QARABAĞ universiteti: Zəfər + zəfər
Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Təəssüf ki, yaranan acınacaqlı vəziyyətdə insanlar kimi, illər, əsrlər boyu həmin insanlara xidmət edən obyektlər də məcburi köçkün həyatı yaşamalı olur. Uzun illər Qarabağ və Şərqi Zəngəzura məxsus idarə, müəssisə və təşkilatların Bakıda və digər rayonlarda fəaliyyət göstərdiyi kimi... 2024-cü ildə Qarabağ Universiteti kimi fəaliyyətə başlayan Xankəndi Pedaqoji İnstitutu kimi...
Bu gün artıq dövlətimiz tərəfindən soydaşlarımız kimi, sosial obyektlər də yurduna qaytarılır. 270 ildən artıq dövrün qürur salnaməsini yazan 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabrında birgünlük antiterror əməliyyatı torpaqlarımızın işğalına son qoydu. Son olaraq düşməndən azad edilən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə ilə ərazi bütövlüyümüz və konstitusiya quruluşumuz bərpa olundu. Hələ müharibə bitməmiş azad edilən torpaqlarda quruculuq, bərpa işlərinə başlandı. Artıq Qarabağa Böyük Qayıdış da başlanıb, yüzlərlə soydaşımız yurduna qayıdıb. Köçkün həyatı yaşayan bir sıra obyektlər də doğma yurduna qayıdır. Ötən il bütün Azərbaycan Qarabağ Universitetinin yenidən fəaliyyətə başlamasının qürur və sevincini yaşadı. Bütün bunlar isə əldə etdiyimiz Zəfərin üzərinə yeni bir zəfərin əlavə olunması deməkdir: Zəfər+zəfər!
Şəhərdən şəhərə köçürülən təhsil ocağı
Xankəndi Pedaqoji İnstitutu 1969-cu ildə fəaliyyətə başlayıb. 1988-ci ildə ermənilərin yeni Qarabağ sevdasının ilk acısını Xankəndi Pedaqoji İnstitutunun Azərbaycan şöbəsinin pedaqoji kollektivi yaşayıb. Azərbaycan torpağı olan Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin ərazi iddiaları ilə çıxış etməsi Xankəndi Pedaqoji İnstitutunda tədris prosesinin pozulması ilə nəticələnib. Xankəndi Pedaqoji İnstitutunun azərbaycanlı professor-müəllim və tələbə kollektivi erməni millətçilərinin əməllərini, məkrli planlarını həyata keçirməsinə maneçilik törətdiyindən onlara ciddi fiziki və mənəvi təzyiq göstərilirdi. İnstitutun Azərbaycan şöbəsinin ölüm təhlükəsi ilə üzbəüz qalan müəllim və tələbələri 1988-ci il mayın 16-da erməni silahlıları tərəfindən Xankəndindən qovuldu. Pedaqoji kollektiv Şuşa Mədəni-Maarif Texnikumunun tədris binası və yataqxanasında yerləşdirildi. 26 iyun 1998-ci ildə texnikumun binasında Şuşa ictimaiyyəti ilə görüşən Xüsusi İdarəetmə Komissiyasının sədri A.Volski növbəti tədris ilində tələbələrin Xankəndi Pedaqoji İnstitutuna qaytarılacağı haqqında söz verdi. Ancaq həmin dövrdə verilən belə sözləri çox eşidib, nəticəsini heç görmədik.
Erməni iddialarının getdikcə genişlənməsi problemin tezliklə həllinə şübhə yaradırdı. Azərbaycanlı tələbələrin yenidən Xankəndi Pedaqoji İnstitutuna qayıdaraq ermənilərlə birlikdə təhsil alması qeyri-mümkün idi. Bu səbəbdən də 14 oktyabr 1988-ci ildə SSRİ Nazirlər Sovetinin sədri N.Rıjkov Xankəndi Pedaqoji İnstitutunun fəaliyyətinin müvəqqəti dayandırılması haqqında qərar verdi. Buna əsasən olaraq SSRİ Xalq Təhsili Komitəsinin sədr müavini Q.F.Qusev tərəfindən 17 oktyabr 1988-ci il tarixdə Xankəndi Pedaqoji İnstitutunun 2 il müddətinə müvəqqəti olaraq bağlanması qərarı verildi və institutun tələbələrinin həmin il noyabrın 1-nə kimi Azərbaycanın Gəncə, Ermənistanın Yerevan, Leninakan və Kirovakan pedaqoji institutlarına köçürülməsi planlaşdırıldı.
Erməni şöbəsi qərara etinasız yanaşaraq öz fəaliyyətini Sovet Azərbaycanının 60 illiyi adına Xankəndi Pedaqoji İnstitutunda davam etdirdi. Azərbaycan xalq təhsili naziri Müslüm Məmmədov Azərbaycan şöbəsi tələbələrinin bir hissəsinin Gəncə, digər hissəsinin isə Naxçıvan pedaqoji institutlarına köçürülməsi qərarına gəldi. İki yerə bölünmə ilə bağlı ciddi etirazından sonra 100 nəfərlik professor-müəllim kollektivi və 1200 tələbə Gəncə Pedaqoji İnstitutuna köçürüldü. Müəllim və tələbələrin Gəncə Pedaqoji İnstitutuna köçürülməsi ilə bağlı Azərbaycan xalq təhsili naziri Müslüm Məmmədov 18 oktyabr 1988-ci ildə qərar verdi.
Bir ilə yaxın Gəncədə fəaliyyət göstərən pedaqoji kollektivin təkidli tələbi ilə şöbənin Şuşaya köçürülməsi qərara alındı. 1989-cu il oktyabrın 25-də pedaqoji kollektiv Şuşaya köçürüldü. Lakin məlum hadisələr-ermənilərin Qarabağda törətdiyi əməllər, bunun da nəticəsində Şuşanın təhlükə altında olması ilə əlaqədar 1992-ci il martın 25-də filialın kollektivi Ağcabədi şəhərindəki 1 nömrəli məktəbin binasına köçürüldü, daha sonra isə 114 nömrəli Texniki Peşə Məktəbinin binasında yerləşdirildi.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli Fərmanı ilə filialın bazasında Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı təşkil edildi. Ağcabədi filialı 2015-ci ildən ADPU-nun Ağcabədi filialına çevrilib.
Azad Xankəndiyə yenidən qayıdan universitet
Yuxarıdakı faktlardan göründüyü kimi, Xankəndi Pedaqoji İnstitutu 1969-cu ildən 1988-1990-cı illərə, həmin vaxtdan isə 2023-cü ilədək keşməkeşli yollar keçmişdir. Lakin soydaşlarımız kimi, bu təhsil ocağının də alın yazısında yurda qayıtmaq varmış. Həm də təntənəli şəkildə. Belə ki, Xankəndi şəhərində yerləşən Qarabağ Universiteti təmirdən sonra ötən il sentyabrın 20-də həm Dövlət Suverenliyi, həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günündə ölkə başçısı İlham Əliyevin iştirakı ilə istifadəyə verildi. Həmin gün Qarabağ Universiteti Xankəndidə bir ulduz kimi parladı. İllərlə oraya-buraya daşınmalara, təzyiqlərə, əziyyətlərə son qoyuldu. Bu təhsil ocağı müasir dizaynı, maddi-texniki bazası ilə azad Xankəndiyə yenidən qayıtdı.
Tarix kitabını açıb yeni bir hadisəni səhifələrinə yazdı həmin gün: Zəfərin ərmağanlarını, Xankəndinin yeni dövrünü, ölkənin hər yerindən bura axışıb gələn ilk tələbələri, bu yurd yerindən dünyaya yayılan qüruru, sevinci.
Təhsil ocağının yeni dövrü
Prezident İlham Əliyev 2023-cü il noyabrın 28-də “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb.
Dövlətimizin başçısının birbaşa diqqət və qayğısı nəticəsində qısa müddət ərzində Universitetdə müasir tədris infrastrukturu yaradılıb. Ali təhsil ocağının bütün ərazisində genişmiqyaslı abadlıq işləri həyata keçirilib. Əsas tədris binasının qarşısındakı park sökülüb, onun yerində 2,3 hektar ərazidə müasir tələblərə uyğun yeni park salınıb.
Bütün tədris binaları əsaslı təmir olunub. Əsas tədris binasının fasadı yenilənib, kommunikasiya xətləri quraşdırılıb, tədris və inzibati otaqlar müasir tələblərə cavab verən müvafiq avadanlıqlarla təchiz edilib.
Qarabağ Universiteti hazırda 3 tədris binasında yerləşir. Əsas tədris binasında Pedaqoji, Mühəndislik, Humanitar və sosial elmlər, İqtisadiyyat və Turizm fakültələri, 2-ci tədris binasında İncəsənət fakültəsi, 3-cü tədris binasında isə Beynəlxalq dil mərkəzi fəaliyyət göstərir.
Tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi üçün ilk tədris ilinin müvafiq ehtiyacları nəzərə alınmaqla universitetdə 6 (Fizika, Kimya, Mexatronika, Robototexnika, Kompüter və qrafiki dizayn, Kompüter və proqramlaşdırma) laboratoriya yaradılıb.
Müasir standartlara uyğun şəkildə dizayn edilmiş universitet kitabxanasının xidmətlərindən eyni vaxtda 200 tələbə istifadə edə bilər. Kitabxananın fondunda Azərbaycan, ingilis və rus dillərində 6 mindən çox dərslik və digər ədəbiyyat mövcuddur. Burada tələbələr “Elektron kitabxana” sisteminin geniş imkanlarından faydalana bilərlər.
Ölkənin və regionun ehtiyacları, həmçinin beynəlxalq əmək bazarının müasir trendləri nəzərə alınmaqla, ilkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə - Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılır.
Hazırda universitetin 160 əməkdaşı var. Onlardan 60 nəfəri akademik heyətin üzvü, 100 nəfəri isə inzibati və texniki heyətin üzvüdür.
Kadr heyətinin seçimi zamanı Qarabağ Universitetinin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili üçün vacib olan bilik və bacarıqlara sahib peşəkar mütəxəssislərə üstünlük verilib. Müvafiq vəzifələrin tutulması üzrə vakansiya elanları Elm və Təhsil Nazirliyinin rəsmi saytında və universitetin sosial şəbəkə hesablarında geniş ictimaiyyətin diqqətinə çatdırılıb.
Hazırda peşəkar və təcrübəli yerli və xarici professor-müəllim heyətinin akademik fəaliyyətə cəlb olunması istiqamətində işlər davam etdirilir. Bu prosesdə xaricdə yaşayan azərbaycanlı alimlər və müvafiq dövlət proqramları ilə nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil alan gənclər diqqət mərkəzində saxlanılır.
2024/2025-ci tədris ili üzrə universitetin bakalavriat səviyyəsinə tələbə qəbulu planında ümumilikdə 1120 yer nəzərdə tutulmuşdu. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların nəticələrinə əsasən 1104 tələbə qəbul olunub və qəbul planı 98,5 faiz yerinə yetirilib.
Qarabağ Universitetinin ilk tələbələrindən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla Hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin Elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib.
Bundan əlavə, ilk tədris ilində Qarabağ Universitetində Hüquqşünaslıq, Xarici dil müəllimliyi (ingilis dili), Maliyyə və Mühasibat ixtisasları üzrə SABAH qrupları təşkil olunub. Müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini (kursunu) bitirmiş tələbələri arasında keçirilən müsabiqədə uğur qazanan 60 tələbə sözügedən 4 ixtisas üzrə Qarabağ Universitetinin SABAH qruplarında ikinci tədris ilində təhsil ala bilər.
Azərbaycan Respublikası Prezidenti 7 fevral 2025-ci ildə “Qarabağ Universitetinin Klinikası”nın yaradılması ilə bağlı fərman imzalayıb. Klinika Xankəndidə fəaliyyət göstərəcək, tibb ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar hazırlığını təmin edəcək, elmi tədqiqatlar aparacaq və region əhalisinə tibbi xidmət göstərəcək.
Klinikanın fəaliyyətinin başlanğıcı üçün Qarabağ Universitetinə 5 milyon manat ayrılıb. O, mərhələli şəkildə özünümaliyyələşdirməyə keçənədək dövlət dəstəyi davam edəcək.
Qarabağ universiteti haqqında bütün bu məlumatlara nəzər salmaq yeni dövrə başlayan bu ali təhsil ocağının yaxın gələcəyini göz önünə gətirməyə kifayət edir.
Bir neçə şəhəri birləşdirən universitet
Qarabağ Universitetinin açılış tədbirində dövlətimizin başçısının dəyərli nitqində bu qədim ərazimizlə, burada fəaliyyət göstərən təhsil ocağı ilə bağlı maraqlı faktları dinlədikcə, dövlətimizlə, Qarabağ torpağını bizə yenidən bəxş edən Ali Baş Komandanımızla və milli ordumuzun əsgər və zabitləri, minlərlə şəhid və qazisi bir daha fəxr etdik: Bura bizim tarixi torpağımızdır və əminəm ki, bunu Azərbaycanda bilməyən yoxdur, dünyada da bunu bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olubdur, onun adı onu göstərir - Xanın kəndi. Sadəcə olaraq, yenə də Azərbaycana, xalqımıza qarşı düşmənçilik siyasəti nəticəsində uzun illər ərzində bizim nəzarətimiz burada ya zəif idi, ya da ümumiyyətlə, yox idi. Çünki XIX əsrin əvvəlində bağlanmış üç müqavilə - “Kürəkçay”, “Gülüstan”, “Türkmənçay” müqavilələri faktiki olaraq sonrakı işğalı da şərtləndirdi. Məhz bu müqavilələrdən sonra heç vaxt Qarabağ torpağında yaşamayan ermənilər kütləvi surətdə İrandan və Şərqi Anadoludan buraya köçürülmüşdür və bu, həqiqətdir, bu, dəqiq tarixdir. Sadəcə olaraq, Ermənistan və erməni alimləri hər zaman olduğu kimi, tarixi təhrif edərək yeni uydurma tarix yaratmağa çalışırdılar və öz lobbi şəbəkələri vasitəsilə müəyyən dərəcədə beynəlxalq ictimaiyyəti də çaşdırmağa nail olmuşdur.
Ötən il Dövlət Suverenliyi Günündə yenidən fəaliyyətə başlayan Qarabağ Universiteti haqqında dövlətimizin başçısının bu fikirləri də maraqlı və yaddaqalan oldu: Bu gün, eyni zamanda, Qarabağ Universitetinin açılışıdır. Bu açılış istənilən gündə ola bilərdi. Amma hesab etdim ki, 20 sentyabrda olsa, daha düzgün olar. Çünki bu, artıq şanlı tariximizdir. Hesab edirəm ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir və keçən ilin noyabrında müvafiq Sərəncam imzalandı. Sonra mən buraya baş çəkdim. Artıq mənim buraya üçüncü gəlişimdir və bütün göstərişlər verildi, Elm və Təhsil Nazirliyi tezliklə bütün lazımi tədbirləri gördü. Demək olar ki, bina yenidən quruldu. Bu bina sovet dövründə Azərbaycan memarları, inşaatçıları tərəfindən inşa edilmişdi. İşğal dövründə bunu erməniləşdirmək üçün müəyyən işlər görülmüşdü. O əlamətlər də tamamilə silindi. Binanın önü açıldı, gözəl bir park yaradıldı. Master-plan hazırlandı, yəni gələcək illərdə, yəqin ki, növbəti üç ildə yeni tədris korpusları inşa ediləcək. Gözəl yataqxana yaradıldı, bu gün tanış olmuşam. Ən önəmlisi gənclər, yəni tələbələr buraya böyük həvəslə gəlməyə başladılar. İndi mənə məlumat verildi ki, 1200 tələbə var. Ölkəmizin hər bir bölgəsindən tələbə var. Yüksək bal toplayan, o cümlədən 600-dən çox bal toplayan tələbələr bizimlə görüşdə iştirak edirlər və buraya böyük həvəslə gəlmişlər. Müəllim heyəti də formalaşdı. Bilirəm ki, müəllimlər də böyük həvəslə bu işə başlayırlar və ümid edirəm ki, Qarabağ Universiteti bizim aparıcı ali məktəblərdən birinə çevriləcəkdir. Bunu etmək üçün bütün imkanlar var. İndi verilən məlumata görə, artıq altı fakültə yaradılıb. Növbəti illərdə Tibb fakültəsi də yaradılacaq. Xocalıda Aqrar elmlər fakültəsi, Şuşada Turizm fakültəsi fəaliyyət göstərəcək. Yəni, bu, bir neçə şəhəri birləşdirən universitet olacaq. Əlbəttə ki, Qarabağa qayıdacaq keçmiş köçkünlər, onların uşaqları burada oxuyacaq və ölkəmizin hər bir yerindən gənclər buraya gələcəklər.
Bəli, Qarabağ Azərbaycandır və bütün azərbaycanlılarındır: bütün maddi-mədəni irisi, resursları, sərvətləri, eləcə də köçkünlüyü tarixin arxivinə yollanan, artıq iki ildir, fəaliyyət göstərən universiteti ilə.
Mətanət Məmmədova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 27 Noyabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















