Qarabağ: Bura məskənidir gözəlliklərin
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azad torpaqlar zəngin dünəni və qaynar bugünü ilə turist axını ünvanıdır
Qarabağ zəngin mədəni irsi, ecazkar təbiəti və əlverişli strateji mövqeyi ilə seçilən bölgədir. Uzun illər davam edən işğal və dağıntılardan sonra, 2020-ci ildə qazanılmış tarixi Zəfərlə bölgədə genişmiqyaslı bərpa və yenidənqurma mərhələsi başlanmışdır. Hazırda dövlət tərəfindən həyata keçirilən ardıcıl turizm strategiyası və irimiqyaslı infrastruktur layihələri nəticəsində Qarabağ sürətlə dirçəlir, ölkənin iqtisadi dayanıqlılığının möhkəmlənməsinə töhfə verir və beynəlxalq turizm mərkəzinə çevrilmək istiqamətində inkişaf yolu keçir. Bölgənin zəngin təbii, tarixi və mədəni resursları bu məqsədlərin reallaşdırılması üçün əlverişli zəmin və geniş potensial yaradır.
Mədəni və tarixi irs
Qarabağın turizm potensialını formalaşdıran əsas amillərdən biri onun zəngin tarixi-mədəni irsidir. Region əsrlər boyu müxtəlif sivilizasiyaların izlərini qoruyub saxlamış, alban məbədləri, qalalar, türbələr, məscidlər, kurqanlar və digər arxeoloji abidələri ilə Qafqazın mühüm mədəni irs məkanlarından birinə çevrilmişdir. Bu zəngin irs Qarabağı tarixçilər, arxeoloqlar, tədqiqatçılar və mədəni turizm həvəskarları üçün cəlbedici istiqamətə çevirir.
Qarabağın mədəni həyatında Şuşa şəhəri xüsusi yer tutur. Şəhər qala divarları, Xurşidbanu Natəvanın sarayı, Molla Pənah Vaqifin məqbərəsi, Bülbülün ev-muzeyi və digər tarixi-mədəni abidələri ilə milli irsin ən dəyərli nümunələrini özündə birləşdirir. Burada təşkil olunan “Xarıbülbül” Musiqi Festivalı və Vaqif Poeziya Günləri kimi beynəlxalq əhəmiyyətli tədbirlər şəhərin mədəni nüfuzunu artırır və onu beynəlxalq mədəniyyət məkanlarından birinə çevirir.
Qarabağın arxeoloji irsi də olduqca zəngindir. Füzuli rayonunda yerləşən Günəştəpə, Qaraköpəktəpə və Qarabulaq kurqanları qədim dəfn mədəniyyətinin mühüm nümunələri hesab olunur. Aparılmış arxeoloji qazıntılar nəticəsində burada hökmdar məzarları, silah nümunələri, qədim məişət əşyaları, at skeletləri və digər maddi-mədəniyyət nümunələri aşkar edilmişdir. Bu tapıntılar Qarabağın qədim yaşayış məskənlərindən biri olduğunu, bölgədə inkişaf etmiş mədəni həyatın və qədim dövlətçilik ənənələrinin mövcudluğunu təsdiqləyir. Ağdamdakı Şahbulaq qalası memarlıq üslubu ilə diqqət çəkir.
Qarabağın ən mühüm arxeoloji abidələrindən biri olan Azıx mağarası dünya əhəmiyyətli paleolit düşərgəsi kimi tanınır və bölgənin qədim insan məskənlərindən biri olduğunu təsdiq edir. Bununla yanaşı, Qubadlı, Laçın, Kəlbəcər və digər rayonlarda yerləşən alban məbədləri, məscidlər, türbələr və digər dini abidələr Qarabağ və Şərqi Zəngəzurun zəngin dini-mədəni irsini əks etdirir. Bu irs nümunələrinin bərpası və turizm dövriyyəsinə cəlb edilməsi mədəni və dini turizmin inkişafı üçün geniş perspektivlər yaradır.
Ekoturizm
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları zəngin təbiəti, əsrarəngiz dağlıq landşaftı və füsunkar mənzərələri ilə ölkəmizdə ekoturizm və dağ turizminin inkişafında yeni səhifə açır. Bu region sadəcə səyahət məkanı deyil, həm də insanların təbiətlə ünsiyyəti, ekoloji biliklərin artırılması və bioloji müxtəlifliyin qorunması baxımından milli sərvətimizdir. Xüsusilə Topxana meşəsinin zəngin bitki və heyvan aləmi ekoloji turlar, botanika ekskursiyaları, quş müşahidəsi və foto-turizm həvəskarları üçün əsl tapıntıdır.
Bölgənin dağlıq relyefi aktiv istirahət və macəra turizminin mərkəzinə çevrilmək üçün potensiala malikdir. Şuşa, Kəlbəcər, Laçın və Hadrut istiqamətlərindəki qayalıqlar və dərələr piyada yürüş, alpinizm, dağ velosipedi və atçılıq marşrutlarının inkişafına geniş qapılar açır. Şuşanın tacı sayılan məşhur Cıdır düzü və onun ətrafındakı dik yamaclar isə gələcəkdə paraplanerizm kimi hava idman növlərinin Azərbaycandakı əsas ünvanı olmağa namizəddir.
Qarabağın təbii üstünlükləri yalnız yay mövsümü ilə məhdudlaşmır. Yüksək dağlıq ərazilərdə qar örtüyünün uzun müddət qalması və əlverişli iqlim şəraiti qış turizminin inkişafını stimullaşdırır. Gələcəkdə Kəlbəcər və Laçının uca zirvələrində beynəlxalq standartlara cavab verən xizək və snoubord kurortlarının yaradılması bölgənin qlobal bazarda rəqabət qabiliyyətini artıracaq. Bununla yanaşı, Kəlbəcərin dünyaşöhrətli “İstisu” termal mənbələri dağ turizmi ilə sağlamlıq turizmini sintez edərək, regionda ilboyu fəaliyyət göstərən müasir komplekslərin formalaşdırılmasına zəmin yaradır.
Regionun zəngin təbii ehtiyatları onun çoxəsrlik tarixi və mədəni irsi ilə də sıx vəhdət təşkil edir. Şuşa ətrafındakı qədim cığırlar, Laçın keçidi, Kəlbəcərin yaylaqları, qədim dağ kəndləri, alban məbədləri və qədim qalalar turistlərə həm təbiəti, həm də tarixi eyni marşrut çərçivəsində kəşf etmək imkanı verir. Bu xüsusiyyət Qarabağda unikal mədəni-ekoloji turizm məhsullarının yaradılmasını sürətləndirir.
Aqroturizm
Bu möhtəşəm potensialın ən cəlbedici şaxələrindən birini isə aqroturizm təşkil edir. Kənd təsərrüfatı ilə turizm sektorunun harmonik inteqrasiyasına və qarşılıqlı sinergiyasına əsaslanan bu unikal sahə müasir ziyarətçilərə kənd həyatının fəlsəfəsini dərindən duymaq, əsrlər boyu qorunub saxlanmış qədim yerli adət-ənənələrlə qovuşmaq və birbaşa təsərrüfat fəaliyyətlərində iştirak etmək kimi müstəsna şanslar tanıyır.
Son illərdə qloballaşmanın və sürətli urbanizasiyanın gətirdiyi səs-küylü, monoton şəhər ritmindən uzaqlaşıb təbii mühitdə mental olaraq dincəlmək, ekoloji təmiz qidalar dadmaq və təcrübələr qazanmaq istəyi qlobal miqyasda böyük bir trendə çevrilib. Bölgənin füsunkar iqlim şəraiti, bərəkətli torpaqları və bənzərsiz yaşıl yaylaqları bu marağı real və uğurlu layihələrə çevirmək üçün imkanlar açıb.
Bura gələn qonaqlar sadəcə bir və ya kənardan müşahidəçi olmaqla kifayətlənmir, həm də kənd ailələrinin gündəlik həyat ritmini canlı şəkildə yaşayırlar. Onlar bağçılıq, arıçılıq, heyvandarlıq və əkinçilik proseslərinin birbaşa parçasına çevrilirlər. Məsələn, Kəlbəcərin və Şuşanın əsrarəngiz yaylaqlarında balın süzülməsində iştirak etmək, Ağdamın bərəkətli bağlarından meyvə toplamaq və ya Qarabağın qədim xalçaçılıq, sənətkarlıq ənənələrinin sirlərini yerli ustadlardan öyrənmək turistlər üçün sadəcə bir əyləncə deyil, həm də mənəvi qazancdır.
Bununla yanaşı, Hadrut, Laçın, Kəlbəcər, Ağdam və Zəngilan rayonlarında kənd təsərrüfatı ilə ekoturizmi sintez edən vahid marşrutların formalaşdırılması bölgənin füsunkar landşaftını və yerli istehsal ənənələrini kompleks şəkildə dünyaya təqdim etməyə imkan yaradır. Belə marşrutlar regionun sosial-mədəni mühitini təşviq etməklə yanaşı, “Qarabağ brendləri”nin qlobal miqyasda tanınmasında mühüm rol oynayacaq.
Səyahətçilər üçün unudulmuş və fərqli bir həyat tərzini yerindəcə öyrənmək nə qədər maraqlıdırsa, prosesin sosial-iqtisadi və regional inkişaf tərəfi də bir o qədər əhəmiyyətlidir. Bu turizm növü “Böyük Qayıdış” kontekstində doğma yurduna dönən yerli icmaların iqtisadi fəallığının artmasına, kənd əhalisinin məşğulluğunun diversifikasiyasına və gəlirlərinin davamlı yüksəlməsinə birbaşa töhfə verir. Kəndli öz istehsal etdiyi ekoloji təmiz məhsulu – südü, balı, meyvə-tərəvəzi və ya əl işlərini heç bir vasitəçi olmadan, birbaşa öz təsərrüfatında turistə təqdim etmək imkanı qazanır. Bu isə öz növbəsində regional miqyasda yeni iş yerlərinin yaradılması, kənd infrastrukturunun sürətlə canlanması və əhalinin rifahının yüksəlməsi deməkdir.
Mətbəx turizmi
Qarabağın turizm potensialının mühüm istiqamətlərindən biri də kulinariya və şərabçılıq turizmidir. Regionun zəngin mətbəx ənənələri, yerli kənd təsərrüfatı məhsulları və qədim üzümçülük mədəniyyəti turistlərə həm qastronomik, həm də mədəni baxımdan fərqli təcrübə təqdim edir. Bu turizm növü yerli mətbəxin tanıdılması ilə yanaşı, bölgənin tarixi, adət-ənənələri və həyat tərzinin təbliğinə də xidmət edir.
Qarabağ mətbəxi müxtəlifliyi və təbii məhsullardan geniş istifadə olunması ilə seçilir. Regionda ət və süd məhsulları, taxıl, tərəvəz və yabanı bitkilər əsasında hazırlanan yeməklər üstünlük təşkil edir. Piti, bozbaş, sac yeməkləri, müxtəlif kabab növləri, qovurma və xəmir xörəkləri Qarabağın zəngin kulinariya irsinin əsas nümunələrindəndir. Dağlıq ərazilərdə bitən yabanı otlar, ətirli bitkilər və digər təbii məhsullar bu yeməklərə özünəməxsus dad və aroma bəxş edir. Turistlər yerli ailələrin qonağı olmaqla ənənəvi yeməklərin hazırlanma prosesində iştirak edə, milli mətbəx nümunələrini dadaraq kənd həyatını yaxından tanıya bilərlər.
Qarabağ mətbəxinin mühüm xüsusiyyətlərindən biri mövsümilik prinsipinə əsaslanmasıdır. Yaz və yay aylarında təzə göyərti, süd məhsulları və tərəvəzlərdən hazırlanan yeməklər üstünlük təşkil etdiyi halda, payız və qış mövsümündə daha qidalı ət yeməkləri, konservləşdirilmiş məhsullar və ənənəvi qış tədarükləri geniş istifadə olunur. Bu xüsusiyyət kulinariya turizminin ilin müxtəlif fəsillərində fərqli təcrübələr təqdim etməsinə imkan yaradır.
Kulinariya turizmi iqtisadi baxımdan da mühüm əhəmiyyət kəsb edir. Yerli kənd təsərrüfatı məhsullarının istehlakının artması, ailə təsərrüfatlarının və kiçik sahibkarlığın inkişafı, məhsulların əlavə dəyər zəncirinin genişlənməsi regionun sosial-iqtisadi inkişafına müsbət təsir göstərir. Turist axınının artması yerli istehsalçıların gəlirlərinin yüksəlməsinə və kənd icmalarının iqtisadi fəallığının güclənməsinə şərait yaradır.
Şərabçılıq turizmi qastronomik turizmin mühüm istiqamətlərindən biri olmaqla yanaşı, kənd və mədəni turizm elementlərini də özündə birləşdirir. Bu turizm növü dequstasiya proqramlarında iştirak etmək və bölgənin üzümçülük ənənələri ilə yaxından tanış olmaq imkanı yaradır. Azərbaycanın qədim üzümçülük və şərabçılıq ənənələri Qarabağın bu sahədə mühüm potensiala malik olduğunu göstərir.
Qarabağ tarixən ölkənin əsas üzümçülük bölgələrindən biri olmuşdur. Xocavənd rayonunun Tuğ qəsəbəsi qədim üzümçülük və şərabçılıq ənənələri ilə seçilir. Burada yetişdirilən “Xındoqnı” üzüm sortu Azərbaycanın yerli texniki üzüm növlərindən biri hesab olunur və yüksəkkeyfiyyətli qırmızı şərabların istehsalında istifadə edilir. Bu üzüm sortu Qarabağın şərabçılıq irsinin və yerli aqrobiomüxtəlifliyinin mühüm tərkib hissəsidir.
Ağdam rayonu da tarixən Azərbaycanın aparıcı üzümçülük və şərabçılıq mərkəzlərindən biri kimi tanınmışdır. Rayonun füsunkar iqlimi, günəşli günlərin sayının çoxluğu və torpağın mineral tərkibi burada yüksəkkeyfiyyətli texniki və süfrə üzüm sortlarının yetişdirilməsinə ideal şərait yaratmışdır. Vaxtilə rayonun minlərlə hektar sahəsini əhatə edən üzüm bağları bölgənin iqtisadi sütununu təşkil edirdi.
Bu zəngin potensialın vizit kartına çevrilən və burada istehsal olunan məşhur “Ağdam” portveyni nəinki respublikamızda, bütövlükdə nəhəng bir coğrafiyada — bütün SSRİ məkanında dillər əzbəri idi və böyük populyarlıq qazanmışdı. Özünəməxsus dad palitrası, ətri və keyfiyyəti ilə seçilən bu içki Ağdamın adını İttifaq miqyasında brendə çevirmişdi. Rayonda fəaliyyət göstərən şərab zavodları, emal müəssisələri uzun illər boyu ölkənin şərab sənayesinin inkişafında, ixrac potensialının gücləndirilməsində və yerli əhalinin yüksək məşğulluğunun təmin edilməsində əvəzsiz və mühüm rol oynamışdır. Təəssüf ki, otuz ilə yaxın davam edən işğal dövründə bu bərəkətli üzüm bağları, tarixi sənaye müəssisələri və unikal şərab zirzəmiləri tamamilə məhv edilmiş, regionun aqrar yaddaşına ağır zərbə vurulmuşdur.
Lakin bu gün Ağdamın tarixində tamamilə yeni və parlaq bir səhifə açılır. İşğaldan azad edilmiş ərazilərdə dövlət tərəfindən böyük rəşadətlə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və “ağıllı kənd təsərrüfatı” tədbirləri Ağdamın itirilmiş üzümçülük və şərabçılıq ənənələrinin yenidən bərpası üçün misilsiz imkanlar yaradır. Müasir dövrün aqrotexniki idarəetmə metodları, damlama suvarma sistemləri və daxili-xarici investisiyaların cəlb edilməsi sayəsində rayonun tarixi şərabçılıq şöhrəti indi daha müasir, innovativ və sənaye əsasları ilə yenidən qurulur. Keçmişin zəngin təcrübəsi ilə gələcəyin texnologiyasını birləşdirən bu dirçəliş prosesi, Ağdam şərablarının yaxın gələcəkdə “Made in Azerbaijan” brendi altında dünya bazarlarına möhtəşəm qayıdışını təmin edəcəkdir.
Şübhəsiz ki, kulinariya və şərabçılıq turizminin kompleks şəkildə inkişafı Qarabağın qastronomik turizm istiqaməti kimi beynəlxalq səviyyədə tanınmasına əlverişli zəmin yaradır.
Sağlamlıq turizmi
Regionun əlverişli mikroiqlimi, füsunkar dağlıq relyefi, sıx meşə örtüyü və zəngin mineral su ehtiyatları burada müasir sağlamlıq və reabilitasiya turizminin inkişafı üçün təbii baza formalaşdırır. Kəlbəcər, Şuşa və Laçın bölgələri tarixən sanatoriyaları ilə tanınıb və Qafqazın mühüm kurort zonalarından sayılıb. Bu ənənə hazırda müasir infrastruktur əsasında yenidən inkişaf etdirilir. Xüsusilə Kəlbəcərdə yenidən qurulan “İstisu” sanatoriyası sağlamlıq turizmi sahəsində əsas layihələrdən biridir və gələcəkdə çoxsayda pasiyentin qəbulunu təmin edəcək.
Şuşa və Xankəndi istiqamətində yerləşən Turşsu, Şirlan və digər mineral bulaqlar da müalicəvi xüsusiyyətləri ilə seçilir. Ümumilikdə, təxminən, 120-yə yaxın mineral su mənbəyi mövcuddur. Bu ərazilərdə SPA və reabilitasiya mərkəzlərinin yaradılması regionun turizm imkanlarını genişləndirəcək. Bundan əlavə, Qarabağda 600-dən çox müalicəvi bitki növünün mövcudluğu fitoterapiya və alternativ tibb sahəsində yeni imkanlar açır. Bu resurslar əsasında dərman bitkilərinin emalı və təbii məhsullar istehsalı perspektivli istiqamətlərdəndir.
Yaddaş turizmi
İşğaldan azad edilmiş Qarabağ bu gün təkcə genişmiqyaslı quruculuq və bərpa işlərinin aparıldığı məkan deyil, həm də Azərbaycanın yaxın tarixini əks etdirən canlı yaddaşdır. Dağıdılmış şəhərlər, viran qoyulmuş kəndlər, məhv edilmiş tarixi və dini abidələr, eləcə də müharibənin insanlara və təbiətə vurduğu ağır zərbələr Qarabağı dünyanın diqqətini cəlb edən mühüm dark turizm istiqamətlərindən birinə çevirəcək. Müharibələr, faciələr və tarixi fəlakətlərlə bağlı məkanlara təşkil olunan səfərlər – artıq bir çox ölkələrdə tarixi yaddaşın qorunması və ictimai maarifləndirmənin vacib vasitəsinə çevrilib. Bu turizm növü ziyarətçilərə keçmiş hadisələri məhz baş verdiyi məkanda dərk etmək, müharibənin dağıdıcı nəticələrini yaxından görmək və sülhün əsl dəyərini anlamaq imkanı yaradır. Qarabağ isə bu baxımdan dünyada analoqu az olan tarixi və mənəvi irsə malikdir.
Dark turizmin ən diqqətçəkən ünvanlarından biri Ağdamdır. 30 ilə yaxın davam edən işğal nəticəsində demək olar ki, tamamilə dağıdılan şəhər müharibənin ağır izlərini qoruyub saxlayır. Təsadüfi deyil ki, Ağdam beynəlxalq ekspertlər tərəfindən “Qafqazın Xirosiması” kimi xarakterizə edilir. Vaxtilə abad yaşayış məntəqəsi olan şəhərin bugünkü mənzərəsi silahlı münaqişələrin yaratdığı humanitar və mədəni fəlakətin ən təsirli nümunələrindən biridir.
Ağdamda yaradılması nəzərdə tutulan İşğal və Zəfər muzeyləri, müasir rəqəmsal texnologiyalar əsasında hazırlanacaq virtual (VR) və artırılmış reallıq (AR) ekspozisiyaları, eləcə də Memorial Bağ konsepsiyası Qarabağın tarixi yaddaşının gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verəcək. Müharibənin izlərini daşıyan bəzi ərazilərin qorunması isə ziyarətçilərə tarixə canlı şahidlik etmək imkanı yaradacaq.
Füzuli rayonu da dark turizmin perspektivli istiqamətlərindən hesab olunur. Şuşa, Xocalı, Kəlbəcər və Laçın da dark turizmin mühüm marşrutlarına daxil edilə biləcək məkanlardır. Şuşada müharibənin izlərini daşıyan tarixi abidələr, Xocalıda xalqımızın yaddaşına əbədi həkk olunmuş faciənin xatirəsini yaşadan memorial məkanlar, Kəlbəcər və Laçında ekoloji vandalizmin izləri ziyarətçilərə müharibənin yalnız şəhərləri deyil, təbiəti və mədəni irsi də necə məhv etdiyini göstərir.
Şübhəsiz ki, tarixi yaddaşın qorunması, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və dayanıqlı turizmin inkişafı baxımından Qarabağın dark turizm potensialı olduqca böyükdür. Bu potensialdan düzgün istifadə edilməsi Azərbaycanın beynəlxalq turizm məkanındakı mövqeyini daha da möhkəmləndirə, Qarabağı isə təkcə zəngin təbiəti və mədəni irsi ilə deyil, həm də tarixi yaddaşı yaşadan mühüm turizm istiqaməti kimi dünyaya tanıda bilər.
Pünhan ƏFƏNDİYEV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 11 İyul 2026 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















