üçün əlinin altında olan Piylon Tirakatsinin "Xronika"sının əlyazmasında "ketureylər" formasının olması da rol oynayıb. Bu əsərin mühüm mənbələrindən biri kimi Movses Xorenatsi Bibliyadan peyğəmbər İbrahimin (İbrahim) Kettura adlı arvadından olan oğullarının - xristian şəcərə ənənəsinə görə, parfiyalıların əcdadları olan "ketureylərin" şərq ölkəsinə köçməsi barədə məlumatı göstərir (Xorenatsi, II, 68, səh. 203)... Dasxurantsi öz ölkəsini bir neçə dəfə "şimal-şərq" adlandırır. Aydındır ki, Bibliyadakı əcdadın namizədliyi heç də uğurlu seçilməyib, çünki Kitiy kiprlilərin və bəzi şimal adalarının sakinlərinin ənənəvi əcdadı hesab olunur. Bu fakt çox vacibdir, çünki erməni hakim dairələrinin Albaniyada erməniləri - "albanları" ayrıca xalq kimi təqdim etmək meylinin nə dərəcədə ciddi şəkildə düşünüldüyünü və müasir elmi anlayışla - əsaslandırıldığını göstərir".
Mənbə: prof. Fəridə Məmmədova
Mənbə: http://axc.preslib.az/az/maps
Urartu e.ə. IX-VI əsrlər
Mənbə: https://az.wikipedia.org/wiki/Urartu#/media/File:13-Urartu-9-
A.Akopyandan bu qədər uzun sitat gətirməyimiz təsadüfi deyil. Müəllif A.Akopyan ermənilər üçün "alban dünyagörüşü" və hətta "alban özünüdərki" terminlərindən sübut bazası kimi istifadə edir. Gətirilən sitatın, xüsusilə də müəllifin mövqeyinə görə Albaniyanın erməni hakim dairələri tərəfindən ermənilərin ayrıca xalq kimi albanlara çevrilməsinin əsaslandırıldığı hissənin uyğunsuzluğunu nəzərə almadan, sitatın siyasi və tarixi-konfessional aspektləri üzərində dayanaq. Gətirilən sitata bu müəllifin tədqiqatının yönəldiyi yekun siyasi məqsəd baxımından yanaşmaq lazımdır. A.Akopyanın həyata keçirdiyi siyasi sifariş mahiyyət etibarilə oxucunu inandırmaqdan ibarətdir ki, Albaniyanın ilkin əyalətləri - Artsax və Utikdə alban etnosu mövcud olmayıb və onun yerini guya burada qədimdən yaşayan hay-ermənilər tutub. A.Akopyana görə buna e.ə. IV əsrdən eramızın X əsrinə qədər mənbələrdə "Albaniya" və "albanlar" terminlərinin semantik təhlili xidmət edir. Müəllif bu əsərdə "məlum siyasi-inzibati dəyişikliklər nəticəsində bu terminlərin etnik məzmununun bir neçə təkamül mərhələsindən keçdiyini" göstərməyə çalışır.
(davamı var)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 16 Noyabr 2026 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















