Icma.az
close
up
RU
Qarabağ Universitetinin strateji hədəfləri

Qarabağ Universitetinin strateji hədəfləri

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Təxminən bir il əvvəl ilk tədris ilinə hazırlaşan Qarabağ Universitetinin rektoru Şahin Bayramov yeni yaradılmış ali təhsil ocağının qarşıya qoyduğu hədəflər haqqında ilk müsahibəsini “Xalq qəzeti”nə vermişdi. Həmin vaxt növbəti söhbətimizi Xankəndidə etmək arzusu ilə sağollaşmışdıq. Artıq qısa müddətdə gözəl Qarabağımızın dirçəlişinin simvollarından birinə çevrilmiş universitet 2024-2025-ci tədris ilinə yekun vurub. Bəs ötən il ali təhsil ocağı üçün hansı uğurlarla yadda qaldı? Qarşıda hansı inkişaf planları var? Universitet tələblərini hansı yeniliklərlə sevindirəcək? Arzuladığımız kimi, bu dəfə Şahin müəllimlə Xankəndi şəhərində görüşüb bu və digər suallarımıza cavab almaq üçün həmsöhbət olduq:

– Şahin müəllim, gözəl Qarabağımızda xoş görüşdük. Hazırda bölgədə davam edən bərpa və quruculuq işləri kontekstində işğaldan azad olunmuş ərazilərimizdə yaradılmış ilk və hələ ki, yeganə ali təhsil müəssisəsi olan Qarabağ Universitetinin birillik fəaliyyətini necə dəyərləndirirsiniz?

– Xoş görüşdük. İlk növbədə qeyd edim ki, Qarabağ Universitetinin yaradılması hadisəsi yalnız yeni bir ali təhsil müəssisəsinin qurulması deyil, eyni zamanda doğma Qarabağımızın dirçəlişini hədəfləyən uğurlu dövlət siyasətinin parlaq təzahürlərindən biridir. Vurğuladığınız kimi, hazırda dövlətimizin müəyyən etdiyi strateji inkişaf prioritetləri çərçivəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Bu proses yalnız fiziki infrastrukturun qurulması ilə məhdudlaşmır, həm də regionun sosial-iqtisadi reinteqrasiyası, əhalinin dayanıqlı məskunlaşması və insan kapitalının inkişafı ilə sıx bağlıdır. Bu baxımdan, Qarabağ Universitetinin yaradılması, faktiki olaraq, Qarabağın dayanıqlı inkişaf konsepsiyasında ali təhsilin və insan kapitalının rolunu mərkəzə çəkən və gələcəyə yönəlmiş bir addımdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli sərəncamı ilə Qarabağ Universitetinin yaradılması dərin strateji mahiyyət daşıyır. Bu qərar bölgənin iqtisadi potensialı, əmək bazarının tələbləri və burada həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesləri nəzərə alınmaqla verilib. Cənab Prezidentin universitetimizin açılışında qeyd etdiyi kimi, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir.

Universitetimiz “Böyük Qayıdış” proqramının tərkib hissəsi kimi, bölgənin sosial-iqtisadi canlanmasında mühüm yer tutur. Bu nöqteyi-nəzərdən, ölkənin və regionun ehtiyaclarına uyğun yüksək ixtisaslı mütəxəssislər, elmi və pedaqoji kadrlar hazırlamaqla, nəticəyönümlü tədqiqatlar və innovativ həllər təqdim etməklə regionun dirçəlişində pay sahibi olmağı hədəfləyən Qarabağ Universitetinin üzərinə önəmli vəzifələr düşür. Çünki bu gün dogma Qarabağımız yalnız fiziki olaraq deyil, həm də düşüncə, bilik və innovasiyalarla yenidən qururulur.

Bütün bunlar nəzərə alınaraq, Qarabağ Universiteti müasir və inteqrativ yanaşmalarla, interdisiplinar proqramlarla dəstəklənən yeni nəsil ali təhsil modeli əsasında inkişaf etdirilir. Bu yanaşma onu deməyə əsas verir ki, Qarabağ Universiteti bölgənin gələcək inkişafını dəstəkləyən ali təhsil müəssisəsidir. İnanırıq ki, universitetimizin uğuru təkcə akademik göstəricilərlə deyil, həm də Qarabağın gələcək inkişafında oynayacağı fəal rol ilə ölçüləcək. Qarabağ Universitetinin bu missiyanı uğurla yerinə yetirəcəyinə və bölgənin dirçəliş tarixində önəmli iz buraxacağına əminik. Fikrimizcə, bu ali təhsil ocağı gələcəkdə “postmünaqişə universitet inkişafı modeli” kimi beynəlxalq miqyasda nüfuz qazanacaq və bölgələrdə ali təhsilin inkişafı üçün yeni bir baxış bucağı təqdim edəcək. Möhtərəm Prezidentimizin vurğuladığı kimi, Qarabağ Universiteti bizim aparıcı ali məktəblərdən birinə çevriləcəkdir.

– Qarabağ Universitetinin ilk tədris ili başa çatdı. Bu münasibətlə sizi və kollektivinizi təbrik edirik. Universitetinizdə tədris prosesi necə təşkil olunub?

– Təşəkkür edirəm. İlk tədris ilimiz uğurlu və yaddaqalan hadisələrlə zəngin bir dövr kimi dəyərləndirilə bilər. Bu, ilk növbədə, dövlətimizin yüksək diqqət və qayğısı, strateji baxışları, o cümlədən Elm və Təhsil Nazirliyinin birbaşa dəstəyi sayəsində mümkün olub. İlk gündən etibarən atılan hər bir addım sistemli şəkildə planlaşdırılıb və peşəkar komandamız tərəfindən müvəffəqiyyətlə icra olunub.

Ən qürurverici və önəmli hadisələrdən biri 20 sentyabr 2024-cü il tarixində möhtərəm Prezidentimizin iştirakı ilə Qarabağ Universitetinin rəsmi açılışı oldu. Dövlət başçımızın açılış mərasimindəki “Bu açılış istənilən gündə ola bilərdi. Amma hesab etdim ki, 20 sentyabrda olsa, daha düzgün olar” fikri bu tarixi hadisənin rəmzi mahiyyətini göstərdi.

İlk söhbətimizdə də bildirmişdim ki, bu tədris ili üçün əsas hədəflərimiz peşəkar akademik və inzibati heyətin formalaşdırılması, müasir infrastrukturun qurulması, qabaqcıl təhsil proqramlarının hazırlanması və universitetin tanıdılması idi. Biz bu hədəflərə nail olmağı bacardıq: Əksəriyyəti xarici universitetlərdə təhsil almış təcrübəli əməkdaşlardan ibarət heyət qurulub, 6 fakültə və 27 ixtisas üzrə tədris prosesi müasir təhsil yanaşmaları əsasında təşkil edilib. Ümumilikdə, universitetmizə ötən il 1104 tələbə qəbul olunub, onlardan 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Bu isə ilk dəfə keçirilən tələbə qəbulunun keyfiyyətinin göstəricisidir.

Eyni zamanda, SABAH qruplarına keçirilən müsabiqədə uğur qazanan 60 tələbə universitetimizə transfer olunub. Tədris binaları ilə yanaşı, tələbələrin yerləşdirilməsi üçün yataqxanalar, əməkdaşların isə yaşayış binaları istifadəyə verilib. Universitet kitabxanası müasir standartlara uyğun formalaşdırılıb, müxtəlif dillərdə 17 mindən artıq vəsaitlə təchiz olunub.

Tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirmək üçün müvafiq laboratoriyalar istifadəyə verilib. Fizika, kimya, mexatronika, robototexnika, kompüter və qrafiki dizayn, proqramlaşdırma sahələri üzrə 6 müasir laboratoriya tədris prosesinə inteqrasiya edilib. Bununla yanaşı, tədris zamanı simulyativ dərslərə geniş yer verilib. Misal olaraq, “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan tələbələr üçün Xankəndi Şəhər Məhkəməsində təşkil edilmiş məhkəmə simulyasiyasını xüsusi qeyd edə bilərik. Belə dərslər tələbələrə biliklərini yoxlamaq və hüquqi prosesləri real mühitdə təcrübədən keçirmək imkanları qazandırıb.

Tələbələrin öyrənmə prosesini daha məhsuldar, motivasiyalı və effektiv etmək məqsədilə tələbə biliyinin qiymətləndirilməsi və imtahan qaydaları hazırlanaraq tətbiq olunub. Müvafiq qanunvericiliyə uyğun şəkildə hazırlanmış bu qaydalar çərçivəsində cari tədris ilində payız və yaz semestrinin imtahanları uğurla təşkil olunub. İmtahanlar fənlərin spesifikasına uyğun olaraq yazılı, qarışıq, şifahi, baxış və dinləmə formatlarında keçirilib.

Bir sözlə, Qarabağ Universitetində tədrisin keyfiyyətli təşkili istiqamətində qısa müddətdə mühüm nəticələrə nail olunub və ilk tədris ilində qazanılmış uğurlar növbəti tədris ili üçün möhkəm zəmin və əhəmiyyətli təcrübə formalaşdırıb.

– Fəaliyyətiniz yəqin ki, tək bu istiqamətləri əhatə etməyib...

– Bəli, yola saldığımız tədris ili universitetimiz üçün təkcə tədrisin təşkili baxımından deyil, həm də elmi, sosial və beynəlxalq fəaliyyətlər sahəsində mühüm uğurlarla yadda qalacaq. Belə ki, rəhbərlik etdiyim ali təhsil ocağı fəaliyyətini yalnız biliklərin ötürülməsi ilə məhdudlaşdırmayaraq, tələbələrdə analitik düşüncə, yaradıcılıq, milli-mənəvi dəyərlərə sadiqlik, innovativ yanaşma, qlobal təfəkkür və kommunikasiya bacarıqlarının inkişafına yönəlmiş müxtəlif tədbirlərlə genişləndirib. Bu istiqamətdə çoxşaxəli yanaşmanın uğurla həyata keçirilməsində əsas dayaqlardan biri tələbə mərkəzli idarəetmə modelinə əsaslanmaqdır. Qarabağ Universitetinin əsas strateji yanaşmalarından sayılan bu model tələbələrin universitet həyatına motivasiyalı şəkildə qoşulmalarına, öz fikirlərini sərbəst ifadə etmələrinə və qərarvermə proseslərində aktiv iştiraklarına şərait yaradır. Birinci kurs tələbələrinin akademik və sosial həyata rahat inteqrasiyasını təmin etmək məqsədilə oriyentasiya günləri, şəhər infoturları və maarifləndirici infosessiyalar təşkil olunub. Bu fəaliyyətlər sayəsində Xankəndidə ilk məskunlaşan tələbələrimizin şəhərə və universitetə adaptasiyası asanlaşıb.

Ümummilli liderimiz Heydər Əliyevin əbədiyaşar ideyalarına və zəngin irsinə əsaslanan dəyərlər sistemi Qarabağ Universitetinin təhsil fəlsəfəsinin əsasını təşkil edir. Xüsusilə Prezident cənab İlham Əliyevin “Birinci yerdə, birinci növbədə milli ruh məsələləridir, mənəvi hazırlıqdır” fikri universitetin pedaqoji və sosialyönümlü fəaliyyətlərinə bələdçilik edir. Bu baxımdan, tələbələrimizin vətənpərvərlik ruhunun inkişaf etdirilməsi, milli-mənəvi irsimizin qorunması və yaşadılması başlıca prioritetlər sırasındadır. Ötən tədris ilində bu istiqamətdə silsilə sosial və vətənpərvərlik yönümlü tədbirlər həyata keçirilib, tarixi günlər və milli bayramlar geniş ictimai iştirakçılıqla qeyd olunub. Bu tədbirlər vasitəsilə gənclərdə tarixə hörmət, Vətənə bağlılıq, mədəni irsə dəyərvermə, sosial məsuliyyət və dayanıqlı inkişaf düşüncəsinin formalaşdırılması hədəflənib.

Ali təhsil ocağında tələbələrin yaradıcılıq potensialının və innovativ təşəbbüslərinin dəstəklənməsi məqsədilə bir sıra layihələr reallaşdırılıb, müxtəlif təlimlər və seminarlar keçirilib. Universitetimizdə fəaliyyət göstərən Beynəlxalq Dil Mərkəzi tərəfindən xarici dil biliklərinin gücləndirilməsi üçün intensiv proqramlar tətbiq olunub. Gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif idman turnirləri, intellektual yarışlar, konsert proqramları və maarifləndirici görüşlər təşkil edilib. Eyni zamanda, tələbə təşkilatları və maraq klublarının yaradılması təşviq olunaraq, onların universitet həyatında daha fəal rol almaları üçün münbit şərait yaradılıb.

Elmi tədqiqat sahəsində də 2024–2025-ci tədris ili ərzində əhəmiyyətli nəticələr əldə olunub. Universitet əməkdaşları tərəfindən SCOPUS elmi bazasında dərc olunan 14 məqalə beynəlxalq akademik ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Bu məqalələr 6 ölkənin 22 nüfuzlu universitetindən olan alimlərlə birgə hazırlanıb və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 10-na birbaşa elmi töhfə verir. Qısa müddətdə əldə olunan bu nailiyyəti tədqiqat mərkəzli universitetə çevrilməyi hədəfləyən Qarabağ Universitetinin yalnız yerli deyil, həm də beynəlxalq elm məkanına inteqrasiyasını gücləndirən göstəricilərdən hesab etmək olar.

Eyni zamanda, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilə əməkdaşlıq çərçivəsində Qarabağ Universitetində “Azıx arxeoloji araşdırma və analizlər laboratoriyası”nın yaradılması xüsusi vurğulanmalıdır. Laboratoriya Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı çərçivəsində mikroarxeoloji analizlər üçün müasir cihaz və avadanlıqlarla təchiz edilib. Bu təşəbbüs regionun qədim tarixinin öyrənilməsinə və tələbələrin praktik araşdırma imkanlarının genişləndirilməsinə töhfə verir.

Nəticə etibarilə, 2024-2025-ci tədris ili Qarabağ Universiteti üçün yalnız fəaliyyətə başlama mərhələsi deyil, eyni zamanda möhkəm əsaslara söykənən gələcək inkişafın, akademik yüksəlişin və regionun dirçəlişində lider rola iddialı ali təhsil müəssisəsinin formalaşma dövrü kimi dəyərləndirilə bilər. Bu dövr universitetimizi həm tələbə yönümlü, həm də elmi-innovativ və milli dəyərlərə sadiq bir ali təhsil platforması kimi cəmiyyətə təqdim etdi.

– İlk tələbələriniz barədə nə deyə bilərsiniz? Onların uğurları və fərqləndirici xüsusiyyətləri sizi qane edirmi?

– İlk tələbələrimiz Qarabağda ali təhsilin yenidən bərpasının və intellektual dirçəlişin önündə gedən iştirakçılar sırasındadırlar. Bu gənclər Qarabağ Universitetinin çoxşaxəli akademik fəaliyyətinin fəlsəfəsini və gələcəyini formalaşdıran yeni nəslin nümayəndələridir.

Qeyd etdiyim kimi, 2024–2025-ci tədris ilində universitetimizə yüksək balla qəbul olan tələbələrin sayı çoxdur. Ən yüksək nəticə 683,8 balla “Hüquqşünaslıq” ixtisasına qəbul olan və Prezident təqaüdünə layiq görülən tələbəmizə məxsusdur. Üstəlik, respublika fənn olimpiadasının qalibi olan bir abituriyent “Elektrik və elektronika mühəndisliyi” ixtisasına müsabiqədənkənar qəbul olunub.

Bu faktlar təkcə statistik deyil, həm də fərqli bir yanaşmanın göstəricisidir. Bu tələbələr topladıqları yüksək ballarla ölkənin ən nüfuzlu ali təhsil müəssisələrinə rahatlıqla qəbul ola bilərdilər. Amma onlar Qarabağı seçdilər. Bu seçim isə yalnız akademik deyil, mənəvi və vətəndaş mövqeyindən doğan bir qərardır. Çünki bu gənclərin vətənpərvərlik hissi, missiya daşıma məsuliyyəti, sosial şüuru və yenilik axtarışı onların seçimlərini müəyyənləşdirən əsas xüsusiyyətlərdəndir.

Ötən il universitetimizə qəbul olan ilk tələbələrimizin bölgə və cins balansı da uğurla təmin olunub. Tələbələrimiz, demək olar ki, Azərbaycanın bütün regionlarını təmsil edir, bu da Qarabağ Universitetinin inklüzivlik və milli birliyi təşviq edən missiyasına güclü dəstəkdir. Cins bölgüsündə isə 54 faiz oğlan, 46 faiz qız olmaqla tarazlı tələbə profili formalaşıb.

Eyni zamanda, bir il fəaliyyət göstərməyimizə baxmayaraq, ilk tələbələrimizin qısa müddətdə qazandıqları uğurlar onların nə qədər potensiallı və məqsədyönlü olduqlarını sübut edir. Tələbələrimiz respublikamızda və xaricdə təşkil olunmuş çoxsaylı müsabiqə, forum, yarışma, olimpiada, festival və sərgilərdə yüksək nəticələr göstərərək, universitetimizi layiqli şəkildə təmsil ediblər.

Təbii ki, bütün bu uğurların qazanılmasında dövlətimizin güclü dəstəyi və peşəkar heyətimizin böyük zəhməti sayəsində universitetimizdə formalaşmış akademik mühitin rolu danılmazdır. Əsas məqsədimiz, yüksək akademik göstəricilərə və öyrənmə həvəsinə malik olmaları ilə yanaşı, tələbələrimizi güclü vətənpərvərlik və ictimai məsuliyyət hissinə, multidissiplinar düşüncə və yaradıcılıq potensialına, müasir texnologiya və innovasiyalara açıq yanaşmaya, komanda ruhu və liderlik bacarıqlarına, sosial fəallıq, könüllülük, milli dəyərlərə sadiqlik və mədəni duyarlılıq keyfiyyətlərinə sahib vətəndaş və cəmiyyətə dəyər qatan liderlər kimi yetişdirməkdir.

Məhz bu keyfiyyətlər əsasında Qarabağ Universitetinin tələbələri bu gün yalnız fəal və təşəbbüskar gənclər kimi deyil, eyni zamanda sabahın müəllimləri, alimləri, mühəndisləri, hüquqşünasları, iqtisadçıları, həkimləri, diplomatları, sənətkarları və liderləri kimi formalaşırlar.

– Universitetin birillik fəaliyyəti ərzində beynəlxalq əməkdaşlıq sahəsində hansı addımlar atılıb və bu istiqamətdə əsas gözləntiləriniz nədən ibarətdir?

– Qarabağ Universiteti ilk tədris ilindən etibarən beynəlxalq əməkdaşlıq sahəsində fəal və məqsədyönlü addımlar ataraq qısa müddətdə özünü qlobal ali təhsil məkanında tanıtmaq istiqamətində müvafiq işlər görüb. Əsas məqsədlərimizdən biri Qarabağımızın adını daşıyan ali təhsil ocağının beynəlxalq səviyyədə yüksək akademik reputasiyasına nail olmaqdır. Eyni zamanda, müasir dövrün tələblərinə və qabaqcıl təcrübələrə əsaslanaraq universitetin potensialının inkişaf etdirilməsi baxımından beynəlxalq əməkdaşlığın gücləndirilməsi strateji əhəmiyyət daşıyır.

İlkin dövrdə universitetimizin beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması, müvafiq beynəlxalq platformalarda təmsil olunması və qarşılıqlı faydalı bir sıra layihələrdə iştirakını təmin etmək məqsədilə müvafiq səfərlər, görüşlər və tədbirlər keçirilib. Universitet rəhbərliyinin ilk xarici rəsmi səfəri qardaş Türkiyəyə təşkil olunub və bu çərçivədə Ankara, Hacettepe, Qazi və Ankara Hacı Bayram Veli universitetləri ilə mühüm təmaslar qurulub. Bu səfərin davamı olaraq, iki nüfuzlu türkiyəli professorun Qarabağ Universitetində akademik fəaliyyətə başlaması bu əməkdaşlığın yalnız niyyət səviyyəsində qalmadığını, konkret nəticələr doğurduğunu nümayiş etdirir.

Çin Xalq Respublikasının Lanzhou şəhərində keçirilən “Kəmər və Yol” Universitetləri Alyansının 2024-cü il Forumunda və Tokioda keçirilmiş Beynəlxalq Universitetlər Assosiasiyasının konfransında və idarə heyəti iclasında Qarabağ Universitetinin də təmsil olunması Asiya regionunda da etibarlı tərəfdaşlıq münasibətləri qurmaqda maraqlı olduğumuzu göstərib.

Bundan əlavə, Qarabağ Universiteti ilə Dünya Azərbaycanlı Alimlər Birliyi arasında da əməkdaşlıq əlaqələri uğurla qurulub və konkret əməkdaşlıq istiqamətlərini əhatə edən birgə fəaliyyət planı təsdiq edilib. Plana ortaq elmi-tədqiqat layihələrinin icrası, müasir laboratoriyaların yaradılması, onlayn dərs və seminarların təşkili, xaricdə yaşayan azərbaycanlı alimlərin mühazirələrinin təşkili, birgə elmi konfrans, forum və simpoziumların keçirilməsi kimi mühüm istiqamətlər daxil edilib. Bu əməkdaşlıq Qarabağ Universitetinin diasporla, beynəlxalq alimlər cəmiyyəti ilə əlaqələrinin daha da gücləndirilməsinə xidmət edir.

2025-ci ilin əvvəlində Azərbaycan Respublikasının elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində İstanbul Texniki, Mərmərə, Koç və Yıldız Texniki universitetləri ilə əməkdaşlıq imkanları ətraflı müzakirə olunub. Nəticə olaraq Yıldız Texniki Universiteti ilə rəsmi əməkdaşlıq memorandumu imzalanıb. Bu sənəd tərəflər arasında birgə layihələr, tələbə-müəllim mübadiləsi və birgə elmi tədbirlərin təşkili baxımından əhəmiyyətlidir.

Universitetimizdə beynəlxalq miqyaslı tədbirlərin təşkili də bu prosesin mühüm hissəsidir. “Qarabağda gələcəyin tibb bacısı və həkim təhsili modeli” adlı beynəlxalq konfrans və VI Beynəlxalq Səyahət və Turizm Dinamikası Konfransı universitetin beynəlxalq akademik nüfuzunun yüksəldilməsinə xidmət edib. Bundan əlavə, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda 7-ci ADA Siyasi Forumunun ilk günü Qarabağ Universitetində baş tutub ki, bu da, ali təhsil ocağımız üçün cari tədris ilinin ən əlamətdar və prestijli hadisələrindən biri olub.

Tələbələrimizin və əməkdaşlarımızın Türkiyə, Misir, Çin, Özbəkistan, Almaniya, ABŞ, İsrail, Portuqaliya, Gürcüstan və digər ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə iştirakı isə Qarabağ Universitetinin adının artıq 4 qitədə tanınması və layiqli şəkildə təmsil olunması istiqamətində önəmli addımardan sayılır. Bu tədbirlər vasitəsilə universitetin öz inkişaf modelini təqdim etməsi və qlobal akademik platformalara çıxışı onun gələcək beynəlxalq layihələrdə tərəfdaşlıq etmək imkanlarını genişləndirir.

Növbəti illərdə beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi diqqət mərkəzində saxlanılır. İlk növbədə, dost və qardaş ölkələrin universitetləri olmaqla, nüfuzlu xarici ali təhsil müəssisələri ilə müvafiq ixtisaslar üzrə ikili diplom proqramlarının təşkili, birgə laboratoriyaların yaradılması, tələbə və akademik heyətin mübadiləsi, ortaq elmi fəaliyyətlərin və layihələrin həyata keçirilməsi əsas gözləntilər sırasındadır. Qarabağ Universiteti gələcəyə yalnız lokal ehtiyaclarla deyil, həm də qlobal dəyərlərlə baxaraq inkişaf edir. Bu yanaşma universitetimizi həm regional, həm də beynəlxalq səviyyədə elm və təhsil mərkəzinə çevirmək üçün möhkəm zəmin yaradır və qlobal akademik əməkdaşlıq imkanlarını daha da artırır.

– Artıq ikinci tədris iliniz yaxınlaşır. Hazırlıq işlərinin gedişi və Qarabağ Universitetinin əsas hədəfləri barədə fikirlərinizi bölüşməyinizi istərdik.

– Universitetimiz qısa müddət ərzində əhəmiyyətli inkişaf mərhələsini uğurla keçərək, artıq ikinci tədris ilinə hazırlaşır. Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, növbəti tədris ilinə hazırlıqla bağlı kompleks fəaliyyət planı təsdiq edilib və bu çərçivədə hazırlıq proseslərinə sistemli şəkildə start verilib. Fəaliyyət planında universitetin strukturunun təkmilləşdirilməsi, tələbə qəbulu proqnozları, yeni ixtisasların yaradılması və digər vacib istiqamətlər nəzərə alınıb, müvafiq addımlar artıq praktik icra mərhələsindədir.

Məlumat üçün bildirim ki, yeni tədris ili üçün müəyyənləşdirilmiş əsas hədəflərdən biri tələbə qəbulunun artırılmasıdır. Belə ki, 2025–2026-cı tədris ili üçün Qarabağ Universitetinə 1440 tələbənin qəbul olunması nəzərdə tutulub və bu da əvvəlki tədris ili ilə müqayisədə təqribən 300 nəfərdən çox artım deməkdir. Universitetimizdə Pedaqoji, Humanitar və sosial elmlər, İncəsənət, İqtisadiyyat, Turizm və Mühəndislik fakültələri ilə yanaşı, yeni yaradılmış Tibb və sağlamlıq elmləri fakültəsində də kadr hazırlığı aparılacaq. Eyni zamanda, əlavə olaraq 10 yeni ixtisas - “Biologiya müəllimliyi”, “Kimya müəllimliyi”, “Coğrafiya müəllimliyi”, “Tarix müəllimliyi”, “Bəstəkarlıq”, “Musiqişünaslıq”, “Riyaziyyat”, “Data analitikası”, “Tibb” və “Tibb bacısı (qardaşı) işi” üzrə tələbə qəbulu həyata keçiriləcək. Beləliklə, bu yeniliklərlə birlikdə Qarabağ Universitetində bakalavriat səviyyəsində tədris ediləcək ixtisasların sayı 25-dən 35-ə yüksələcək.

Yeni ixtisasların açılması və fakültələrin genişləndirilməsi ilə paralel şəkildə akademik və inzibati heyətin formalaşdırılması prosesi də aparılır. Müvafiq vəzifələrin tutulması ilə bağlı elanlar müntəzəm olaraq Qarabağ Universitetinin rəsmi saytında və sosial şəbəkə hesablarında təqdim edilir. İşə qəbul zamanı yüksək elmi-pedaqoji səviyyə, beynəlxalq təcrübə və müasir tədris metodlarına bələdlik əsas seçim meyarları kimi götürülür. Universitetin davamlı inkişafı baxımından insan kapitalının keyfiyyəti həlledici faktor olduğundan, bu sahəyə xüsusi həssaslıqla yanaşılır.

İnfrastruktur baxımından da ciddi addımlar atılır. Artan tələbə və əməkdaş kontingentini nəzərə alaraq, yeni tədris korpusları və yataqxanaların tikintisi və əsaslı təmiri işləri aparılır.

Bunlardan əlavə, tələbə qəbulu planının uğurla yerinə yetirilməsi məqsədilə abituriyentlərlə aktiv kommunikasiya strategiyası hazırlanıb və icra olunur. Abituriyentlərlə əlaqələrin gücləndirilməsi və universitetin tanıdılması üçün cari ilin may ayından başlayaraq təbliğat fəaliyyətinə geniş yer verilib. Respublikanın əksər bölgələrində abituriyentlər və onların valideynləri ilə keçirilmiş görüşlər, yerli və beynəlxalq təhsil sərgilərində aktiv iştirak bu istiqamətdə aparılan işlərin əsasını təşkil edib. Eyni zamanda, Qarabağ Universitetinin təklif etdiyi imkanlar rəsmi internet saytımız və sosial şəbəkə hesablarımız vasitəsilə geniş auditoriyaya çatdırılıb. Bu təbliğat fəaliyyətinin nəticəsi olaraq universitetə maraq və müraciətlərin artdığı müşahidə olunur.

Yeni mərhələdə xüsusilə diqqət mərkəzində olan əsas məsələlərdən biri də Tibb və sağlamlıq elmləri fakültəsinin strukturlaşması və fəaliyyətə başlamasıdır. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidentinin 7 fevral 2025-ci il tarixli Fərmanına əsasən, Qarabağ Universitetinin tabeliyində “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxs yaradılıb. Klinikanın Qarabağ Universitetində tibb ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin etməsi, tibb sahəsində elmi tədqiqatlar aparması, regionda əhalinin sağlamlığının qorunmasında iştirak etməsi nəzərdə tutulub. Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsində yerli və xarici ekspertlərin birgə hazırladığı, beynəlxalq təcrübələrə uyğun kompetensiyaya əsaslı 6 illik “Tibb” və 4 illik “Tibb bacısı (qardaşı)” proqramlarının tədrisi həyata keçiriləcək. 2025/2026-cı tədris ili üçün universitetimizdə sözügedən ixtisaslar üzrə müvafiq olaraq 70 və 30 tələbə qəbulu planı yeri proqnozlaşdırılıb.

Təbii ki, bu qədər qısa müddət ərzində belə mühüm yeniliklərə nail olunması bir sıra mühüm amillərdən qaynaqlanır. İlk növbədə, dövlətimizin göstərdiyi yüksək diqqət və qayğı, eləcə də Elm və Təhsil Nazirliyinin, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin davamlı və koordinasiyalı dəstəyi, həmçinin, beynəlxalq və yerli tərəfdaşlarla qurulan effektiv əməkdaşlıq mühiti bu prosesin mühüm dayaqlarıdır. Bundan başqa, universitetin akademik və inzibati heyətinin fədakar əməyi, tələbə kollektivinin enerjisi və ictimai dəstək universitetimizin sürətlə inkişaf edən elm və təhsil mərkəzinə çevrilməsində aparıcı rol oynayır.

Məhz bu dəstəyə arxalanaraq, ali təhsil ocağımız gələcək üçün iddialı strateji hədəflərə köklənib. Başlıca məqsədimiz Qarabağ Universitetini ölkənin, o cümlədən regionun innovasiya və bilik ekosisteminin aparıcı drayverinə çevirmək, dayanıqlı inkişaf əsaslı, tələbə mərkəzli və tədqiqat yönümlü nümunəvi bir ali təhsil müəssisəsi kimi formalaşdırmaqdır. Atılan hər bir addım və həyata keçirilən hər bir təşəbbüs Qarabağ Universitetinin bölgədə milli dirçəlişə töhfə verən nüfuzlu ali təhsil mərkəzi kimi formalaşmasına yönəlmiş strateji vizyonunun ayrılmaz tərkib hissəsidir.

– Müsahibə üçün təşəkkür edirik.

Söhbəti qələmə aldı:
Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xankəndi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyul 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see583

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see262

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see251

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see146

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see142

BYD və “Geely”də saxtakarlıq aşkarlandı Subsidiyalar bu mexanizmlə mənimsənilir

23 İyul 2025 20:07see140

ABŞ da qırmızı ət qiymətləri rekord həddə çatdı

23 İyul 2025 20:13see139

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see139

YPG Suriyada silahları təhvil verməyəcəyini açıqlayıb

24 İyul 2025 02:48see133

“Qarabağ”ın darmadağınla qələbəsi Video

24 İyul 2025 02:30see132

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see132

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see131

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see131

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see128

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see126

Azərbaycanda reklama görə 4 blogerdən ŞİKAYƏT EDİLDİ RƏSMİ

24 İyul 2025 10:47see124

Dondurma yeyəndə dişlərimiz niyə sızıldayır? Səbəbi

24 İyul 2025 15:59see124

“Sumqayıt” fransalı müdafiəçi transfer etdi

24 İyul 2025 06:24see120

Çoxumuzun sevimli xalq artisti...

24 İyul 2025 21:42see119

Bir səfərin izi ilə Fransa sənədli filminin təqdimatı keçirilib

24 İyul 2025 20:43see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri