Icma.az
close
up
RU
Qayıdışın dirçəltdiyi qədim kənd

Qayıdışın dirçəltdiyi qədim kənd

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Ağdamın Kəngərli obasında sakinlər yurda, torpaq sahibinə qovuşub

Ağdamın Kəngərli kəndində ilk dəfə 2024-cü ilin sentyabrında olmuşdum. O zaman yeni yaşayış evlərinin, məktəb və uşaq bağçasının, müxtəlif təyinatlı binaların tikintisi davam edirdi. İşğal dövründə erməni vandalizminin qurbanına çevrilmiş, daşı daş üstdə qalmamış Kəngərlinin dirçəlişini qürur və heyrətlə izləmişdim.

Heyrətimin bir səbəbi də görülən işlərin miqyası və sürəti ilə bağlı idi. Axı mənfur düşmən Ağdamın əksər kəndləri kimi, Kəngərlini də nəinki tamamilə dağıtmış, üstəlik bu yerləri mina və partlamamış hərbi sursatlarla çirkləndirərək həyat üçün təhlükəli ərazilərə çevirmişdi. Bu mənada, sıfırdan başlamaqla yeni bir yaşayış məntəqəsinin salınması elə də asan olmamalı idi. Ancaq dövlətimizin qüdrəti, xalqımızın əzmi sayəsində Kəngərli qısa müddətdə gözəlliyi ilə gözoxşayan, müasir simasına qovuşdu, əzəli sakinlərinə qucaq açaraq Böyük Qayıdışın növbəti ünvanı oldu. İndi kənddə yenidən həyat qaynayır, evlər körpə gülüşü ilə şənlənir, insan əməyi həyətyanı sahələrin bərəkətli torpaqlarına can verir. Cəmi ilyarımdan sonra Kəngərli bizi bax beləcə, yaralarını sağaltmış, qayğısız və firavan qarşıladı...

Salam, azad və abad Kəngərli!

Ağdamın şimal-şərqində, rayon mərkəzindən 6 kilometr məsafədə salınmış yeni Kəngərlinin təməli 2022-ci il oktyabrın 4-də qoyulub. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin gedişini hər zaman xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təməlqoyma mərasimində iştirak ediblər. Kənd Ağdam–Bərdə avtomobil yolunun sağında, Birinci Qarabağ müharibəsi zamanı qanlı döyüşlərə şahidlik etmiş Uzundərə adlanan dərənin yaxınlığında yerləşir.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən aldığımız məlumata görə, Kəngərlidə birinci mərhələdə 2, 3, 4 və 5 otaqlı olmaqla 292 fərdi yaşayış evi tikilib. Mühüm sosial obyektlərin inşası da artıq tamamlanıb ki, bura inzibati bina, klub-icma mərkəzi, tibb məntəqəsi, bazar kompleksi, 484 şagird yerlik tam orta məktəb və 120 yerlik uşaq bağçası daxildir. Kəngərli məktəbi 5 blokdan ibarətdir, müasir tədris infrastrukturu ilə təmin olunub. Hazırda yeni, işıqlı sinif otaqları, laboratoriyalar, kitabxana, idman və akt zalları pedaqoji kollektivin və məktəblilərin ixtiyarındadır. Məktəbin ərazisində geniş idman meydançası salınıb və binanın damında günəş panelləri quraşdırılıb. Uşaq bağçası isə 6 qrup üçün nəzərdə tutulub. Burada qrup, musiqi, idman zalları, yataq və digər zəruri otaqlar mövcuddur. Bağçanın ərazisində oyun və istirahət sahələri yaradılıb. Məktəb və bağçanı istiliklə təmin etmək məqsədilə ayrıca qazanxana inşa edilib.

Kəndin daxili yollarının ümumi uzunluğu 11,6 kilometrdir. Elektrik, qaz, su, rabitə və kanalizasiya xətləri tam şəkildə yenidən qurulub. Hazırda Kəngərlidə 289 ailə, yəni 1236 sakin məskunlaşıb.

Ata-baba yurduna qayıdış sevinci ...

Kəngərli müasir görüntüsü ilə yanaşı, gözoxşayan yaşıllığı, ağac və kollarla, gül-çiçəklərlə əhatələnmiş rahat kəndarası yolları ilə də qürurlana bilər. Kəndin girəcəyində iri hərflərlə adının yazıldığı dairədən, yaxınlıqdakı bazar kompleksindən başlayaraq hər yerdə ən çox diqqətimizi çəkən də məhz elə yaşıllıqlar oldu. Baharın gəlişi Kəngərlinin simasını daha da gözəlləşdirib, inanmaq olmur ki, qısa müddətdə burada bu qədər dəyişiklik, inkişaf gedib. Həyətlərdə işləyən, əkib-becərən insanları görmək qürurvericidir.

Kəngərlilərin doğma yurdlarına qayıdışdan sonrakı güzəranlarını, günlərinin necə keçdiyini, hansı hisslər yaşadıqlarını öyrənmək üçün kəndin ilk sakinlərindən olan Marlis Səmədovun evinə qonaq olduq.

Gələcəyimizi əvvəlcədən xəbər vermişdik, ancaq xəbərsiz də bu kənddə hansı evin qapısını döysəydik eyni mehribanlıqla, qarabağlılara məxsus qonaqpərvərliklə qarşılanacağımıza şübhəmiz yox idi. Bizi qapıda gözləyən Marlis kişi ilə söhbətimizə də elə həyətində gördüyü işlərdən başladıq. Bildirdi ki, 2025-ci il mayın 23-də Kəngərliyə köçüblər. Gələn kimi də həyətyanı sahəsini şumlayıb, göy-göyərti, tərəvəz əkib. İllər sonra öz qapılarında bitən məhsuldan dadıblar. Bu il isə əməlli-başlı bağ salıb, 40-dan artıq meyvə ağacı əkərək diblərinə damcı suvarma sistemi çəkib.

Marlis Səmədov gördüyü işlərdən fəxrlə, ağızdolusu danışarkən, “xoşgəldin” üçün həyətə çıxan həyat yoldaşı Adilə xanım da “qoçaq kişidir”, - deyə onu təriflədi. Həqiqətən yaşı 80-nə yaxınlaşan Marlis kişinin qoçaqlığı da, gümrahlığı da, gördüyü işlər də tərifəlayiqdir. Ata-baba yurduna dönməyin sevincini bizimlə bölüşə-bölüşə həyətdə əkdiyi yoncadan biçib toyuqlarını yemlədi...

Xoş əhvali-ruhiyyədə davam edən söhbət zamanı ev sahibindən adının mənasını soruşduq. Sən demə, Marlis adını ona kommunist ideologiyasının baniləri Karl Marks, Fridrix Engels və Vladimir Leninin adlarının hərflərindən istifadə etməklə atası qoyub. Gülə-gülə dedi ki, həmin o ideologiya özünü doğrultmasa da adı həmişə onu başqalarından fərqləndirib.

Torpaq üzə gülür...

Səmədovlar ailəsinin yaşadığı 41d nömrəli evlə tanışlıq zamanı bir daha əmin olduq ki, Kəngərlidə sakinlərin rahat yaşamaları üçün hər şey nəzərə alınıb. Müasir üslubda təmirli otaqlar, hamam, sanitar qovşağı, işıq və istilik sistemi, daimi su, sürətli internet... Bir sözlə, kəngərlilərin həm Vətən həsrətləri sona çatıb, həm də xoş güzərana qovuşublar. Çay süfrəsi ətrafında davam edən söhbət əsnasında öyrəndik ki, 43 yaşında doğma kəndindən məcburi köçkün düşən Marlis kişi indi geriyə 8 nəvənin, 2 nəticənin babası kimi qayıdıb:

– Bərdədə məktəb binasında məskunlaşmışdıq. 2013-cü ildən isə dövlət tərəfindən müvəqqəti mənzillə təmin edildik. Yəni dövlətimiz o ağır günlərimizdə bizə sahib çıxdı. Şəraitimiz yaxşı idi, ancaq Vətən bir başqadır. Çox şükür, gəldik ata yurdumuza, bu gün Qarabağın havasını udur, suyunu içir, gorgahlarımızı ziyarət edə bilirik.

Oğlumun hər ikisi ailəlidir. Əli bizimlə birlikdə bura köçüb. Onun da 2 övladı var. Bu yaxınlarda qızına toy edib, gəlin köçürdük. Bu, yeni Kəngərlinin ilk toy-büsatı idi. Oğlu Həzrət isə futbolçudur, “Sabah” klubunun ikinci komandasında oynayır. Fəxrimizdir. Bir sözlə, yenidən xoşbəxt günlərimizə geri dönmüşük. Elə hiss edirəm ki, Kəngərliyə qayıtdığımdan ömrüm də uzanıb.

Adilə Səmədova da yeni evlərindən, şəraitlərindən, dövlətin qayğısından razılıqla bəhs etdi:

– Elimizdən-obamızdan ötrü darıxırdım. Az qalırdı ürəyim partlasın. Kəngərlidə keçən hər günüm üçün Allaha şükürlər edirəm. Bu yaşadıqlarımız sanki şirin bir yuxudur. Allah bizə bu duyğuları bəxş edən, bizi öz ata-baba yurdumuza qaytaran Prezidentimizi qorusun, pənahında saxlasın! Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin! Yenidən kəndimizə qayıtmaq, burada yaşamaq böyük xoşbəxtlikdir!

Adilə xanım hazırda Bərdədə məskunlaşmış oğlu Nəbinin də tezliklə Kəngərliyə köçürülməsi arzusunu dilə gətirərək qəzetimiz vasitəsilə bu istəyini aidiyyəti qurumlara çatdırmağımızı xahiş etdi. Biz də, söz verdiyimiz kimi, səhhətindəki problemlərlə bağlı yaddaş zəifliyi olan bu yaşlı ananın təkrar-təkrar səsləndirdiyi xahişi işıqlandırmağı özümüzə borc bildik.

Söhbətimizin sonunda Marlis kişi əlavə etdi ki, insan ölənə kimi doğulduğu torpağa, yurda bağlı olur. Bizə ömrümüzün ahıl çağlarında öz Vətənimizə qayıtmaq nəsib olub. Bunu möhtərəm Prezidentimiz, dövlətimiz, ordumuz edib. Bizim ən böyük vəzifəmiz isə bundan sonra əkib-becərmək, qurub-yaratmaqdır. İşğaldan azad olunmuş torpaqlarımıza sözdə yox, əməldə sahib çıxmalıyıq!

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Ağdam

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Aprel 2026 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see415

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see387

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see282

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see237

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see236

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see225

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see217

Prezidentin Naxçıvana səfərinin tarixi siyasi əhəmiyyəti və mədəni irsə töhfəsi ŞƏRH

17 Avqust 2026 09:22see201

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see191

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see189

Generallar Abbasəli Novruzovun dəfn mərasimində Foto KONKRET

17 Avqust 2026 10:11see179

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see177

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see174

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see170

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see169

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see168

Trampdan İranla bağlı şok etiraf: “Məqsədimiz…”

17 Avqust 2026 12:28see162

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see155

Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu

17 Avqust 2026 02:02see153

“Motorola” 7000 mAh batareyalı yeni smartfonunu təqdim etdi

17 Avqust 2026 04:42see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri