Pul ödənilib, ev yoxdur: Tikintisi yarımçıq qalan binalardan mənzil alanların aqibəti necə olacaq?
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Bakıda və ətraf bölgələrdə tikintisi yarımçıq qalmış yüzlərlə bina vətəndaşların ən böyük probleminə çevrilib. İllərdir mənzil növbəsində gözləyən, lakin evlərinə qovuşa bilməyən sadə vətəndaşlar həm maddi, həm də mənəvi zərər görürlər. Bəzi binalar maliyyə çatışmazlığı, bəziləri isə MTK rəhbərlərinin məsuliyyətsizliyi səbəbindən tamamlanmır.
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımov bildirib ki, bəzi tikinti şirkətləri bu cür hallara görə məsuliyyətə cəlb olunublar. Onun sözlərinə görə, yarımçıq qalmış binaların bir qismi maliyyə çatışmazlığı səbəbindən vaxtında tamamlanmayıb və nəticədə mənzillər vətəndaşlara təhvil verilə bilmir.
Ekspert qeyd edib ki, bəzi hallarda vətəndaşların evləri sökülərək yerində yeni binaların tikintisi nəzərdə tutulsa da, maliyyə problemləri səbəbindən həmin tikililər də yarımçıq qalıb. Bu zaman vətəndaşlara nə mənzil, nə də kirayə pulu ödənilir.
Onun sözlərinə görə, bu problemlə bağlı ölkə rəhbərliyi tərəfindən müvafiq tapşırıqlar verilib və Baş Prokurorluq tərəfindən müəyyən istiqamətdə araşdırmalar aparılıb.
Digər əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə bildirib ki, əvvəlki illərdə yarımçıq qalmış binaların böyük bir hissəsi dövlət qurumlarının müdaxiləsi nəticəsində tamamlanaraq vətəndaşlara təhvil verilib.
Ekspert əlavə edib ki, hazırda az sayda problemli tikinti şirkəti mövcuddur və həmin binaların yaxın vaxtlarda digər tikinti şirkətləri tərəfindən tamamlanaraq sahiblərinə təhvil verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Bakıda yarımçıq qalan tikililərin dəqiq sayı ilə bağlı rəsmi statistika yoxdur. Lakin paytaxtda qısa bir gəzinti zamanı belə onlarla yarımçıq bina görmək mümkündür. Bu tikililər artıq yüzlərlə insan üçün illərdir həll olunmayan ciddi problemə çevrilib.
Hüquqşünas Mircavid Miriyevin sözlərinə görə, bu problemlə üzləşən vətəndaşlar məhkəməyə müraciət etsələr də, bir çox hallarda məhkəmə qərarlarının icrası mümkün olmur. Buna səbəb tikinti şirkətlərinin müflis elan edilməsi, rəhbərlərinin məsuliyyətə cəlb olunması və ya ölkə hüdudlarından kənara çıxmasıdır.
O bildirib ki, bir sıra Avropa ölkələrində yarımçıq qalan tikililər dövlət tərəfindən hərraca çıxarılır və tikintini tamamlayan şirkətlər üçün müəyyən güzəştlər tətbiq edilir. Həmin şirkətlər tərəfindən bina başa çatdırıldıqdan sonra mənzillər sahiblərinə qaytarılır.
Qeyd edək ki, Azərbaycanda yarımçıq tikililərlə bağlı İqtisadiyyat Nazirliyi yanında işçi qrupu yaradılıb. Bu qrup ölkə üzrə bütün yarımçıq tikililərdə monitorinq aparmalı və problemin həlli ilə bağlı təkliflər hazırlamalıdır.
Ekspertlərin fikrincə, qanunvericilikdə tikililərin müəyyən müddət ərzində başa çatdırılması ilə bağlı konkret tələblər qoyulmalıdır. Əks halda, bu kimi xoşagəlməz hallar davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 26 Yanvar 2026 08:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















